350 oxunma
English
Üçüncü sual
“Bəzi elm tələbələri önə çıxaraq hökm məsələlərində, kişilərin halını tanımaqda və məsələləri bilməkdə üsul qaydaları olan böyük alimlərdən önə keçirlər, onlara müxalif olurlar. Deyirlər ki, “bizə kiməsə tabe olmaq vacib deyil”. Bu məsələdə sizin bizə məsləhətiniz nədir?”
Cavab
“Bu suala doğru şəkildə cavab vermək üçün təfsilata ehtiyac var.
Birinci məsələ: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, dərhal onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan əmr sahiblərinə çatdırsaydılar, içərilərindən o xəbərin mahiyyətinə varan kəslər onu bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, şeytana uyardınız” (ən-Nisa, 83).
Bu ayə ilə Uca Allah müsəlmanları şərəfli bir qayda üzərində tərbiyə edir və müşkül bir məsələ olanda hansı addımları atmağın lazım olduğunu bizə öyrədir. İnsanların çətinliyə düşdüyü hallarda bilən adamlara müraciət etmək və məsələni onlar vasitəsilə həll etmək lazımdır. Onlar da iki qisimdir:
-
Sağlığında Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun), ölümündən sonra isə, onun sünnəsinə müraciət etmək lazımdır.
-
Əmr sahibləri: alimlər, hakimlər, şura əhli, məsələni həll edən siyasətdə və şəriətdə təcrübəli insanlar. Onlar bu məsələləri düzgün hökm verə bilir və məsələləri düzgün həll edirlər.
İzah etmək üçün qeyd edirik: Səhih Muslimdə rəvayət olunur ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) zövcələrini boşayıb şayiəsi yayılmışdı. Ömər dedi: “Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına getdim və dedim: “Ey Allahın Elçisi, zövcələrini boşamısan?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Xeyr!” Ömər dedi: “Bu məsələ baş verəndə, dəqiqləşdirmək üçün Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldim. Ayə də nazil olanda, başa düşdüm ki, bir məsələ olanda dəqiqləşdirmək lazımdır”. (Muslim, 2707, 3768).
İkinci məsələ; Amma sual verənin deməsi ki, “bizə kiməsə tabe olmaq vacib deyil”, biz də deyirik ki, sənə kiməsə tabe olmağının vacib olmadığını biz də deyirik. Lakin, bu ümumi sözdür. Bu sözdə xəta da, savab da ehtimal oluna bilər. Haqq da, batil də ehtimal oluna bilər. Sənə bunu şərh etmək, açıq danışmaq yaxşı olar. İbrət filankəsin dediyində deyil. İbrət dəlildədir. İnsanlar ixtilaf etdikdə, məsələni Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) qaytarmalıdırlar. Uca Allah Buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan rəhbərlərə də itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, Allaha və Peyğəmbərə müraciət edin...” (ən-Nisa, 59). Allaha müraciət etmək - Allahın Kitabına, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) müraciət etmək - sağ olanda onun özünə, öləndən sonra isə onun sünnəsinə qaytarmaqdır.
(İmam İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: “Müsəlmanlar icma ediblər ki, Allaha müraciət etmək - Allahın Kitabına, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) müraciət etmək isə sağ olanda onun özünə, öləndən sonra isə onun sünnəsinə müraciət etməkdir”. (İləmul-Muvakkiin, 1/174). İbn Kəsir buyurur: “Bu iş Allahdandır. İnsanlar hər hansı bir şeydə - dinin əslində və ya fiqh məsələlərində ixtilaf edərlərsə, bu ixtilafı Allahın Kitabına və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə qaytarmaq lazımdır”. (İbn Kəsir “Təfsir” 2/304).
Sənin bu ümumi sözün olduqca batil sözdür. Bu cür sözləri deyib dayanmaq elmdə yeni olanları özünə və ya sənin kimilərinə bağlamaq məqsədi daşıyır. Əksinə, sənə insanları əqidə və mənhəcdə sağlam olan, bilinən və ümmətə faydalı olan böyük alimlərə bağlamaq vacibdir.
(Yəhyə ibn Məaz ər-Razi (Allah ona rəhm etsin) demişdir: “Alimlər Muhəmməd ümməti üçün atalarından və analarından da rəhmlidirlər”. Soruşdular: “Bu necə ola bilər?” Dedi: “Çünki ataları və anaları onları dünya odundan qoruyur. Alimlər isə onları Axirət odundan qoruyurlar”. (Muxtəsər Nəsihətu Əhlil-Hədis, səh. 167).
Həqiqətən alimlər peyğəmbərlərin varisləridir. Alimlərin kəlmələri, xüsusən ciddi məsələlərdə mötəbərdir. Xüsusən də kimdənsə çəkindirdikdə, elə-belə demir, dediklərini dəlil ilə deyir və həmin şəxsin mənhəcinin düzgün olmadığını qeyd edirlər. Dəlil ilə dediklərinə görə də alimlərin özünə görə deyil, dedikləri dəlilə görə onların dediklərini qəbul etmək vacibdir. Burdan da aydın olur ki, sualda deyilən söz batildir.