Ruzi qazanmaq haqda Şeyx əl-Albaninin nəsihəti

English

Nə üçün Uca Allah "sizdən ruzi istəmirəm" (əz-Zəriyat, 57) deyir? Çünki müsəlman ruzi qazanmaq haqqında ibadət etməkdən daha çox narahat olmasın. O, ruzi üçün yox, yaradıldığı şey üçün (ibadət üçün) narahat olmalıdır, çünki Allah qullarının ruzisinə mükəlləfdir, onların ruzisini onlar analarının bətnində olarkən yazmışdır. Səhih hədisdə Peyğəmbərimiz ﷺ demişdir: "Uca Allah dörd aydan sonra bətndəki rüşeymə ruh üfürmək üçün mələk göndərir, sonra həmin mələk onun əcəlini, ruzisini, xoşbəxt və ya bədbəxt olacağını soruşaraq yazır". Beləliklə, Allah bizim ruzimizi illər öncə yazmışdır, ona görə də müsəlmanın öz ruzisi haqqında narahat olması düzgün deyil.
Diqqət edin, mən demirəm ki, müsəlman ruzi axtarmamalıdır, lakin mən deyirəm ki, müsəlman Allaha ibadətləri haqqında narahat olduğu qədər ruzisindən narahat olmamalıdır. Ruziyə zəmanət verilib və biz demirik ki, müsəlman ruzi axtarmasın, biz deyirik ki, ruzi qazanmağı həyatının əsas məqsədi kimi görməsin, çünki həyatın əsas məqsədi Allaha şərik qoşmadan ibadət etməkdir. 

Halal yolla ruzi axtarmaq və bunu həyatının əsas məqsədi etməmək Allah yolunda cihad sayılır. Səhih hədisdə deyilmişdir ki, bir gün Peyğəmbər ﷺ səhabələri ilə oturmuşdu, onların yanından güclü bir gənc oğlan keçdi, səhabələr dedilər: "Kaş ki, o, Allah yolunda cihadda olardı". Peyğəmbər ﷺ dedi: "Əgər bu gənc yaşlı valideynləri üçün ruzi axtarmağa çıxıbsa, Allah yolundadır. Həmçinin o, öz ailəsi və kiçik uşaqları üçün ruzi qazanmağa çıxıbsa, Allah yolundadır". 
Beləliklə, ruzi qazanmağın şəriətdə xüsusi yeri var, lakin bu məqsədə çatmaq üçün vasitədir, müsəlmanın həyatındakı əsas məqsədi deyil. Əsas məqsəd isə Allaha şərik qoşmadan ibadət etməkdir.

Peyğəmbər ﷺ bizə bədənimizin sağlamlığını və gücünü qorumağı buyurmuşdur. Ona səhabələrdən ibadətdə həddi aşan, bütün gecəni ibadət edən və dayanmadan oruc tutan, zövcəsinə yaxınlaşmayan şəxs haqqında xəbər verildikdə o dedi: "Həqiqətən də, bədəninizin sizin üzərinizdə haqqı var, zövcənizin sizin üzərinizdə haqqı var, qonağınızın sizin üzərinizdə haqqı var. Ona görə də, bütün haqq sahiblərinin haqqını verin!"
Bir nəfər Allah Elçisindən ﷺ hər gün oruc tutmaq barəsində soruşanda o deyir: "Bir gün oruc tut, bir gün isə tutma - bu orucların ən yaxşısıdır. Davud da belə oruc tutardı və o, heç vaxt düşməndən qaçmazdı".
Nə üçün Peyğəmbər ﷺ Davudun orucunu xatırladı? Çünki başqa səhih hədisdə Davud və oğlu Süleymanın (Allahın onlara salamı olsun) insanların ən çox ibadət edənləri olduğunu demişdir. O, insanların ən çox ibadət edəni olduğuna baxmayaraq, hər gün deyil, günaşırı oruc tutardı. Bunun hikməti nədir? "Düşmənlə üz-üzə gəldikdə qaçmazdı" yəni, o, bu güvvət ilə Allahın düşmənlərinə qarşı vuruşa bilmək üçün.həm ibadətinin, həm də bədəninin və gücünün haqqını verirdi.
Buna görə də, Qurani-Kərimdə Davudun Calutu öldürməsi hekayəsi bildirilmişdir. Əgər o, hər gün oruc tutsa idi, həmin kafiri öldürmək üçün gücü olmazdı.
Peyğəmbər ﷺ demişdir: "Ey insanlar! Allah pakdır və pak olanı qəbul edir. Allah möminləri və rəsullarına belə əmr etmişdir: "Ey peyğəmbərlər! Təmiz şeylərdən yeyin və saleh əməllər edin!" (əl-Muminun, 51)

Sonra Peyğəmbər ﷺ uzun bir səfərə çıxmış bir kişi haqqında danışır. Onun saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: "Ey Rəbbim! Ey Rəbbim" deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun? (Muslim, 1686).
Bu gün müsəlmanlar Allaha düşmən üzərində qələbə çalmaq üçün uzun-uzadı dua edirlər, lakin onların duasına cavab verilmir. Nə üçün? Çünki bu gün müsəlmanlar halal ruzi axtarmırlar və ruzinin hardan qazanılması, halal və ya haram olmasına önəm vermirlər. Ona görə də, duaların qəbul olunması üçün hər bir müsəlmana halal ruzi qazanmaq vacibdir.

Allaha dua edirik ki, bizi dinimizi öyrənən, onunla əməl edən və halal yollarla ruzi qazanmağa çalışanlardan etsin, bizi getdikcə artan haramlardan qorusun. Şübhəsiz ki, o, dualara cavab verəndir və eşidəndir. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!