Ət yeməyin hökmü

English

Bəzi insanlar təqva əlaməti olaraq şübhəli şeylərdən qaçmaq məqsədilə böyük günah sahiblərinin kəsdikləri heyvanların ətlərini yeməyi qadağan edirlər. Bu da dində ifrata varmaqdır ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizi bundan çəkindirmişdir.

 

عَنْ أَنَسٍ ، عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «يَسِّرُوا وَلاَ تُعَسِّرُوا، وَبَشِّرُوا وَلاَ تُنَفِّرُوا».

 

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət oyatmayın”. (əl-Buxari, 69).

 

ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : غَدَاةَ الْعَقَبَةِ وَهُوَ عَلَى نَاقَتِهِ الْقُطْ لِي حَصًى فَلَقَطْتُ لَهُ سَبْعَ حَصَيَاتٍ ، هُنَّ حَصَى الْخَذْفِ ، فَجَعَلَ يَنْفُضُهُنَّ فِي كَفِّهِ وَيَقُولُ أَمْثَالَ هَؤُلاَءِ ، فَارْمُوا ثُمَّ قَالَ : يَا أَيُّهَا النَّاسُ إِيَّاكُمْ وَالْغُلُوَّ فِي الدِّينِ ، فَإِنَّمَا أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمُ الْغُلُوُّ فِي الدِّينِ.

 

İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “...Ey insanlar! Dində ifrata varmaqdan çəkinin. Həqiqətən sizdən əvvəlkiləri dində ifrata varmaq məhv etdi”. (İbn Macə, 3029; ən-Nəsai, 3057. əl-Albani səhih olduğunu bildirmişdir).

 

عَنْ عَبْدِ اللَّهِ قَالَ قَالَ رَسُولُ اللَّهِ -صلى الله عليه وسلم- « هَلَكَ الْمُتَنَطِّعُونَ ». قَالَهَا ثَلاَثًا.

 

Abdullah (ibn Məsud) deyir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “İfrata varanlar məhv oldular”. Bunu üç dəfə təkrar etdi”. (Muslim 2670, Əbu Davud, 4608).

Hafiz İbn Abdul-Bər (Allah ona rəhm etsin) deyir: “Müsəlman bir kimsənin kəsdiyi hər bir şeyi yemək icazəlidir və hesab etmək lazımdır ki, o, Allahın adını zikr edərək kəsmişdir. Çünki, müsəlman haqqında əksi sübut olunana qədər yaxşıdan başqa heç bir şey düşünmək olmaz”. (“Neylul-Əvtar” 4/ 327).

Ətin halı onu kəsənin halından asılıdır. Əgər heyvanı kəsən kimsə müsəlmandırsa və onu İslamdan çıxardacaq (açıq-aydın) bir küfr, şirk əməli yoxdursa, həmçinin onun kəsdiyi heyvanın üzərində Allahın adını zikr edib, etmədiyi bilinmirsə bütün alimlərin ittifaqı ilə belə bir əti yemək olar.  (“Əhkamul-Zəbh” 57).

Əhli-Sünnə vəl-Cəməa əqidəsinin əsaslarından biri də budur ki, onlar cahil və təvilçi bir kimsənin küfrə aparan bir əməl etməsi halında – tərk edənin kafir olmasına səbəb təşkil edəcək olan – dəlili ona qarşı ortaya qoymadıqca, İslam dinindən çıxdığını söyləməzlər. Onlar yenə də qəlbi iman ilə dolu olub onunla rahat və hüzur tapması ilə məcbur edilən bir kimsəni də küfrə aparan bir əməl etməsiylə və ya sözüylə dindən çıxdığını söyləməzlər. Çünki, küfrün əsası qəstli olaraq inkar etmək, küfrdən qəlbən razı olmaq, küfrə inanmaq, küfrdən sevinmək və rahatlıq hiss etməkdir. Necə ki, kafir imanı küfrdən üstün tutmadıqca mömin olmaz, eləcə də mömin məqsədli şəkildə küfrü imandan üstün tutmadığı halda müsəlmanların rəyinə görə kafir sayılmaz. Kitab və Sünnədən bir işin küfr olduğunu ortaya qoyan bir dəlil olmadığı müddətdə, kimsənin kafir olduğuna hökm etməzlər. Bir kimsə bu hökm üzrə öləcək olarsa, işi Uca Allaha qalmışdır. Dilərsə ona əzab edər, dilərsə onu bağışlayar.

