Alimlərin namaz qılmayan barədə sözləri

English
Əhli-Sünnə vəl-Cəməanın əksər alimləri namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər. Burada belə bir sual ortaya çıxır: Əgər təmbəlliyindən dolayı namaz qılmayan kafir deyilsə, onda namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşək? Namaz qılmayanı kafir saymayan alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini açıqlamaqdan əvvəl hədislərdə keçən kafir kəlmələrini doğru düzgün başa düşmək üçün küfrün (kafirin) iki növünün olduğunu bildirmişlər. Küfr iki yerə bölünür.
  1. Kiçik küfür (Kiçik kafirlik, və yaxud kiçik, əməli kafir). Sahibini dindən çıxarmır.
  2. Böyük küfür (Böyük kafirlik və yaxud böyük kafir). Sahibini dindən çıxarır.

Həmçinin, belə hədislərin yalnız namaz barəsində deyil, digər günahlar haqqında da nəql olunduğunu qeyd etmişlər.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur:

  • “Məndən son­ra bir-birinizin boynunu vuran kafirlərdən olmayın!” (əl-Buxari, 121; Muslim, 232).
  • “Bizimlə kafirlərin arasındakı əhd namazdır. Kim onu tərk edərsə, küfr etmiş olar” (ət-Tirmizi, 2623).
  • “Mü­səl­manı söymək günah, ona qarşı vuruşmaq isə küfrdür” (əl-Buxari, 48)
  • “(İki nəfərin arasında) söz gəzdirən Cənnətə girməz” (İbn Həcər “Fəthul-Bari” 10/ 472).
  • “Ərindən lazımsız səbəb olmadan talaq istəyən qadına Cənnətin qoxusu haram olar” (Əhməd, 22433, 22738).
  • “Kim qadını ilə heyzli ikən və ya arxadan əlaqədə olarsa, Muhəmmədə nazil olana küfr etmişdir” (Əbu Davud, 3904).

Alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini isə belə açıqlamışlar:

  • Bu günahların müsəlmanların əxlaqından olmadığı üçün.
  • Bu günahlarla kafirlər məşhur olduqlarına görə.
  • Bu günahların tədricən insanı İslamdan çıxartmasına səbəb olduğu üçün.
  • Günahın nə qədər şiddətli olmasını xatırlatmaq.
  • İnsanları tam çəkindirmənin ən kamil üslübu sayılılan “Günaha yaxınlaşmağın qarşısını almaq”, yəni bir şeyi tərk etmək üçün yaxınlaşmağı tərk etmək prinspidir, bu günahları edənləri  təkfir etmək deyil.

Buna bənzər misal bizim danışığımızda da var. Məsələn, “Kişi yalan danışmaz” və s. buna bənzər ifadələr. Amma biz bilirik ki, bu ifadə insanın kişiliyini tamamən yox etmir. Burda ancaq yalanın nə qədər pis bir əməl olduğu, kişiyə yaraşmayan bir sifət olduğu nəzərdə tutulur. Həmçinin, insan yalana yaxınlaşmasın deyə qarşısı kökündən alınmaq üçün belə deyilir.

Namaza gəldikdə isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Bizimlə kafirlərin arasındakı əhd namazdır. Kim onu tərk edərsə, küfr etmiş olar” (ət-Tirmizi, 2623. əl-Albani səhih olduğunu bildirmişdir). Başqa bir hədisdə isə tövhid əhli olub amma namaz qılmayanların uzun bir müddət Cəhənnəmdə yandıqdan sonra - Allah bizi qorusun - bu insanlar cəzalarını çəkdikdən sonra, Allahın rəhmətilə Cəhənnəmdən çıxarılacaqlar. (Muslim, 182-183). Digər hədisdə isə namazı tərk edən haqda “Allah istəsə onu əfv edər, istəsə əzab edər” və belə şəxs Allahın istəyi altında olduğu bildirilir. (Əbu Davud, 425; Əhməd, 22196. Şeyx əl-Albani hədisin səhih olduğunu demişdir).

Bir hədisə gərə onlar Cəhənnəmdən cıxarılacaqlarsa, digər hədisə görə Allahın istəyi altındadırlarsa, onda nəyə görə Peyğəmdər (salləllahu aleyhi və səlləm) hədisdə belə buyurur: “Bizimlə onların arasında əhd namazdır. Kim onu tərk edərsə küfrə düşər”. 

  • Çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları tam çəkindirmənin ən kamil üslübundan istifadə etmişdir. Həmçinin namaz qılmamaqla kafirlər tanındıqları üçün belə bir ifadə işlətmişdir, yaxud da bu günahlara düşənlərin əksəriyyətinin aqibətinin küfrlə nəticələnməsini bəyan etmək istəmişdir. (Şərh mə Cəə fit-Təncim Təvhid” kitabının şərhi, səh. 16).
  • Çünki, kafirlərin də özlərinə məxsus müəyyən miqdarda bizə bənzər ibadətləri var. Məs: onlardan da zikr edənlər, oruc  tutanlar, qurban kəsənlər, sədəqə verənlər, həftədə bir dəfə ibadətgahlarına toplananlar və s. ibadət edənlər var. Amma gündə beş dəfə namaza bənzəri  isə əsla yoxdur. 

