Bidəti görüb susmağın günah olması

English

1. Qeys ibn Əbi Həzim deyir: "Əbu Bəkr (Allah ondan razı olsun) qalxdı, Allaha həmd, səna etdikdən sonra dedi: "Ey insanlar! Siz bu ayəni oxuyursunuz:

"Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, haqq yoldan azmışlar sizə zərər yetirə bilməzlər", lakin onu doğru-düzgün yerinə qoymursunuz. Mən Allah Elçisini (salləllahu aleyhi və səlləm) belə buyurarkən eşitdim: "Əgər insanlar münkər görər və onu dəyişdirməzlərsə, az qalır ki, Allah onların hamısına ümumi olaraq əzab versin". (Əhməd, 16; Əbu Davud 4338; İbn Məcə, 4005. Şeyx əl-Albani səhih olduğunu bildirmişdir). 

2. Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: "Canım Əlində Olana and olsun ki, ya mütləq olaraq yaxşılığı əmr edib, pislikdən çəkindirəcəksiniz, ya da az qalır ki, Allah Özündən sizə bir əzab göndərsin, sonra da siz (əzabın qaldırılması üçün) dua edəsiniz, lakin sizə cavab verilməsin". (ət-Tirmizi, 2169; Əhməd, 23349. Şeyx əl-Albani "Sahihul-Cəmius-Sağir"də (7070) hədisin həsən olduğunu bildirmişdir). 

3. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurur: "Allah məndən qabaq olan hər bir ümmətə göndərdiyi peyğəmbərlərə öz ümmətlərindən həvarilər və səhabələr vermişdir. Onlar da öz peyğəmbərlərinin sünnəsindən yapışır və əmrinə tabe olurdular. Onlardan sonra insanlar gəldilər ki, etmədikləri şeyləri danışdılar, əmr olunmadıqları şeyləri etdilər. Kim onlarla əli ilə mübarizə apararsa, mömindir, kim dili ilə mübarizə apararsa mömindir, kim də qəlbi ilə mübarizə apararsa mömindir, bundan o tərəfə isə xardal ağırlığında belə iman yoxdur". (Muslim, 71, 188; Əbu Avanə 1/35-36; İbn Məndə "İman" səh. 183-184). 

Sonra Şeyx Rabi (Allah onu qorusun) buyurur: "Bu hədislərdə Allah Elçisi (salləllahu aleyhi və səlləm) tərəfindən bidət və asiliklərdən olan münkərlərin təhlükəsi açıqlanır. Bunların təhlükəsi və pis sonluğu yalnız bunu edənlərə aid olmayıb, əksinə bu münkərləri və münkər əhlini tərifləyib, gözəl göstərənlərə də keçdiyi bildirilir. Əgər bunun təsiri bu kəslərə keçirsə, onda o kəsləri müdafiə edənlər bu pis sonluğa və təhlükəyə daha layiqlidirlər. Bu münkərləri Allahın hədlərini qoruyan, zəlalət və fitnə əhlinə qarşı cihad edən haqq əhlini inkar etdikdə, onlara qarşı savaş edildikdə, iş bir az da şiddətli olur....".

(Şeyx Rabi ibn Hədi əl-Mədxali "Nəsihə Va Zikra Li Kulli Mən Yətəkəlləmu Bismis-Sələfiyyə" - "Sələfilik adı ilə danışan hər bir kəsə nəsihət və xatırlama" risaləsindən).

Şeyx Fovzan (Allah onu qorusun) buyurur: "İnsanların həlak yolunun üzərində gördüyün zaman sənə susmaq icazəli deyil! Sənə icazəli deyil ki, öz nəfsini islah edib və deyəsən "başqaları mənlik deyil". Xeyr! Əksinə sənə vacibdir ki, onlara çatdırasan, nəsihət edəsən və Uca Allahın dininə dəvət edəsən. Amma sən insanları həlakın üzərində görərək, "məndən qəbul etməyəcəklər" deyərək susursansa, bu icazəli deyil. Sən onlara dəlilləri çatdır və təqdim et. Allah sənin əlinlə az bir dəstə olsa belə islah edəcək. Rəsulullah (salləllahu aleyhi və səlləm) Əli bin Abu Talibə (Allah ondan razı olsun) dedi: "Allahın sənin əlinlə bir kəsə hidayət verməsi sənin üçün qırmızı dəvə sürüsündən daha xeyirlidir...".

