Tənqid məqamında xeyir əməllər də zikr olunmalıdırmı?

English

Şeyx Fovzana (Allah onu qorusun) sual verirlər: Günümüzdə cavanlar arasında tənqid məsələlərində muvazənət lazımdır. Deyirlər ki, “əgər bir insanın xətalarını bəyan etdinsə, belə olan halda onun yaxşı əməllərini də zikr etmək lazımdır. Bu da insaf və ədalət babındandır. Tənqid məsələlərində belə bir minhəc doğrudurmu? Tənqid halında yaxşı əməlləri qeyd etmək mənə vacibdirmi?

Şeyx Fovzan (Allah onu qorusun) cavab verərək buyurur: “Bu məsələnin cavabı təqdim olunub. Əgər tənqid olunan insan Əhli Sünnə vəl-Cəməadandırsa və onun etdiyi xətalar əqidə məsələlərinə xələl gətirmirsə, onun gözəl xüsusiyyətləri və yaxşı əməlləri qeyd olunmalıdır, onun buraxdığı xətaları isə sünnəyə tam şəkildə yardım etməyə imkan vermir.

Əgər tənqid olunan şəxs zəlalət və təhrif əhlindəndirsə, dağıdıcı və şübhəli fikirləri daşıyan bir insandırsa, belə olan halda onun yaxşı əməlləri olsa da bizə onları zikr etmək icazəli deyildir. Çünki, biz onun yaxşı əməllərini qeyd etsək, bu insanları aldadacaq və zəlalət, bidətçi, xurafatçı və ya hizbi olan kimsə barəsində insanlar yaxşı zəndə olacaqlar. Belə olan halda isə insanlar bu zəlalətdə olanın, bidətçinin və ya hizbinin fikirlərini qəbul etməyə başlayacaqlar. Allah kafirlərə, mucrimlərə, münafiqlərə rədd vermiş, lakin onların yaxşı əməllərini qeyd etməmişdir. Həmçinin, sələf imamları da zəlalət əhlinə, mötəziləyə, cəhmiyyəyə rədd vermiş və onların yaxşı əməllərini qeyd etməmişlər. Onların yaxşı əməlləri zəlalətləri, küfrləri, azğınlıqları, mühafiqlikləri ilə silinmişdir. Belə olan halda zəlalət əhlinin, bidətçinin, azğının yaxşı əməllərini zikr etmək sənə münasib olmaz, yaraşmaz. Sən belə dedikdə “o yaxşı adamdır, yaxşı əməlləri var, filan əməlləri var, lakin səhvləri də var”, biz sənə deyirik; sənin onu tərifləməyin, onun zəlalətindən daha pisdir, çünki insanlar sənin onu tərifləməyinə etibar edirlər. Sən bidətçi və zəlalət əhlini tərifləsən, artıq insanları aldatmış olursan. Bu isə zəlalət əhlinin fikirlərinin qəbul olunması üçün bir qapının açılmasıdır.

Əgər rədd olunan kimsə Əhli Sünnə vəl-Cəməadandırsa, ona verilən rədd ədəblə olmalıdır. Fiqh, dəlillərdən düzgün nəticələr çıxarmamaq və ictihadi məsələlərdə buraxılan xətalara görə ona xəbərdarlıq edilir. Deyirik ki, filankəs belə bir məsələdə xəta edib, lakin dəlilə əsasən doğru olan budur. Bu xəya onun ictihadıdır. Necə ki, dörd və başqa məzhəb fəqihlərinin arasında verilən rədlər belə olub. Bu kimsə Əhli Sünnə vəl-Cəməadandırsa, belə bir tənbeh etmə onun elmi dərəcəsini aşağı salmır. Əhli Sünnə vəl-Cəməa məsum deyil və onlarda da xətalar olub. Bu kimi şeyləri dəlillə və ya dəlillərdən nəticələr çıxarmaqla yox edirsən. Onun xətalarına susmur, ona üzr gətirməklə yanaşı bəyan da edirik. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu hədisinə görə: “Əgər hakim bir məsələdə hökm verər, ictihad edər və ictihadında doğru olarsa, ona iki savab vardır. Hökm etdikdə ictihad edər və xəta edərsə, ona bir savab vardır”. (əl-Buxari, 6919; Muslim, 1716).

Bu fiqhi məsələlərdədir. Amma, xətalar əqidə məsələlərindədirsə, Əhli Sünnə vəl-Cəməaya müxalif olanları - mötəzilələri, cəhmiləri, zındıqları, inkarçıları, dövrümüzdəki bir çox şübhə əhlini və bunlara bənzərləri tərif etmək bizə icazəli deyil.

Bu şübhənin əsli – tənqid zamanı “muvazənət” yaxşılıqların zikr olunması qaydası - bunu bəzi cavanlar deyib kitab yazdılar və bəzi cavanlar sevinclə bunu yaydılar. Mən sahibinin müvazinət qaydasının vacib gördüyü bu risalə ilə tanış olmağa müvəffəq oldum. Onu yazan deyirdi ki, “muvazənət qaydası vacibdir”. Həmçinin, Şeyx Rabi ibn Hədi əl-Mədxalinin (Allah onu qorusun) gözəl şəkildə ona verdiyi rəddiyyəsi ilə də tanış oldum. Şeyx Rabi (Allah onu qorusun) o xətanı və sələfin rədd məsələsində məzhəbini bəyan etmişdir. Sələflər azmış insanlara rədd vermiş və tərifləməmişlər. Əgər rəddiyyə zamanı sən onu tərifləsən, bu ziddiyyət qapısına aparıb çıxarır”. (“Yeni Mənhəclər Barədə Suallara Faydalı Cavablar” 19-cu suala cavab, səh. 50-60).