Həmçinin, “Bizimlə kafirlərin arasındakı əhd namazdır, kim onu tərk etsə küfrə düşər” hədisini böyük küfür kimi başa düşmək Əhli-Sünnənin təməl qaynaqlarına zidd gəlir. Çünki, bizimlə kafirlərin arasında ən böyük və ən əsas fərq “lə iləhə illəllah” kəlməsidir, namaz deyil. Hədis ümümi olduğu üçün “lə iləhə illəllah” bu hədisdə zikr olunmamışdır. Əhli-Sünnə hədislər arasında ortaq məxrəcə gəlmək üçün hədisləri cəm edərək hökm verir. Bir qismini alıb, digər qismini tərk etmir. Məsələn: Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşurlar ki, “ən yaxşı əməl hansıdır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir hədisdə atana, digər hədisdə anana edilən yaxşılıq deyir. Başqa hədislərdə isə fərqli əməlləri zikr edir. Həmçinin, günahlar mövzusunda da belədir. Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) ən böyük günahları soruşanda bir hədisdə üç günah qeyd edir: Allaha şərik qoşmaq, aclıq qorxusu ilə uşağını öldürmək, bir də qonşunun məhrəmi ilə zina etmək. Başqa bir hədisdə ən böyük günahları soruşanda yeddi günah, digər hədisləərdə isə bu iki hədisdə keçməyən başqa günahları zikr edir. Başqa hədislərə əhəmiyyət verməyib ən böyük günahın ancaq iki günahdan ibarət olduğunu söyləmək insafsızlıqdır.

Əhməd ibn Ruşd (Allah ona rəhm etsin) buyurur: “Namaz qılmayanı təkfir edənlərin əlində bəzi əsərlərin zahirindən başqa dəlil yoxdur”. (“Fəthul-Aliyyil-Malik” 2/ 346).

Həmçinin, Muhamməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) buyurur: “Biz iki şəhadət xaricində qalan dörd əsası tərk edənləri təkfir etmirik”. (“Durarus-Səniyyə” 1/ 100-102). Digər yerdə deyir: “Biz yalnız alimlərin yekdilliklə kafir hesab etdiyi məsələlərdə kiməsə kafir deyib onunla döyüşürük”. (“Durarus-Səniyyə” 11/ 317).

Cumhur alimlərin rəyinə görə dəlillər əsasında namazın tərk edənin etdiyi küfr İslam ümmətindən çıxaran küfr deyildir.

İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) buyurur: “Müsəlmanlar namaz qılmayanı varis və miras verən kimi qəbul etmişlər. Əgər namazı tərk etmək İslamdan çıxaran küfr olsaydı, müsəlmanlar namaz qılmayanı varis və mirasçı olaraq qəbul etməzdilər”. (“Şərhul-Muhəzzəb” kitabı).

İmam əş-Şəukani (Allah ona rəhm etsin) buyurur: “Namazın vacibliyini təsdiq edib, lakin tənbəllikdən namaz qılmayan kəs haqda - hansıki insanların əksəriyyətinin halı belədir! - alimlər ixtilaf etmişdirlər. Belə ki: “Sələf və xələfin, cümhurun ən məşhurları olan İmam Malik, Şafii, Əbu Hənifənin bu haqda rəyləri belədir: “Tənbəllikdən namaz qılmayan kəs kafir sayılmır! Əksinə, o fasiq sayılır!” (Neylətul-Əvtar, 1/ 369).

İbn Hibban (Allah ona rəhm etsin) buyurur: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazı tərk edənə küfr kəlməsini mütləq şəkildə işlətmişdir. Çünki bir kəs namazı tərk edər və buna alışar, bununla da bütün fərzləri tərk edər. Fərzləri tərk etmək də onun fərzləri inkar etməsinə gətirib çıxarar. Ona görə Rəsulullah (salləllahu aleyhi və səlləm)  bu əməllərin nəticəsinə görə, o əmələ küfr hökmünü əvvəldə söyləmişdir. (yəni, namazı tərk etmək bir-başa İslamdan çıxaran küfr deyil, sadəcə o insanı küfrə salıb, İslamdan çıxara bilər deyə, küfr kəlməsi əvvəldə işlənmişdir). Ərəblər sonucda meydana gələn bir şeyin adını, lap əvvəldə söyləyirlər. Necə ki, Peygəmbər (salləllahu aleyhi və səlləm) demidi: “Quran haqqında mübahisə etmək küfrdür!” (Əbu Davud, 4605). Çünki, ola bilər ki, Quran haqda mübahisə edən kəs, nəticədə mütəşabih ayələr haqda şəkk etsin! Məhz bu səbəbdən Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu əməlin küfrə aparacağına görə, küfr sözünü əvvəldə işlətmişdir”. (əl-İhsan, 4/ 324).

İmam Əhmədin tələbəsi İmam Hafiz (Allah ona rəhm etsin) buyurur: “Kimsə fərzi (namaz, zəkat, oruc, həcc) tənbəllikdən dolayı tərk edərsə, o kəs Allahın istəyi altındadır. İstəsə ona əzab verər, istəsə bağışlayar!” (ət-Təbəqatul-Hənəbilə, 1/ 343). Bu sözləri Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) də öz kitabında zikr etmişdir. (əl-İman, səh. 245).

Bir hədisin sonunda belə deyilir: “…Cənnət əhalisi cəhənnəmdən çıxarılan kəslər haqqında deyər: “Bunlar Rahmənin azad etdikləridir. Allah onları heç bir yaxşılıq etməmiş, keçmiş heç bir xeyir əməli olmadığı halda Cənnətə saldığı kimsələrdir”. (Muslim, 182-183).

