Ramazan ayının nə vaxt başlaması haqda alimlərin fətvaları

Ramazan ayının nə zaman başlanacağı haqda - Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) 

Şeyxul-İslam Əhməd ibn Abdul-Həlim İbn Teymiyyə (Allah ona rəhm etsin) belə bir sual ilə soruşulmuşdur: “Əgər kimsə təklikdə həqiqətən təzə görsənən ayı görərsə o adam özü təklikdə orucunu tuta və ya aça bilər? Yoxsa camaat ilə birlikdə hərəkət etməlidir?”

O cavabında buyurur: “Əlhəmdulilləh... Bu məsələ haqda üç rəy vardır.

Birinci rəy:  O, Ramazan ayının daxil olmasını bildirən təzə ayı gördükdə oruc tutmalı və ya Ramazan ayının bitməsini bildirən təzə ayı gördükdə iftar etməlidir. Bu imam Şafiinin məzhəbidir.

İkinci rəy: O, orucu tutmalı, amma iftarı isə camaat ilə etməlidir. Bu rəy imam Əhməd, Malik və Əbu Hənifənin rəyidir.

Üçüncü rəy: Camaat ilə oruc tutur və camaat ilə də iftar edir. Bu rəy İmam Əhməddən rəvayət olunur və bu da Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sözünə əsasən haqqa daha yaxın olan rəydir. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". Bu hədisi Tirmizi, Əbu Davud və İbn Macə rəvayət etmişlər. Tirmizi hədisi rəvayət etdikdən sonra demişdir: “Bəzi elm adamları bu hədisin açıqlamasını belə vermişlər: “Hədisin mənasına görə iftar və oruc camaat və çoxluqla edilməlidir”. (ət-Tirmizi, Oruc bölməsi, 11-ci fəsil).

(Şeyxul-İslam İbn Teymiyyə "Məcmuul-Fətava" 25/ 114).

Müxtəlif ölkələrdə fərqli günlərdə tutulan oruc barədə - Şeyx İbn Bazz (Allah ona rəhm etsin)

Sual: Səudiyyə Ərəbistanının Pakistandakı səfirliyinin işçilərinin bəziləri Səudiyyə Ərəbistanı ilə, digərləri isə Pakistan camaatı ilə Səudiyyədən üç gün sonra oruc tutmuşlar. Bunun hökmü nədir?

Cavab: Şəriət dəlillərinin zahiri dəlalət edir ki, hər kəs yaşadığı yerə tabe olur və onlarla oruc tutur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür”.

Həmçinin, şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir. İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər”. Buna əsasən, Pakistandakı səfirliyin Pakistanla oruc tutan işçiləri daha doğru etmişlər. Onlar, bu iki ölkənin uzaq və ayın çıxışlarının müxtəlif olmasına görə Səudiyyə ilə oruc tutanlardan daha doğru etmişlər.

Müsəlmanların, imkan daxilində, eyni vaxtda oruc tutub iftar etmələri şəriət dəlillərinə daha yaxındır. Əgər bu mümkün deyilsə onda bu məsələnin həlli dediyimizdir.

Ramazan ayının başlanmasına aid fətva – Şeyx İbn Bazz (Allah ona rəhm etsin)

Sual: Bütün İslam dövlətləri, Səudiyyə Ərəbistanında toplanıb Ramazan ayının başlanması və bitməsini eyni tarixə təyin etmək üçün toplantı keçirmişdilər. Bəs nə üçün bu birlik baş tutmadı? Bu razılaşmaya müxalif olan müsəlmanlar şəriət baxımından nə dərəcədə doğru hərəkət edirlər?

Cavab: İslam dövlətləri heç vaxt Ramazan ayının eyni vaxtda daxil olmasında yekdil rəyə gəlməmişlər. Çünki elm əhlinin dediklərinə əsasən təzə ayın görsənməsi dövlətdən dövlətə fərqlənir. Hamıya məlumdur ki, ayın çıxış nöqtələri arasında fərq mövcuddur. Bu mənanı təkid edən hədisi İmam Müslim öz “Səhih” kitabında rəvayət etmişdir. Həmin rəvayətdə deyilir: İbn Abbasın (Allah ondan razı olsun) köləsi olan Kureyb (Allah ona rəhm etsin) deyir: “Ummul Fadl bint əl-Haris (Allah ondan razı olsun) məni Şam vilayətinə Müaviyənin (Allah ondan razı olsun) yanına iş dalınca göndərmişdi. Mən Şama çatdım və onun işlərini görüb qurtardım. Elə bu günlərdə Ramazan ayı başladı, mən isə hələ də Şamda idim. Cümə gecəsi mən də təzə görsənən ayı gördüm. Sonra Ramazan ayının axır günlərində Mədinə şəhərinə qayıtdım. Abdullah ibn Abbas (Allah ondan razı olsun) məni görüb hal-əhval tutduqdan sonra təzə görsənən ay haqda danışdı və “Təzə ayı nə vaxt görmüsünüz?”– deyərək soruşdu. Mən, təzə ayı cümə gecəsi gördüymüzü ona xəbər verdim. O dedi: “Sən öz gözlərinlə gördünmü?” Mən: “Bəli, mən və bütün camaat təzə ayı gördük, oruc tutduq və Müaviyə də oruc tutdu”- deyərək cavab verdim. O dedi: “Biz isə şənbə gecəsi görmüşük. Ona görə də biz ayı görənə qədər oruc tutacağıq və ya otuz günü tamamlayacağıq”. Mən dedim: “Məgər Müaviyənin (Allah ondan razı olsun) təzə ayı görməsi və oruc tutması sənin üçün kifayət deyilmi?” O dedi: “Xeyr, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə belə əmr etmişdir”.

