İmam Əhmədin "Usulus-Sunnə" əsərində bidət haqda

English

Səhabələrin yaşadıqları dindən tutunmaq və onlara tabe olmaq

İmam əl-Lələkəi (Allah ona rəhm etsin) demişdir: “(Ravilərin adları zikr edilir) Əbu Ənbər 293-cü ilin Rabiul-Əvvəl ayında öz kitabından ona oxuyaraq dedi: “(Ravilərin adları zikr edildikdən sonra) Əhməd ibn Hənbəl dedi: “Bizdə sünnənin əsasları: Allah Elçisinin - sallallahu aleyhi və səlləm - səhabələrinin olduğu dindən tutunmaq və onlara tabe olmaq, bidəti tərk etmək - (çunki) hər bir bidət zəlalətdir, bidət və hava əhli ilə (Quran və Sünnəni tərk edib ağla tabe olanlarla) mübahisə etməyi və onlarla oturub – durmağı tərk etmək, dini məsələlərdə mübahisə etməyi və şübhələri tərk etməkdir”.

Şərh

Burada əl-Lələkəi isnadı İmam Əhmədə (Allah onlara rəhm etsin) qədər bağlayır. Bu isnadı ikinci isnadla tutuşdurur, yəni əl-Lələkəi bunu öz “şərh Usuli İtiqad” kitabında  İbn Əbu Yəalə öz “Təbəqat” kitabında gətirdiyi kimi qeyd edib. Bu iki müxtəlif isnadlar biri o birini gücləndirərək, bu kitabın İmam Əhməd ibn Hənbələ (Allah ona rəhm etsin) nisbətini daha da möhkəmləndirir. Həmçinin, Şeyx əl-Albani Zahiriyyə kitabxanasında bunu tapıb və üzünü köçürərək nüsxəsini çıxarmışdır. Mən elə zənn edirəm ki, (şeyxin tapdığı) bu nüsxə əvvəlki iki kitabın isnadından fərqli isnaddır. Başqa isnadlara baxaraq onların arasında cəm edib. Biz də Allahın izni ilə bunu (fərqli isnadlarla) cəm edəcəyik.

Burda isnadı İmam Əhmədə (Allah ona rəhm etsin) çatdıraraq dedi: “Bizdə sünnənin (dinin) əsasları; Allah Elçisinin - sallallahu aleyhi və səlləm - səhabələrinin üzərində olduğundan tutunmaq”;

Allah Elçisinin - sallallahu aleyhi və səlləm - səhabələrinin üzərində olduğu şey bu əsasdan həqiqi olaraq tutunanlar üçün meyardır. Bu əsas Allah Elçisinin - sallallahu aleyhi və səlləm - və səhabələrin üzərində olduqları (etiqaddır). Allah Elçisi  - sallallahu aleyhi və səlləm, səhabələri və Raşidi Xəlifələr hidayət və doğru yol – Allahın Kitabı və Onun Elçisinin Sünnəsi; əqidə, ibadətlər, müamilə və s. işlərində, xüsusən də əqidə məsələləri - üzərində olublar. İmam Əhməd (Allah ona rəhm etsin) İslamın özündə cəm etdiyi bu əzəmətli əsas, xüsusən də əqidə məsələlərinə işarə edir.

O buyurur: “Bizdə sünnənin (dinin) əsasları; Allah Elçisinin - sallallahu aleyhi və səlləm - səhabələrinin üzərində olduğundan tutunmaq”; Bidət əhli isə Quran və Sünnəni tərk edib öz ağıllarına tabe olaraq bu əsasa müxalif olub, öz batil ağıllarına etimad edirlər. Həmçinin, ərəb dilinə və başqa batil meyarlara etimad ediklərini iddia edirlər.

O ki qaldı İmam Əhməd və onun keçmiş sələfləri – səhabələr, tabiinlər və İslam alimləri – həqiqətən onların tutunduqları din – xüsusən də əqidə məsələlərində - Allahın Kitabı və Allah Elçisinin - sallallahu aleyhi və səlləm - Sünnəsidir. Onlar da (Əhli-Sünnə) haqq yoldan kənara çıxmırlar.