İbn Həcər (Allah ona rəhm etsin) buyurur: “Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “Allah onları heç bir yaxşılıq etməmiş, keçmiş heç bir xeyir əməlləri olmadığı halda…” sözünün mənası namaz qılmayanın Allahın azad etdikləri arasında Cəhənnəmdən çıxacağına bir dəlildir”. (Fəthul-Bəri, 11/ 465).

Həmçinin, İbn Həcər (Allah ona rəhm etsin) buyurur: “Biz bacardığımız qədər namazı tərk edəni təkfir etməkdən çəkinməliyik. Bu hədisin namazı tərk edən bir müsəlmanın kafirlərlə bərabər Cəhənnəmdə əbədi qalmayacağına dəlalət etməsinə baxmayaraq, bəzi kəslərin insanları şübhəyə salaraq  bunu inkar etdiyi mənə çatmışdır. Bu çox qəribə bir təkəbbürlükdür. Bu mənə nəyin bahasına olursa olsun, Quran və Sünnədən olan dəlilləri rədd edərək, öz məzhəbini saxlayan bəzi təqlidçi inadkar əhlini xatırladır. Şübhəsiz ki, hədis (şəfaət hədisi) – oddan ilk çıxanların üzlərinə atəş dəyməmiş namaz qılanlardan olmasına, ikinci və üçüncü çıxardılanlar isə namaz qılmayanlardan olmasına açıq aşkar dəlalət edir”. (Fəthul-Bəri, 12/ 300).

İbnul-Qeyyim (Allah ona rəhm etsin) buyurur: “Namazı tərk etmək əməli küfrdür! Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurur: “Müsəlmanı söymək fasiqlik, öldürmək isə küfrdür!” (Muslim, 218). Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu hədisdə küfr kəlməsi ilə, əməli küfrü qəsd etmişdir, İslamdan çıxaran etiqadı küfrü qəsd etməmişdir”. (Kitəbus-Saləh, səh. 73).

Həmçinin, İbnul-Qeyyim (Allah ona rəhm etsin) bu kitabında deyir: “Namazı tərk edən kəs, insanların qarşısında əlləri və gözləri bağlı halda, başının üzərində də qılınc tutularaq namaza dəvət olunarsa, o isə: “Öldürün məni, mən heç vaxt namaz qılmayacağam!” deyərək qılmamaqda israr edərsə, bu şəxsin (İslamdan çıxaran) küfr etməsində şübhə edilməz”. Şeyx Albani (Allah ona rəhm etsin) deyir: “İbnul-Qeyyimə görə tənbəllikdən dolayı namaz qılmayan küfrə girməz. Etiqadı küfr edərsə (yəni, öldürülsə də namaz qılmaqdan imtina edərsə), o kafir olar. Necə ki, İbnul-Qeyyimin yuxarıdakı sözləri buna dəlalət edir”. (əl-Albani “Kitəbu Tərkus-Saləh”)

Namaz, oruc, zəkat, həcc kimi ibadətlərin ilk şərtinin “müsəlman olması” bu əməllərdən qabaq insanın müsəlman olmasına dəlildir. Yəni insan ilk olaraq müsəlman olur ki, namaz, oruc, həcc ona vacib olur. Müsəlman olmasaydı bu ibadətlər ona vacib olmazdı. Deməli kafirə namaz, oruc, həcc vacib deyil, çünki bu ibadətlərin vacib olması üçün ən birinci şərti kafirdə yoxdur".

Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ramazan ayında qəsdən orucu pozan kimsəyə kəffarəni və orucu əmr etməsi də bu qəbildəndir. Oruc da müsəlmanlardan başqasından, yəni qeyri müsəlmanlardan qəbul olunmaz. Necə ki, bir insan İslamın fərz etdiyi beş vaxt namazı qılmadan öncə, Ramazan orucu tutmadan öncə və s. bu kimi ibadətlərdən birini etmədən öncə şəhadət kəlməsini iqrar edərək müsəlman olur, elə də, bu kəlməni inkar etməklə kafir olur. Əməllərdən hər hansısa birinin vacibliyini inkar etmədən, o əməli tərk edərsə (namaz qılmazsa, oruc tutmazsa və s.), o kəs kafir olmaz. O, İslamı iqrar etməklə müsəlman olduğu kimi, mürtədliyi də İslamı inkar etməklə olur!” (Muşkuli Əsar, 4/ 228).

Hənbəli alimlərindən olan Şeyx Mərdaviyyin (Allah ona rəhm etsin) deyir: “Əhməd ibn Hənbəlin məzhəbinin səhih rəyinə görə namazı tənbəllikdən tərk edən təkfir edilməz. Əshabımızın əksəriyyətinin üzərində ittifaq etdiyi doğru rəy də məhz budur”. Ən məşhur Hənbəli alimlərindən olan İbn Qudamə və İbn Batta (Allah onlara rəhm etsin) da bu rəydə olmuşlar.