 

عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم : مَنْ وَعَدَهُ اللَّهُ عَلَى عَمَلٍ ثَوَابًا فَهُوَ مُنْجِزُهُ لَهُ ، وَمَنْ وَعَدَهُ عَلَى عَمَلٍ عِقَابًا فَهُوَ فِيهِ بِالْخِيَارِ.

 

Ənəs ibn Məlik (Allah ondan raazı olsun) deyir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: “Allah kimə bir əməl qarşılığı savab vəd etsə, Allah onu şübhəsiz ki, yerinə yetirəcəkdir. Kimə də bir əməl qarşılığında cəza vəd etsə, Allah onda ixtiyar sahibidir (istəsə ona əzab verər, istəsə onu bağışlayar)”. (Əbu Yəalə, 3316; İbn Əbi Asim, 960, əl-Albani “Səhih Hədislər Silsiləsi” 2463).

Belə bir kimsəyə qarşı haqq açıqlanmadığı müddətdə, onun haqqında hökm verməzlər. Haqqın açıqlanması isə ona qarşı dəlilin ortaya qoyulması və şübhəsinin aradan qaldırılması ilə olur. Müəyyən bir kimsəni də yalnız lazımı şərtlərin gerçəkləşməsindən və maneələrin ortadan qalxmasından sonra təkfir edərlər. Qəti olaraq müsəlman olduğu sabit olan kimsənin bu müsəlmanlığı şübhə ilə ortadan qalxmaz.  

İmam Təhavi (Allah ona rəhm etsin) deyir: “Namazı tərk edənin (qılmayanın) kafir olmadığına dəlil odur ki, biz kafirə namaz qılmasını əmr etmirik. Əgər namazı tərk edən (qılmayan) kafir olsaydı, biz ona İslamı qəbul etməsini əmr edərdik. Əgər İslamı qəbul etsə, ondan sonra biz ona namaz qılmasını əmr edərdik. Lakin biz belə etməyib ona namaz qılmasını əmr edirik. Çünki, o, namaz əhlindən sayılır”. (“Muşkul-Əsar” 4/ 228).

Şeyx əs-Suheymi (Allah onu qorusun) buyurur: “...Bəzi insanlar alimlərin sözlərilə kifayətlənmirlər. Onlar Mutəallim (özlərini alim sayanlardır). Fətva verirlər ki, müsəlman ölkələrində kəsilən heyvanların ətlərini yalnız onu kəsənin qəbirlərə ibadət edənlərdən olmadığı məlum olduqdan sonra yeyilə bilər. Əvvəllər heyvan kəsənləri bu cür imtahan etmirdilər. Bu xətadır, elm tələb edənə belə şeyləri söyləmək yaraşmaz. Heç bir sələf alimi (heyvan kəsən) kimsə üçün belə bir imtahan təyin etməmişdir, müsəlman bir kimsədə əsl onun təmizliyidir. Məs: Mərakeş, Türkiyə, Suriya və ya Misirdən ət məhsulları gətrilir. Mən bilirəm ki, bu ölkədə qəbirlərə ibadət edən müsəlmanlar vardır. Məgər biz bu ət məhsullarını Çin, Fransa, İngiltərədən gətrilən ət məhsulları ilə müqayisə edə bilərikmi? Əslən isə Kitab əhlinin kəsdiyi heyvanların ətləri bizim üçün halaldır, əgər özüm (heç bir vasitə olmadan) bilsəm ki, heyvan kəsilməyib, başqa yolla kəsilib və ya onun üzərində İsanın (ona Salam olsun), Allahdan qeyrisinin adı zikr olunub bu zaman yemək olmaz. Çin, Vietnam, Kareya kimi ölkələrdən gətrilən ət məhsulları bütpərəst olduqları üçün istifadə etmək olmaz. Kitab əhli olan ölkələrdən gətrilən ət məhsullarının necə kəsildiyini bilmədiyimiz təqdirdə (yəqin olmadığımız müddətdə) onların yeyilməsində heç bir problem yoxdur. Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır….”. (əl-Maidə 5). O ki, qaldı müsəlmanlar tərəfindən kəsilmiş Mərakeş, Sudan, Türkiyə, Suriyə, Pakistan və s – mən isə yəqin bilirəm ki, bu ölkələrdə qəbirlərə ibadət edilir, Allahdan qeyrisinə ibadət edilir, bununla bərabər ey mənim qardaşlarım müsəlmanda əsl olan onun təmizliyidir. Əgər sənin müsəlman qardaşın qarşına ət qoyubsa, onun haradan gəlməsini (necə kəsilməsini) soruşmağa ehtiyac yoxdur. Bir Sələf göstərə bilərsinizmi belə davransın? Heç vaxt belə olmayıb. Ət məhsullarında üç hal vardır:

