Namaz qılmayanın hökmü

English

Əhli-Sünnə vəl-Camaatın əksər alimləri namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər.
Cumhur alimlərin rəyinə görə dəlillər əsasında namazın tərk edənin etdiyi küfr İslam ümmətindən çıxaran küfr deyildir.

Əhməd ibn Ruşd (Allah ona rəhm etsin) buyurur: “Namaz qılmayanı təkfir edənlərin əlində bəzi əsərlərin zahirindən başqa dəlil yoxdur”. (“Fəthul-Aliyyil-Malik” 2/ 346).

Həmçinin, Muhamməd ibn Abdul-Vahhab də buyurur: “Biz iki şəhadət xaricində qalan dörd əsası tərk edənləri təkfir etmirik”. (“Durarus-Səniyyə” 1/ 100-102). Digər yerdə deyir: “Biz yalnız alimlərin yekdilliklə kafir hesab etdiyi məsələlərdə kiməsə kafir deyib onunla döyüşürük”. (“Durarus-Səniyyə” 11/ 317).

İmam Nəvəvi (Allah ona rəhm etsin) buyurur: “Müsəlmanlar namaz qılmayanı varis və miras verən kimi qəbul etmişlər. Əgər namazı tərk etmək İslamdan çıxaran küfr olsaydı, müsəlmanlar namaz qılmayanı varis və mirasçı olaraq qəbul etməzdilər”. (“Şərhul-Muhəzzəb” kitabı).

İmam Şəukani (Allah ona rəhm etsin) buyurur: “Namazın vacibliyini təsdiq edib, lakin tənbəllikdən namaz qılmayan kəs haqda - hansıki insanların əksəriyyətinin halı belədir! - alimlər ixtilaf etmişdirlər. Belə ki: “Sələf və xələfin, cümhurun ən məşhurları olan İmam Malik, Şafii, Əbu Hənifənin bu haqda rəyləri belədir: “Tənbəllikdən namaz qılmayan kəs kafir sayılmır! Əksinə, o fasiq sayılır!” (Neylətul-Əvtar, 1/ 369).

İmam Şəukani (Allah ona rəhm etsin) digər yerdə belə buyurur: “Allaha və Axirət gününə iman gətirən insanın, hər hansı müsəlman üçün onun İslam dinindən çıxması və küfrə batması ilə bağlı əlində günəşdən daha aydın dəlil olmadan hökm verməsi haramdır”. (Seylul-Cərrar, 4/ 578).

Qurtubi (Allah ona rəhm etsin) deyir: “Kafir imanı küfrdən üstün tutması ilə mömin olduğu kimi, mömin də küfrü özünə məqsəd edib onu seçincəyə qədər icma tərəfindən kafir sayılmaz”. (Qurtubi “Təfsir” 7/ 6128).

İbn Hibban (Allah ona rəhm etsin) buyurur: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı tərk edənə küfr kəlməsini mütləq şəkildə işlətmişdir. Çünki bir kəs namazı tərk edər və buna alışar, bununla da bütün fərzləri tərk edər. Fərzləri tərk etmək də onun fərzləri inkar etməsinə gətirib çıxarar. Ona görə Rəsulullah (salləllahu aleyhi və səlləm)  bu əməllərin nəticəsinə görə, o əmələ küfr hökmünü əvvəldə söyləmişdir. (yəni, namazı tərk etmək bir-başa İslamdan çıxaran küfr deyil, sadəcə o insanı küfrə salıb, İslamdan çıxara bilər deyə, küfr kəlməsi əvvəldə işlənmişdir). Ərəblər sonucda meydana gələn bir şeyin adını, lap əvvəldə söyləyirlər. Necə ki, Peygəmbər (salləllahu aleyhi və səlləm) demidi: “Quran haqqında mübahisə etmək küfrdür!” (Əbu Davud, 4605). Çünki, ola bilər ki, Quran haqda mübahisə edən kəs, nəticədə mütəşabih ayələr haqda şəkk etsin! Məhz bu səbəbdən Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu əməlin küfrə aparacağına görə, küfr sözünü əvvəldə işlətmişdir”. (əl-İhsan, 4/ 324).

İmam Əhmədin tələbəsi İmam Hafiz (Allah ona rəhm etsin) buyurur: “Kimsə fərzi (namaz, zəkat, oruc, həcc) tənbəllikdən dolayı tərk edərsə, o kəs Allahın istəyi altındadır. İstəsə ona əzab verər, istəsə bağışlayar!” (ət-Təbəqatul-Hənəbilə, 1/ 343). Bu sözləri Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) də öz kitabında zikr etmişdir. (əl-İman, səh. 245).

Bir hədisin sonunda belə deyilir: “…Cənnət əhalisi cəhənnəmdən çıxarılan kəslər haqqında deyər: “Bunlar Rahmənin azad etdikləridir. Allah onları heç bir yaxşılıq etməmiş, keçmiş heç bir xeyir əməli olmadığı halda Cənnətə saldığı kimsələrdir”. (Muslim, 182-183).