İbn Qudəmə (Allah ona rəhm etsin) deyir: “İbn Batta namaz qılmayanın küfr etdiyini söyləyən kəsləri rədd etmişdir. Bu eyni anda fəqihlərin də sözüdür. Əbu Hənifə, İmam Məlik, İmam Şafii və s. imamlar bunlardandır”. (Bu sözlərdən sonra, İbn Qudamə (Allah ona rəhm etsin) fəqihlərin bu rəyinin səhih olduğunu hədislərlə isbat edir). İbn Qudamə (Allah ona rəhm etsin) buyurur: “Namazı tərk edən mütləq olaraq kafir olsaydı, İbn Teymiyyə onu Allahın istəyinə buraxmazdı (yəni, deməzdi ki, “o, Allahın istəyi altındadır!”)”. Həmçinin, İbn Qudamə (Allah ona rəhm etsin) buyurur: “Namazı tərk edənin mütləq olaraq təkfir edilməməsində müsəlmanlar icma etmişlər, çünki biz namazı tərk edənin cəsədinin yuyulmadığını, cənazə namazının qılınmadığını və onun mirasçı edilmədiyini heç bir zaman görməmişik. Əgər namazı tərk edən küfrə girsəydi, şübhəsiz ki, bu hökmlər tətbiq edilərdi (yəni, o yuyulmaz və ona cənazə namazı qılınmazdı)”. (Şərhi Kəbir, 1/ 385).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Artıq müsəlmanlar ittifaq ediblər ki, hər kim şəhadət kəliməsi ilə gəlməzsə (yəni dili ilə səbəbsiz tələffüz etməzsə), o insan kafirdir. O ki qaldı İslamın şəhadətdən sonra olan dörd (namaz, zəkat, oruc, həcc) rüknuna, bu barədə yəni, bunların (namaz, zəkat, oruc, həcc) tərki barəsində müsəlmanlar ixtilaf etmişlər. Biz dedikdə ki, “Əhli-Sünnə ittifaq edib ki, müsəlman işlətdiyi günaha görə təkfir edilmir” - biz bu sözlə günahları nəzərdə tuturuq. Məs: zina kimi, şərab kimi və s. Amma İslamın dörd rüknu, bunların tərkinin hökmü barəsində məşhur ixtilaf vardır. İmam Əhməddən (Allah ona rəhm etsin) bu rəylər vardır:

  • Bir rəydə bildirir ki, “bu dörd rükndan hər hansı birini tərk edən təkfir olunur”. İmam Əhmədin bu rəyini Əbu Bəkr və Malikilərdən bir neçəsi, məsələn, İbn Həbib üstün görmüşdür.
  • İkinci rəydə bildirir ki, “dörd rükundan yalnız namazı və zəkatı tərk edən təkfir olunur”.
  • Üçüncü rəyində isə bildirir ki, “əgər imam onun üzərinə vuruşarsa, namazı və zəkatı tərk edən təkfir olunur”.
  • Dördüncü rəyində isə bildirir ki, “bu dörd rükundan yalnız namazı tərk edən təkfir olunur”.
  • Beşinci rəyində isə bildirir ki, “bu dörd rüknun tərkinə görə insan təkfir olunmur”. Yəni, əgər insan namaz qılmasa, zəkat verməsə, oruc tutmasa və həcc etməsə, o insan müsəlman sayılır“.

Sonra İbn Teymiyyə (Allah ona rəhm etsin) bu sözlərin sonunda buyurur: “Bu sözlər sələflərdə məşhur (açıq aydın) idi”. Həmçinin, Şeyxul-İslam (Allah ona rəhm etsin) buyurur: “Bu (namazı tərk edəni müsəlman görmək) cümhur alimlərin rəyidir!” (Məcmuul-Fatava). Hənbəli məzhəbinin tanınmış alimi İbn Qudamə, İbn Batta və digərləri İmam Əhməddən rəvayət olunan rəylərdən ən səhih şəhadətdən sbaşqa bu dörd rükndən hər hansı birini tərk eən kafir sayılmır.

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Bir kəs ki, öldürülmək (təhlükəsi ilə üz-üzə qalaraq) namaz qılmaqdan imtina edərsə, o, namazın vacibliyini daxilən təqdir etməyən və onu özünə gərək bilməyən biri hesab edilər. Müsəlman alimlərinin rəyinə əsasən bu kəs kafirdir. Belə kəslərin küfrü ilə bağlı səhabələrin fikirləri açıq-aydın şəkildə bildirilmişdir. Eyni zamanda bunu səhih hədislərdən gətirilən iqtibaslar da sübut edir”. (Məcmuul-Fətəva, 2/ 48). Həmçinin, İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Artıq Uca Allah Rəsulların sonuncusunu Muhəmməd ilə (salləllahu aleyhi və səlləm) xətm etmişdir. Müsəlman olmaq üçün yalnız şəhadəti söyləməlisən. Bu şəhadət kəlməsi ilə insan İslam dininə daxil olur. Kim “İslam Kəlmədir” söyləsə və bunu qəsd edərsə, artıq düzgün demişdir. Bundan sonra (yəni, şəhadəti gətirdikdən sonra) insan Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmrlərini, zahiri əməllər ilə yerinə yetirməlidir. Məs: namaz kimi, oruc kimi, zəkat kimi, həcc kimi. Əgər bunlardan hansısa birini tərk edərsə, artıq İslamı naqisləşdirmişdir”. (Məcmuul-Fatava, 7/ 269).

İbn Teymiyyənin məşhur tələbəsi İbn Racəb (Allah onlara rəhm etsin) buyurur: “Hədisdə keçir ki, Uca Allah Öz rəhməti ilə elə bir insanları cəhənnəmdən çıxardacaq ki, onlar heç bir xeyir əməl işlətməmişlər. Burada xeyir əməl deyildikdə - zahiri əməllər qəsd edilir”. (“Təxviyfun-Nər”, səh. 285.)

İmam əz-Zuhri (Allah ona rəhm etsin) böyük tabiinlərdən idi və ona “Buhurul-Elm” (elm dənizi) deyirdilər. İmam Zuhri (Allah ona rəhm etsin) buyurur: “İslam kəlmədir, iman isə əməldir”. Həmçinin, sələfilər İslamı kəlmə, imanı isə əməl görürdülər. (əl-Xalləl, “əs-Sunnəh”, 4/ 13).