1. Əsli müşrik olanlar tərəfindən kəsilmiş ət məhsulları. Çin, Vietnam və s. Bu haramdır.

2. Kitab əhlinin kəsdiyi heyvanlar. Bu ət məhsulları halaldır, əksi sübut olunana qədər.

3. Müsəlmanlar tərəfində kəsilmiş ət məhsulları. Əsli halaldır.

Bu cür fətvaları verənlər tövbə etməlidirlər. Çünki onlar bu məsələləri qaldırmaqla müsəlmanlar arasında fitnə salırlar. Belə məsələlərdə böyük alimlərə qayıtmaq lazımdır, bu fətva verənlərə yox”. http://www.islamup.com/download.php?id=150904 12-ci dəqiqə

“Müsəlman bir kimsənin kəsdiyi əti yemək olmaz”- demək, eynilə onu təkfir etmək deməkdir. Buna görə də bir kimsəni küfrdə ittiham etmək, müşrik, kafir, fasiq, bidətçi və s. demək təhlükəli məsələlərdəndir və bu məsələdə şübhələr aradan qaldırılmadıqca və maneələr dəf edilmədikcə bir kimsəyə hüccət qaldırmaq olmaz. Lakin hüccəti də dünənki fasiq, günahkar qaldırmamalıdır. Bunu edən qazı olmalıdır.

Günümüzdə olan təkfir əhli sağa-sola istədiklərini kafir, münafiq, fasiq adlandırırlar. İstədiyinə münafiq adını verir, istədiyindən də münafiq adını qaldırırlar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) Allah ona xəbər vermədikcə heç kəsin münafiq olduğunu bilmirdi. Əbu Bəkr, Ömər (Allah onlardan razı olsun) kimi səhabələr münafiqləri tanımırdılar. Ömər kimi səhabə Huzeyfə ibn Yəmənə (Allah onlardan razı olsun) deyərdi: “Ey Huzeyfə! Allah haqqı üçün söylə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlar arasında mənim adımı zikr edibmi?” Huzeyfə (Allah ondan raz olsun): “Xeyr, lakin səndən sonra heç kimsəyə bu haqda bir şey söyləməyəcəyəm”- deyə cavab verdi”. (“Fəthul-Bəri” 1/ 109).

Bəzi kimsələr şübhə salaraq deyirlər ki: “Günümüzdə olan Kitab Əhli - əvvəlki Kitab Əhli kimi deyildir. Çünki, onlar heyvanı Oğul, Ata və Müqəddəs ruh naminə kəsirlər. Onda belə bir sual çıxır. Məgər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə yaşayan Kitab Əhli qeyri adi idi ki? Onlar da Oğul, Ata və Müqəddəs ruh deyirdilər; “Allah üçün (üç ilahinin) üçüncüsüdür!”– deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir həqiqi ilah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır)”. (əl-Maidə 73). “Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”,- dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır”- deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lənət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!” (ət-Tövbə 30).

