Səbəbsiz təkfirin yayılma səbəbləri

1. Elmin və təqvanın olmaması

Ömər ibn Abdul-Aziz (Allah ona rəhm etsin) belə demişdir: “Allaha elmsiz şəkildə ibadət edən, xeyirdən çox zərər verir”. (İmam Əhməd “Zuhd” 365. İsnadı səhihdir).
İbn əl-Qeyyim (Allah ona rəhm etsin) özünün məşhur beytində əzəmətli kəlmələrdemişdir: “Cahillik – müalicəsi iki şeydə olan ölümcül xəstəlikdir;
1.Quran və Sünnə,
2.Həkim olan hikmətli alim”. (Şərh Usulus-Sələsə, 18).
Həqiqətən, bu ümmətin imamları haqqı deyirdilər: “Əgər elmi olmayan sussaydı, ixtilaflar olmazdı”. (əl-Lətaif, 41).
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Küfrdə ittiham etməyə tələsmək cahilliyin üstün gəldiyi kimsəyə məxsusdur”. (Buğyəl-Murtəd, 1/345).

2. Şəhvətlərə, nəfsə (havaya) tabe olmaq

Əbu Umamə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - sallallahu aleyhi və səlləm - belə buyurdu: “Üç şey həlakdandır; itaət olunan acgözlük; arxası ilə gedilən şəhvət; insanın özünə heyran olması”. (ət-Tabərani “Mucəmul-Kəbir” 54/52; əl-Qadəi, 325. Şeyx əl-Albani həsən olduğunu bildirmişdir.
Yalnız iki əsas var – elm və ehtiras, üçüncüsü yoxdur. Uca Allah buyurur: “Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub insanları doğru yoldan azdırırlar” (əl-Ənam, 119).
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Elmə tabe olmayan hər bir şəxs, istəklərinə tabe olmuşdur” (əl-Əmru bil-Məruf, 37).
İmam əl-Acurri (Allah ona rəhm etsin) demişdir: “İlk və sonrakı nəsil alimlər arasında xavariclərin – Allah və Onun Elçisinə olan itaətdən çıxan ən şər insanlar olması barəsində heç bir ixtilaf olmamışdır.  Onların çoxlu sayda orucları, namazları və canfəşanlıqla etdikləri ibadətləri onlara heç bir fayda verməyəcək. Həmçinin, onların açıq şəkildə yaxşılığı əmr və pislikdən çəkindirmələri də onlara kömək olmayacaq. Belə ki, onlar Quranı öz nəfslərinə (havalarına) uyğun şərh edirlər. Allah, Onun Elçisi, Raşidi xəlifələr və səhabələr, habelə onların davamçılar bizi onlardan çəkindirmişlər”. (əş-Şəria, 1/21).

3. Quran və Sünnə mətnlərini düzgün başa düşməmək

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) belə demişdir: “Elmsiz ibadətdə, düzgün başa düşülməyən elmdə fayda yoxdur”. (Əbu Heysəmə “Kitəbul-İlm” 144; əl-Acurri “Əxləqul-Uləmə” 45. İsnadı səhihdir).
Bilmək vacibdir ki, ilk növbədə Quran ayələrinin və hədislərin zahiri mənasını başa düşmək lazımdır, lakin bu həmişə belə deyil və istisnalar ola bilər. Həmçinin, elə olur ki, bəzi şəri mənbələrdə nəzərdə tutulan ilk baxışdan başa düşülən mənadan fərqli olur. Belə ki, başqa şəri mənbələr belə ayə və hədisləri qəsd olunan mənada tətbiq etməyə icazə vermir. Təkfirçilər isə bir çox şəri dəlillərə fikir vermədən, bəzi Quran ayələrinin zahiri mənasını götürürlər. Məhz bu üsulla xavariclər Uca Allahın sözlərini “Hökm yalnız Allaha məxsusdur” (əl-Ənam, 57) dəlil gətirərək Əli ibn Əbu Talibi (Allah ondan razı olsun) küfrdə ittiham etmişlər. Rəvayət edilir ki, Əbu Rafi (Allah ondan razı olsun)  demişdir: “Xavariclər Əliyə qarşı çıxdıqda: “Hökm yalnız Allaha məxsusdur, hökm yalnız Allaha məxsusdur!”- təkrar edirdilər. Əli (Allah ondan razı olsun) dedi: “Kəlmə haqq, qəsdləri isə batildir!” (Muslim, 1774).
İbn əl-Qeyyim (Allah ona rəhm etsin) belə demişdir: “Kitab Əhlinin ixtilafa düşməsinə və müsəlmanların yetmiş üç firqəyə ayrılmasına səbəb yanlış yoxum (anlama) olmuşdur” (İlamul-Muvakkiin, 4/308).
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Xavariclər Quran ayələrini öz etiqadlarına uyğun şərh edəndə, buna (onların batil etiqadlarına) qarşı çıxanları təkfir etməyə başladılar”. (Məcmuul-Fətava, 20/164).
İmam əl-Xatib əl-Bağdadi (Allah ona rəhm etsin) demişdir: “Elm – çoxlu rəvayətlər və əzbər yox, düzgün başa düşmə (dərk etmə, fəhm) və məlumatlı olmaqdır”. (əl-Cami, 2/174).