Bu sözdə də İmam əz-Zuhrinin (Allah ona rəhm etsin) məqsədi odur ki, insan kəl­məyə görə İslamla vəsf olunur. Yəni, insan ən aşağı hədlə kəl­məyə görə müsəlman sayılır. Dünya hökmünə görə tək kəlməni demək kifayət edir, Axirət hökmünə görə isə, bu kəlməyə mütləq qəlbi əməl qoşulmalıdır. Amma Cənnətə əzabsız düşmək üçün, yəni kamil mömin olmaq üçün mütləq zahiri əməllər edilməlidir.

Şeyxul-İslam İbn Teymiyyə İmam əz-Zuhrinin (Allah onlara rəhm etsin) bu sözünü şərh edərkən bu sözü təsdiqləyərək buyurur: “İnsan Allahdan başqa haqq ilahın olmadığına və Peyğəmbərin Allahın qulu və elçisi olduğuna şəhadət gətirmiyincə müsəlman ola bil­məz. Bu kəlmə ilə insan İslama daxil olur. Kim desə ki, İslam kəlmədir və bunu qəsd etsə, artıq doğru demişdir. Bu kəlməni dedikdən sonra Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmr etdiyi zahiri əməlləri etmək lazımdır və kim bu zahiri əməllərdən nəyisə tərk etsə artıq onun İslamı naqisləşir”. (İbn Teymiyyə “Məcmuul-Fətava”, 7/ 269).

Saleh ibn Əhməd ibn Hənbəl atasından soruşdu: “İman necə artıb, azalır?” İmam Əhməd (Allah ona rəhm etsin) buyurdu: “Artması əməl etmək, azalması isə əməli tərk etməkdir”. (əl-Xalləl, “əs-Sunnəh”, 3/ 588). Məs: namazı, zəkatı, həcci və sair fərzləri tərk etmək kimi.

Muhamməd ibn Cərir ət-Təbəri (Allah ona rəhm etsin) buyurur: “Biz böyük günah sahiblərinə mütləq şəkildə deyirik ki, onlar müsəlmandır, çünki Allahı təkləşdirib və onun Rəsulunun (salləllahu aleyhi və səlləm) gətirdiyini təsdiqləyən müsəlmandır”. (ət-Tabəri “ət-Təbsir fi Məalimid-Din”, 183). Bəziləri deyiblər ki, “iman qəlblə bilmək, dillə iqrar etmək və bədən üzvləri ilə əməl etməkdir. Kim bunların ikisi ilə gəlsə, yəni o kəsdə üçüncü olmasa ona mömin demək caiz deyildir. Lakin ikisi ilə gəlsə, yəni qəlblə bilsə və dillə təsdiq etsə və əməli zay etsə, yəni əməli olmasa deyirik müsəlmandır”. (ət-Tabəri “ət-Təbsir fi Məalimid-Din”, 188).

Muhəmməd ibn Batta (Allah ona rəhm etsin) deyir: “Bir insan imandan İslama çıxa bilər, İslamdan isə yalnız şirk ilə və ya hansısa fərzləri inkar edə­rək çıxır. Tənbəllikdən tərk etsə isə Allahın istəyi altında olar”. (İbn Batta “əş-Şərhu val-İbənə”, 183).

İbn Məndəh (Allah ona rəhm etsin) deyir: “Camaat əhli, yəni Əhli-Sünnəyə görə iman budur: “Dil, qəlb və bədən üzvləri ilə olan itaətlərin hamısı imandandır. Həmçinin, imanın kökü və budağı vardır”. Daha sonra əslini izah edərək buyurur: “İmanın əsli - Allahı tanımaq, Onu və Ondan gələn hər bir şeyi dil və qəlblə təsdiq etmək, Onu sevmək, Ondan qorxmaq, Ona təzim etmək və bununla yanaşı inadkarlığı və təkəbbürlüyü tərk etməkdir. Əgər kimsə bu şeylərlə gələrsə, artıq imana daxil olmuşdur və mömin adlanır. Ona imanın əhkamları tətbiq olunur. Bu insan imanını kamil etmək üçün fərzləri yerinə yetirib qadağanlardan çəkinməlidir. Bu da zahiri əməllərdir”. (İbn Məndəh “Kitəbul İmən”, 1/ 331).