Biz çoxluğa baxmırıq, biz haqqa baxırıq. Nə qədər olub ki, balaca bir dəstə böyük bir dəstəyə Allahın iznilə qalib gəlib . 

Allah səbr edənlərlədir.... səbr edənlərlə. Nəyə görə Allah səbri zikr etdi? Çünki, bu balaca dəstə əziyyətlərə, istehza olunmağa və pis sözlərə məruz qalacaqlar, lakin onlar düzgün yolda olduqlarını, düzgün istiqamət əhli olduqlarını bilərək səbr edəcəklər". 

Şeyx Fovzana (Allah onu qorusun) belə bir sual verirlər: "Bidət əhlinə rədd etməmək, onların batilliklərini gizlətmək və onları müdafiə etmək müsəlmanları aldatmaq sayılırmı?"

Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) buyurur: “Bu şey müsəlmanlara qarşı ən böyük aldatmadır. Bidət əhli barədə susmaq, onların bidətlərini bəyan etməmək müsəlmanları aldatmaqdır. Hələ bir üstəlik buna onları tərifləmək də əlavə olunarsa, bu daha şərli və daha münkər olar. Bundan Allaha sığınırıq. Elmi olan kimsəyə vacib olan odur ki, bidətləri və (dinə əlavə edilmiş) yenilikləri bəyan etsin, bunları qadağan etsin, bundan çəkindirsin və susmasın. Bu susmaq elmi gizlətmək sayılır. Uca Allah buyurur: Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar! Yalnız tövbə edənlər əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!” (əl-Bəqərə, 159-160). Elmi olan müsəlmana bidətlərə və müxalifliklərə qarşı susmaq, insanlara bunları bəyan etməmək icazəli deyildir. Çünki, əgər o susarsa, bu halda insanlar bu şeylərlə dəlil gətirəcək və deyəcəklər ki, “əgər bu şey haram və ya qadağan olsaydı, filan alim bunu görə-görə ona susmazdı”. Şeyx Fovzanın (Allah onu qorusun) səsli yazısından.

Bir kəsin hizbi olması üçün “İxvanul-Muslimin” təşkilatı kimi yazılı bir düstura tabe olmağa ehtiyac yoxdur. Müxalif bir insanın və ya müxalif bir fikrin ətrafında birləşmək özü hizbilik adlanır. Bəkr Əbu Zeyd (Allah ona rəhm etsin) deyir: “Ümmət üçün hər hansı bir şəxsi imam təyin edib və o şəxsin yolu üzərində dostluq və düşmənçilik etmək icazəli deyil. Bu yalnız, Peyğəmbər (salləllahu aleyhi və səlləm) üçün icazəlidir, ümmət üçün imam təyin olunur və onun yoluna dəvət olunur. Kim də Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) başqa birisini özünə öndər təyin edər və onun yoluna dəvət edərsə, o azğın bidətçidir (bu məzhəblərə olan tabeçilik aid deyil, bu əqidə məsələlərinə aiddir)”. (İbn Teymiyyə "Məcmuul-Fətava, 20/ 164; Bəkr ibn Əbu Zeyd “Firqələrə, Hizbilərə və İslami Camaatlara Nisbət Olunmağın Hökmü, səh. 96-97). Sələf mənhəci Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) mənhəcidir. Bu mənhəcdə olan alimlər Kitab və Sünnəyə, bir olan camaatın yoluna dəvət ediblər. Bidət firqələrin hamısı isə keçmiş və indikilərdən olmasından, adamlarının sayının az və ya çox olmasından asılı olmayaraq hamısı hansısa şəxsə və ya fikrə bağlıdırlar. Onlar həmin şəxsin arxasınca gedir, dediklərinə dəlilsiz itaət edir, onunla yaxşı münasibətdə olanla yaxşı, pis münasibətdə olanla pis, onun üzərində dostluq və düşmənçilik edirlər. Bu da bütün bidət əhlinin sifətlərindəndir. Əhli-Sünnəyə müxalif olan hər bir kəs müxalif əhlidir.

