Müasir sələf alimlərinin kəsilmiş heyvanın hökmü barəsində fətvaları

English

Şeyx ibn əl-Useymin (Allah ona rəhm etsin)

Sual: “Hörmətli Şeyx, sizə məlumdur ki, bu gün Kitab Əhli olan dövlətlərdə müxtəlif dinlərə məxsus olan bir çöx millətlər bir-birinə qarışmışlar və bu səbəbdən də onların kəsdiyi heyvanlar barəsində olan şübhələr bu ölkələrdə daha çoxdur. Şəriətin onların kəsdiyi heyvanların əti barəsində hökmü nədir? Bu məsələdə təfsilata varmağa və dəqiqləşdirməyə ehtiyac varmı? Sizdən xahiş edirik ki, bu suala bir aydınlıq gətirəsiniz, çünki bu məsələ bizi çox çaşqınlığa salıb”.

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) deyir: “Heyvanı kəsən kimsənin kəsilmiş heyvanın ətinin yeyilməsi, yeyilməsinə icazə verilən qrupdan olduğu insanın bilməsindən və ya ehtimal etməsindən asılıdır. Bunlar da Kitab Əhli (yəhudi və xaçpərəst) və müsəlmanlardır. Heyvanı kəsən kimsənin yəhudi və xaçpərəst olmasında şübhə etsək, əgər şübhəmizin altmış-yetmiş faizi onların Kitab Əhli olmasını ehtimal etsə, onlar tərəfindən kəsilmiş heyvanın ətini yemək olar. Lakin şübhəmizin çox faizi onların Kitab Əhli olmadığını bizə xəbər verərsə bu zaman kəsilmiş əti yemək olmaz. Beləliklə, bizdə kəsilmiş heyvanlarla bağlı beş hal var:

1. Biz bilirik ki, kəsilmiş heyvan Kitab Əhli tərəfindən kəsilib. Bu halda bu cür əti yemək halaldır.

2. Biz ehtimal edirik ki, kəsilmiş heyvan Kitab Əhli tərəfindən kəsilib. Bu halda bu cür əti yemək halaldır.

3. Biz bu ətin Kitab Əhli tərəfindən kəsilib-kəsilməməsində şübhədəyik. Bu halda bu cür əti yemək qadağandır.  

4. Biz şübhədəyik. Lakin şübhəmizin çox faizi onların Kitab Əhli olmadığını bizə xəbər verir. Bu halda bu cür əti yemək qadağandır.

5. Biz qəti olaraq bilirik ki, heyvanı kəsən kimsə Kitab Əhli deyildir. Bu halda bu cür əti yemək qadağandır.

Bu beş haldan üçü qadağan olunmuş, ikisi isə halaldır. Biz eşitmişik ki, Amerika dövlətində heyvanları elektrik cərəyanı ilə vurub (heyvan ölməmişdən) öncə qanını axıdırlar. Canı çıxmamış kəsilən heyvanların ətləri isə halaldır. Uca Allah buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”. (əl-Maidə 3). Həmçinin, bu cür ölkələrə gedən bir çox cavan nəsillərdən eşitmişəm ki, hal-hazırda (kafirlər) qanı axıdılmamış heyvanların ətinin satış üçün yararlı olmadığı aydın olub və onlar qanın axıdılmasını müsəlmanlardan fərqli edirlər. Onlar boyunduruq damarını kəsir, digər boyun damarına isə aparat qoşurlar ki, üfürərək qanı çıxarsın. Həqiqətdə isə bu, sadəcə fərqli üsulla qanın axıdılmasıdır. Mümkündür ki, günlərin birində onlar da müsəlmanların etdikləri (boyun damarlarını kəsməklə qanın axıdılması) üsuluna qayıtsınlar. Lakin, məsələ nə olursa olsun (kəsilmiş heyvanın halal və ya haram olması barəsində), əgər sən şübhələrdən qaçmaq, problemlərdən uzaq olmaq istəyirsənsə bu zaman balıq yeməyin daha məsləhətlidir”. (“Fətava İbn əl-Useymin” 1182).

Sual: “Hörmətli Şeyx, elektrik cərəyanı ilə vurulmuş, lakin başının kəsilərək, qanının axıdıldığı heyvanlar barəsində bir açıqlama gətirməyinizi xahiş edirik?