4. Alimlərə müraciət etməmək

Həmçinin, təkfirçiliyin yayılmasının əsas səbəblərindən biri də cahil müsəlmanların peyğəmbərlərin varisləri olan alimlərə müraciət etməyib, öz başa düşdükləri ilə kifayətlənmələridir. Belə ki, Uca Allah Muhəmməd ümmətinə bir şey haqda bilgiləri olmadıqda, özbaşına qərar verməyin və şəxsi fikirlərin qarşısını almaq üçün alimlərə müraciət etməyi vacib etmişdir. Uca Allah müqəddəs Kitabında buyurur: “Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun” (ən-Nəhl, 43).
Allah Elçisi - sallallahu aleyhi və səlləm - belə buyurmuşdur: “Bu elmi miras olaraq xələflərdən (sonradan gələn) ədalət (təqva, din) sahibləri götürəcək və onlar bu dini cahillərin təvilindən, batil düşüncəli şəxslərin yalanlarından və bidət əhlinin təhrifindən təmizləyəcəklər”. (əl-Beyhəqi “Sunənul-Kubra” 20700. əl-Albani səhih olduğunu bildirmişdir).
İbn Abbasın (Allah ondan razı olsun) xavariclərlə məşhur mübahisəsində o, buyurur: “Mən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əshabının, mühacir və ənsarların, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əmisi oğlu və kürəkəninin (Əlinin) yanından gəlirəm. Quran onların zamanında nazil olub və onlar onu sizdən daha yaxşı başa düşürlər, lakin onlardan heç birini sizin aranızda görmürəm”. (Əhməd, 1/621; əl-Hakim, 2/150. İsnadı səhihdir). İbn Abbasın xavariclərlə söhbətindən sonra onlardan bir çoxu tövbə etmiş və doğru yola gəlmişlər. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Onlardan (xavariclərdən) iki mini qayıtdı, zəlalətdə qalanlar isə öldürüldülər. Onları mühacir və ənsarlar öldürdülər”. (Əhməd, 1/621; Abdur-Razzəq, 10/157-158; əl-Hakim, 2/150-152).
Yezid əl-Fəqir (Allah ona rəhm etsin) demişdir: “Xəvariclərin fikirlərindən bir fi­kir qəlbimi coşdurmuşdu. (O zaman) biz həcc etmək, sonra da insanları xə­varicli­yə dəvət etmək məqsədilə bir dəstə adamla bərabər yola düşdük. Nə­ha­yət, gəlib Mədinəyə çatdıq. Baxdıq ki, Cabir ibn Abdullah bir dirəyin yanında oturub camaata Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - hədis danışır. Bu əsnada o, “cəhənnəmlilər” haqda danışdı. Onda mən ona dedim: “Ey Rəsulullahın səhabəsi! Bu nə (hədisdir) danışırsan?! Axı, Allah buyurur: “Sən Oda saldığın kəsi rüsvay edərsən...” (Ali-İmran, 192) və “Hər dəfə on­lar oddan çıxmaq istədikdə, yenidən ora qaytarılacaqlar”. (əs-Səcdə, 20). (Buna əsasən) bu danışdıqlarınız nədir?!” (Cabir məndən): “Sən Quran oxu­­yursanmı?”– deyə soruşdu. Mən: “Bəli!”– deyə cavab verdim. Yenə soruş­du: “Muhəmmədin məqamı – yəni Allahın onu çatdıracağı yer – barəsində eşit­misənmi?” Mən: “Bəli!”– deyə cavab verdim. Dedi: “Bu, Muhəmmədin hə­min təriflənən məqa­mı­dır ki, Allah onun vasitəsilə (Cəhənnəmdən) çıxa­racaq­larını çıxaracaq”. Sonra Cabir qıl kör­püsünün harada yerləşdiyini və in­sanla­rın onun üstündən nə cür keçəcəklərini vəsf etdi. Bunları yadda sax­lamamış olduğumdan qorxu­ram. Ancaq onu deyə bi­lərəm ki, o bunları söy­ləmişdir: “Bir qrup adam (bir müddət) Cəhənnəmdə qal­dıqdan sonra oradan çıxacaqdır. On­lar sanki sim­sim (qara rəngli bitki) çubuqları kimi (qaralmış halda) çıxacaqlar. Sonra Cənnət çaylarından birinə daxil olub orada yuyunacaq və oradan ka­ğız kimi (ağappaq) çıxacaqlar”. Sonra biz (həcc ziyarətindən) geri döndük və (səhv fikirdə olanlara) dedik: “Vay sizin halınıza! Yoxsa o şeyxin (Cabir ibn Abdullah) Peyğəmbərin - sallallahu aleyhi və səlləm - adından yalan danışdı­ğı­nı güman edirsiniz?!” Beləliklə, biz (xəvariclikdən) vaz keçdik. Vallahi, ara­mızda bir nəfərdən başqa, xəvaric fikirlərində qalan olmamışdı”. (Muslim, 191, 473). Şeyx Abdul-Muhsin əl-Abbad onların Cabir ibn Abdullah (Allah ondan razı olsun) ilə qarşılaşdıqdan və onun elmi ilə batil fikirlərindən döndükdən sonra deyir: “Bu, müsəlmanın alimlərə müraciət etməsindən götürdüyü böyük bir faydanın nümunəsidir!”