Onlarla qaynayıb-qarışmaqda məqsəd onları doğru yola dəvət etməkdirsə, onlarla oturub-durmaq və onları dəvət etmək olar, lakin bu elm və bəsirət sahiblərinə aiddir. Həmçinin, elm və bəsirət sahibi tərəfdən onları dəvət etmək fərdi insanlara, müəyyən şəxsə nisbətdə düzgündür. Necə ki, İbn Məsud (Allah ondan razı olsun) məsciddə zikr məclisi quranların yanına getdi və onların bidətlərini inkar etdi. Həmçinin, İbn Abbas (Allah ondan razı olsun) xavariclərin yanına gedərək onların bir qismindən şübhələri qaldıraraq məhv olmaqdan xilas etdi.

Dəvət etmədən, onları haqqa çağırmadan onlarla qaynayıb-qarışmaq isə icazəli deyildir. Müxaliflərlə qaynayıb-qarışmaqda yalnız şəri fayda və onları dəvət varsa, onda icazəlidir. O ki qaldı ümumi olaraq firqənin içinə girib onları dəvət etməyə, bu doğru deyildir, çünki onlara ümumi şəkildə təsir etmək mümkün deyil. Əksinə, onlar həmin sələf olana təsir edib onu azdırırlar.

Müxaliflərin hamısından və müxaliflikdən - onların sayının çox və ya az olmasının fərqi yoxdur - çəkindirmək lazımdır. Müasir dövrdə bəziləri deyirlər ki, “biz müxaliflikdən çəkindirirk, çünki fikir xətalı fikirdir. Amma müxalif olanın özündən çəkindirmirik”. Bu batil və bu əsrdə çıxan qaydalardandır. Sələflərdə belə qayda olmayıb. Sələflər bütün müxalifliklərdən və müxaliflərdən çəkindirir, çünki biz müxalifliyə səhlənkar yanaşsaq və o müxaliflik şişib böyük müxalifliyə səbəb ola bilər. Müxaliflik heç vaxt icazəli deyil. Müxalifləri tərk etmək sələflərin yolu olmuşdur. Susmazdılar, əksinə susan insanları inkar edərdilər. Sələflərdən isə Muhəmməd ibn Bundər İmam Əhmədə (Allah onlara rəhm etsin) deyir: “Mən “filankəs belədir, filankəs elədir” deyə bilmirəm, bu mənə çox ağır gəlir”. İmam Əhməd (Allah ona rəhm etsin) deyir: “Əgər mən sussam, sən sussan, bəs cahillər sağlam olanı xəstədən necə ayırd edə bilərlər?!” (“Məcmuu Fətəva” 28/ 231; “Şərh iləl Tirmizi” 1/ 350). Həmçinin, İmam Əhməd (Allah ona rəhm etsin) Huseyn Kərabisini cərh edib - onu Cəhmilərin bidətində ittiham edərək sələfdən çıxartdı. Baxmayaraq ki, Huseyn Kərabisi elm dəryası idi. İmam Əhməd (Allah ona rəhm etsin) onun üçün demişdi ki, “onunla oturub durmayın, onu danışdırmayın və onu danışdıranı da danışdırmayın”. Ravi deyir: “İmam Əhməd bunu dörd və ya beş dəfə təkrar etdi”. (Tarixu Bağdad, 8/ 65). İmam Əhməd (Allah ona rəhm etsin) insanları ilzəm etdi, indi isə deyirlər ki, ilzəm etmək olmaz!?

İmam Zəhəbi öz cərh və tədil kitabı olan "Mizənul-İtidəl" kitabında Muhəmməd ibn Humeyd ər-Razinin tərcümeyi halından danışdıqda Əbu Əli ən-Neysəburidən (Allah ona rəhm etsin) nəql edərək belə deyir: "İbn Xuzeyməyə (Allah ona rəhm etsin) dedim: “İbn Humeyddən isnad götürsəydin. Doğrudan da İmam Əhməd ibn Hənbəl onu tərifləmişdir”. Dedi: “O onu yaxşı tanımamışdır. Əgər bizim bildiyimizi bilsəydi, heç onu tərifləməzdi”.
- Hədis alimləri dini, sünnəni himayə edənlərdirlər.
- Dəlil harada onlar da orada.
- Bir şeyi bilən, onu bilməyənin üzərində hüccətdir.
- Səbəbi bəyan olan cərh tədildən öndədir, tədil edən kim olur olsun.

İmam Əhmədə (Allah ona rəhm etsin) sual verirlər: “Sənə görə namaz qılıb, oruc tutub, etikaf edən fəzilətlidir, yoxsa bidət əhlindən danışan?” İmam cavab verir: “Onun oruc tutub, namaz qılıb, etikaf etməsi özü üçündür, amma bidət əhlindən danışması müsəlmanlar üçündür və bu daha əfzəldir”. (Məcmuul-Fətəva, 28/ 231).

