Əhli Sünnə val-Cəməanın səhabələr barəsində olan etiqadı

English
Əhli Sünnə val-Cəməa firqələr arasında səhabələr barəsində ən orta mövqedə olanlardır. İnsanlar səhabələrə münasibət barəsində üç hissəyə ayrılmışlar.
  1. İfrata varanlar. Nəsibilər
  2. Təfritə varanlar. Rafizilər, Xavariclər.
  3. Orta mövqedə olanlar. Əhli Sünnə val-Cəməa.

Səhabə – Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) görmüş, ona iman gətirmiş və İslam üzərində ölən şəxsə deyilir. (Nuxbətul-Fikr, səh.148; əl-İsabə, 1/158; Fəthul-Muğis, 4/8).

Səhabələr Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanında olmalarına görə dərəcə etibarilə müxtəlifdirlər. Səhabələrdən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) yoldaşlığı cəhətdən ən yaxın və dərəcə etibarilə digər səhabələrdən üstün olan Əbu Bəkr əs-Siddiqdir. Onun haqda Quranda belə buyurulur: “Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçalt­dı. Ancaq Allahın sözü ucadır. Allah Qüdrətlidir, Hikmət sahibidir” (ət-Tövbə, 40).

Səhabələrin fəziləti

Quran və Sünnədə səhabələrin fəzilətinə dair bir çox dəlillər var:

“Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur” (ət-Tövbə, 100)

“Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz ma­lı və canı ilə cihad edən mühacirlər və sığınacaq verib köməklik göstərən ənsar – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə yardım istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür” (əl-Ənfal, 72)

“İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır” (əl-Ənfal, 74)

“Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı” (əl-Fəth, 18)

“Muhəmməd Allahın rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvət­ləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir” (əl-Fəth, 29)

Həmçinin Sünnədə də onların fəzilətinə dair bir çox hədislər var:

Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Ən xeyirli insanlar mənim dövrümdə yaşayan insanlardır; sonra onların ardınca gələnlər, sonra da onların ardınca gələnlərdir. Sonra elə bir nəsil gələcək ki, onlardan hər birinin şahidliyi andını, andı da şahidliyini qabaqlayacaqdır”. (əl-Buxari, 2458, 2652; Muslim, 2533, 4601, 6635).

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Mənim ümmətimin içərisində ən xeyirli olanlar, mən onlara göndərildiyim və içərilərində olduğum əsrdir...”. (Muslim, 2534, 4602, 6636).

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) uzun bir hədisdə rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyur­du: “...Məlumun olsun ki, Uca Allah Bədr­də döyüşənlərə baxıb demişdir: “İstədiyi­nizi edin, artıq Mən sizi bağışlamışam!” (əl-Buxari, 3007, 4511, 4890).

Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Ağac altında beyət edənlərdən heç biri Cəhənnəm oduna girməyəcək”. (Əhməd, 14820, 14837; ət-Tirmizi, 3860, 4233; Əbu Davud, 4653, 4655. əl-Albani “Səhih əl-Cami (7680) səhih olduğunu bildirmişdir).

Səhabələrin fəziləti barədə ümumi hədislər çox olduğu kimi, şəxs olaraq da səhabələrin fəzilətləti barədə bir çox hədislər çoxdur. Bunlardan:

Aun ibn Əbu Cuheyfə atasından (Allah ondan razı olsun) rəvayət edir ki, Alah Elçisi (ona Allahın salavatı və salamı olsun) demişdir: “Əbu Bəkr və Ömər peyğəmbərlər və elçilər istisna olmaqla Cənnət əhlinin əvvəlki və sonrakı nəsillərindən ən hörmətli olan­lardır”. (ət-Tabərani “Mucəmul-Kəbir” 257. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 51) səhih olduğunu bil­dirmişdir).

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) demişdir: “Üstün dərəcədə olanlar üfüqdə olan ulduz kimi görünə­cəklər. Şəkk yoxdur ki, Əbu Bəkr və Ömər onlardan daha üstün dərəcədə ola­caq­lar“. (İbn Məcə, 96; Əhməd, 11958; əl-Bəzzar, 9619; Əbu Yəalə, 1219, 1178; ət-Tabərani “Mucəmul-Əvsat” 7340; ət-Tirmiz, 3658;. əl-Albani səhih olduğunu bildirmişdir).

Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Bir dəfə bir kişi inəyini yükləyərək yolla sürürdü. İnək ona tərəf çevrilib: “Mən bunun üçün xəlq olunmamışam! Mən yalnız əkin üçün xəlq olunmuşam!” dedi. İnsanlar buna təəccüb edərək belə dedilər: “Subhən-Allah! İnək də danışarmı?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Buna mən iman edirəm və mənimlə birlikdə Əbu Bəkr və Ömər də iman edirlər”. Əbu Hureyra Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Bir gün bir çoban qoyun otararkən bir canavar gələrək sürüdən bir qoyunu apardı. Çoban onu təqib edərək qoyunu ondan aldı. Canavar ona tərəf çevrilərək belə buyurdu: “Yırtıcıların günü baxarıq. O gün bu sürüyə məndən başqa çoban olmaycaqdır.” İnsanlar: “Subhən-Allah!” dedikdə, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Buna mən iman edirəm və mənimlə birlikdə Əbu Bəkr və Ömər də iman edirlər”. (Muslim, 4401 , 6334).

Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) dedi: “Cənnətə daxil oldum və orada bir ev yaxud bir qəsr gördüm. Mən: “Bu kimindir?” - deyə soruşdum. Dedilər: “Ömər ibnul-Xəttabındır!” Mən içəri daxil olmaq istədikdə sənin qısqanclığın ya­dıma düşdü”. Ömər dedi: “Ey Allahın Elçisi! Heç sənə də qısqanmaq olar?” (əl-Buxari, 3/1185; Muslim, 4/1862).

Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun): “Kim Rumə quyusuna alsa, onun üçün Cənnət vardır!” - dedi və Osman bu quyu­nu aldı; “Kim Usra ordusunu təchiz etsə, onun üçün Cən­nət vardır!” - dedi və Osman bu ordunu təc­hiz etdi”. (əl-Buxari, 3/1021).

Bir dəfə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun), Əbu Bəkr, Ömər ibn Xattab və Osman ibn Affan Uhud dağı­na qalxdılar. Bu vaxt dağ silkələndi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona dedi: “Ey Uhud! Sakit ol! Sənin üzərində pey­ğəmbər, siddiq və iki şəhid var”. (əl-Buxari, 7/66)

Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Cənnət üç nəfər üçün darı­xır: “Əli ibn Əbi Talib, Ammar ibn Yasir və Salman əl-Farisi”. (əl-Hakim, 3/148; Səhih əl-Cami, 1/331).

Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) dedi: “Cəfər ibn Əbi Talibin iki qa­nad­la mələk kimi Cən­nətdə uçduğunu gördüm”. (ət-Tirmizi, 2/305; Silsilə əs-Səhi­hə, 1226).

Digər səhabələrin fəzilətlərinə və Cənnət əhlindən olmalarına dair bir çox hədislər var, lakin uzun olmasın deyə bunlarla kifayətləndik.

Əhli Sünnənin səhabələr haqda etiqadının şərtləri:

Əhli Sünnənin səhabələr haqda etiqadından birinci şərt: Səhabələri sevmək Allah üçün sevmək məsələsinə daxildir və hər bir müsəlmanın üzərinə vacibdir. Səhabələrdən sonra gələnlərin heç biri onların fəziləti ilə şəriklik edə bilməzlər. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Mənim əsha­bə­lərimi söyməyin! Əgər sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə, onlar­dan birinin verdiyi bir ovuc sədəqəyə, hətta yarısına belə çata bilməz” (əl-Buxari, 3397, 3673; Muslim, 2544, 4610, 6651).

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “(Kamil) imanın əlaməti ənsarı sev­­məkdir, münafiqliyin əlaməti isə ənsara nifrət et­məkdir”. (əl-Buxari, 17; Muslim, 74).

Əgər ənsardan olanları sevmək imandandırsa, onda mühacirləri sevmək daha üstündür, çünki mühacirlər Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun) birlikdə bütün mal-dövlətlərini qoyub hicrət etmişlər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) də bir çox hədislərində mühacirləri daha üstün saymışdır.

