Naməlum şəraitdə kəsilmiş ətin hökmü

English
Şübhəsiz ki, ilk növbədə bilmək lazımdır ki, bu məsələ şəriət məsələlərindəndir. Demək olar ki, bütün fiqh alimləri, həmçinin bütün hədis alimləri öz kitablarında bu barədə “Qida kitabı” adlı xüsusi bölmələr açmışlar. Bu məsələdə diqqət olunası vacib olan qida məsələləridir. Müsəlman yediyinin, içdiyinin halal olmasına diqqət yetirməlidir və bu hər bir müsəlman üzərində vacibdir. Uca Allah bu barədə buyurur: “Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir” (əl-Bəqərə, 168). Başqa ayədə Uca Allah belə buyurur: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin” (ən-Nəhl, 114).
 
Ətin halal olmasının şərtləri
 
Kəsilən heyvanın ətinin halal olması üçün şəriətin təyin etdiyi müəyyən şərtlər var. Bu şərtlər əsasında kəsilmiş heyvanı yemək müsəlmanlara halaldır. Əks halda bu ətin hökmü haramdır.
  1. Heyvanı kəsən adam erkənlik yaşına çatmış, ağlı başında bir müsəlman və ya əhli-kitab (xristian və ya yəhudi) olmalıdır. Deməli ağlı başında olmayanın, yəni, məsələn, dəlinin və ya sərxoşun, həmçinin erkənlik yaşına çatmamış bir uşağın, həmçinin əhli-kitab olmayan kafirlərin – məsələn, atəşpərəstlərin, buddistlərin, krişnaistlərin və digər kafirlərin kəsdikləri haramdır. Burdan görünür ki, Allah əhli-kitab ilə əhli-kitab olmayanlar arasında fərq qoymuşdur. Uca Allah buyurur: “Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır” (əl-Maidə, 5). Bu əyədə kitab verilənlərin, yəni kitab-əhlinin yeməkləri deyildikdə, məhz onların kəsdikləri heyvanlar nəzərdə tutulur. Yəni undan, şəkərdən bişmiş hər hansı bir yemək halal sayılır. Halal qida məsələsi yalnız ət məhsullarına aiddir. Uca Allah buyurur: “Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır”. (əl-Maidə, 5). Heyvanı kəsənin müsəlman və ya kitab əhli olması birinci şərtdir.
  2. İkinci şərt - heyvanın şəriət qaydası ilə yəni, ulqum, qida, nəfəs borusunun və boğaz damarlarının kəsici bir alət ilə kəsilməsidir. Deməli, bu qaydaya riayət etmədən, məsələn, elektrik cərəyanı ilə vurularaq və ya döyülərək öldürülən və ya özü ölən heyvanların əti leş hökmündədir və yeyilməsi də haramdır. Uca Allah bu barədə belə buyurur: “Sizə leş haram edildi…” (əl-Maidə, 3). Sonra da Allah leşin nələr ola biləcəyini bəyan edərək buyurur: “…boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar” (əl-Maidə, 3). Bu ayənin davamından məlum oldu ki, leş nədir. Bu da heyvanın şəriət qaydasına müvafiq bir şəkildə kəsilməsinin ikinci şərtidir.
  3. Üçüncü şərt isə heyvanı kəsərkən Allahın adının zikr olunmasıdır. Yəni heyvanı kəsənin “Bismilləh” və ya “Bismilləh - Allahu Əkbər” deməsidir. Bu barədə Uca Allah buyurur: “Üstündə Allahın adı çəkilməmiş – "bismilləh" deyilib kəsilməmiş heyvanlardan yeməyin. Çünki bu, günahdır”. (əl-Ənam, 121). Digər yerdə Uca Allah buyurur: “Əgər Allahın ayələrinə inanırsınızsa, üstündə Onun adı çəkilmiş – "bismilləh" deyilib kəsilmiş heyvanlardan yeyin”. (əl-Ənam, 118). Bəzi alimlər, xüsusən də Şafii məzhəbinin alimləri, heyvanı kəsərkən “Bismilləh” deməyi vacib deyil, sünnə görüblər. Bu, səhih rəy deyil. Səhih olan budur ki, “Bismilləh” demək heyvanın kəsimində vacibdir. Ayələr və hədislər bu sadaladığımız şərtlərə dəlalət edir.