Bidət əhli ilə oturub-durmaq icazəli deyil

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “İnsan öz dostunun dinindədir. Hər kəs kiminlə dostluq etdiyinə diqqət etsin!” (Əhməd, 8417. əl-Albani həsən olduğunu bildirmişdir).

İbn Abbas (Allah ondan razı olsun) deyir: “Nəfsinə uyanlarla (bidət əhli ilə) oturub durma! Həqiqətən bidət əhli ilə oturub-durmaq insanın qəlbini xəstə edir”. (əl-Laləkayi “Şərh Usul İtiqad Əhlus-Sunnə).

Alləmə ibnul-Həcc bidət əhli ilə oturmağın qadağan olunduğu ayələri zikr etdikdən sonra deyir: “İmam Əhməd ibn Hənbəl, Əvzəi, Abdullah ibn Mubarək və başqaları bidət əhli ilə oturub-durmaqda, onlarla qaynayıb qarışmaqda bu ayələrin vacib etdiyi hökmü verərdilər. Əgər bir insan bidət əhli ilə oturub duran biri olsaydı, deyərdilər: “Onlarla oturub-durmaq olmaz, əgər əl çəkərdisə heç, yoxsa o da onlara aid edilərdi, yəni hökmdə. Əgər belə deyilsəydi: “Mən onlarla onları başa salmaq və ya rədd vermək üçün oturub-dururam”, deyərdilər: “Onlarla oturub-durmaq olmaz”, əgər əl çəkməzdisə, o da onlara aid edilərdi”. (Şeyx İbnul-Həcc “Həzzul-Ğaləsim fi İfhəmil-Muxasim” səh. 110-111).

Fudeyl ibn İyadın (Allah ona rəhm etsin) bidət əhlini məzəmmət etməsində və onlardan çəkindirməsində çox gözəl sözləri vardır, bunlardan:

“Bidət sahibi ilə oturub qalxan kimsədən çəkinin. Bidət sahibi ilə oturub qalxanlara hikmət verilməmişdir. Bidət sahibi olanla aramda dəmirdən bir qala olmasi mənə sevimlidir”.

“Kim bidət sahibi ilə oturub-durarsa, ona hikmət verilməz”.
“Bidət sahibi ilə oturub durma, qorxuram sənin üzərinə lənət yağar”.
“Kim bidət sahibini sevərsə, Allah o kəsin əməllərini batil edər və İslam nurunu onun qəlbindən çıxarar”.
“Yəhudi və nəsrani ilə birgə yemək yeyərəm, ancaq bidətçi ilə birlikdə yemək yemərəm. İstəyərəm ki, mənimlə bidət sahibinin arasında dəmirdən bir qala olsun”. 

"Kim bidət sahibini ucaldar, böyük tutarsa, artıq İslamı dağıtmağa kömək etmişdir". 
"Kim bidətçinin üzünə gülümsəyərsə, artıq Uca Allahın Muhəmmədə (salləllahi aleyhi və səlləm) endirdiyini aşağı tutub, təhqir etmişdir". 
"Kim öz qızını bidətçi ilə evləndirərsə, artıq onunla qohumluq əlaqələrəni kəsmişdir". 
"Kim bidətçinin cənazəsini təqib edərsə, ondan qayıdanədək Allahın qəzəbi altındadır".

(İmam Bərbəhəri “Şərhus-Sunnə” 138-139; İbn Batta “İbənə” 2/ 460; əl-Hilyə, 8/ 103).

Fudeyl ibn İyad (Allah ona rəhm etsin) demişdir: “Əgər hər hansı bir bidətçini yolun bir tərəfində görsən, sən yolun o biri tərəfinə keç!” (əl-İbənə, 2/ 475).