“Onlara tabe olmaq”- tabe olmaq üçün Allah Elçisi Muhəmmədin - sallallahu aleyhi və səlləm - səhabələri gözəl nümunədirlər. Sanki, (İmam Əhməd) bu sözü ilə bu hədisə işarə edir: “Mən sizə mənim sünnəmə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı əmr edirəm. Ondan arxa dişlərinizlə möhkəm yapışın. Sonradan uydurulan yeniliklərdən uzaq durun” (ət-Tirmizi, 2686; Əbu Davud, 4607; İbn Məcə, 43-44. əl-Albani həsən səhih olduğunu bildirmişdir). Həmçinin, “nicat tapmış firqə” hədisinə işarə edir: “Həqiqətən, bu ümmət yetmiş üç firqəyə bölünəcək. Birindən başqa hamısı odda olacaq”. Səhabələr dedilər: “(Odda olmayanlar) kimlərdir?” O dedi: “Mən və səhabələrimin olduğu din üzərində olanlar”. (ət-Tirmizi, 2641. əl-Albani səhih olduğunu bildirmişdir). Həmçinin də başqa bir hədisdə deyib ki “Mən sizi gecəsi və gündüzü kimi aydın bir yol üzərində qoyub getdim. Bu yoldan yalnız həlak olan üz döndərər”. (İbn Məcə, 43. əl-Albani səhih olduğunu bildirmişdir). Səhabələr bundan tutundular və onların içində bir nəfər də yolunu azan olmadı. Sonra bəzi insanlar onlardan sonra azdılar, yəni səhabələrin axır dönəmində və tabiinlərin yaşadığı orta zamanlarda azdılar. Sonra bidət yayıldı. Xavaric və həddini aşmış rafizilər Əlinin (Allah ondan razı olsun) xilafətinin son dönəmində ortaya çıxdılar. Əli (Allah ondan razı olsun) onları səhv yoldan döndərmək üçün Abdullah ibn Abbası (Allah ondan razı olsun) onların yanına göndərdi. Bundan sonra onlar qılınclarını müsəlmanların üzərinə qaldırdılar. Əli də Allah Elçisi - sallallahu aleyhi və səlləm - əmr etdiyi kimi onlarla vuruşdu. Bu dönəmdə olan səhabələrdən hamısı bu məsələdə (xavariclərlə vuruşmaq) Əli ilə icma etdilər və heç kəs Əliyə (Allah onlardan razı olsun) qarşı müxaliflik etmədi. Yuxarıdakıları ərz etməkdə məqsədimiz odur ki, nicat səhabələrə tabe olmaqdadır. Bu məsələ (səhabələrə tabe olmaq) xilas gəmisidir, çünki onlar vəhyin nazil olmasına şahid olub, Sünnə və Quranın başa düşülməsini və tətbiqini Allah Elçisindən - sallallahu aleyhi və səlləm - mənimsəmişlər. Onlar gözəl nümunədir. Buna görə də Allah Elçisi - sallallahu aleyhi və səlləm - hədisdə demişdir: “Mənim və səhabələrimin üzərində olduğundan tutunun”. Həmçinin, demişdir: Mən sizə mənim sünnəmə və hidayətdə olan Raşidi xəlifələrin sünnəsinə sarılmağınızı əmr edirəm”. (Mənbələri yuxarıda keçmişdir).

Bidətdən çəkinmək və ondan uzaq olmaq

Həmçinin, sünnənin əsaslarından: “Bidətdən çəkinmək”- çünki bidət həlakdır, bidətə düşən bu firqələr hamısı oddadır. Onlar şeytanın yollarını tutub getdiklərinə görə Allah Elçisi - sallallahu aleyhi və səlləm - bunu vəd edib: “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar” (əl-Ənam, 153). Allah Elçisi - sallallahu aleyhi və səlləm - düz xətt çəkib dedi: “Bu, Allahın yoludur”. Sonra onun sağından və solundan xətlər çəkib dedi: “Bu yollardır və hər bir yolun başında şeytan (durub) ora çağırır”. (Əhməd, 4142, 4437; İbn Hibban, 7. əl-Albani həsən səhih olduğunu bildirmişdir). Kim öz əqidəsində, ibadətində, fiqhində və ya buna bənzər şeylərdə haqq yolu tərk edərsə, hər bir yolun başında şeytanın durub ora çağırdığı yollardan birini tutmuş görər.

Mən sizi bidətdən və zəlalətdən çəkindirirəm, artıq Allah Elçisi - sallallahu aleyhi və səlləm - bundan sizi çəkindirib: “Kim bizim bu işimizdə ondan olmayan bir şeyi sonradan ona əlavə edərsə, (bu şey) rədd olunar”. (əl-Buxari, 2499, 2697; Muslim, 3242, 4589).