Əti kəsənin müsəlman olmasını haradan bilə bilərik?

Biz zahirən bir insanın müsəlman olmasının nə ilə bilinməsi haqda danışırıq. Bir insanın İslamı dörd şeylə bilinir. Bu şərtlərdən hər hansı biri olsa, zahirən onu müsəlman kimi qəbul edirik:
  1. İnsanın özünü İslama nisbət etməsi, yəni, "mən müsəlmanam" deməsi. Necə ki, səhabələr cihad üçün çıxanda (tələb cihadı üçün) fəth etmək istədikləri hər bir yerə birinci nümayəndə göndərərdilər. Yəni, o saat cihada başlamazdılar. Birinci insanları İslama dəvət edərdilər. Əgər onlar desəydilər ki, “biz təslim oluruq, İslamı qəbul etdik, müsəlman olduq”- onlardan bu sözlər qəbul olunar, onlara etibar olunurdu.
  2. İnsanın müsəlman ata-anadan doğulması.Ola bilər ki, ata-ana müsəlman ola, amma övlad sonradan hər hansı bir başqa dini qəbul edə. Biz istisnalardan danışmırıq. Amma ümumən belədir ki, bir insan xristian, kafir bir ölkədədi və bilir ki, onun qonşusu kişi və ya qadın, ana-ata müsəlmandırlar. Onların övladları barəsində o adamda yaranan ilk fikir nədir? O da müsəlmandır. Bu da ikinci yoldur. İnsanın İslamı Müsəlman ana-atadan doğulması ilə ortaya çıxır. Bunu da dəlil Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu hədisidir: “Hər bir körpə fitrəti üzə­rində (tövhidə meyilli olaraq) doğulur. Sonra ata-anası onu ya yəhudi, ya xris­tian, ya da məcusi edir. (əl-Buxari, 1359).
  3. İnsanın şəhadəti, yəni “əşhədu əl lə lə iləhə illəllah, əşhədu ənnə Muhəmmədən rasullullah” deməsidir. Bu da şərt deyil ki, ərəbcə olsun. Öz dilində də ola bilər və şərt deyil ki, məhz “əşhədu əl lə lə iləhə illəhlah, vəhdəhu lə şərikə lə, əşhədu ənnə Muhəmmədən abduhu və rasulluh” olsun. Yəni, bu şəhadətin məhz azərbaycan dilində ləfzi tərcüməsini desin. Əsas olan şəhadətin ehtiva etdiyi mənaya etiqad etsin və hər hansı bir ləfzlə – dili ilə iqrar etsin. Məsələn, bir insan xristian bir ölkədədir. Gəlib birindən soruşsa ki, “müsəlmansan?” Bu şəxs desə ki, “Rəbbim Allahdır, Peyğəmbərim Muhəmməddir, dinim İslamdır, kitabım da Qurandır” və ya desə ki, ərəbcə, məsələn; “Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Peyğəmbər olaraq Muhəmməddən razıyam” desə, bu insan şəhadəti iqrar etdi, yoxsa etmədi? Yəni, şəhadət olmasa da, həmin mənanı ehtiva edib. Əsas da şəhadətin ehtiva elədiyi mənaya etiqad edib onu təsdiq etməsidir.
  4. İslama xas zahiri əməllərdən birini etməsidir. Məsələn, bir şəxs xristian ölkəsindədir və qapı qonşusu var. Elə zənn edir ki, bu qonşu xristiandır. Bir də görür ki, bu şəxs Qurban bayramında qurban kəsir, Ramazan fitrəsində fitrə sədəqəsi ödəyir. Məgər bu əməllər İslama xas deyilmi? Onun bu zahiri əməlləri etməsi müsəlman olmasının sübutu deyilmi? Bununla da onun müsəlman olması bilinir. Amma elə əməllər var ki, ümumidir. Bununla onun müsəlman olduğunu təyin etmək mümkün deyil. Məsələn, baxmayaraq ki, valideynlərə yaxşılıq imandandır, yolda insanlara əziyyət verən bir şeyi yoldan kənarlaşdırıb qırağa atmaq imandandır. amma bunları kafir də edə bilər. Ona görə insanın İslamını bizə bəlli edən dördüncü şərt insanın yalnız İslama xas zahiri əməllərdən birini etməsidir. Ya namaz qılması, oruc tutması və İslama xas başqa zahiri əməllər etməsidir.

