Kor-koranə təqlidin fəsadları

English

Dəlillsiz, kor-koranə təqlid haramdır. Burada, alimlərə aid vacib bir məsələyə toxunmaq gərəkdir, çünki bu məsələdə bir çox müsəlmanlar ifratçılığa yol verərək, alimlərin səhih hədislərə müxalif olduqları rəylər üzərində israr edərək həmin rəyləri təqib etməkdədirlər. Onu da bilmək lazımdır ki, alimlərin arasında səhvə yol verməyən kimsə mövcud deyil.

İslam – ifratçılıqdan uzaq olan, mötədil bir dindir. Alimlərə hörmət edib, onların yerini bilmək, onlara kor-koranə təqlid etmək demək deyil. Sələglər deyirdilər: “Alimlər, onların hər hansı birinə təqlid etmək üçün deyil, Quran və Sünnəni düzgün şəkildə anlamaq üçün bizə yardım etmək üçündürlər”.

İmam aş-Şafii (Allah ona rəhm etsin) buyurur: “Fəqihlərin sözləri və ictihadlarından istifadə etmək, su mövcud olduqda, təyəmmum vasitəsilə təharət etmək kimidir. Hər hansı bir məsələyə aid birbaşa dəlilin, yəni Quran, Sünnə mətnləri və sahabilərin rəyləri mövcud olduğu halda, ondan istifadə etmək vacibdir və hər hansı bir alimin rəyinə görə, ondan imtina etmək icazəli deyil”. (ər-Risalə, 599).

Müsəlmanlar arasında elələri var ki, onlar bəzi imamları həddindən artıq ucaldırlar, onların ünvanına kiçik bir tənqidə belə yol vermirlər və müəyyən bir alimə təqlid etməyə dəvət edərək, hətta onun dediklərini Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözlərindən uca tuturlar. Elm tələbəsi əksər hallarda öz şeyxinin tərəfdarı olur və təəsübcəsinə onun söz və görüşlərinə bağlanır və ancaq onun dediklərini haqq sayır. Şəkk yoxdur ki, bu zəlalətdir və bu cür münasibət Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) qeyrisinə bəslənə bilməz.

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Özünə bir kimsəni seçib və onun söz və əməllləri əsasında dostluq və düşmənçilik edən şəxs “öz dinini parçalayıb firqə-firqə oldular...” ayəsində qeyd edilənlərdəndir (ər-Rum, 31-32)”. (İbn Teymiyyə “Fataval-Kubra”, 2/ 239).

Səlim ibn Abdullah rəvayət edir ki: “Bir dəfə mən İbn Ömərlə məsciddə əyləşmişdik və onun yanına bir insan yaxınlaşaraq, Həccdən əvvəl Ümrə ziyarətinin (həcc ət-təməttu) edilməsi haqda xəbər aldı. İbn Ömər dedi: “Bu çox gözəl bir işdir”. Həmin adam: “Hətta sənin atan (Ömər ibn Xattabın) bunu qadağan etdiyinə baxmayaraq?” deyə soruşdu. İbn Ömər isə: “Vay sənin halına! Əgər mənim atam, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) etdiyini və başqalarına etməyi buyurduqu bir şeyi qadağan etmişdirsə, sən ona tabe olacaqsan, yoxsa Peyğəmbərə (sallallahu aleyhi və səlləm)?!” deyə xəbər aldı. O adam: “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmrinə” deyərək cavab verdi”. (Əhməd, 5700; Əbu Yəalə, 3/ 1317).

Elmli sahabilərdən sayılan Ömərə (Allah ondan razı olsun) qarşı münasibət belə idisə, bəs onda başqaları barəsində nə demək olar?!

İmam Əhməd ibn Hənbəl (Allah ona rəhm etsin) demişdir: “Mən o insanlara təəcüb edirəm ki, onlar hədisin isnadı və onun səhihliyi haqqında məlumatlıdırlar, lakin Sufyan əs-Səurinin rəyinə tabe olurlar. Uca Allah isə buyurur: “Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir fitnədən, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur, 63). Bilirsənmi fitnə nədir? Fitnə - şirkdir. Bu o deməkdir ki, kim Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dediklərinin bir hissəsini belə inkar etsə, onun qəlbinə zəlalət daxil olar və o, həlak olar”. (əl-İbənə, 1/ 260).

Həmçinin İmam Əhməd (Allah ona rəhm etsin) deyərdi: “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisini inkar edən həlak olma qarşısındadır”. (İbn əl-Cauzi, 182).

İmam Əhmədin sözlərinin mənası odur ki, səhih mətnlərin inkar olunması qəlbin fəsadına aparır, bununda axırı küfrlə nəticələnə bilər.

İmam ət-Təhavi (Allah ona rəhm etsin) demişdir: “Dar düşüncə sahibindən və səfeh insandan başqa heç kim kor-koranə təqlid etməz”. (Rasmul-Mufti, 1/ 32).