Şeyx Useymin (Allah ona rəhm etsin) cavab verərək buyurur: “Başı kəsildikdən sonra qanı axırsa bu onu göstərir ki, elektrik cərəyanı heyvanı yalnız zəiflətmək (keyləşdirmək) üçün istifadə edilir. Bu halda bu cür üsulla kəsilmiş heyvanın ətini yemək halaldır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “(Heyvanın) qanı axıdılsa və onun üs­tün­­də Allahın adı çəkilsə, ondan yeyə bilərsiniz”. (əl-Buxari 2488). Əgər elektrik cərəyanı ilə heyvan öldürülmüş olsaydı, ondan qan heç vaxt çıxmazdı, çünki heyvan öldükdə artıq qanın forması dəyişir və laxtalanma baş verir ki, bu da qanın çıxmasının qarşısını alır. Lakin, məsələ nə olursa-olsun, qardaşımızın dediyi kimi əgər elektrik cərəyanı ilə vurulmuş heyvanı canı çıxmamışdan qabaq kəsib qanını axıdıb­larsa bu şəriətə uyğundur”. Uca Allah buyurur: “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”. (əl-Maidə 3). Ayədə sadalananların hər biri haram edilmişdir, yalnız canı çıxmadan kəsdiyimiz heyvanlar müstəsnadır. Elektirik cərəyanı ilə öldürülmüş heyvan boğularaq öldürülmüş heyvanın misalındadır. Allah boğularaq öldürülmüş heyvanların ətlərini yeməyi bizə haram edib, lakin Allah canı çıxmadan kəsdiyimiz heyvanları istisna edib. Buna görə də elektrik cərəyanı heyvanı yalnız zəiflədir və onu canı çıxmamışdan öncə kəssək halal hesab olunur. Lakin, əgər elektrik cərəyanı heyvanı öldürərsə, baxmayaraq bu sual verənin sözlərinə ziddir, çünki o, qeyd etmişdir ki, qanı axıdılır, bu zaman bu cür kəsilən əti yemək olmaz". (“Fətava Nuru ad-Darb”).

Sual: “Hörmətli Şeyx, günlərin birində öz iş yoldaşlarımı qonaqlığa dəvət etdim. Onlar gəldikdən sonra süfrə açıldı, yeməklər içərisində qızardılmış toyuq da vardı. Qonaqlardan biri: “Bu yerli toyuqdur, yoxsa gətirilmiş”. Mən: “Gətirilmiş”- dedim. Bundan sonra o, toyuğu yemədi. Mən səbəbini soruşduqda haram olduğunu dedi. Mən: “Sən bunu haradan götürmüsən ki, haramdır”. O: “Bəzi Şeyxlərdən eşitmişəm”- dedi. Xahiş edirəm sizdən bu suala şəriət tərəfdən cavab verəsiniz”.

Şeyx Useymin (Allah ona rəhm etsin) deyir: “Qeyri müsəlman dövlətlərdən idxal olunan, yəni kəsilmiş heyvanlara yəhudi və xaçpərəstlər cavabdehlik daşıyırlarsa, bu cür heyvanların ətlərini yemək halaldır və onların necə kəsildiyini, Allahın adının zikr edilib-edilmədiyini soruşmamalıyıq. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Xeybərdə yəhudi qadın tərəfindən verilən qoyun budunu yemişdir. Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) yəhudinin verdiyi yeməyi də yemişdir. Halbuki orada qaxsımış yağ vardı. Yağ isə - öz halını dəyişmiş piydir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun necə kəsildiyini və Allahın adının zikr olunub-olunmadığını heç soruşmadı. Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) bir dəstə adam (Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib) dedi: “Ey Allahın elçisi! Bəzi adamlar bizə ət gətirir və biz bilmirik onlar (heyvanı kəsdikdə) Allahın adını çəkmişlər, ya yox”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bismilləh” deyib yeyin!” (əl-Buxari, 2057). Bu hədislərin hər biri dəlildir ki, heyvanın necə kəsildiyi barədə soruşmaq lazım deyil. Bu da şəriətin hikmətindən və asanlığındandır. O ki qaldı qeyri müsəlman dövlətlərindən idxal edilən – hansı ki, kəsilməsində məcusilər, bütbərəstlər və s. cavabdehdir - bu cür ətləri yemək haramdır. Çünki, Allah bizə Kitab Əhli istisna olmaqla kafirlərin yeməklərini yeməyi haram etmişdir.

Əgər biz kəsilən heyvanın müsəlman və ya Kitab Əhli tərəfindən kəsildiyini ehtmal etsək, bu cür əti yeməkdə heç bir problem yoxdur. Fəqihlər deyirlər: “Əgər bizə əhalisinin çox hissəsi ətinin yeyilməsinə icazə verilən qrupdan olan (Kitab Əhli və müsəlmanlar) yerdə ət verilsə, bu cür ət halaldır”. Əgər ətin mənşəyi və kim tərəfindən kəsildiyi bilinməzsə, bu cür əti yeməkdən çəkinsən daha yaxşı olar". (“Fətava Uləma Bilədil-Haram” 378-379).