Ət alarkən bu şərtlərin yerinə yetirildiyini bilmək vacibdirmi?

Bu barədə Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) belə deyir: “Kəsilmiş ətin hökmündə əsl olan nədir? Halallıq, yoxsa haramlıq? Əgər deyilsə ki, halallıqdır, bu xətadır. Yox əgər deyilsə ki, haramlıqdır, bu da səhvdir. Doğru olan bu məsələdə təfsilata getməkdir. Yəni, əgər ətin kim tərəfindən kəsildiyi bilinmirsə, yəni tamamilə naməlum bir ətdirsə, bu halda yemək haramdır. Yox əgər, müsəlman və ya əhli kitab tərəfindən kəsildiyi bilinirsə, bu halda həmin əti yemək halaldır. Bu barədə soruşmaq və araşdırmaq lazım deyil. (Yəni, ikinci və üçüncü şərti araşdırmaq lazım deyil). “Bismilləh” deyilib, hansı şəraitdə kəsilib buna ehtiyac yoxdur. Çünki, bu məslədə əsl olan halallıqdır. Əgər bilinirsə ki, bunu kəsən müsəlman və ya əhli kitabdır – qurtardı. Əsl olan halallıqdır. İkinci və üçüncü şərt araşdırılmır”. (İbn əl-Useymin “Səhih əl-Buxarinin şərhi”, cild 7, səh. 8). Bunun da dəlillərindən biri budur: Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) bir dəstə adam (Peyğəmbərin - salləllahu aleyhi və səlləm - yanına gəlib) dedilər: “Ey Allahın Elçisi! Bəzi adamlar bizə ət gətirir və biz bilmirik onlar (heyvanı kəsdikdə) Allahın adını çəkmişlər, ya yox”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Siz özünüz “Bismilləh” deyib yeyin!” (əl-Buxari, 2057). Bizi maraqlandıran sual. Həmin heyvan hansı şəraitdə kəsilib. Allahın adı zikr olunub ya yox. Hədisdə gəlir ki, bunlar İslamı təzə qəbul etmiş müsəmanlar idi. Bu önəmli deyil. Çünki, məsələ bu deyil. Bu ət müsəlman tərəfindən kəsilib, yəhudi tərəfindən kəsilib və ya xristian tərəfindən kəsilib, onsuz da burda fərq yoxdur. Müsəlmanın da kəsdiyi halaldır, yəhudinin də, xristianın da. Bu hədisdə ümumiyyətlə bundan söhbət getmir. Hədisdə əsas nöqtə heyvanın hansı şəraidə kəsilməsinin bilinməməsidir. Heyvanı kəsərkən Allahın adının çəkilib-çəkilməməsi bilinmir. Bizi maraqlandıran əsas sual. Həmin sualı səhabələr Allah Rəsuluna (salləllahu aleyhi və səlləm) veriblər. Fikir verin, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) onlara nə cavab verir: “Siz özünüz “Bismilləh” deyib yeyin!” Allah Rəsulu (salləllahu aleyhi və səlləm) onlara arşdırmağı əmr etmədi. Halbuki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) rahat bir şəkildə müsəlmanların adından bir nümayəndə göndərər və bu məsələni onların adından dəqiqləşdirərdi. Amma belə etmədi və zahirən hökm verdi. “Bismilləh” deyib yeyin!" söylədi. Çünki, müsəlmanın və əhli kitabın kəsdiyi heyvanın əti əslən halaldır. Bunun əksinə bir dəlilin ortada olması halı istisnadır. Yəni necə? Məsələn, bir müsəlman, bir xristian və ya bir yəhudi qəssabdı. Daim ondan ət alırsız. Bu məsələdə araşdırılmağı şəriət vacib etməyib. Bir gün bir qardaş gəlib sizə deyir ki, “mən görmüşəm ki, o qəssab bu heyvanı elektriklə vurub öldürüb. Mən buna şahid olmuşam”. Deməli, sizə əks bir dəlil gəldi. O halda bu əti yemirsiniz. Amma əks bir dəlil ortaya çıxmadıqca müsəlmanın və əhli kitabın kəsdiyi heyvanın əti halaldır. Şübhəsiz ki, bu da Allahın bizə olan rəhmətidir. Rəbbimiz bizi gücümüz çatmayan şeylərlə mükəlləf etməyib, gücümüz çatmayan şeylərə bizi cavabdeh etməyib. Uca Allah buyurur: “Allah sizin üçün çətinlik deyil, əksinə asanlıq istəyir”. (əl-Bəqərə, 185).

