Alimlərin əti zəhərlidir

English

Qədim zamanlardan İslam düşmənlərinin və bidət əhlinin alimlərə qarşı olan düşmənçiliyi hamımıza bəllidir. Belə ki, alimlər Yaradanın göndərdiyi, İblisin düşmənləri olan peyğəmbərlərin varisləri və doğru yol göstərən çıraqdırlar. Heç bir şübhə yoxdur ki, sıravi müsəlmanların qeybəti ilə alimlərin qeybəti arasında böyük fərq var. Alimlərin qeybəti daha acı nəticələrə gətirən və cəzası daha ağır olan əməldir. İmam Əhməd (Allah ona rəhm etsin) belə deyirdi: “Həqiqətən, alimlərin əti zəhərlidir! Kim onun qoxusunu duyarsa, xəstələnər. Kim də bu ətdən yeyərsə, həlak olar”. (əl-Məid fi Ədəbil-Mufid, 71).

İmam İbn Asəkir (Allah ona rəhm etsin) demişdir: “Həqiqətən, alimlərin əti zəhərlidir! Onları pisləyənin aqibəti məlumdur. Allah alimlər haqda pis danışanın qəlbini ölməzdən əvvəl öldürəcək”. (Təbəyyin Kizb vəl-Muftəra, 27).

Allah buyurur: “...Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun!” (əl-Hucurat, 12).

Bu, bir-birinə qardaş sayılan sıravi müsəlmanlara aiddir. Sıravi müsəlmanlardan daha üstün dərəcədə olan alimlərin qeybətini edən adi ət deyil, zəhərlənmiş ət yemiş olur. Zəhərlənmiş ət isə həlaka, qəlbin ölməsinə gətirib çıxarır. əs-Səffərani (Allah ona rəhm etsin) demişdir: “Həqiqətən, alimlərin (ümmət üzərində) xidməti məlumdur və onların fəziləti böyükdür. Kim onların qədir-qiymətini aşağı salırsa, ən aşağı səviyyəli və alçaq adamdır. Onlara nifrət edən isə İblisin dəstəsindəndir”. (Ləvhul-Ənuər, 2/355).

Beləliklə, “alimlərin əti zəhərlidir” deyimi hələ sələflərin dövründə Əhli Sünnə arasında geniş yayılmağa başlamışdır. Qədim zamanlardan indiyə kimi alimləri pisləyənlər, onların şənini aşağı salmağa çalışanlar olmuşdur.

Ubeyd əl-Cəbiri (Allah onu qorusun) bu haqda buyurur: “Əbu Rafi rəvayət edir ki, xavariclər Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) qarşı çıxanda, daima bu ayəni təkrar edirdilər: “Hökm yalnız Allaha məxsusdur!”, “Hökm yalnız Allaha məxsusdur!” (əl-Ənam, 57) . Əli də belə buyurdu: “Haqq kəlmələri deyib, batili qəsd edirlər”. (Muslim, 1774). Bütün bunlardan bizə aydın olur ki, belə insanların yolu bütün zamanlarda eyni olub – bu da yalan, şübhə və hərc-mərclik yoludur. Həqiqətən, “Alimlərin əti zəhərlidir” sözü elə sözlərə aiddir ki, bəzi insanlar buna həqiqi mənasını tətbiq edirlər, bəziləri isə yalan olan mənanı. Belə ki, bəzi hərəkatların nümayandələri və hizbilərin tərəfdarları bu kəlməni özlərinə və onlara qarşı çıxaraq onların zəlalətlərini ifşa edən hər bir kəsə qarşı tətbiq edərək belə deyirlər: “Alimlərin əti zəhərlidir!”- alim dedikdə də özlərini və başçılarını qəsd edirlər. Onların bu sözlə qəsd etdikləri məna belədir; “Kiməsə rədd vermək, onun səhvlərini aydınlaşdırıb ifşa etmək olmaz”. Onar bütün bunları qarşılarına çıxan maneələri aradan qaldırmaq üçün edirlər ki, insanları öz istədikləri kimi idarə edib bidətlərini yaya bilsinlər. Bununla da insanları azdırır və camaatın – Əhli Sünnə val-Əsərin sıralarını sarsıdırlar.

Əhli Sünnə tərəfdarları isə bu sözü (alimlərin əti zəhərlidir) həqiqi alimləri müdafiə etmək üçün sələf alimlərinə tətbiq edərək bidət əhlinə qarşı irəli sürürlər. Bu alimlərin əti onlar haqda pis danışanlar üçün şübhəsiz zəhərlidir. Bidət, təhrif və batil əhlinə gəldikdə isə onların heç bir dəyəri və hörməti yoxdur.