Nəticə

Bu, müsəlmanların əsassız təkfir edilməsini yada salmaq üçün qısa bir xatırlatmadır. Təkfir mövzusunda iki cür ifrata qapılmaq var. Biri haqqında yuxarıda danışdıq – bu da həddini aşıb müsəlmanları əsassız şəkildə təkfir etməkdir. İkincisi isə bunun əksinə olub, kafir sayılan qeyri-müsəlmanları təkfir etməmək və ya bunda şübhə etməkdir. Bəzi müsəlmanların bunu düzgün başa düşməməsini qeyd edək. Alimlər “Hüccət çatmayan insanı küfrdə ittiham etmək olamaz”- dedikdə, onlar müsəlman sayılan, əsli müsəlman olan və özünü İslama nisbət edən insanı nəzərdə tuturlar. Əsli qeyri-müsəlman olan kafirə gəldikdə isə, ona İslam dəvəti, hüccət çatmasa belə o, kafir olaraq qalır. Buna dəlil isə Uca Allahın bu sözüdür: “Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür” (ət-Tövbə, 6). Bu ayədə Allah onları buna qədər Allahın heç bir sözünü eşitməsələr belə onları müşrik (kafir) adlandırır. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Şirk sözü Kitablar nazil edilməmişdən qabaq məlum idi. İnsan Kitabların nazil edilməsindən qabaq öz Yaradanına şərik qoşar, Onunla bərabər digər ilahlara dua edərdi. Bu sözlər (şirk, müşrik, kafir) qabaqlar da var idi”. (Məcmuul-Fətava, 20/37).
Bilin, ey müsəlmanlar! Qiyamət günü İslamı aydın şəkildə olan insanı kafir adlandırmadığı üçün özünə bəraət qazandırmaq daha asan olacaq. Belə ki, ona müsəlman gözü ilə baxır və onu İslam tərəfdən qiymətləndirirdi. Elmsiz olduğu və müsəlmanı kafir adlandırmağın qadağan olunması barəsində bir çox hədisin olmasına görə ona kafir demirdi. Lakin, nəzərə alsaq ki, Quran və Sünnədə müsəlmanı təkfir etmək qadağan edilmişdir, öz ağlına görə müsəlmanı kafir adlandıranın vəziyyəti pis olacaq və özünü təmizə çıxara bilməyəcək.
İbn Həzm (Allah ona rəhm etsin) demişdir: “Həqiqət bundan ibarətdir ki, İslama daxil olan hər bir kəs, Quran, Sünnə və icmadan dəlil olmadan ondan çıxmır. Müsəlman dəlilsiz məlumat və şübhələrlə İslamdan çıxmır”. (əl-Fisəl, 3/392).
İmam əl-Bəqiləni (Allah ona rəhm etsin) demişdir: “İnsan müsəlmanların icması olan məsələlərdən başqa, kiminsə sözünə və ya rəyinə görə kafir olmur”. (Fatava əs-Subki, 2/578).
İmam əl-Qurtubi (Allah ona rəhm etsin) demişdir: “Bir kafir, imanın küfrdən üstün olduğunu başa düşərək, imanı küfrdən üstün tutmaqla müsəlman olursa, bir müsəlman da küfrü bilib və başa düşüb onu seçincəyə qədər icma ilə kafir sayılmaz”. (“Təfsirul-Qurtubi” 7/ 61, 16/203).

İmam əl-Qurtubinin (Allah ona rəhm etsin) bu sözlərinə diqqət edin!

Quranı və təfsirini öz başa düşdükləri kimi şərh edərək insanları küfrdə ittiham edən cahillərdən çəkinin! Raşidi xəlifəsi Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) haqq kəlmələr demişdir: “Mən bu ümmət üçün möminin imanının azalmasından və ya fasiqin aşkar fasiqliyində qalmasından qorxmuram. Lakin mən (Quran və Sünnədən) oxuyan və bunu kamil şəkildə edən, sonra isə onu həqiqi mənasından başqa məna ilə yozan adamdan qorxuram”. (Cəmiul-Bəyanul-İlm, 2/228, 2/375).
 
Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Muhəmmədə, onun ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!