Buna oxşar bir suala Şeyx Useyminin (Allah ona rəhm etsin) dedikləri: “Kəsilmiş heyvanın üç halı vardır:

1. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilib. Bu halda bu əti yemək halaldır.

2. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilməyib. Bu halda bu əti yemək haramdır.

3. Biz şübhədəyik və bilmirik ki, bu heyvan (şəriətə) uyğun kəsilib, yoxsa yox. Bu halda bu cür heyvanın ətini yemək olar və bizə hansı üsulla bu heyvanın kəsilməsi haqda soruşmaq və araşdırmaq, kəsilərkən Allahın adı zikr olunması, yoxsa zikr olunmaması bizə vacib deyil. Hətta, Sünnə bizə açıq-aydın göstərir ki, bu haqda soruşmamaq və araşdırmamaq daha yaxşıdır. Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) bir dəstə adam (Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib) dedi: “Ey Allahın elçisi! Bəzi adamlar bizə ət gətirir və biz bilmirik onlar (heyvanı kəsdikdə) Allahın adını çəkmişlər, ya yox”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bismilləh” deyib yeyin!” (əl-Buxari, 2057). Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “Bismilləh” demək əmri heyvanı kəsməmişdən öncə deyilən Bismilləh - deyildir. Hədisdən də aydın olduğu kimi heyvan artıq kəsilmişdir. “Bismilləh” demək əmri yemək yeməmişdən öncə deyilən Bismilləhdir. Yemək yeməmişdən öncə Bismilləh demək artıq şəriətimiz tərəfindən təyin edilmişdir. Hətta yeməkdən öncə Allahın adını zikr etmək vacib əməllərdəndir. Buna da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) açıq-aydın əmri vardır. Əgər insan Allahın adını zikr etməyərək yeməyə başlayarsa şeytan mütləq onun yeməyinə şərik olar. (İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İblis dedi: "Ey Rəbbim! Yaratdıqlarından elə bir kəs yoxdur ki, Sən onun ruzisini və yaşayışını təmin etməmiş olasan. Bəs mənim ruzim nədir?" O buyurdu: "Üzərində Allahın adı zikr olunmayan (qidalar)". Əbu Nueym 8/ 126; əs-Suyuti "Cəmiul-Əhədis" 14911). Əgər insan Allahdan qorxub bu cür yeməkxanalarda (ət) yeməyi yeməzsə, onda heç bir günah daşımır. Həmçinin, bunun əksi də belədir. Kim ki, belə bir yerlərdə (ət) yeməyi yeyərsə, o da heç bir günah daşımır”. (“Fətava İsləmiyyə” 3/ 415; “Fətava Ulama Bilədil-Haram” 375).

Şeyx İbn Bəzz (Allah ona rəhm etsin)

Sual: “Hörmətli Şeyx, günümüzdə xaçpərəstlər tərəfindən kəsilmiş heyvanların ətləri barəsində nə deyə bilərsiniz? Biz bilirik ki, onlar heyvanları müxtəlif üsullar aparatlar və yuxugətirici vasitələrdən istifadə edərək kəsirlər”.

Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) deyir ki: “Bu cür heyvanların ətlərini yemək, əgər onların şəriətə uyğun olmayaraq kəsilməsi məlum deyilsə icazəlidir. Onların kəsdikləri heyvanların əsli (təməli) halaldır. Onların kəsdikləri heyvanların ətləri bizə halal edildiyi kimi, bizim kəsdiyimiz heyvanların ətləri də onlara halaldır; “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır!...” (əl-Maidə 5). (“Fətava İsləmiyyə” 3/ 401).

Sual: Hörmətli Şeyx, əgər heyvanı kəsərkən Allahın adının zikr edilib-edilməməsi məlum deyilsə, belə kafe və yeməkxanalarda verilən ətləri yemək olarmı?

Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) deyir: “Əgər bu yeməkxanalar müsəlmanların, Kitab Əhlinin yaşadığı şəhərlərdə olarsa və ya bu yeməkxanaların sahibləri müsəlmanlar və Əhli Kitab olarsa - hansı ki, özləri bu heyvanların kəsilməsi ilə məşğul olurlar (və ya kəsilməsinə cavabdehdirlər) - bu cür ətlərin yeyilməsi - kəsilən zaman Allahın adının zikr edilib-edilməməsi bizə məlum olmasa da belə halaldır. Çünki, onların kəsdikləri heyvanların əsli (təməli) halaldır. Aişə (Allah ona rəhm etsin) rəvayət edir ki, bir qrup insanlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər, lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bunun üçün siz Bismilləh deyin, sonra da yeyin”. (əl-Buxari 2057).

