Kiminsə bidətini bəyan etmək qeybət sayılırmı?

English

Müsəlmanların yanlış anladığı məsələlərdən biri də müəyyən bir şəxsin nöqsanı ilə həmin şəxsin bidətini fərqləndirə bilməməkdir. İnsanlar müəyyən bir şəxsin nöqsanları ilə bağlı danışmaq haqda olan qadağaları bidətlərə də aid edərək, bidət görəndə susmağın yaxşı olduğunu düşünürlər.

Şəxsi nöqsanlar (eyiblər) hansılardır?

Zeyd ibn Vahb rəvayət edir ki, İbn Məsudun (Allah ondan razı olsun) yanına bir adam gətirdilər və belə dedilər: "Bu filankəsdir. Onun saqqalından içki damcılayır". Abdullah ibn Məsud (Allah ondan razı olsun) dedi: "Bizə kimisə güdmək qadağan edildi, lakin bizə bir günah açıq görünsə, onu əsas götürərik". (Əbu Davud, 4892).

Müaviyə (Allah ondan razı olsun) Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu eşitmişdir: “Əgər sən insanların gizli qüsurlarını araşdıracaq olsan, onları fəsada uğratmış olarsan və ya az qala fəsada uğradacaq hala gətirərsən”. (Əbu Davud, 4890).

Nöqsan insanın şəxsinə aid olub, onun əməllərindəki naqisliklərdir. Buna haram əməllər etmək və ya vacib əməlləri tərk etmək daxildir. Məsələn, içki içmək, zina etmək, namazları vaxtlı-vaxtında qılmamaq və s. Bu qüsurları gördükdə həmin insana nəsihət etmək və onu günahdan çəkindirmək ətrafdakı müsəlmanlara vacibdir. Lakin bunu başqalarına danışaraq onun eyiblərini hər yerdə açmaq və ya onun qüsurlarını araşdırmaq haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Kim müsəlman qardaşının eybini örtərsə, Allah Qiyamət günü onun eyiblərini gizlədər. Kim onun eyiblərini açarsa, Allah onu evində gizlənsə belə ifşa edər”. (İbn Məcə, 2546).

Dində edilən bidətlərin (yeniliklərin) şəxsi nöqsanlardan fərqi

BIdət - dində olmayan bir şeyi dinə gətirmək, dində edilən yeniliklərdir. Bu isə böyük günahdır, çünki Peyğəmbər (sallalllahu aleyhi və səlləm) bidətləri qadağan edərək demişdir:

"...Ən xeyirli kəlam Allahın Kitabı və yolların ən xeyirlisi Muhəmmədin yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir. Şübhəsiz ki, hər bir yenilik (bidət) zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (İmam Əhməd, 1/ 392, 293, 432; Əbu Davud, 2188).

"Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar“. (əl-Buxari, 2697).

Şəxsi nöqsanları olan adamın zərəri yalnız özünədir, çünki digər insanlar bunun səhv olduğunu bilirlər. Bidətçi isə etdiyi əməlin günah olmadığını deyir, həmçinin insanları bu bidətə dəvət edərək Allahın və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) adından yalan danışır. Bu da öz növbəsində müsəlmanların parçalanmasına, fitnə fəsadın artmasına gətirir. Dərin elmə malik olmayan müsəlman isə bu bidəti haqq bilərək qəbul edir. Nəticəsi isə özünü müsəlman ümmətində özünü biruzə verir. Ona görə bidəti bəyan etmək qeybət yox, sünnədir - Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yoludur. Əksinə, bidətin yayılmasına susmaq fitnədir.  

Bidət edənə qarşı danışmaq, insanları ondan çəkindirmək qeybətdirmi?

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bidətçiyə sığınacaq verəni lənətləmişdir. (əl-Buxari “Ədəbul-Mufrad” 17; Muslim, 5239).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) özü də xavariclər və digər bidətçi firqələr haqqında danışaraq onlardan çəkindirmiş, həmçinin onların babası sayılan Zul-Xuveysirənin zəlalətlərini və təhlükəli insan olduğunu səhabələrə bəyan etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bidət əhlini bəyan etmiş və bunu qeybətdən saymamışdır.