Alləmə əş-Şətibi (Allah ona rəhm etsin) belə deyir: “Bidət sahibinə hörmət etmək, onu vüqarlı tutmaq İslamı dağıtmaq olan iki zərəri özündə birləşdirir:
Birincisi: Cahillər və avam insanlar bu hörməti görür və o bidətçi barədə belə etiqad edirlər ki, o, ən əfzəl insan, onun yolu isə başqalarının yolundan daha xeyirlidir. Bu da sünnə üzərində Əhli Sünnəyə yox, bidət üzərində bidətçiyə tabe olmağa aparıb çıxarır. 
İkincisi: Əgər o insana bidətinə görə hörmət edilərsə, bu şey onu başqa hər bir işdə bidətlər etməyə həvəsləndirən bir amilə çevriləcəkdir. 
Hər birində də sünnələr öləcək, bidətlər yaşayacaqdır ki, bu da İslamı dağıtmağın lap özüdür”. (əş-Şətibi "əl-İtisam" 1/ 114).

Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Kim şəriətə müxalif olan şeyxi sevərsə, onunla olar. Əgər o şeyx Cəhənnəmə girərsə, o da onunla bərabər girər”. (Məcmuul-Fətəva, 18/ 315).

(Həmçinin, bax, Şeyx Xalid Zufeyrinin (Allah onu qorusun) “Hava əhlini tərk edib, onlardan hicr etməkdə alimlərin icması” kitabı, səh. 91-92, 95, 118-119).

Həsənul-Bəsri (Allah ona rəhm etsin) deyərdi: “Bidət əhli ilə oturub-durma, çünki o, sənin qəlbini öldürəcək!” (əl-Mərvəzi “əl-Bidə” 113).

Dahi alim İmam Bərbəhəri (Allah ona rəhmət etsin) buyurur: "Əgər görsən ki, Əhli-Sünnədən olan bir nəfər fasiqlik edir, facirlik edir, günahlar sahibidir, buna baxmayaraq o sünnə üzərindədir, onunla yoldaşlıq elə, onunla otur-dur! Çünki, o öz günahları ilə sənə zərər verə bilməz. Həmçinin, əgər görsən ki, bir nəfər ibadətlərdə dəhşətli dərəcədə çalışır, vaxtını ən çox ibadətlərdə keçirdir, ibadət eləməkdən ötrü çox yanğılıdır, amma buna baxmayaraq hava (havasına tabe olub) sahibidir, onunla yoldaşlıq etmə, onunla oturma, onun sözlərinə qulaq asma, onunla bərabər yol getmə! Çünki, sənin onun yolunu halal görüb ona qoşulmayacağından əmin deyiləm". (Şərhus-Sunnə, 124/ 149).

Abdullah ibn Mubarək (Allah ona rəhm etsin) deyir: “Allahım, bidət əhlindən olan bir kimsənin mənə yaxşılıq etməsindən və sonda mənim qəlbimin ona sevgi bəsləməsinə imkan vermə!”
(əl-Lələkai “Şərhu Usuli İtiqad Əhli-Sunnəti vəl-Camaat)

İmam Bərbəhəri (Allah ona rəhm etsin) deyir: “Əgər bir kəsdən bidət olan bir şey görsən, ondan çəkin. Çünki, sənə gizli qalan sənə görsənəndən daha çoxdur”. Şeyx Rabi bu söz barəsində deyir: “Bidət və hava əhli gizlətmək və təqiyyə ilə tanınıblar. Bidət əhli öz əqidə və mənhəclərindən hər şeyi sənə göstərən deyillər. Bidətçi olan özündə olanları sənə bir-bir verir. Necə ki, bidət əhli barəsində deyilib ki: “O sənə zəhəri birinci dəfədən, birinci məclisdə yedizdirməz. Birinci olaraq sənə bal yedizdirər. Beləliklə, onunla ünsiyyətə başladıqda sənə öz zəhərini yeritməyə başlayacaq. Sənə hər şeyi başqa cür göstərərək səni öz bidətinə salacaq. Buna görə də sənə kimdənsə bidət olan hər hansı bir şey görsənərsə, ondan ehtiyatlı ol! Həqiqətən, onlar hiylə və məkr əhlidirlər”. (İmam Bərbəharinin Şərhus-Sunnə” kitabına şeyx Rabinin şərhi, “Aunul-Bəri” səh. 476).

İsmayıl ibn Ubeydullah (Allah ona rəhm etsin) buyurur: "Bidəti olan kəslə oturma, çünki sənin qəlbini xəstələndirəcək. Fitnəyə düşmüş (məftunla) oturma, çünki öz hüccətlərini sənə təlqin edəcəkdir". (İbənə, 2/ 443).

