Təkfirçilərin əlamətləri

English

Təkfir fikirləri ayrı-ayrı fərdlər və toplumlar arasında yayılmışdır. Lakin, onların bəzi vəsflərini qeyd etmək olar. Onlar aşağıdakılardır:

  1. Bu düşüncəli insanlar dində həddən artıq sərt olurlar.
  2. Dərhal təkfir etməyə meyilli olurlar. Elə bu səbəblə də müsəlman cəmiyyətlər təkfir edilmişdir. Onlar deyirlər ki, günümüzdəki müsəlmanlar kafir və mürtəddirlər. Belə cəmiyyətləri tərk edərək, hakimiyyət tövhidinə daha çox üstünlük verir, tağut, dost və düşmən məsələrində həddən artıq şişirtmələrə yol verirlər. İbn Əbil-İzz (Allah ona rəhm etsin) deyir: “Bidət əhlinin pislənən sifətlərindən biri də onların bir-birilərini təkfir etmələridir. Elm əhlinin tərifə layiq sifətlərindən biri də odur ki, onlar zəlalət əhlini küfrdə ittiham etmədən danışırlar”. (“Şərh Təhaviyyə” 439).

  3. Elmsiz olduqları halda ictihad etməyi bacardıqlarını və yalnız özlərinin və həmfikirlərinin doğru yolda olduqlarını iddia edirlər. Alimlərə itaət etməyi tam qadağan edir, müsəlman alimləri tərk edir, onlardan elm alınmır, onları camaatın gözündən salmağa və onlara qarşı inamsızlıq yaratmağa çalışırlar.

  4. Bəzi təkfirçilər Tövhidin əsası sayılan İsim və Sifətlər tövhidini əhəmiyyətsiz sayırlar.

  5. Onların əksəriyyəti müsəlman ölkələrində yaşayan müsəlmanlarla qeyri müsəlman davranışları (cahil) kimi davranırlar. Onlar öz firqələrində olmayanlarla müsəlman kimi davranmağa ehtiyat edirlər.

  6. Onların əqidəsində olmayana heç vaxt müsəlman demirlər.

  7. Bəziləri vəziyyətlərini Məkkə dövrü ilə müqayisə edərək özlərinin zəif olmasını və rəhbərin olmamasını, yaşadıqları ölkənin küfr diyarı olmasını bəhanə gətirərək müəyyən haram işlər etməyi, saqqalı qırxmağı, zəkat verməməyi, topuqdan aşağı geyinməyi və s. halal görürlər.

  8. Bu fikirdə olanlar Rafizilər kimi təqiyyəyə – yalana əl atırlar. İnsanları özlərinə cəlb etmək üçün məşhur İslam alimlərinin adından çox istifadə edirlər.

  9. İnsanları öz tələlərinə salmaq üçün ilk başladıqları mövzu da əsasən bu olur: “Namaz qılmayan kafirdir, yoxsa yox?” Sözsüz ki, bu sahədə elmi olmayan kimsələri bu cür hiyləgərlərın aldatması çox asandır.

  10. Öz istəklərinə uyğunlaşdırıb İbn Bazz, İbn əl-Useymin, əl-Albanidən (Allah onlara rəhm etsin) dəlil gətirirlər. Lakin onlara deyəndə ki, "Şeyx sizin əleyhinizə belə deyib", dərhal: “Biz ondan dəlil qəbul etmirik. O, Murciyədir”- deyirlər.

  11. Həmçinin, onların əlamətlərindən biri də cahilliyi üzr saymamalarıdır.

  12. Zahiri görünüşləri etibarilə saleh əməl sahibi görünsələr də qəlbləri xəstədir. Buna görə də bir çox müsəlmanlar onların zahiri görünüşlərinə aldanaraq deyirlər: “Onlar da Quran və Sünnədən dəlillər gətirirlər, Sünnəyə - saqqal, isbal və s. bizdən daha çox əməl edirlər. Halbuki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyib: “…Sizdən biriniz öz namazını onların namazı yanında, öz orucunu onların orucu yanında kiçik görər. Onlar Quranı oxuyacaqlar, lakin Quran onların boğazlarından aşağı enməyəcəkdir. Onlar İslamdan oxun şikardan çıxması kimi çıxacaqlar. Onlar məxluqata verilən sözlərin ən xeyirlisindən Qurani-Kərimdən (və hədislərdən) dəlil gətirəcəklər (danışdıqları zaman çox gözəl danışacaqlar)”. Bu kimi vəsflər sizi aldatmasın!