Bilmək lazımdır ki, onların ünvanına rəddiyyə verəndə, bununla şəxsi maraqlarımıza görə hər hansı bir şəxsə rədd verməyə çalışmırıq. Biz bunu yalnız onların bizim aramızda öz bidətləri ilə təfriqə, cəhalət və azğınlığı yaymamaları üçün edirik. Məhz buna görə onlar haqqa və Sünnəyə qayıtmayana qədər heç bir ehtirama layiq deyillər. Buna bizdə Qurandan, Sünnədən və bütün imamların ittifaq etdikləri rəylərdən dəlillər var. Kim aşağıdakı şəriət mətnləri haqda fikirləşərsə, şübhəsiz bunu onlarda görəcək: Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səllm - demişdir: “Axır zamanda ümmətim içində bəzi insanlar ortaya çıxacaq ki, onlar sizə nə sizin, nə də atalarınızın eşitmədiyi (münkər) hədisləri danışacaqlar. Onlardan uzaq olun, uzaq!” (Muslim, 15). Bundan əlavə Peyğəmbər – ona Allahın salavatı və salamı olsun - müsəlmanları şəhvətlərinə uyanlardan çəkindrmişdir. O xavariclərdən çəkindirərək onlarla vuruşmağı və onları məhv etməyi əmr etmiş, bunu edənə isə Yaradan tərəfindən mükafat vəd etmişdir. Həmçinin, özü də onlarla rastlaşarsa, onları məhv edəcəyinə söz vermişdir. Habelə, qədərilərdən çəkindirərək onları “bu ümmətin məcusiləri” adlandırmışdır. (Əbu Davud, 4691).

Həmçinin, Məsihid-Dəccaldan o tərzdə çəkindirmişdir ki, səhabələrdən biri ona qulaq asaraq demişdir: “Biz onun (Dəccalın) xurmalıqların arasında olduğunu güman etdik”. (Muslim, 3/118). Yəni, onun yaxınlıqda olmasını zənn etdik. Beləliklə, biz Allah Elçisinin – sallallahu aleyhi və səlləm - ümumiləşmiş qruplardan ümumi şəkildə çəkindirdiyi kimi şəxslərdən də xüsusi şəkildə çəkindirməsini görürük. Bu çəkindirmələrə misal isə ümmətin yetmiş üç yerə parçalanması hədisidir. Peyğəmbərin – sallallahu aleyhi və səlləm - ölümündən sonra bu onun səhabələri, onlardan sonra isə Sünnə imamları davam etdirmişlər. Məsələn, Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) rəy əhli haqda belə deyirdi: “Rəy əhlindən çəkinin! Allah Elçisinin – sallallahu aleyhi və səlləm - hədislərini öyrənmək onları yormuş və onlar öz məntiqlərinə əsaslanaraq danışmağa başlamışlar. Özləri haqq yoldan azmış və başqalarını da azdırmşlar”. (əd-Dəraqutni “Sunən” 5/256). İmam əl-Lələkai (Allah ona rəhm etsin) rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allaha and olsun! İnanmıram ki, şeytan mənim ölümümdən başqa kiminsə ölümünə daha çox sevinsin”. Ondan soruşdular: “Nəyə görə?” O dedi: “Şərqdə və ya qərbdə bidət əmələ gəldikdə, kimsə onunla mənim yanıma gəlir. O bidət mənə çatdıqda, mən onları rədd edən Sünnə ilə onu məhv edirəm!” 

əz-Zəhəbi və digər alimlər (Allah onlara rəhm etsin) mötəzili və qədəri olan Ömər ibn Ubeydə haqda danışarkən, Asim əl-Əhvəlin belə dediyini rəvayət edirlər: “Bir dəfə biz Qatədə ilə oturmuşduq. Onun yanında Ömər ibn Ubeydə haqda danışdıqda, o, onun haqqında yaxşı olmayan sözlər söylədi. Mən isə dedim: “Mən elm əhlinin bir-birilərini təkzib etməklə məşğul olduqlarını bilmirdim!” Qatədə dedi: “Ey Əhvəl! Bir insan bidət gətirdikdə, başqalarının bunu bilməsi üçün onun haqqında danışmağın vacib olduğunu bilmirsən?!” (əz-Zəhəbi “Siyər”).

İbn Battanın “əl-İbanə”, əl-Lələkainin “Şərh Usulil-İtiqad” və Əhli Sünnənin digər alimlərinin kitablarından məlumatı olanın, bizim burada danışdığımızdan aydın şəkildə başı çıxar. Belə ki, bütün sələflər bidətlərdən və onların daşıyıcılarından çəkindirməyin vacib olduğu haqqında həmfikirdirlər. Həmçinin, bu çəkindirmələrdən biri də Musab ibn Sadın (Allah ona rəhm etsin) belə deməsidir: “(Öz azğınlıqları ilə) xəyala qapılanlarla oturma! Yoxsa sənə iki bəladan biri gələcək; ya o, səni yoldan çıxaracaq və sən onun ardı ilə gedəcəksən. Ya da ondan ayrılmamış sənə zərər verəcək”. (Şeyx Ubeyd əl-Cəbirinin “Alimlərin əti zəhərlidir” məqaləsindən).

Sonda aləmlərin Rəbbinə həmd olsun!