Həmçinin, Allah Elçisi - sallallahu aleyhi və səlləm - bidət əhlindən çəkindirmişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - bu ayəni oxudu: “Kitabı sənə nazil edən Odur. O Ki­tabın bir qismi mə­nası aydın ayələrdir ki, bun­lar da Kitabın ana­sıdır. Digərləri isə mənası aydın olmayan ayə­lərdir. Qəlb­lə­rində əy­ri­lik olan­lar fitnə-fəsad törətmək və is­tə­dikləri kimi yozmaq məq­sə­dilə mənası aydın ol­mayanın ar­dınca düşərlər. Onun yozu­munu isə Allah­dan başqa heç kəs bil­məz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz on­lara iman gətir­dik, hamısı bi­zim Rəbbi­mizdən­dir”. Bunu isə ancaq ağıl sahib­ləri dərk edərlər” (Ali-İmran, 7). Aişə demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - (mənə) dedi: “Əgər mənası aydın ol­mayan (ayələrin) ar­dınca düşənləri görsən, (bil ki,) bun­lar Allahın (ayədə) adlan­dırdığı kimsələrdir, onlardan uzaq ol!” (əl-Bu­xari, 4183, 4547).

Allah bəyan etdi ki, qəlblərində xəstəlik olanlar fitnəni istəyirlər. O ki qaldı “Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər”- hər bir bidətçi insanları azdırmaq üçün Allahın, Onun Elçisinin - sallallahu aleyhi və səlləm - və İslam alimlərin mütəşabih kəlamlarına tabe olurlar. Bu, həm keçmişdə, həm də indiki zamanda bilinən bir şeydir. Əhli-Sünnə vəl-Cəməanın yolundan azan hər bir kəs insanların qəlbinə fitnə salmaq üçün mütəşabih olanlardan tutunur. Allahdan istəyirəm ki, bizi və sizi Öz Kitabından tutunmaqla bidət, şübhə və şəhvətlərdən çəkinməyi müvəffəq etsin!

“Hər bir bidət zəlalətdir”- İmam Əhməd (Allah ona rəhm etsin) bunu hədisdən götürüb: “Sizi əməllərin yeni olanından çəkindirirəm, çünki hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir”. Şəkk yoxdur ki, hər bir bidət – istər böyük, istərsə də kiçik olsun – zəlalətdir. Kim bundan qeyri bir söz desə, artıq açıq-aşkar Qurana, Sünnəyə və Allah Elçisinin - sallallahu aleyhi və səlləm - hər bir xütbəsində dediyi sözlərinə müxalif olur: “Və sonra... Həqiqətən, ən doğru kəlam Allahın Kəlamıdır, ən doğru yol Muhəmmədin – sallallahu aleyhi və səlləm - yoludur. Ən pis əməllər dinə edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir”. (Muslim, 1435, 2042). Bu, Səhih Muslimin Cabirdən (Allah ondan razı olsun) rəvayət olunan hədisində qeyd edilir. Allah Elçisi – sallallahu aleyh və səlləm - bu xütbəni dedikdə, döyüşə ordu hazırlayırmiş kimi şiddətli qəzəblənər, səsi ucalar və üzü qızarar, sanki qoşuna (düşmən) axşam ya da sabah basqın edəcək. Ümmət üçün bidətin şiddəti və təhlükəsini belə bildirərdi. Bidət zəlalətdir. Kim desə ki, yaxşı və pis bidət var, o bu əsaslara “öz ağlından heç nə danışmayana”- təəssüflər olsun ki - müxalif olmuş olar. Onlardan elələri var ki, bidəti də beş əhkama bölürlər; vacib, müstəhəb, məkruh, haram. Bu böyük bir xətadır. Həqiqətən vacib yalnız dəlil ilə bilinir. Dəlil ilə vacibliyi, müstəhəbliyi, sünnədən olması sabit olan bir şey bidət ola bilməz. Bu bölgü böyük bir xətadır.

Sünnənin əsaslarından: “Bidət və hava əhli ilə (Quran və Sünnəni tərk edib ağıllarına tabe olanlarla) mübahisə etməyi, onlarla oturub – durmağı tərk etmək”- yəni, mübahisəni çoxaltma! Qarşındakı insana mübahisənin faydalı olacağını təxmin etdikdə, yalnız bu zaman onunla mübahisə et. Bir insan haqqa çatmaq üçün səninlə mübahisə etmək istəyirsə, o zaman rahatlıqla onunla mübahisə edə bilərsən - “və onlarla ən gözəl tərzdə mübahisə et”. (ən-Nəhl, 125). O ki qaldı, haqqı axtarmaq deyil, mübahisə ilə sənin üzərində qalib gəlmək, məqsədi azdırmaq, sadəcə mübahisə edərək qalib gəlməkdirsə, onunla mübahisə etmə! Bu da dində məzəmmət olunmuş mübahisələrdəndir.

