Bidət nədir və alimlərin bidət əhli haqda sözləri

English

Bidət sözünün hərfi mənası "öncə edilməyən bir şeyi ixtira etmək, icad etmək" deməkdir.
Bidət dinə gətirilən yeniliklərə deyilir.
Bidətlər əməllərin qəbul olunmamasının və müsəlmanların parçalanmasının başlıca səbəbidir.
Bidət edən həm özü günah qazanır, həm də onun bidətinə əməl edənin günahını daşıyır.
Bidət edən dini və onun əsaslarını dəyişdirir.
Dində bidətlərə yol vermək böyük günahdır.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bidətləri qadağan edərək demişdir: "...Ən xeyirli kəlam Allahın Kitabı və yolların ən xeyirlisi Muhəmmədin yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (Əbu Davud, 2188; ət-Tirmizi, 1105; İbn Məcə, 1892).
Həmçinin demişdir: “Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur” (əl-Buxari, 2697).
"Ha­­mı­dan əvvəl Hovuzun başına gələn kəs mən olacağam. Sonra mənim yanımdan keçən kimsə ho­vuz­­dan su içər, on­dan içən isə əsla susamaz. Onda yanıma mənim tanıdığım və məni tanıyan bir qövm gələcəkdir. Sonra onları məndən ayıracaqlar. Onda Mən: "Onlar mənim ümmətimdəndirlər" - deyəcə­yəm. Mənə belə de­yi­ləcək: “Sən bilmirsən, onlar səndən sonra nə ye­niliklər ediblər" Və mən: "Məndən sonra yeniliklər edənlər məndən uzaq olsun­lar” - deyəcəyəm". ('l-Buxari, 6583; Muslim, 2290).
Uca Allah buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim" (əl-Maidə, 3). Bu ayədə də Rəbbimiz dinin tamamlandığını, kamil olduğunu və yeniliyə ehtiyac olmadığını bildirmişdir.

Bidət əhli haqda bəzi alimlərin sözləri

Sabuni (Allah ona rəhm etsin) buyurur: “Sələf imamlarını sevmək Əhli-Sünnənin sifətindəndir. Onlara nifrət etmək isə bidət əhlinin sifətindəndir”. (əs-Sabuni “Əqidətus-Sələf və Əshabul-Hədis” kitabı).

İmam Əbu Hatim (Allah ona rəhm etsin) buyurur: “Sələfin yolunu təqib edənləri pisləmək bidət əhlinin əlamətlərindəndir”. (əl-Lələkai, 1/ 179).

Yəhyə ibn Əbi Kəsir (Allah ona rəhm etsin) buyurur: “Bidət əhli ilə yolda qarşılaşsan, başqa yol tut”. (əl-İbənə, 2/ 475).

İmam Bərbəhəri (Allah ona rəhm etsin) buyurur: “Sən bir kəsin rəhbərə qarşı bəd-dua etdiyini görsən – bil ki, o bidət əhlidir. Əgər bir kəsin rəhbərin islah olunması üçün dua etdiyini görsən bil ki, Allahın izni ilə o Əhli-Sünnədəndir”. (Şərhus-Sunnə, səh.116).

İmam Bərbəhəri (Allah ona rəhm etsin) deyir: “Bidət əhlinin misalı əqrəblərin misalındadır. Əqrəblər başlarını və bədənlərini torpağın altında basdırır, quyruqlarını isə torpaqdan bayırda saxlayırlar. Fürsət düşən kimi sancırlar. Eyni ilə də bidət əhli, onlar da insanların arasında gizlənir, fürsət düşən kimi istədiklərini yayırlar”. (Tabaqatul-Hənəbilə, 2/ 44).