Hafiz Cəlaləddin əs-Suyuti (Allah ona rəhm etsin) demişdir: “Həqiqətən təqlid edən kəs, alim sayıla bilməz”. (Şərhu Sunən İbn Məcə, 1/ 70).

İbn Həzm (Allah ona rəhm etsin) demişdir: “Həqiqətən kor-koranə təqlid olunan alimlər özləri bu cür təqlidə qarşı idilər. Onlar ardıcıllarına öz rəylərini təqlidlə təqib etməyi qadağan etmişlər. Bunların arasında (təqlidə qarşı) ən şiddətli olanı imam əş-Şafiidi, Allah ona rəhmət etsin. Çünki o, bu məsələdə hamıdan çox və ardıcıllıqla, səhih rəvayətlərin və dəlillərə əsaslanan rəylərin qəbul olunmasını və təqib olunmasını vurğulayırdı. Həmçinin o, ona kor-koranə təqlid edilməsinə qarşı idi və ətrafdakıları bu əməldən çəkindirirdi. Bunun üçün Allah ona rəhmət etsin və onun əcrini çoxaltsın, çünki o, böyük bir xeyrə səbəb olmuşdur!” (Usul-Əhkəm, 6/ 118).

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günün yaxınlaşmasının əlamətlərindən biri odur ki, elm üçün kiçiklərə (nadanlara) müraciət ediləcək”. (İbn əl-Mubarak, 61; at-Tabarani, 908. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişlər).

İmam əl-Lələkai (Allah ona rəhm etsin) demişdir: “Əgər kiçik olan, Peyğəmbərin (sallallahu aleyhi və səlləm), onun sahabilərinin və tabiinlərin sözlərinə müraciət edirsə, onda o böyükdür. Böyük şeyx isə sünnəni tərk edərək, Əbu Hənifənin rəyini götürürsə, onda o kiçikdir”. (Şərhu Usulus-Sunnə, 1/ 85).

Ən pis və təəcüblü olanı isə bir insanın məzhəbi və ya şeyxi hər hansı bir məsələdə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Sünnəsinə müxalif olduqda və o bunu bildiyi halda, olduğu rəyin üzərində qalmasıdır

Uca Allah buyurur: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!” (əl-Əhzab, 33:36).

Tədqiqatçı İbn Dəqiqul-İyd səhih hədislərə müxalif olan dörd məzhəbin rəylərini bir həcmli kitabda toplamış və həmin kitabın müqəddiməsində belə demişdir: “Həqiqətən, bu hökmləri müctəhid imamlara aid etmək qadağandır. Bu imamları təqib edən fəqihlər bunu bilməlidirlər ki, bu məsələlərdə onlara istinad etməsinlər və beləliklədə onları yalanlamasınlar”. (əl-Fuləni, 99).

İmam Əbu Hənifə (Allah ona rəhm etsin) demişdir: “Bizim sözlərimizi qaynağı bilmədən qəbul etmək heç kimə icazəli deyil”. (əl-Xaşiyə, 6/ 293; İləm əl-Muvaqqiin, 2/ 309; əl-Mizan, 1/ 55).

Əbu Hənifə öz tələbəsi Əbu Yusufa belə deyirdi: “Vay sənin halına, ey Yaqub! Məndən eşitdiyin hər bir şeyi qələmə alma. Həqiqətən bu gün belə düşünürəm, sabah isə başqa cür düşünəcəm, ya sabah belə düşünüb, ertəsi gün isə başqa cür düşünəcəm”. (əl-Mizan, 1/ 62).

Əbu Hənifənin belə deməsi, onun tez-tez qiyasa əsaslanaraq hökm verməsindən irəli gəlir. Sonradan Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisi ona çatdıqda və ya daha əsaslı bir qiyas mövcud olduqda, o öz əvvəlki rəyindən imtina edirdi.

Həmçinin demişdir: “Əgər mənim söylədiyim Allahın Kitabına müxalif olarsa, mənim sözlərimi tərk edin və Allahın Kitabına sarılın”. Ondan: “Bəs söylədiklərin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözlərinə müxalif olsa?” deyə xəbər aldıqda, o dedi: “Mənim sözlərimi tərk edin və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisinə sarılın”. Ona yenə dedilər: “Bəs sənin söylədiklərin onun əshabının sözlərinə müxalif olsa necə?” O dedi: “Mənim sözlərimi tərk edin və səhabələri təqib edin”. (Fəthul-Məcid, 241).

İmam Malik ibn Ənəs (Allah ona rəhm etsin) demişdir: “Həqiqətən, mən bir insanam, hərdən səhv edirəm, hərdən də haqqlı oluram. Mənim sözlərimə baxın! Quran və Sünnəyə müvafiq olanı qəbul edin, müxalif olanı isə tərk edin”. (əl-Cəmi, 2/ 32; Usulul-Əhkəm, 6/ 149).

