"Qadınlar elm tələbələrinin sual-cavab qrupuna girə bilməzlər" şübhəsi

Günümüzdə bəzi bidət əhli şübhə yayırlar ki, "qadınlar elm tələbələrinin sual-cavab qrupuna girə bilməzlər", "elm tələbələri qadınlar üçün sual-cavab qrupu qura bilməz" və ya "qadınlar elm tələbələrinə bir-başa sual verə bilməzlər".

English
Şübhəyə cavab: 

Və aleykum Salam. Peyğəmbərmiz (salləllahu aleyhi və səlləm) ehtiyac olduqda səhabə xanımlarla (Allah onlardan razı olsun) danışmış, şikayətlərini dinləmiş, onların suallarına cavab vermişdir. Əbu Səid əl-Xudri (Allah ordan razı olsun) nəql edir ki: "Bir gün qadınlar Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə dedilər: "Kişilər bizə (səndən söz soruşmağa imkan vermirlər. Digər hədisdə: "Ey Allahın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar). Odur ki, özün bizim üçün bir gün ayır. (Allahın sənə öyrətdikərini bizə də öyrət)". Elə bu səbəbdən də Peyğəmbər (salləllahu aleyhi və səlləm) qadınlar üçün bir gün ayırdı və həmin gün onları qəbul edib onlara öyüd-nəsihət verdi və onlara (bir çox şeyləri) əmr etdi. Qadınlara dediyi sözlər arasında (bu sözlər də) var idi: "Sizlərdən üç övladını itirmiş elə bir qadın yoxdur ki, (bu övladlar) onu oddan qorumaq üçün sipər olmasınlar". Bir Qadın soruşdu: "Bəs ikisi (olsa) necə?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "İkisi olsa da". Əbu Hureyranın (Allah ondan razı olsun) rəvayətində Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): "...həddi-buluğa çatmamış üç övladını..." - demişdir. (əl-Buxari, 101).

İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) rəvayət edir ki: "Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) (məsciddə verdiyi xütbəni) qadınlara eşitdirə bilmədiyini zənn edib Bilal (radıyəllahu anhu) ilə birlikdə (onların yanına) gəldi. O, qadınlara öyüd-nəsihət verdi, onlara (bəzi şeyləri) xatırlatdı və onlara sədəqə verməyi əmr etdi". (Muslim, 142).

Bir gün qadınlardan biri Ömərin (Allah ondan razı olsun) gələrək, "ey, möminlərin əmiri, ərim gecələri ibadət edir, gündüzlər də oruc tutur" şəklində şikayət etdi. Ömər (radıyəllahu anh), "nə demək istəyirsən? Ərini gecələri ibadət etməkdən və gündüzləri oruc tutmaqdan saxlayımmı istəyirsən?" Bunun üzərinə qadın başqa bir şey söyləmədən çıxıb getdi və bir az sonra bir daha gəlib eyni şikayətini dilə gətirdi. Ömər (radıyəllahu anhu), qadına yenə eyni cavabı verdi. Bu vəziyyəti görən Kə'b ibn Sur (Allah ondan razı olsun) sözə qarışdı və "ey möminlərin əmiri, qadının haqqı var. Uca Allah kişiyə dörd qadınla evlənə biləcəyinə icazə verdiyinə görə, dördüncü gün qadının haqqıdır" dedi. Bunun üzərinə Ömər (radıyəllahu anhu) qadının ərini çağırtdırıb dörd gündə bir oruc tutmamasını və hər dörd gecədə bir qadının yanında yatmasını əmr etdi. ("Həyətu-s-Sahəbəti", 3/349)

Whatsapp, Facebook və ya digər şəbəkələrdəki qruplarda sual vermək olar. Həmçinin şəxsən zəng etdikdə ədəb-ərkan çərçivəsindən kənara çıxmaq və lazım olmadan təfsilatı danışmaq qadağandır. Uca Allah buyurur: "Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın". (əl-Əhzəb, 32).
Həmçinin, neçə-neçə qadın səhabələr olub ki, başqa insanlar onların elmindən faydalanıblar. Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən səhabələrdən biridir. Onun rəvayət etdiyi hədislərin sayı 2000-dən artıqdır.