Müxaliflərə rəddiyyənin vacibliyi və onlara susmağın ağır nəticələri

English

Şeyx Fovzana (Allah onu qorusun) belə bir sual verirlər: “Müxalif mənhəclərdən və müxalif mənhəclərin dəvətçilərindən çəkindirmək müsəlmanları parçalamaqdan, onların səflərini bölməkdən sayılırmı?”

Şeyx Fovzan (Allah onu qorusun) cavab verərək buyurur: “Sələf mənhəcinə müxalif olan mənhəclərin hamısından çəkindirmək, müsəlmanların sözlərini cəm eləmək sayılır və onların səflərini parçalamaq hesab olunmur. Çünki, müsəlmanların səflərini parçalayan şey sələf mənhəcinə müxalif olan mənhəclərdir”. (“Yeni Mənhəclərə Dair Faydalı Cavablar, sual 57, səh. 148).

Bidət əhlindən çəkindirmələrə dəlil Peyğəmbərin (salləllahu aleyhi və səlləm) xavariclərdən çəkindirmə hədisləridir. Bu hədislər mütəvatir dərəcəsindədir.

Əbu Fureyhən Cəməl ibn Fureyhən əl-Hərisi (Allah onu qorusun) deyir: “Sünnə, sünnəni yerinə yetirmək və sünnəyə dəvət etmək heç vaxt müsəlmanların səflərini parçalamaq hesab olunmayıb və hesab olunmayacaq. Bidətlərdən, şeytani fikirlərdən və bu şeylərin əhlindən çəkindirmək heç vaxt müsəlmanların səflərini parçalayan şeylərdən olmayıb. Əksinə, bu, müsəlmanların səflərini və sözlərini bir araya cəm etməkdir. Buna dəlil Peyğəmbərin (salləllahu aleyhi və səlləm) öz səhabələrini məşhur olan hədisdə xavariclərdən çəkindirməsidir. (Bu çəkindirmə bütün ümmətə aiddir). Amma bidətlərə və bidət əhlinə qarşı susmaq, sələf mənhəcinə müxalif olan mənhəclər haqda danışmamaq və belə iddia etmək ki, “alimlərin qeybətini etməyin”, “alimlərin əti zəhərlidir”, “insanları təşvişə salmayın”, “müsəlmanların arasında ayrılıq salmayın, daha pis düşmənlərə qarşı hamımız bir araya yığışaq”, “öz qardaşlarınıza rəddiyyə verirsiz, amma kafirləri, münafiqləri, ateistləri isə tərk edirsiniz” və digər sözlər (hamısı batil sözlərdir). Həqiqətdə isə kəlmələri haqqdər, lakin onlar bunula batil istəyirlər. Əksinə, bu kimi şeyləri etmək müsəlmanların səflərini və sözlərini parçalamaqdır. Bu bidət əhli ən şiddətli düşməndir. Daxili düşmən xarici düşməndən daha təhlükəlidir”. (“Yeni Mənhəclərə Dair Faydalı Cavablar, haşiyə 155, səh. 148-149).

Bidət əhlini tərif edən bidətçi sayılır, çünki onlara çağırır. Müəyyən bir şey həmin şeyin əksini zikr etməklə bəyan edilir. Tək Allaha ibadət Tövhid, Allahdan qeyrisinə ibadət etmək şirkdir. Lə iləhə - inkar, illəllah – isbatdır. Sünnəyə dəvət edirsən, ehtiyac olduqda bidəti bəyan edirsən.

Kitab və Sünnə müsəlmanları bir nöqtəyə yığır, bir əsas üzərində cəmləşdirir. Bidətlər isə əksinə, müsəlmanları parçalayır.

Bəkr Əbu Zeyd (Allah ona rəhm etsin) müxaliflərə rəddiyyə vermək haqda buyurur: “Müxaliflərə rəddiyyə verməkdə alimlər hamısı eyni deyillər. Hər bir kəs öz gücü çatdığı qədəri ilə çalışır. Görürsən ki, bir alim ateistlərə, başqa birisi yüngül bidətlərə rəddiyyə verir. Üçüncüsü fasiqlərə rəddiyyə verir. Digəri şaz rəylərə rəddiyyə verir. Bunlar hamısı alimlərin öz güclərinin və elmi cəhətdən malik olduqları səviyyələrə görədir“. (Bəkr Əbu Zeyd “ər-Raddu aləl-Muxalif min Usulil-İsləm” - Müxaliflərə Rəddiyyə Vermək İslamın Üsullarındandır - səh. 78).

Digər yerdə Bəkr Əbu Zeyd (Allah ona rəhm etsin) buyurur: “Müxaliflər barəsində susmaq və müxaliflərə rəddiyyə verənləri yardımsız buraxmaq (müxaliflərə bəhanə gətirmək) insanların dinlərinə və dünyalarına bir çox zərərlər verir;

Sünnə əhlinin dərəcələrinin aşağı düşməsi, tənəzzül etməsi,

hava əhlinin sünnə əhli üzərində yuxarı qalxması,

şübhələrin yayılması,

haqq etiqada bu şübhələrin qarışması,

insanlarda sabit olan səhih etiqadı laxladıb boşaltmaq,

salamat etiqadın zəifləməsi,

batil şeylərə dəvət edən insanların bəzi minbərlərdə üzə çıxması,

sünnə ilə bidət arasında olan maneəni sındırmaq,

din olan şeylər ilə münkər arasında olan maneəni sındırmaq,

insanların batil fikirlərlə şübhəyə düşməsi,

dini qorumaqda qeyrətin ölməsi (bidətə susmağın acı aqibəti dində olan qeyrətin ölməsidir),

avam insanları islah etməyin alimlərə ağır gəlməsi, (yəni, azan insanların çoxalması və onları islah etməyin çətinləşməsi daha ağır olur. Xəstə insanları cəmiyyətdən təcrid etmək lazım olduğu halda onlara qarşı susmağın nəticəsi də azanların sayının çoxalmasıdır).

insanların alimlərin nəsihətlərindən qaçması –

müxaliflərə susmağın acı aqibətlərindəndir”. (Bəkr Əbu Zeyd “ər-Raddu aləl-Muxalif min Usulil-İsləm” - Müxaliflərə Rəddiyyə Vermək İslamın Üsullarındandır - səh. 79).

Şeyx Bəkr Əbu Zeyd (Allah ona rəhm etsin) sonra buyurur: “Müxaliflərə rəddiyyə vermək “vacibul-kifayə” gözəl şəri məqsədlərin həyata keçməsinə, xeyri bol və davamlı olan səmərələrlə nəticələnir. Bu mübarək faydalar müsəlmanların həyatlarında daima parlayacaq. Bu faydalardan biri də yuxarıda zikr edilən zərərlərdən uzaqlaşma, sünnənin yayılması, itirilən sünnələrin qaytarılması və s. Müxaliflərə rədd vermək – bidət əhlindən çəkindirmək və sünnəyə əməl etmək - bidət əhlinin düşmənçiliklərini özlərinə qaytarır, müxaliflərin özlərinə nəsihət olur, dəvət meydanını Kitab və Sünnəyə müxalif olan fikirlərdən və müxalif olan şəxslərdən təmizləyir”. (Bəkr Əbu Zeyd “ər-Raddu aləl-Muxalif min Usulil-İsləm” - Müxaliflərə Rəddiyyə Vermək İslamın Üsullarındandır - səh. 83).