  13. Vəsflərindən biri də daima narazıdırlar. Zahirən din üçün çalışdıqları görünsə də, batində dünyanı qəsd edirlər. Bu da onların ağızlarından çıxan bəzi sözlərdən bəlli olur. Çünki, Xəvariclərin ilki olan Zul-Xuveysira da ilk olaraq dünya malına görə Peyğəmbərə (salləllahu aleyhi və səlləm) etiraz etmişdi. Xəvariclər Osmanı (Allah ondan razı olsun) qətl etdikdən sonra xəzinəyə əllərini uzatdılar. İndikilərin də gözləri müsəlmanların mallarındadır.

  14. Vəsflərindən biri də insanları elm əhlindən, elm tələbələrindən çəkindirməkdir.

  15. Təkfir etdikləri elm əhlinin arxasında camaat namazını qılmaz, ora gələnləri və camaat namazında iştirak edənləri də təkfir edərlər. İnsanları da onların dediklərinə tabe olmağa, onların dediklərini söyləməyə sövq edərlər.

  16. İslama nisbət olunan bir insanın müsəlman olmasını deməkdə ehtiyat etmək.

  17. İslama nisbət olunan şəxsin müsəlman olmasını yoxlamaq məqsədi ilə müxtəlif suallar vermək.

  18. Ehtiyat adı verərək İslama nisbət olunan bir kimsə ilə salamı kəsir, kəsdiyini yemir, cənazəsini qılmırlar.

  19. Müsəlmanlara tətbiq olunan qaydaları, qarşısındakının kafir olma şübhəsi ilə ona tətbiq etmirlər.

  20. Ən əsası rəhbərlərə münasibətdə onlara qarşı çıxır, onlardan daima narazı olurlar. Məqsədləri də hakimiyyətə gəlməkdir.

     Bir sözlə bu təkfirçilər əvvəli ehtiyat nöqtəsindən başlayıb sonu müxtəlif mənzillərə çatan insanlardır. Kimi yolun əvvəllərində, kimi ortalarında, kimi sonlarında dayanır. Bu da onların nə qədər dərin düşünüb-düşünməmələrinə, bəsirətlərinin nə qədər açıq olmasına, dini savadlarına və şəkk yox ki, maddi və mənəvi maraqlarına bağlıdır.

     İmam Xatib əl-Bağdadi (Allah ona rəhm etsin) deyir: “Əhli-Sünnəyə müxalif olan elə bir bidət əhli yoxdur ki, - Xəvariclər, Rafizilər və Qədərilər - üz döndərərək bir-birilərini təkfir etməsinlər”. (“Fərq Beynəl-Firaq” 361). İmam Əsbəhani (Allah ona rəhm etsin) deyir: “Bidət əhli olan Xəvariclər, Rafizilər və Qədərilərdən fərqli olaraq Əhli-Sünnə bir-birilərini təkfir etmirlər. Bidət əhlindən yeddi nəfər bir məclisə toplansa, mütləqdir ki, bir-birilərini təkfir edərək dağılışacaqlar. Onlar Yəhudi və Xaçpərəstlər kimidirlər: “Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!”- deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”- deyirlər. Halbuki, onlar Kitab oxuyandırlar. Cahil insanlar isə onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir”. (əl-Bəqərə, 113)". (“əl-Huccə” 2/ 255).

     Bu simalar və əlamətlərin hamısı müəyyən bir toplumda və ya şəxsdə olmaya bilər. Lakin bu əlamətlərin bəziləri hansısa şəxsdə varsa, bu onun qəlbinin batil əqidə xəstəliyinə yoluxmasına işarədir. Onun dərhal səhih əqidə ilə müalicəyə ehtiyacı vardır.