İbn Həcər (Allah ona rəhm etsin) buyurur: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “Allah onları heç bir yaxşılıq etməmiş, keçmiş heç bir xeyir əməlləri olmadığı halda…” sözünün mənası namaz qılmayanın Allahın azad etdikləri arasında Cəhənnəmdən çıxacağına bir dəlildir”. (Fəthul-Bəri, 11/ 465).

Həmçinin, İbn Həcər (Allah ona rəhm etsin) buyurur: “Biz bacardığımız qədər namazı tərk edəni təkfir etməkdən çəkinməliyik. Bu hədisin namazı tərk edən bir müsəlmanın kafirlərlə bərabər Cəhənnəmdə əbədi qalmayacağına dəlalət etməsinə baxmayaraq, bəzi kəslərin insanları şübhəyə salaraq  bunu inkar etdiyi mənə çatmışdır. Bu çox qəribə bir təkəbbürlükdür. Bu mənə nəyin bahasına olursa olsun, Quran və Sünnədən olan dəlilləri rədd edərək, öz məzhəbini saxlayan bəzi təqlidçi inadkar əhlini xatırladır. Şübhəsiz ki, hədis (şəfaət hədisi) – oddan ilk çıxanların üzlərinə atəş dəyməmiş namaz qılanlardan olmasına, ikinci və üçüncü çıxardılanlar isə namaz qılmayanlardan olmasına açıq aşkar dəlalət edir”. (Fəthul-Bəri, 12/ 300).

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: “Namazı tərk etmək əməli küfrdür! Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurur: “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür!” (Muslim, 218). Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu hədisdə küfr kəlməsi ilə, əməli küfrü qəsd etmişdir, İslamdan çıxaran etiqadı küfrü qəsd etməmişdir”. (Kitəbus-Saləh, səh. 73).

Həmçinin, İbn əl-Qeyyim (Allah ona rəhm etsin) bu kitabında deyir: “Namazı tərk edən kəs, insanların qarşısında əlləri və gözləri bağlı halda, başının üzərində də qılınc tutularaq namaza dəvət olunarsa, o isə: “Öldürün məni, mən heç vaxt namaz qılmayacağam!” deyərək qılmamaqda israr edərsə, bu şəxsin (İslamdan çıxaran) küfr etməsində şübhə edilməz”.

Şeyx Albani (Allah ona rəhm etsin) deyir: “İbnul-Qeyyimə görə tənbəllikdən dolayı namaz qılmayan küfrə girməz. Etiqadı küfr edərsə (yəni, öldürülsə də namaz qılmaqdan imtina edərsə), o kafir olar. Necə ki, İbnul-Qeyyimin yuxarıdakı sözləri buna dəlalət edir”. ((əl-Albani “Kitəbu Tərkus-Saləh”)

İmam Tahavi (Allah ona rəhm etsin) buyurur: “Biz namaz qılmayana namaz qılmağı əmr edərik. Lakin kafirə ilk öncə namaz qılmağı əmr etmərik. Namazı tərk edən bu əməli ilə kafir olmuş olsaydı, biz ona öncə (namazı yox) İslamı (şəhadəti) əmr edərdik. Namazı tərk edənə İslama girməsini əmr etmədən öncə, namaz qılmasını əmr etməyimiz dəlalət edir ki, o namaz əhlidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) namazı tərk edəni kafir görsə də, hüccətin şərt olduğunu deyir. Sual: "Şeyx insan müxaləfə etdikdə onun başına gələcək (ona tətbiq ediləcək hökmlər) barədə cahildirsə üzrlü sayılırmı? Məsələn, namazı tərk etməyin küfr olduğunu bilmir?"
Şeyx Saleh əl-Useymin (Allah ona rəhmət etsin) deyir: "Etdiyi şeyin şəriətə zidd olduğunu bilən insan, necəki bunun dəlilini onda zikr etdik (bu dəlil Ramazan orucu vaxtı ailəsi ilə yaxınlıq edənin hədisidir. Həmin insan bildi ki, Ramazan günlərində cinsi əlaqədə olmaq olmaz, amma cinsi əlaqədə olarsa başına nə gələcəyini bilmirdi. Buna baxmayaraq Rəsulullah (salləllahu aleyhi və səlləm) ona kəffarə əmr edir.) müxalif olduğu şeyə görə başına nələr gələcəyindən cahil olsa belə, bu barədə üzrlü sayılmır. Buna görə də namazı tərk edən müsəlmanların arasında yetişibsə ona gizli deyil ki, o, şəriətə müxalif olmuşdur, günah etmişdir. Bu zaman namazı tərk etməyin küfr olmasını bilməsə belə kafir olur. Amma əgər o insan elə bir ölkədə yetişib ki, o ölkədə namaz qılmayanı kafir görmürlər və həmən ölkədə də məşhur və aralarında gedən rəy budursa, o, öz ölkəsinin elm əhlinə təqlid etdiyi üçün KAFİR OLMUR. Eləcə də əgər onların elm əhli bir haramı haram görmürsə həmən ölkədə o haramı edən insanlar günah daşımır, çünki adi insanların işi təqlid etməkdir. Uca Allah buyurur: "Əgər bilmirsinizsə zikr əhlindən soruşun" (əl-Ənbiya, 7). Allah müvəffəq etsin". ("Məcmu əl-Fətəva", 225).