İmam Bərbəhəri (Allah ona rəhm etsin) deyir: “Əgər bir kəsdən bidət olan bir şey görsən, ondan çəkin. Çünki, sənə gizli qalan sənə görsənəndən daha çoxdur”. Şeyx Rabi bu söz barəsində deyir: “Bidət və hava əhli gizlətmək və təqiyyə ilə tanınıblar. Bidət əhli öz əqidə və mənhəclərindən hər şeyi sənə göstərən deyillər. Bidətçi olan özündə olanları sənə bir-bir verir. Necə ki, bidət əhli barəsində deyilib ki: “O sənə zəhəri birinci dəfədən, birinci məclisdə yedizdirməz. Birinci olaraq sənə bal yedizdirər. Beləliklə, onunla ünsiyyətə başladıqda sənə öz zəhərini yeritməyə başlayacaq. Sənə hər şeyi başqa cür göstərərək səni öz bidətinə salacaq. Buna görə də sənə kimdənsə bidət olan hər hansı bir şey görsənərsə, ondan ehtiyatlı ol! Həqiqətən, onlar hiylə və məkr əhlidirlər”. (İmam Bərbəharinin Şərhus-Sunnə” kitabına şeyx Rabinin şərhi, “Aunul-Bəri” səh. 476).

Bir nəfər İmam Səhnunun (Allah ona rəhm etsin) yanına gələrək deyir: “Bidətlər yayılıb və onun tərəfdarları güc (hörmət) sahibidirlər”. O cavab verərək buyurur: “Sən Allahın bidəti məhv etməmişdən qabaq onu yer üzündə məşhurlaşdırdığını bilmirsənmi?” (Tərtib əl-Mədarik, səh. 72).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Əgər bidət əhli haqda fikirləşsən, görərsən ki, onlar heç bir dəlilsiz-sübutsuz olan iddialardan ibarətdir”. (Məcmuul-Fətava, 7/ 117).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: "Bidətçilər - günahkarların ən pisidir, çünki bidətlərini həm Sünnə adlandırırlar, həm də icma olduğunu deyirlər". (Məcmuul-Fətava, 20/ 103).

Şeyx İbn Bəz (Allah ona rəhm etsin) buyurur: “Əmr sahiblərinin eyiblərini yaymaq və minbərlərdə zikr etmək sələfin mənhəcindən deyil”. (Fətava, 8/ 210).

İbn Qeyyim əl-Cəvziyyə (Allah ona rəhm etsin) buyurur: "Qəlb təbibləri bidət əhlindən üz çevirməyi, onlara salam verməməyi, üzlərinə gülməməyi və onları qaş-qabaqla və arxa çevirməklə qarşılamağı tövsiyyə etmişlər". (İbn Qeyyim "İğasətul-Luhfən an Məsayidiş-Şeytan" 1/ 120).

Sən bu sözü imam Şafinin bu sözü ilə əlaqələndir. İmam Şafi (Allah ona rəhm etsin) demişdir: "Fətva tələb edən xəstədir, fətva verən isə təbib. Əgər təbib öz tibbində mahir olmasa xəstəni öldürəcəkdir" (əl-Fəqih vəl-Mutəfəqqih, 2/ 394).

Şeyx Fəuzan (Allah onu qorusun) buyurur: “Sünnə əhlini və hədis alimlərini yalnız və yalnız qəlbi xarab, xəbis olan biri söyər. Çünki, onları onların şəxsiyətlərinə görə söymür. Onları onlarda olan elmə və haqqı müdafiə etdiklərinə görə söyürlər”. (Şərhu əl-Kəfiyə əş-Şəfiyyə, səh. 603).

Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun)  buyurur: “Bidət əhli yalançı şayiələr və zalım iftiralardan başqa heç bir zamanda və məkanda Əhli-Sünnə ilə mübarizə apara bilməyiblər”. (əl-Məcmu, 2/ 331).

Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) deyir: "Allaha and olsun ki, İslam ümmətini bidətlər zəlil günə qoyub. Əgər bu ümmət bidətlərdən uzaq olarsa, Uca Allah onlara yəhudi və nəsranilərə qarşı mütləq yardım edər. Onlar bidət və zəlalətdə ikən yəhudi və nəsranilərə qarşı onlara necə yardım gələ bilər?! (“Fətəva” 390).

Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) buyurur: “Sələflərdən çoxu belə deyərdilər: “Bidət əhli İslam üçün xaricdən olan düşmənlərdən daha zərərlidirlər”. Nə üçün belə deyərdilər?! Çünki, bidət əhli İslamı daxildən dağıdır, sonra qapını açır və düşmənlərə deyir ki, “buyurun, girin!” (Məcmu Raiq, səh. 39).