Allah sənə bərəkət versin! Belə hallarda mübahisə etmə! Hikmətli insan işləri öz yerinə qoyandır. Kim sənin şübhələri qaldırmağına ehtiyac duyursa, bunu qəbul və rədd etməklə, hikmət və gözəl moizə ilə ona bəyan et. Onu alçaltmaq şəklində deyil, haqqı bəyan etmək və doğru yolu göstərməklə bunu et.

Bidət və hava əhli ilə (Quran və Sünnəni tərk edib ağıllarına tabe olanlarla)”- çünki, bidət və hava əhli ilə oturmaq çox vaxt qəlbin azmasına aparır.

Bəzi insanlar elmlərinə və zəkalarına güvənib, bidət əhlinə qarışıb onlarla oturub-dururaraq azırlar. Allah da onları öz nəfsləri ilə başlı-başına buraxır. Beləliklə də, onlar zəlalətə düşürlər. Bu da gözə çarpan bir işdir. İbn Batta (Allah ona rəhm etsin) buna işarə edərək buyurur: “Biz bidət əhlini söyüb-lənətləyən insanları tanıyırdıq. Sonra onlarla (lənətlədiyi insanlarla) oturub-durdular və bir müddətdən sonra onlardan oldular. Bu hər bir zamanda və məkanda müşahidə olunmuş bir şeydir. Bəzi böyük insanlar özündən razı olaraq – çox təəssüf ki - bidət bataqlığına düşdülər. Biz bunların adlarını sadalamaq istəməzdik. Onlar elm tələbələrinə məlumdurlar.

“Bidət əhli ilə oturub-durmaq”“Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir”. (əl-Ənam, 68). Onlarla oturma, çünki onlar Allahın Kitabına lağ edirlər və Allahın dinindən elmsiz danışırlar. Bidət – Allahın Dini və Kitabına lağ və bu batilin Allahın Kitabına və Allah Elçisinin - sallallahu aleyhi və səlləm - Sünnəsinə nisbət üzərində qurulmuşdur. Onlardan uzaq durmaq vacibdir. Yuxarıda qeyd edildiyi kimi Allah Elçisi - sallallahu aleyhi və səlləm - buyurmuşdur: “Qurandan mütəşabih (ayələrə) tabe olanları gördükdə, bil ki, Allahın adlandırdığı (qınadığı) kimsələr onlardır. Onlardan çəkinin!” (əl-Bu­xari, 4183, 4547); “Ümmətimdə elə insanlar olacaq ki, onlar sizin yanınıza sizin və babalarınızın öyrədilmədikləri şeylərlə gələcəklər. Sizi onlaran çəkindirirəm”. (Muslim, 7). Bu hədislər bidət əhli ilə oturub-dirmağın qadağan olmasının dəlillərindəndir.

Ola bilsin ki, cahil və aldanmış (azmış) insanlar olsun və sən də elm, hüccət və dəlil olduğu halda onları haqqa çağırmaq istəyirsənsə, onlara haqqı bəyan et! Bu, yuxarıdakı qadağaya daxil deyil. O ki qaldı onlarla dostluq və yoldaşlıq etməyə, ünsiyyət saxlamağa və buna oxşar şeylərə - bu xətadır və zəlalətə sürükləyir. Ağıllı insan üçün bundan çəkinmək gərəkdir. Artıq bundan bəzi səhabələr – İbn Abbas (Allah ondan razı olsun) kimi, bəzi tabiinlərin öndərləri – Əyyub əs-Sixtiyəni, İbn Sirin (Allah onlara rəhm etsin) çəkindirmişlər. Onlar bidət əhlinə qulaq belə asmazdılar. Bidət əhli olan bir insan ona ayə və ya hədis desəydi, ona: “Oxuma!”- deyərdi. Ona deyildikdə ki: “Nəyə görə?” Belə deyərdi: “Mənim qəlbim mənim əlimdə deyil. Mən də qorxuram ki, mənim qəlbimə fitnə toxumu atasan və mən də onu çıxarda bilməyim. Salamatçılığın əvəzini heç nə verə bilməz. İnsan xüsusən də özünün zəif olduğunu bildiyi halda özünü fitnələrə məruz qoyması yaraşmaz.