Onlar deyirlər ki, kəsdikləri heyvanların ətlərinin yeyilməsinə icazə verilən Kitab Əhli - İsrail övladlarıdır. İmam ət-Təbəri (Allah ona rəhm etsin) deyir: “İmam Şafii (Allah ona rəhm etsin) bu ayənin: “Kitab Əhlinin yeməkləri sizə halal edildi”- təfsirində dedikləri xətadır. O, qeyd edir ki, bu ayədə qəsd olunan yəhudi və xaçpərəstlər, Tövrat və İncil nazil olmuş İsrail övladlarından olan kimsələrdir. Lakin səhih odur ki, Adəm övladının nəslindən gələn istənilən yəhudi və xaçpərəst millətinin kəsdikləri heyvanların ətlərini yemək olar (Dinimizin icazə verdiyi heyvanlar)”. (“Təfsir ət-Təbəri” Maidə 5).

İbn Abbas, Həsənul-Bəsri, İkrimə, Şabii, Zuhri, Ata, Qatadə (Allah onlara rəhm etsin) nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri əti yeməyi və qadınları ilə evlənməyi halal görürdülər. (“Təfsir ət-Təbəri” 5/ 169). İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Səhabələrin əksəriyyəti nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri ətlərin yeyilməsini icazəli hesab ediblər və Əlidən (Allah ondan razı olsun) başqa bu əməli qadağan edən bir kimsə də yoxdur. Alimlər belə bir qərara gəliblər ki, bu məsələdə ən gözəl rəy Ömər və İbn Abbasın (Allah onlardan razı olsun) rəyləridir: “Bəni Təqlib qəbiləsinin qadınları ilə evlənmək və kəsdikər heyvanların ətlərini yemək icazəlidir”. Əbu əl-Əsram (Allah ona rəhm etsin) deyir: “Mən Əlidən (Allah ondan razı olsun) başqa bu əməli qadağan edən başqa bir səhabə tanımıram”. (“Məcmuul-Fətava” 35/ 678).

Özünü Kitab Əhlinə (yəhudi və xaçpərəst) aid edən kimsələrin kəsdikləri heyvanların ətlərini Allah bizə halal etmişdir və heç bir fərq yoxdur istər onlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə yaşayan Kitab Əhli olsun, istərsə də ondan sonra. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə icazə verilən hər bir şey Qiyamət gününə qədər də icazəlidir. (“əl-Cami” 1/ 663). Buna görə də bu məsələdə şübhəyə düşmək əsası olmayan bir şeydir. Dində qaranlıq bir şey olsaydı Peyğəmbər (salləllahu aleyhi və səlləm) mütləq onu bizə xəbər verərdi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu ümmətinə olan sevgi və qayğısı, hər bir kəsin dinə olan sevgi və qayğısından daha çoxdur. Buna görə də Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəhənnəmə və Cənnətə aparan, günaha və savaba aparan bütün yolları bizə xəbər vermişdir.

 

فَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إنه ليس شيء يقربكم إلى الجنة إلا قد أمرتكم به و ليس شيء يقربكم إلى النار إلا قد نهيتكم عنه...»

 

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Sizi Cənnətə yaxınlaşdıracaq elə bir əməl yoxdur ki, mən onu sizə əmr etməyim və sizi Cəhənnəmə yaxınlaşdıracaq elə bir əməl yoxdur ki, mən onu sizə qadağan etməyim…”. (Əbu Bəkr əl-Həddəd, 1/ 169. əl-Albani “Silsilərul-Əhədisis-Sahiha”da (2866) səhih olduğunu bildrmişdir).

Qeyd edirlər ki, günümüzdə olan Kitab Əhli və ya müsəlmanlar heyvanı kəsmirlər. Onlar elektrik cərəyanı ilə vurub öldürürlər. Uca Allah Peyğəmbəri (salləllahu aleyhi və səlləm) ətin necə kəsildiyini, Bismilləh – deyib-demədiyini öyrənməklə mükəlləf etməmişdir. Yalnız öyrənilməsi icazə verilən kəsənin Kitab Əhli və ya müsəlman olub-olmadığıdır.