İbn Abdul-Bərr (Allah ona rəhm etsin) beş namaz hədisini şərh edərkən buyurur: “Bu hədis dəlalət edir ki, müsəlmanlardan namaz qılmayanlar Allahın istəyi altındadır. Hətta, tövhid əhli olub, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) gələn­lərə iman gətirib təsdiq edib, lakin əməl etməsə belə”. (İbn Abdul-Bərr “Hidəyətul-Mustafid min Kitəbit-Təmhid Liş-Şeyx Atiyyə Səlim”, 3/ 290). Diqqət edin! “Ua in ləm yəa’məl!” - “əməl etməsə belə!” Yəni, əməl etməsə belə Allahın istəyi altındadır. İndi kim deyə bilər ki, İbn Abdul-Bərr murciyə olub? Əlhəmdulilləh, İbn Abdul-Bərr böyük sələfilərdən idi. Həmçinin, İbn Abdul-Bərr cariyənin hədisini şərh edərkən buyurur: “İki şəhadət kəliməsini sadiq qəlb ilə deyən mömindir”. (İbn Abdul-Bərr “Hidəyətul-Mustafid min Kitəbit-Təmhid Liş-Şeyx Atiyyə Səlim”, 10/321).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Uca Allah “Yə əyyuhəl­ləzinə əmənu”, yəni “Ey iman gətirənlər!” dedikdə, bu xitaba, zahirdə imanını izhar edən daxildir. Həmçinin, kim batinində Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyini təsdiq etsə, artıq Allahın “Yə əyyuhəl­ləzinə əmənu” xitabına daxildir, asi olsa da belə. Sonra isə buyurur: “Və hətta batini və zahiri vacibləri etməsə belə”. Yəni əməl etməsə belə. Sonra Şeyx buyurur: “Həmçinin kimdə imanın əvvəli olsa artıq onlardan sayılır yəni, iman əhlindən sayılır. Çünki, o insan batinində, yəni qəlbində Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vacib etdiyi şeylərin vacibliyini və haram etdiyi şeylərin haramlığını iqrar edirdi. Məhz bu da imanın sihhətidir”. Açıq aydın deyir ki, imanın sihhəti qəlb ilə vacibləri iqrar  edib, həmçinin haram olan şeylərin də haramlığını iqrar etməkdir. Daha sonra Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) imanın kamilliyini qeyd edir və sözünün ardınca buyurur: “O ki qaldı imanın kamilliyinə, imanın kamilliyi əmrləri yerinə yetirib qadağalardan çəkinməkdir”. (İbn Teymiyyə "Məcmuul-Fətava" 7/ 423). O, açıq aydın buyurdu ki: İmanın sihhəti dil ilə iqrar edib qəlb ilə təsdiq etməkdir, kamilliyi isə əmrləri edib qadağalardan çəkinməkdir.  Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “İmanın əsli qəlbdə, kamilliyi isə zahiri əməllərdə olur”. (İbn Teymiyyə “Məcmuul-Fətava”, 7/ 637).

Həmçinin, Şeyxul-İslamın tələbəsi olan Hafiz İbn Abdul-Hədi (Allah onlara rəhm etsin) öz kitabında Şeyxul-İslam ilə İbn Murahhəl adında birinin münazirəsini zikr edir və orada geniş münazirə əsnasında İbn Teymiyyə (Allah ona rəhm etsin) bu məsələyə toxunaraq buyurur: “Əhli sünnə deyir ki, imanın furusunu (yəni budaqlarını) tərk edən kafir olmur, hətta imanın əslini tərk etməyincə. İmanın əsli isə etiqaddır”. İbn Temiyyə S açıq-aydın qeyd edir ki, imanın budaq­larını tərk edən insan kafir sayılmır. İnsan o vaxt kafir sayı­lır ki, imanın əslini tərk edir. O da etiqaddır. Hətta həmin mü­na­zirədə deyir ki, “Əməlləri tərk edəni kafir sayanlar xava­ric­lərdir”. (Həfiz İbn Abdul-Hədi “əl-Uqudud-Dəriyyə” səh. 94-96).

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) də zahiri əməlləri imanın kamilliyi üçün şərt görmüşdür. O buyurur: “İman söz və əməldir. Söz deyəndə yəni qəlbin sözü və dilin sözü nəzərdə tutulur. Həmçinin, əməl deyəndə qəlbin və bədən üzvlərinin əməli nəzərdə tutulur”. İbn əl-Qeyyim (Allah ona rəhm etsin) bu sözləri dedikdən sonra buyurur: “Kim Allahı qəlbi ilə tanısa, lakin dili ilə iqrar etməsə mömin olmur. Həmçinin, kim dili ilə desə, lakin qəlbində heç nə olmasa, o insan mömin deyil münafiq sayılır". (Yəni, qəlbi iman gətirmədiyi halda dili ilə deyərsə, şəkk yoxdur ki, münafiqdir). Həmçinin, kim qəlbi ilə bilər və dili ilə iqrar edərsə, tək bununla mömin ola bilməz, hətta qəlbi əməlləri olmasa”. Və bir neçə qəlbi əməlləri sayır və bildirir ki, qəlbi əməllər mütləq olmalıdır. Yəni mömin olmaq üçün dil ilə iqrar etdikdən sonra mütləq qəlbi əməllər olmalıdır. Məs: sevgi, qorxu və s. bu kimi qəlbi əməllər. Yəni İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur ki, tək dillə deyib qəlbən Allahı tanımaqla insan mömin olmur, yəni mömin olmaq üçün mütləq qəlbi əməllərin olmalıdır. İbn əl-Qeyyim (Allah ona rəhm etsin) sözünə davam edərək buyurur: “Əgər bunları etsə, yəni dili ilə iqrar etsə və qəlbi əməlləri olsa, əmr olunanları yerinə yetirmədikcə bu iki şey onun imanının kamil olması üçün kifayət deyildir”. (İbn əl-Qeyyim bunları “İddətus-Sabirin” kitabının 141-ci səhifəsində qeyd edir).

Baxın, İbn əl-Qeyyim (Allah ona rəhm etsin) açıq aydın bildirdi ki, dil ilə iqrar edib, qəlbi əməllər ilə gələn insan mömin olur, lakin imanı kamil olmur. Demədi ki, “imanı olmur”, dedi ki, “imanı kamil olmur”. İmanın kamil olması üçün əmr olunanları etməlidir. Əmr olu­nanlar isə zahiri əməllərdir. Zahiri əməllər isə imanı kamil­ləşdirmək üçündür. Yəni, İbn əl-Qeyyim S açıq aydın deyir ki, imanı kamilləşdirmək üçün zahiri əməlləri etməlisən. Həmçinin, başqa bir yerdə buyurur: “İman ağacının əsli qəlbdə sabitdir, budağı isə saleh əməllərdir”. (İbn əl-Qeyyim “Tariyqul Hicrateyn”, səh. 91).