Hədisin məsələyə dəlil olması aşağıdakı bəndlərdə açıqlanır:

1) O zamanlar müsəlmanlar bir dövlət idilər və Müaviyə (Allah ondan razı olsun) də onların xəlifəsi idi. İbn Abbas (Allah ondan razı olsun) da Müaviyənin (Allah ondan razı olsun) xilafətini tanıyanlardan biri idi. Əgər ayın çıxışlarının fərqli olması əhəmiyyət kəsb etməsəydi, onda İbn Abbas (Allah ondan razı olsun) və Mədinə şəhərinin camaatı Müaviyəyə (Allah ondan razı olsun) müxalif olmazdılar.

2) Kureyb (Allah ona rəhmət etsin) İbn Abbasa (Allah ondan razı olsun) özünün və camaatın ayı görməsini xəbər verdi. Kureyb (Allah ona rəhmət etsin) özü etibarlı tabiinlərdən və İbn Abbasın (Allah ondan razı olsun) ən inamlı rəvayətçilərindən idi. Onun çox rəvayətləri Buxari, Müslim və digər kitablarda mövcuddur.

3) İbn Abbas (Allah ondan razı olsun) “Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə belə əmr etmişdir”- deyərək cavab verir və bununla da məsələni Peyğəmbərə (salləllahu aleyhi və səlləm) nisbət edir. İbn Abbas (Allah ondan razı olsun) nə danışdığını yaxşı bilən olub. Həmçinin, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nisbət etdiyi sözün məsuliyyətini də dərk edirdi.

Amma Həcc zamanı Ərafat gününün eyni vaxta təsadüf etməsinə gəldikdə isə; bu gündə hamı eyni məkanda - Məkkədə olduğu üçün fikir də eyni olur. Əgər sən Məkkə şəhərindəsənsə onda ölkənlə Məkkə arasında olan ixtilafın sənə və sənin həccinə aidiyyatı yoxdur. Allah daha yaxşı biləndir.

Həmçinin, bu hədisi də qeyd etmək olar: Rəvayət edilir ki, İbn Ömər (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyi­ni eşitdim: “Hilalı gördüyünüz zaman oruc tutun və hilalı gördüyünüz zaman oru­cu saxlayın. Hava buludlu olduğu zaman hilalı görməsəniz, ayı hesabla­ya­raq təyin edin”. Burada o, Ramazan hilalını qəsd edirdi". (əl-Buxari, 1900).

Astronomik hesablamalara etimad etmək olmaz, amma... - Şeyx əl-Albani (Allah ona rəhm etsin)

Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: "Dövlət hansı günə orucu elan etsə, oranın xalqının hamısı da həmin gün oruc tutmalıdırlar! Hətta qeyri-şəri yolla elan etsə də belə, yəni ki, şəriətlə sabit olamamış yolla elan etsə də belə dövlətə tabe olurlar! Çünki iş onların əlində deyil, məsələ fərdi şəxslərin əlində deyildir. Buna misal, hədləri tətbiq etmək fərdi şəxslərin əlində olmadığı kimi.

Sual: "Astronomik yollara etimad olunsa da belə?" 

Şeyx əl-Abani (Allah ona rəhm etsin) buyurur: "Astronomik yola etimad etmǝk olmaz. Peyğǝmbǝr (salləllahu aleyhi və səlləm) buyurur: "Ayı gördükdǝ tutun".

Sual: "Əgǝr dövlǝt... (sualı tǝkrarlayır)".

Şeyx buyurur: "Cavab verdim. Dövlǝt orucun başlanmasını və ya bitməsini hǝta qeyri-şǝri yollarla tǝyin etsǝ dǝ belǝ, dövlǝtǝ qarşı çıxmaq xalqın iqtidarında deyil, çünki bu halda zərər daha böyük olacaq. Bu, bizim astronomik hesablamalara yapışmağımız və ya bu yolun şǝri yol olmasını demǝyimiz deyil. Əsla, lakin necǝ deyǝrlǝr, bǝzi şǝrlǝr bǝzilǝrindǝn daha yüngüldür. Sözümüz bu qǝdǝr, amma astronomik hesablamaların heç bir qǝdir qiymǝti yoxdur.

(Şeyx əl-Albani “Silsilǝ ǝl-Hudǝ vǝ ǝn-Nur” 403-cü kaset, 44-cü dǝqiqǝ).