Lazımsız araşdırmanın və xırdaçılığın haram olması

Çox təəssüflər olsun ki, bəzi insanlar dinimizin bu asanlığına görə Allaha həmd etmək əvəzinə, özlərini daha da çətinliyə salır və hər bir məsələni araşdırmağa, eşələyib nə isə çıxartmağa çalışırlar. Bu isə Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) sünnəsinə ziddir. Necə ki, Xeybərin fəthi günü bir yəhudi qadın elə yəhudilərin kəsdiyi bir heyvanın ətini – qoyun ətini Peyğəmbərə (salləllahu aleyhi və səlləm) təklif edir və Allah Rəsulu (salləllahu aleyhi və səlləm) həmin yəhudi qadının təqdim etdiyi ətdən yeyir və ondan heç bir şey soruşmur. (əl-Buxari, 3169). Bu, “çətinləşdirməyin, asanaşdırın” deyən Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) əxlaqı idi. Öz əshabını da bu əxlaq üzərində tərbiyənləndirmişdir. O, öz əshabına xitabən belə deyərdi: "Həqiqətən Uca Allah bəzi şeyləri sizə əmr etdi. Onlara riyaət edin! Sizin üçün bəzi hədlər qoydu, o hədləri aşmayın! Bəzi şeyləri isə sizə qadağan etdi və o qadağaları pozmayın! Bəzi şeylər barəsində isə susdu və bunu unutqanlığından dolayı deyil, məhz sizə olan rəhmətindən dolayı etdi. O şeylər barəsində heç nə soruşmayın!" (ət-Tabərani "Mucəmul-Kəbir" 18441; əl-Hakim, 7114). Bəzən sahabələrin lüzumsuz araşdırmaları və ehtiyac duyulmayan sorğu-sualları nəticəsində onlara halal olan şeylər haramlaşırdı. Bütün bunların nəticəsində Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə demişdir: “Müsəlmanların ən zalımı o kəsdir ki, haram olmayan bir şey barəsində yersiz sual verir və onun sual verməsinə görə həmin şey haram edilir”. (əl-Buxari, 6859). Sual ortaya çıxa bilər ki, bu, yalnız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) zamanına xas idi? Bu, indiki dövrə də aiddir. Necə ki, İbn əl-Useymin (Allah ona rəhm etsin) deyir: “Biz mükəlləf olmadığımız məsələlərdə araşdırmağa başlasaq, Allah qorusun, çox şey bizə haram çıxa bilər. Bu da Allahın rəhmətindəndir ki, Allah buna səni mükəlləf etməyib”. Bunu Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) əl-Buxarinin şərhində deyib. İbn əl-Useymin (Allah ona rəhm etsin) sözünün davamında deyir: “Gəlirsən bir müsəlman qardaşının evinə, oturursan. Sənə yemək təqdim edir. Araşdırmağa qalsa, onda gərək çox şey soruşasan. Hələ söhbət tək kəsilən heyvanın ətindən getmir. Bəlkə bunu haram yolla qazanmısan? Bəlkə bunu oğurlamısan, qəsb etmisən? Yəni, bu bəlkələr qurtarmaz. Sən bununla mükəlləfsən? Cavab “yox”. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Müsəlman qardaşınızın süfrəsində oturduz - yediyindən yeyin, içdiyindən için. Bu barədə ondan heç nə soruşmayın”. Bu İslamın biz müsəlmanlar üçün qoyduğu bir genişliyidir. Necə ki, bir gün Ömər ibn Xattab (Allah ondan razı olsun) gəlib Allah Rəsulundan (salləllahu aleyhi və səlləm) səfərdə namazların hansı səbəbdən qısaldığı barəsində soruşur və Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) cavabı isə belə olur: "Bu Allahın sizə olan sədəqəsidir. Onun sədəqəsini qəbul edin!" (Müslim 686). Nə üçün bu genişliyi özümüz üçün daraldırıq? Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: “Sizi sərbəst buraxdığım məsələlərdə siz də məni sərbəst buraxın (yəni, məndən heç bir şey soruşmayın). Sizdən əvvəlkiləri də çoxlu sual vermələri həlak etdi" (əl-Buxari, 6858; Muslim, 1337). Buna misal olaraq da əl-Bəqərə surəsində yəhudilərlə Musanın (əleyhissalam) qissəsini qeyd etmək olar. Uca Allah buyurur: "Bir zaman Musa öz xalqına dedi: "Allah sizə bir inək kəsmənizi əmr edir!" Onlar: "Sən bizi ələ salırsan?"– dedilər Musa: "Cahil olmaqdan Allaha sığınıram!"– dedi. Onlar dedilər: "Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!" Musa dedi: "Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!"Onlar dedilər: "Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!" Musa dedi: "Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir Ona baxanları sevindirir".Onlar dedilər: "Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür Əgər Allah istəsə, biz düz yolda olarıq".Musa dedi: "Allah buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda heç bir ləkə-qüsur yoxdur" Onlar: "İndi sən əsl həqiqəti bildirdin!"– dedilər və onu kəsdilər Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər". (əl-Bəqərə, 67-71). Musaya (əleyhissəlam) verilən yersiz suallara görə Allah elə bir yaş həddi dedi ki, yəhudilər çətinliyə düşdülər. Hər dəfə sual verdikcə, Allah bu məsələni onlar üçün daha da çətinləşdirdi. Onlara əmr edilən kimi, həmin anda əllərinə keçən hər hansı bir inəyi kəssəydilər, məsələ bunula da bitmişdi. Amma onların artıq sorğu-sualları onlara çətinlik yaratdı, yoxsa asanlıq? Əlbəttə ki, çətinlik. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) müsəlmanlara qadağan etdiyi də bax budur. İslam biz buna mükəlləf etməyib. Müsəlman mükəlləf (cavabdeh) olmadığı işləri öz nəfsi üçün çətinləşdirməməlidir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurur: "Bir şeyi öz nəfsiniz üçün çətinləşdirməyin, yoxsa Allah o şeyi sizin üçün çətinləşdirər". (Əbu Yalə, 3694). Həmçinin, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurur:"Həlak oldu dində xırdaçılıq edən. Həlak oldu dində xırdaçılıq edən. Həlak oldu dində xırdaçılıq edən". (Muslim, 173).