İbn Rəcəb (Allah ona rəhm etsin) Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) şəfaət hədisini şərh edərkən buyurur: “Bu hədis dəlalət edir ki, iman söz, yəni tövhid kəlməsi və qəlbi əməldir”. Sonra buyurur: “Tövhid əhlindən olan günahkarlar, bu iki şeylə, (yəni, dillə iqrar edib qəlbi əməli olarsa) Cəhənnəmdən çıxacaq­lar”. (İbn Rəcəb “Fəthul-Bəri”, 1/ 88).Yəni, İbn Rəcəb (Allah ona rəhm etsin) bildirir ki, bu ikisi ilə insan tövhid əhli ola bilər. Həmçinin, İbn Rəcəb (Allah ona rəhm etsin) başqa kitabında buyurur: “Şəfaət hədi­sində keçən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sözündə olan murad budur: “Onlar heç bir xeyr əməl işləməyiblər”- yəni, “zahiri əməllərdən heç birini etməyiblər”. (İbn Rəcəb “Təxviyfun-Nər”, səh. 285).

İbn Əbil-İzz (Allah ona rəhm etsin) iman mövzusunda danışarkən buyurur: “Artıq Əhli-Sünnə icma edib ki, kim qəlbi ilə təsdiqləyib, dili ilə iqrar etdikdən sonra, əzalarla əməl etməkdən imtina edərsə, Allaha asi olmuş sayılır”. (İbn Əbil-İzz “Şərhut-Tahaviyyə” 463). 

İmam ət-Tahavi (Allah ona rəhm etsin) buyurur: “Biz namaz qılmayana namaz qılmağı əmr edərik. Lakin kafirə ilk öncə namaz qılmağı əmr etmərik. Namazı tərk edən bu əməli ilə kafir olmuş olsaydı, biz ona öncə (namazı yox) İslamı (şəhadəti) əmr edərdik. Namazı tərk edənə İslama girməsini əmr etmədən öncə, namaz qılmasını əmr etməyimiz dəlalət edir ki, o namaz əhlidir.

İmam Hafiz əs-Səxavi (Allah ona rəhm etsin) buyurur: “Vacibliyini qəbul edərək üzrsüz, tənbəllikdən namazını tərk edən şəxs əksər şəriət alimlərinin qəti və səhih dəlillərinə əsasən kafir sayılmır”. (əl-Fətava Hədisiyyə, 2/ 84).

Şeyx əl-Albani (Allah ona rəhm etsin) buyurur: “Alimlər şəriətdə namazın olduğuna iman gətirməklə yanaşı, namaz qılmayan kəs barədə ziddiyyətli fikirlər söyləmişdir. Alimlərin böyük əksəriyyətinə görə namaz qılmayan kafir sayılmaz, fəqət o, fasiq olar!” Əhməd ibn Hənbəl (Allah ona rəhm etsin) isə demişdir: “Namaz qılmayan kafir sayılır və o, müsəlmana verilən cəza ilə deyil, mürtədliyinə görə öldürülür!” Səhabələrdən rəvayət edilir ki, “Onlar namazdan başqa əməllərin hər hansı birinin tərk edilməsini küfr saymırlar!” (ət-Tirmizi, əl-Həkim, Albani səhih oduğunu bildirib). Bu məsələdə mən İmam Əhmədin görüşünü deyil, əksər alimlərin rəyini doğru görürəm. Səhabələrdən nəql edilən “küfr”  sahibini əbədi odda saxlayan küfür deyil. Hədislərdə səhabələrdən nəql edilən  “küfr”  bu məsələdə nə qəti bir dəlil deyil. Hər halda Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) ən məşhur səhabələrdən biridir. O, bu məsələni təqribən Əhməd ibn Hənbəl kimi dərk edən Sila bin Zufərin yanlış başa düşdüyünü bildirir. Sila ibn Zufər: “Onlar namaz və başqa şeyləri bilmədikləri halda “Lə iləhə illəllah” söyləməkləri onlara fayda verməz!”- demiş və bunu bir neçə dəfə təkrar etmişdir. Hər dəfə Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) cavab vermək istəməsə də, nəhayət ona belə demişdir: “Ey Sila, “Lə iləhə illəllah” onları oddan qurtaracaq!” Huzeyfə bu sözünü üç dəfə təkrarlamışdır. Bu ifadə namaz qılmaqdan uzaqlaşan şəxsin kafir olmadığına, əksinə müsəlman kimi Qiyamət günü Cəhənnəmdə əbədi qalmaqdan xilas olacağına Huzeyfənin (Allah ondan razı olsun) gəldiyi qəti bir qənaət idi”. (Silsilətul-Əhədisis-Səhihə, 1/ 115-116). Həmçinin, Şeyx Albani (Allah ona rəhm etsin) buyurur: “Fəqət burada bir incəlik vardır ki, ona fikir verən çox az adam gördüm. Bu səbəbdən onu araşdırıb izah etmək zəruridir. Namazı tənbəllik üzündən tərk edən adam vəfat edərsə, o müsəlman olaraq qalır. Zəmanəmizdəki vəziyyət də belədir. Lakin namazı tərk edən kəs öldürülməklə namaz qılmaq arasında, bunların ikisindən birini özünün seçməsi şərti ilə sərbəst buraxıldıqda, o, ölümü qəbul edərək, namaz qılmamaqda israr edərsə, həmin şəxs bu halda kafir kimi ölər”. (Silsilətul-Əhədisis-Səhihə, 87).