Lakin əgər bu yeməkxanaları müsəlmanlar və Kitab Əhli deyil, müşriklər, kafirlər və ateistlər idarə edərsə, bu zaman orada verilən heyvanların ətindən yemək olmaz. Bil ki, müsəlmanların və Kitab Əhlinin şəriətə uyğun olaraq kəsdiyi heyvanların ətləri bizə onların kəsilmə üsulu bəlli olmasa da belə halaldır. O ki qaldı bizə məlum olan və şəriətə uyğun olmayan yollarla kəsilən heyvanlara, məs: boğularaq, elektrik cərəyanı ilə vurularaq öldürülən (qanı axıdılmayan) və s. ölü (kəsilmədən ölüb murdar olmuş) leş heyvan sayılır və bu cür ətlərin yeyilməsi haramdır. Bu cür halda bunu müsəlmanın, yoxsa kafirin kəsməsində heç bir fərq yoxdur; “Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”. (əl-Maidə 3). ("Fətava İsləmiyyə” 3/ 414).

Sual: “Hörmətli Şeyx, xarici dövlətlərdən gələn konservləşdirilmiş toyuqlar barəsində nə deyə bilərsiniz?”

Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) deyir: “Xarici dövlətlərdə kəsilmiş toyuq və digər heyvanlar Kitab Əhli olan dövlətlərdən konservləşdirilmiş şəkildə bizim dövlətlərə daxil olursa, əgər bizə qadağan olunma səbəbi məlum deyilsə, Quran ayələrinə əsasən bu cür ətləri yemək halaldır. Məs: Allah üçün kəsilməyib, qanı axıdılmadan (boğazı kəsilmədən) öldürülüb və s. Əgər ət yeməyi kommunistlərin, ateistlərin və müşriklərin dövlətlərindən gələrsə, bu cür ətləri yemək haramdır”. (“Fətava İsləmiyyə” 3/ 16).

Sual: "Hörmətli Şeyx, sualımız şəriətə uyğun olmyaraq kəsilən və yəhudi və xaçpərəstlər tərəfindən Allahın adının zikr edilmədən kəsilən ət məhsulları barəsindədir. Belə əti yemək olarmı?"

Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) deyir: “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır!...” (əl-Maidə 5). Bu ayə onu göstərir ki, Kitab Əhlinin yeməkləri bizə halaldır. Əgər bizə bəlli olarsa ki, onlar heyvanları şəriətə uyğun olmayan üsullarla kəsirlər; Boğmaq yolu ilə, elektrik cərəyanı, küt alətlə vuraraq və s. üsullarla bu cür heyvan kəsilmiş sayılmır və yeyilməsi qadağandır. Hətta bu cür üsulla müsəlman belə heyvanı kəssə yemək haramdır. Lakin əgər bizə kəsilmə üslubu bəlli olmazsa, bu zaman ayəyə əsasən bizə yemək halaldır. Biz artıq bu suallara cavab vermişik, götürüb faydalana bilərsiniz.

O ki qaldı onların Allahın adını zikr etməmələrinə, bu da onların cahilliyindən (elmsiz olmalarından) irəli gəlir, bu fakt da onların kəsdikləri heyvanların ətlərini qadağan etmir. Müs: Müsəlman bir kimsə unudaraq (heyvanı kəsərkən) Allahın adını zikr etməzsə və ya bu haqda heç bir şey bilmirdisə bu da kəsilən heyvanı haram etmir. Allah buyurur: “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!” (əl-Bəqərə 286). Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu ayəni oxuduqdan sonra Allah: “Mən artıq belə etdim”- deyə buyurdu. “...Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!” (əl-Əhzab 5). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Macə, 2043). (“Məcəllətul-Cəmiatil-İsləmiyyə”)

Şeyx əl-Albani (Allah ona rəhm etsin)

Sual: “Hörmətli Şeyx, əgər bir kimsə şübhəli şeydən çəkinərək ət yemir, lakin valideyinləri onu yeməyi əmr edirlər. O kimsə, valideyinlərinə itaət etməlidir, yoxsa şübhəli şeydən çəkinməlidir?”

Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir ki: “Valideyinlərə itaət etmək vacibdir. İtaət yalnız haram olan şeydə olmaz. Burda isə söhbət yalnız şübhəli olandan gedir”. (“Fətava əl-Albani” 371).