İmam aş-Şafii (Allah ona rəhm etsin) deyirdi: “Bir insana Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Sünnəsindən bir şey məlum olduqda, ona, başqa bir insanın rəyinə görə bunu tərk etmək icaəli deyil. Müsəlmanlar bu məsələdə həmrəydirlər”. (İləmul-muvaqqiin, 2/ 361; əl-İqaz, 68).

Həmçinin demişdir: “Hər hansı bir məsələdə, mənim söylədiyim söz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhih hədisinə uyğun olmazsa, mən o sözlərimdən imtina edirəm, istər dünyada olsun, istərsə də ölümümdən sonra”. (Əbu Nueym, 9/ 107; əl-Haravi, 1/ 47).

Buna bənzər rəvayətlər imam Əhməddən də rəvayət olunur. Çünki o, da təqlid məsələsində çox sərt bir mövqeyə malikidi və istər özünə, istərsə də başqalarına kor-koranə təqlid olunmasını pisləyirdi. O deyirdi: “əl-Əuzai, Malik, Əbu Hənifənin rəyləri, sadəcə bir rəydir və mənim üçün onlar eynidir. Dəlil isə birincilərin (sələfin) yolundadır”. (əl-Cəmi, 1/ 149).

Əgər bu rəvayətlər bizim imamlar haqqında söylənmişsə, bəs onda alim olmayan kimsənin təqlid olunması haqqında nə demək olar?! İmamlarımızın buna bənzər ifadələri olduqca çoxdur, bu səbəbdən də Quran və Sünnəyə müxalif olan alimlərin rəylərini kor-koranə təqlid edənlər üçün heç bir bəhanə yoxdur. İmamların səhv etməsində heç bir qəbahət yoxdur, çünki bu səhvlərdən heç kim qorunmamışdır və onlar hər iki halda da üstünlük qazanmışlar.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Əgər hakim hökm verdiyi zaman ictihad etsə, sonra da verdiyi hökm düz çıxsa, iki savab qazanar. Əgər hökm verdiyi zaman ictihad etsə, sonra da verdiyi hökm səhv olsa, bir savab qazanar.” (əl-Buxari, 7352; Muslim, 3240).

Hafiz İbn Kəsir (Allah ona rəhm etsin) demişdir: “İnsanların söz və əməlləri Peyğəmbərin (sallallahu aleyhi və səlləm) söz və əməli ilə müqayisə edilir. Onun sözlərinə uyğun gələn qəbul olunur, uyğun gəlməyən isə həmin söz sahibinin kimliyindən asılı olmayaraq rədd olunur”. (Təfsir İbn Kəsir, 3/ 115).

Biz sünnə imamlarının hamısını sevməli və onlara hörmət etməliyik, lakin Peyğəmbəri (sallallahu aleyhi və səlləm) hamıdan çox sevməliyik. Onun sözləri hər bir imamın sözlərindən daha uca tutulmalıdır!

Kor-koranə təqlidin törətdiyi fəsadlardan biri də o idi ki, məzhəbçilər biri-birilərinə qarşı düşmənçilik edir və biri-birilərini küfrdə ittiham edirdilər. Hətta 19-cu əsrə qədər onların hər biri yalnız öz imamlarının arxasında namaz qılardılar.

Bu dünyada Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) başqa təqlidə layiq insan yoxdur!

İbn Abbas (Allah ondan razı olsun) deyərdi: “Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) başqa hər bir insanın sözləri qəbul və ya inkar oluna bilər”. (ət-Tabərani “Mucəmul-Kəbir” 11/ 339 Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir).

Məhz insanları təzim etməkdə ifratçılıq, sonradan onların ilahiləşdirilməsinə və onlara ibadət edilməsinə gətirib çıxartmışdır. Buna misal olaraq İsa ibn Məryəm, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) nəvələri olan Həsən və Hüseyn (Allah onlardan razı olsun) və digər ilahiləşdirilmiş insanları göstərmək olar.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Əgər Musa həyatda olsaydı, ona mənə tabe olmaq vacib olardı”. (Əhməd, 3/ 378, 471. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir).

Əgər Musa axırıncı Peyğəmbər Muhəmmədə (sallallahu aleyhi və səlləm) tabe olmalıdırsa, bəs onda Peyğəmbərə (sallallahu aleyhi və səlləm) müxalif olaraq, adi insanların sözlərini təqib edənlər necə?!

Təəcüb doğuran odur ki, hər hansı bir məzhəb və ya şeyxin kor-koranə təqlidçiləri, namaz, oruc, həcc və bunlar kimi ibadət məsələlərində haqqı axtarmaq üçün səy göstərməkdənsə, onları bu məsələlərdə kor-koranə təqib edirlər. Lakin, cihad, təkfir, xuruc və bunlar kimi mühüm məsələlərinə gəldikdə isə, onlar öz nəfslərinə uyaraq, başqa rəyləri inkar edirlər.