Şeyx Abdul-Aziz ər-Racihiyə (Allah onu qorusun) belə bir sual verilir: “Allah sizə rəhm etsin. Əgər insan ümumiyyətlə namaz qılmırsa, ona şəxsən kafir demək olar?”

Şeyx Abdul-Aziz ər-Racihi (Allah onu qorusun) cavab verir: “Xeyr! İxtilaflı olan məsələlərdə fərdi  şəxslərə kafir deyilmir”. Şeyx Rabi əl-Mədxəli (Allah ona rəhm etsin) cahilliyin üzürlü olmasi barəsində buyurur: “İbn Teymiyyənin, İbn əl-Qeyyimin (Allah onlardan razı olsun) bu məsələdə mənhəci açıq-aydın dəlillər üzərində bina olunub və bu da Allahın izni ilə sələfin mənhəcidir. Kim bundan başqasını götürər, bundan başqsı ilə qane olar və susarsa, bizim onda işimiz yoxdur. Amma gedib fitnə qaynadar, başqalarını azmış sayar və təkfir edərsə, Allaha and olsun ki, onun barəsində susmaq yoxdur. Mən cavanlara bu məsələni (namaz qılmayanlar kafir demək)tərk etməyi nəsihət edirəm. Ona görə nəsihət edirəm ki, bu məsələ müsəlmanların arasında fitnə və şər səpmək üçün bir vasitədir. Mən sələf olan cavanlara nəsihət edirəm ki, bu məsələyə girməsinlər. Allah sizə bərəkət versin! Doğru olan məzhəb hüccət qaldırmağı şərt görməkdir. Əgər kiməsə bu üstün görsənməzsə, ona vacibdir ki, sussun və başqalarına ehtiram etsin, onları azğınlıqda ittiham etməsin. Çünki, haqq onlardadır, Allahın Kitabı, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnəsi və sələflərin mənhəci onlardadır. Kimsə təkfir etmək istəyərsə, onda sələfləri təkfir edir! İbn Teymiyyəni və ibn Abdul-Vahhabı (Allah onlara rəhm etsin) təkfir edir. Şeyx Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) deyir: “Biz qəbirlərin ətrafında təvaf edənləri və ona ibadət edənləri, hətta onlara hüccət qaldıranadək təkfir etmirik. Çünki, onlara öyrədən, bəyan edən olmayıb”. (Fətəva fil Aqidə val-Mənhəc” 2-ci dərs).

Şəfaət hədisləri və buna oxşar olan hədislər dəlalət edir ki, bir insan qəlbi təsdiqlədiyi halda “Lə iləhə illəllah” deyərsə, Cəhənnəmdə əzab çəksə belə, onun son mənzili Cənnət olacaqdır. Bununla da bilinir ki “Zahiri əməllər” imanın keçərli olması (sihhəti) üçün yox, əksinə kamilliyi üçün şərtdir. Şeyx əl-Albani (Allah ona rəhm etsin) “Namazı tərk edənin hökmü” adlı kitabında deyir: “Saleh əməllər (yəni, zahiri əməllər) hamısı Əhli-Sünnəyə görə imanın kamilliyi üçün şərtdir”. Sələflərin ittifaqına görə imanın əsli qəlblə deyib dillə təsdiq etmək, furusu isə zahiri əməllərlə göstərməkdir. Misal olaraq bir ağacı qeyd edək. Ağacın kökü və budaqları olur. Əgər ağacın budaqları kəsilərsə, o demək deyil ki, ağac məhv oldu. Xeyr, sadəcə olaraq budaqların olmaması ağacın naqisləşməsinə səbəbdir. Amma ağacın kökü, yəni əsli gedərsə, artıq ağac məhv olmuş sayılar. Eləcə də iman. İmanın əsli qəlb ilə təsdiq edib dil ilə demək, budaqları isə bədən üzvlərinin əməlləridir. Yəni zahiri əməl­lərin olmaması imanın tam getməsi demək deyil. Əsli getdikdə tam getmiş sayılar. Heç kəs demir ki, imanın tərifi qəlblə təsdiq edib, sözlə deyib, əməllə göstərmək deyil. Bunu bütün sələflər deyir. Lakin, bu kamil imanın tərifidir.

Bu haqda bir çox alimin rəyini zikr etmək olar. Həmçinin, bu söz murciyəlik deyildir. Əgər bu cür demək murciyəlik olsaydı, onda bu qədər alim murciə olardı. Gəlin murciyəliyə nəzər yetirək. Murciyələr əməli imandan saymırlar. Yəni, “hansısa fasiqin imanı Əbu Bəkrin (Allah ondan razı olsun) imanı ilə eyni səviyyədədir” deyirlər.  Sufyan əs-Səuri (Allah ona rəhm etsin) deyir: “Biz murciyələrə üç şeydə müxalif çıxdıq. 1. Biz deyirik ki, iman söz və əməldir. Onlar deyirlər ki, iman yalnız sözdür. 2. Biz deyirik ki, iman artıb-azalır. Onlar deyirlər ki, artıb-azalmır. 3. Biz deyirik ki, onlar iqrarlarına görə mömindirlər. Onlar deyirlər ki, onlar Allah dərgahında mömindirlər”.