Əhli Sünnənin səhabələr haqda etiqadından ikinci şərt: Səhabələr arasında baş verənlər haqda dilin və qəlbin qorunması və onlara qarşı gözəl zəndə olmaq. Əhli Sünnədən olanlar bu ayəyədə deyildiyi kimi iman edərlər: “Səhabələrdən sonra gə­lən­lər de­yir­lər: “Ey Rəbbimiz! Bi­zi və biz­dən əv­vəl iman gətir­miş qardaşlarımızı bağışla. Bi­zim qəl­bi­miz­də iman gəti­rən­lərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəb­bi­­miz! Hə­qi­qə­tən, Sən olduqca şəf­qətlisən, rəhm­lisən!” (əl-Həşr, 10).

Əhli Sünnənin səhabələr haqda etiqadından üçüncü şərt: Bir səhabənin digərindən daha üstün olmasını etiqad etmək və bu məsələdə təfsilata getmək. Əhli Sünnə fəthdən öncə mallarını Allah yolunda xərcləyən və döyüşənləri, fəthdən sonra mallarını Allah yolunda xərcləyib döyüşənlərdən daha üstün sayarlar. Uca Allah buyurur: “Siz­lər­dən mallarını Məkkənin fət­hindən əvvəl xərc­ləyib döyüşənlər başqaları ilə eyni deyillər. On­la­rın dərəcəsi mallarını fəthdən sonra xərc­lə­yib döyüşənlərdən da­ha üs­tün­dür. Amma Allah onların ha­mı­sına ən gözəl olanı vəd et­­miş­dir. Allah sizin nə etdiklə­riniz­dən xəbərdardır” (əl-Hədid, 10).

Uca Allah Qurani-Kərimdə mühacir və ənsarlar qeyd edildiyi bütün ayələrdə mühacirləri birinci qeyd etmişdir: “Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsar­a, həm­çinin yax­şı işlər gör­mək­də onların ardınca ge­dən­lərə gəlincə, Allah onlardan ra­zı­dır, onlar da Ondan razıdır­lar. Allah on­lar üçün altından çay­lar axan, içində əbədi qala­caq­ları cən­nətlər hazır­lamış­dır. Bu, böyük uğur­dur” (ət-Tövbə, 100).

Əhli Sünnənin səhabələr haqda etiqadından dördüncü şərt: Əhli Sünnə Kitab və Sünnədə ümumilikdə və xüsusilikdə fəziləti qeyd edilən bütün səhabələri digərlərindən üstün saymışdır.

Əhli Sünnənin səhabələr haqda etiqadından beşinci şərt: Xilafətə daha çox Əbu Bəkr əs-Siddiqin (Allah ondan razı olsun) layiq olduğuna etiqad etmək. 

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz xütbəsində demiş­dir: “Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında se­çim et­mək imkanı verdi və (o qul) Allah yanında olanları seçdi.” Əbu Bəkr (bu söz­lə­ri eşidəndə) ağladı. Mən öz-özümə dedim: “Əgər Allah bir qula dünya həyatı ilə Öz yanıda olan (nemətlər) arasında seçim etmək imkanı verib və (o qul) Allah yanında olanları seçibsə, onda bu şeyxi ağladan nədir?” (Axırda bəlli oldu ki,) bu qul Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) özü imiş. (Həqiqətən də,) Əbu Bəkr biz­dən çox bilir­di. Pey­ğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Ey Əbu Bəkr, ağlama! Həqiqətən, in­sanlar ara­sında dost­luq­da və malını (xərcləməkdə) mənə ən sadiq olanı Əbu Bəkrdir. Əgər mən üm­məti­min arasında özümə ən yaxın dost seçməli olsay­dım, mütləq Əbu Bəkri seçər­dim. Lakin İslamda qardaşlıq və sevgi (bundan da yaxşıdır). Qoy məs­cid­də Əbu Bəkrin qapısından başqa bütün qapılar qapadıl­sın!” (əl-Buxari, 466).

İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) vəfatı ilə nəticələ­nən xəstəli­yə tutulduğu zaman başı sarıqlı hal­da məscidə gəlib minbərdə oturdu. Allaha həmd-sənalar deyib, mədh etdikdən sonra bu­yur­du: “Həqiqətən, insanlar ara­sında canını və malını fəda etməkdə mənə ən sadiq olanı Əbu Bəkr ibn Əbu Quhafədir. Əgər mən insanlar arasında özümə xəlil (ən əziz dost) seçməli olsaydım, hökmən Əbu Bəkri seçər­dim. Lakin İslamda qardaşlıq bundan əf­zəldir. Elə isə, bu məs­ciddə Əbu Bəkrin qapısın­dan başqa məscidə açılan bü­tün qapıları bağlayın!” (əl-Buxari, 467); digər bir hədisdə rəvayət edilir ki, Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) Öməri tərif edib de­mişdir: “Ey Xəttabın oğlu! Canım Əlində olan Allaha and ol­sun ki, şeytan hər dəfə yolda səninlə qarşı-qarşıya gəldikdə, yolunu dəyişib başqa yolla gedir” (əl-Buxari, 6085).

İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etsdiyi hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Mən özümə dost tutmaqdan uzağam. Əgər mən özümə yaxın dost seçmiş olsaydım, əlbəttə ki, Əbu Bəkri seçərdim. Lakin sizin yoldaşınız Uca Allahın dostudur”. (Əhməd, 3580; Muslim, 4395, 6327. Şueyb əl-Arnavut isnadının Muslimin şərtlərinə görə səhih olduğunu bildirmişdir).

Rəvayət edilir ki, Cubeyr ibn Mutim (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) bir qadın Pey­ğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəldi və o, qadına (bir müddətdən sonra) gəlməyi bu­yurdu. Qadın: “Bəs gəlib səni tapmasam necə olsun?”– deyə soruşdu. Sanki o, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vəfat edəcəyini qəsd edirdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Məni tapmasan, Əbu Bəkrin yanına gedərsən!” (əl-Buxari, 3659).

Əhli Sünnənin səhabələr haqda etiqadından yeddinci şərt: Cənnətlə müjdələnən on səhabənin digər səhabələrdən üstün olmasına etiqad etmək. Abdur-Rahmən ibn Auf (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) belə buyurdu: “Əbu Bəkr cənnətlikdir; Ömər cənnətlikdir; Osman cənnətlikdir; Əli cənnətlikdir; Talhə cənnətlikdir; Zu­beyr cənnətlikdir; Abdur­rəhman ibn Auf cənnətlikdir; Səd ibn Əbi Vəqqas  cənnətlikdir; Səid ibn Zeyd  cənnətlikdir; Əbu Ubeydə ibnul-Cərrah cənnətlikdir”. (ət-Tirmizi, 3747, 4112; İbn Macə, 133; Əhməd, 1629; 1675; İbn Hibban, 7002; əl-Bəzzar, 1020. əl-Albani səhih olduğunu bil­dirmişdir).

Əhli Sünnənin səhabələr haqda etiqadından səkkizinci şərt: Əhli Sünnənin Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) zövcələri haqda olan etiqadı;

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zövcələrinin möminlərin anaları olmasına və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həm bu dünyada, həm də Axirətdə onun zövcələri olmasına etiqad edirlər.

“Peyğəmbər möminlərə on­ların öz­lə­rindən daha yaxın­dır. Zöv­cələri isə mö­minlərin ana­larıdır” (əl-Əhzab, 6).

“Ey iman gətirənlər! Sizə yeməyə izin veril­məyib süfrəyə də­vət olunmadıq­ca Peyğəmbə­rin evlərinə girməyin və əv­vəl­cə­dən gəlib ye­məyin hazırlan­masını da gözləməyin. Lakin dəvət olun­duqda gi­rin və ye­mək yedik­dən sonra bir-biri­nizlə söhbətə dalmadan da­ğı­­lı­şın. Çün­ki bu hərəkətiniz Pey­ğəmbəri narahat edir və o sizdən uta­nır. Allah isə sözün açığını sizə bəyan et­mək­dən utanmır. Pey­ğəm­bə­rin zöv­cələ­rin­dən bir şey is­tədik­də, pərdə arxasından istəyin. Bu həm si­zin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gə­ti­rər. Sizə Allahın El­çisini na­razı salmaq, vəfatından sonra onun hə­yat yoldaşları ilə izdi­vac et­mək qətiyyən yolve­ril­məz­dir. Hə­qi­qə­tən, bu, Allah ya­nında böyük günahdır”. (əl-Əhzab, 53)

“Ey Peyğəmbərin zövcə­lə­ri! Siz hər hansı bir qadın kimi de­yil­si­niz. Əgər Allahdan qor­xursunuzsa, yad kişilərlə naz­la­na-naz­la­na danışmayın, yoxsa qəl­bində xəstəlik olan kəs tamaha düşər. Şə­ri­ə­tə mü­vafiq qayda­da danışın. Evlərinizdə qərar tutun! İlk ca­hi­liyyə dövründə olduğu ki­mi açıq-saçıq gəzməyin. Na­maz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Ey ev əhli! Allah sizdən günahı­nızı silib apar­maq və sizi tər­təmiz etmək istəyir.Evlərinizdə oxunan Alla­hın ayə­lə­rini və hikməti yada salın. Hə­qiqətən, Allah lütf­kardır, hər şeydən xəbərdar­dır” (əl-Əhzab, 32-34).