İmam İbn Batta (Allah ona rəhm etsin) buyurur: “Bilin ki, ey qardaşlarım! Bir çox insanları Əhli-Sünnə vəl-Camaadan çıxardan, onları bidətə və çirkinliyə salan, qəlblərini bəlaya düçar edən, haqqın nurunun onların bəsirətlərinə çatmasına maneə olan səbəb barədə fikirləşdim və bunun iki səbəbə görə olduğunu gördüm; Birincisi, lazımsız şeylər barədə suallar vermək, bəhslər aparmaq. Halbuki, bu şeylərdən cahil qalmaq ağıllı insana zərər gətirməz, bilmək isə möminə fayda verməz. İkincisi, fitnəsindən əmin olunmayan və qəlbləri xarab edən insanlarla oturub-durmaq. Bu iki səbəb barəsində danışacağam ki, nəsihət qəbul edən və qəlbi həyalı olan kəs üçün ibrət olsun”. (əl-İbənə, 1/ 390).

Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: “Saleh sələflərimiz olan alimlərdən, məsələn, Malik, Əhməd və başqalarından insanları bidət əhli ilə oturmaqdan çəkindirməkləri barədə çoxsaylı dəlillər gəlmişdir. Əksinə, bidət əhlindən insanlara şübhə düşməsi qorxusundan onlarla münasibəti kəsməyi insanlara əmr edərdilər”. (Səsyazmadan).

Şeyx Muhəmməd Əmən əl-Cəmi (Allah onu qorusun) buyurur: “Bidətçilərin yanında elm tələb edən tələbəyə üz verən ən kiçik şey budur ki, bidətlərə, günahlara və müxalifliklərə qarşı nifrət onun qəlbini tərk edir. O, Allah üçün olan vacib məhəbbəti və Allah üçün olan nifrəti itirir. O, sünnə əhli ilə, yoxsa bidətçi ilə oturmasına fikir vermir. Zənn edir ki, bu, dəvət üçün məsləhətdir, hər yerdə və hər halda bunu fikirləşir. Bunlar isə qəlblərin xəstəliyindəndir və bu da nifaqdan bir növə aparıb çıxarır. Allah qorusun!” (Məcmuu Rasəil, 42).

Əbu Qilabə (Allah ona rəhm etsin) demişdir: “Bidət əhli ilə oturub-durmayın, onlarla qaynayıb-qarışmayın! Onların sizi öz zəlalətlərina salamayaqcaqlarına və ya sizin elmlə bilib tanıdığınız məsələlərdə sizi şübhəyə salmayacaqlarına əmin deyiləm”. (əl-Lələkai, 1/ 134; əl-İtisam, 1/ 172). Yəni, ya öz zəlalətlərinə salacaqlar, bu alınmasa, sizin yəqin olaraq bildiyiniz elmi məslələrdə şübhəyə salacaqlar. Ya öz şübhələrinə salır, müqavimət gördükdə, laxladıb buraxır. Bidət əhli bu daima bu iki yolun üzərindədirlər.

İbrahim ən-Nəxəi (Allah ona rəhm etsin) demişdir: “Bidət sahibi ilə oturub-durmayın və onları danışdırmayın! Qorxuram ki, qəlbiniz çevrilsin”. (əl-Bidə vən-Nəhyi Anhə, 56; əl-İtisam, 1/ 172).

Əbu Qilabə (Allah ona rəhm etsin) demişdir: “Ey Əyyub (əs-Sixtiyani), bidət əhlinə imkan vermə ki, sənin qulağına nə isə ötürsün!” (əl-Lələkai, 1/ 134). Yəni, insanın qəlbi bircə sözlə çevrilə bilər, insan bircə sözlə aza bilər.

Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) buyurur: “Sələfi cavanlara nəsihət edirik ki, elm tələb etməyə yönəlsinlər, salehlərlə yoldaşlıq etməyə həris olsunlar, bidət əhli, şübhə və fitnə əhli ilə qaynayıb-qarışmaqdan son dərəcə həzər etsinlər”. (“Bidət əhli barədə mövqe” səh. 24).

Qeyd: Bəkr ibn Əbu Zeyd (Allah ona rəhm etsin) sələf alimi olub, bidət əhlinə və bidət əhlinin üslublarına gözəl rəddiyyələrin müəllifidir. Lakin, bir kitabı alimlər tərəfindən pislənilib və qısa müddət sonra isə vəfat etmişdir. Ona görə biət əhli onun adından istifadə edə bilər. Belə şübhələrə aldanmayın!