 

عَنْ عَائِشَةَ أَنَّ قَوْمًا قَالُوا يَا رَسُولَ اللَّهِ، إِنَّ قَوْمًا يَأْتُونَنَا بِاللَّحْمِ لاَ نَدْرِى أَذَكَرُوا اسْمَ اللَّهِ عَلَيْهِ أَمْ لاَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «سَمُّوا اللَّهَ عَلَيْهِ وَكُلُوهُ».

 

Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) bir dəstə adam (Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib) dedi: “Ey Allahın elçisi! Bəzi adamlar bizə ət gətirir və biz bilmirik onlar (heyvanı kəsdikdə) Allahın adını çəkmişlər, ya yox”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Bismilləh” deyib yeyin!” (əl-Buxari, 2057).

 

عَنْ أَنَسٍ، أَنَّ يَهُودِيَّةً أَتَتِ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِشَاةٍ مَسْمُومَةٍ، فَأَكَلَ مِنْهَا، فَجِيءَ بِهَا، فَقِيلَ: أَلاَ نَقْتُلُهَا؟ قَالَ: ((لاَ))، قَالَ: فَمَا زِلْتُ أَعْرِفُهَا فِي لَهَوَاتِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

 

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə bir yəhudi qadın Pey­ğəm­bərə (salləllahu aleyhi və səlləm) qoç ətindən hazırlanmış, içinə də zəhər qatılmış yemək gətir­di. Pey­­ğəmbər (salləllahu aleyhi və səlləm) ondan yedi. Sonra səhabələr həmin qadını tutub (Peyğəm­bərin (salləllahu aleyhi və səlləm) yanına) gətirdilər və: “Onu öldürəkmi?”– deyə soruşdular. Pey­ğəm­bər (salləllahu aleyhi və səlləm) “Xeyr!”– deyə ca­vab verdi. Mən həmin yeməyin Rəsulul­la­ha (salləllahu aleyhi və səlləm) təsir gös­tərdiyini görürdüm”. (əl-Buxari, 2617, “Ədəbul-Mufrad” 243; Muslim, 2190, 4060). Hədisdən görünür ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) həmin yəhudi qadından ətin nə cür və necə kəsildiyi barədə heç bir şey soruşmamışdır.

 

عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا دَخَلَ أَحَدُكُمْ عَلَى أَخِيهِ الْمُسْلِمِ ، فَأَطْعَمَهُ طَعَامًا ، فَلْيَأْكُلْ مِنْ طَعَامِهِ ، وَلاَ يَسْأَلْهُ عَنْهُ ، وَإِنْ سَقَاهُ شَرَابًا مِنْ شَرَابِهِ ، فَلْيَشْرَبْ مِنْ شَرَابِهِ ، وَلاَ يَسْأَلْهُ عَنْهُ.

 

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Sizdən bir kimsə müsəlman qardaşının (evinə) qonaq getsə, o da onun qarşısına yemək qoysa, qoy onun yeməyini yesin və bu haqda heç bir şey soruşmasın. Əgər içməyə bir şey verərsə, qoy içsin və heç bir şey soruşmasın”. (Əhməd 8933, 9173, 9184; əd-Dəraqutni 4/ 258. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (518) və “Silsilətul-Əhədisis-Sahiha”da (627) səhih olduğunu bildirmişdir).

Allah bizə hər namaz vaxtı dəstəmaz almağı əmr edib. Cünub ikən qüsul almağı əmr edib və s. Lakin namaz zamanı imamın dəstəmazının olub-olmadığını öyrənmək əmr olunmayıb. Daimi Fətvalar Komitəsinin fətvasında (22/ 445) deyilir: “Əgər heyvan elektrik cərəyanı vurularaq (asanlıqla kəsmək üçün) yerə yıxılırsa, bu cür əti yemək icazə verilir. Lakin elektirik cərəyanı zamanı heyvan ölərsə, bu cür əti yemək olmaz, çünki ölü (leş) sayılır”.