Həmçinin, İslam şəriətində Sünnəni qoruyan "cərh və tədil" adlı elm də mövcuddur ki, bu elmin də məqsədi şəxslərin adlarını çəkərək onların necə insan olmalarını bəyan etməkdir. İslam alimləri bu elmdən günümüzdə bidətçiləri bəyan etmək üçün istifadə edirlər. 

İmam Əhmədin (Allah ona rəhm etsin) oğlu Abdullah deyir: “Bir gün Əbu Turab atamın yanına gəldi, atam isə dedi: "Filan ravi etibarlı deyildir, filan ravi isə etibarlıdır”- dedi. Əbu Turab dedi: “Ey Şeyx! Alimlər barəsində qeybət etmə!” Atam buyurdu: “Vay sənin halına! Bu qeybət deyil, nəsihətdir”. (“Tarixul-Bağdad” 12/ 316).

Bir sufi İbn Mubaraka (Allah ona rəhm etsin) deyir: “Sən qeybət edirsən”. İmam cavabında buyurur: “Səsini kəs! Əgər biz aydınlaşdırmasaq bu zaman batil və haqqın harada olmasını necə bilərik”. (əl-Kifayə, 1/ 45).

İmam Əvzai (Allah ona rəhm etsin) deyir: "Əgər bidətlər yayılsa və elm əhli buna qarşı danışmayıb sussa, bu zaman bidətlərdən sünnə düzəldərlər”. (Şərifu Əshəbil-Hədis, 19).

Bu böyük alimləri Qeybət etməkdə kim ittiham edə bilər?! Bunu yalnız dindən xəbərsiz olan və cahil insan edə bilər!

Həsən əl-Basri (Allah ona rəhm etsin) deyir: “Əgər bir insanın fasiqliyi açıq-aydın olarsa, onun zikr olunması qeybətdən sayılmaz. Məsələn qadına oxşar kişi və ya xavaricin zikr olunması kimi”. (İbn Əbud-Dünya "əs-Samt”, 237).
İmam Əhməd (Allah ona rəhm etsin) deyir: "Bidət əhlinin arxasından söz açmaq qeybətdən deyil”. ("Təbəqətul-Hənəbilə”, 2/ 274).

Şeyxul-İslam İbn Teymiyyə Həsən əl-Basrinin “Məgər siz fasiq olan bir kimsə haqda söz açmaq istəmirsiniz?! Onun səhvləri haqqında danışın ki, insanlar ondan çəkinsin” ifadəsi haqda demişdir: “Həsən əl-Basri və digər imamlara görə, bir insanın açıq-aşkar olaraq etdiyi bidət və əxlaqsızlıqın ifşa edilməsi qeybətdən deyil. Belə insan müsəlmanlar tərəfindən cəzaya layiqdir və bu cəzanın ən azı onun məzəmmət olunmasıdır ki, müsəlmanlar onun etdiyi əməlləri bilib ondan çəkinsinlər. Əgər onun etdiyi günahlar, əxlaqsızlıqlar və ya bidətlər ifşa edilməsə və məzəmmət olunmasa, onda insanlar bu əməlləri edib onu təqib edə bilərlər”. (“Məcmuul-Fatava”, 15/ 268).

Şeyx Muhəmməd Saleh əl-Useymin (Allah ona rəhm etsin) deyir: "Bidət əhli, özündə doğru olmayan fikirlər və ya doğru olmayan mənhəc daşıyan kəslər barədə danışmaq nəsihətdir, qeybət deyildir. Bu, Allah üçün, Onun Kitabı, Rəsulu və bütün müsəlmanlar üçün olan nəsihətdir. 
- Əgər bidətçini öz bidətlərini yayan görsək, bizə vacib olan onun bidətlərini bəyan etməkdir ki, hətta insanlar onun şərindən əmin olsunlar. 
- Əgər özündə sələflərin yoluna müxalif olan fikirlər daşıyan bir şəxs görsək, o kəsi bəyan etmək bizə vacib olur ki, insanlar onunla aldanmasınlar. 
- Əgər sonu pisliklə nəticələnən mənhəc daşıyan bir şəxs görsək, o şəxsi bəyan etmək bizə vacib olur ki, insanlar onun şərindən salamat qalsınlar. 
Bütün bunlar Allaha, Kitabına, Rəsuluna, imamlara və bütün müsəlmanlara olan nəsihətdəndir". (Şeyx Muhəmməd Saleh əl-Useymin "Liqa Bəb Məftuh" 120).