Onların ayrı-ayrılıqda fəzilətlərinə dair hədislər də mövcuddur.

Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Zövcəm Aişə cənnətlik­dir”. (İbn Səd, 8/66; Səhih əl-Cami, 3965).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Aişəyə (Allah ondan razı olsun) dedi: “Həm dünya­da, həm də Axirətdə mənim zövcəm olmağa razısan­mı?” Aişə: “Əlbəttə razıyam!”- deyə cavab verdi. Pey­ğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Dünyada da, Axirətdə də sən mənim zövcəm­sən!” (əl-Hakim, 4/10; Silsilə əs-Səhi­hə, 1142).

İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi (sallallahu aleyhi və səlləm) yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir” Peyğəm­bər (sallallahu aleyhi və səlləm) buyur­du: “Cənnət qadınlarının ən fəzi­lətlisi; Xuveylidin qızı Xədicə, Muhəm­mədin qızı Fati­mə, İmranın qızı Mər­yəm və Fironun zövcəsi Muzahi­min qızı Asiyadır”. (Əhməd, 2751, 2903. əl-Albani “Silsilə əs-Sahiha”da (№ 1508) səhih olduğunu bildirmişdir).

Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) Cəbrail Peyğəm­bərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi, bax Xədicə əlində bir qab xörək şi­rə­si, (və ya yemək, yaxud içməyə bir şey) bura gəlir. Sənin yanına gəlib ça­tan­da ona Rəbbin­dən və məndən salam söylə və Cənnətdə (onun üçün) içiboş mir­varidən (hazırlanmış), içində də nə səs-küy, nə də yorğunluq olan bir ev ilə onu müjdələ!” (əl-Buxari, 3820).

Əhli Sünnənin səhabələr haqda etiqadından doqquzuncu şərt: Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yaxınlarının, qohumlarının və övladlarının fəzilətləri və dərəcələri haqda etiqadı.

Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Həsən və Hüseyn Cənnət­dəki cavanlar arasında ən hörmətli olacaqlar. Ataları isə onlardan da xeyirlidir”. (əl-Hakim, 3/167; Silsilə əs-Səhi­hə, 796; Səhih əl-Cami, 47).

 

Xülasə

 

  1. Qəlblərin və dillərin səhabələrə qarşı salamat olması;
  2. Fəthdən öncə müsəlman olanların fəthdən sonra müsəlman olanlardan daha üstün olmasına etiqad etmək;
  3. Mühacirlərin ənsarlardan daha üstün olmasına etiqad etmək;
  4. Bədr döyüşündə iştirak edənlərin - təqribən üç yüz on yeddi nəfər, ağac altında beyət edənlərin – təqribən min dörd yüz nəfərin Cənnətlik olmasına etiqad etmək;
  5. Cənnətlə müjdələnən on şəxs və digər adları çəkilən səhabələrin Cənnətlik olmasına etiqad etmək;
  6. Fəzilət cəhətdən birinci Əbu Bəkrin, ikinci Ömərin, üçüncü Osmanın, dördüncü Əlinin olmasına etiqad etmək;
  7. Səhabələr arasında baş verən fitnələrə baş qoşmamaq;
  8. Bütün səhabələri sevmək;
  9. Əli ilə Muaviyə arasında olan münaqişənin ictihad səbəbilə olmasına və Əlinin daha haqlı olmasına etiqad etmək. Bu məslədə Muaviyənin ictihadında xəta etməsinə etiqad etmək;
  10. Səhabələrin kiçik və böyük günahlardan məsum olmamasına, lakin onların keçmiş əməllərinə görə bağışlanmasına etiqad etmək. Səhabələr peyğəmbərlərdən sonra ən fəzilətli insanlar olmasına etiqad etmək.