Əhli Sünnə ilə murciə arasında təkfir mövzusundakı fərqlər

English

1. Murciələrin etiqadı – yəni halal saymağı bütün ediləcək əməllərdə şərt görmüşlər. Əhli Sünnə isə bəzi əməllərdə şərt görmüş, bəzilərində isə şərt görməmişdir. Sual olunsa ki, təkfir olunmasında etiqad edilməsi şərt olan əməldə qayda nədir? Cavab budur ki, bu məsələdə qayda dəlildir. Dəlil – təkfir olunacaq bir əməli edənin təkfir olunması üçün həmin adamın etiqad etməsi şərt görülməyibsə, həmin əməli edən bir-başa təkfir edilir. Həmçinin, təkfir ediləcək bir əməli edənin təkfir olunması üçün həmin adamın etiqad etməsi şərt görülübsə, həmin əməli etməyi halal sayması və ya inkar etməsi, yəni etiqad etməsi lazımdır. Həmin əməli edən yalnız bundan sonra təkfir olunur. Digər günahlar isə günah olaraq vəsf olunur və bu əməli edən adam yalnız həmin əməli halal saydığı təqdirdə təkfir olunur. Məsələn, zina kimi. Burda təkfirin şərtləri tətbiq edilməlidir.

2. İslam alimləri murciəlikdən uzaq olmaq üçün hansı məsələlərdən uzaq olmağı qeyd etmişlər. Bu da beş qisimdir:

1) Kim imanın söz, etiqad və əməl olduğunu deyərsə, artıq murciəlikdən uzaq olmuşdur.

İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) demişdir: “Kim iman söz və əməldir, artır və azalır deyirsə, artıq murciəlikdən - əvvəlindən və axırından bütünlüklə çıxmışdır”. (Şərhus-Sunnə, səh. 123, 161). Həmçinin digər alimlər də bu mənada sözlər demişlər: İbn Bəzz “əl-Fətava” 2/83, əl-Albani “ət-Tahaviyyə” 1/51; İbn əl-Useymin “əl-Fətava” 1/49.

2) Kim imanın artıb-azalmasını deyərsə, o artıq murciyəlikdən uzaqdır. İmam Əhməddən (Allah ona rəhm etsin) “iman artır və azalır” deyən şəxs barəsində soruşulduqda, o demişdir: “Bunu deyən şəsx muciəlikdən uzaq olmuşdur” (əs-Sunnə lil-Xalləl, 2/581, 1009; Abdullah “əs-Sunnə” 1/307, 600)

3) Kim "imanda istisna icazəlidir" deyərsə, artıq murciəlikdən çıxmışdır.

Abdur-Rahmən ibn Mehdi (Allah ona rəhm etsin) deyir: “Murciəliyin əsli istisnanı tərk etməkdir”. (əş-Şəriyyə lil-Acuri, 2/664).

İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Sələfin məzhəbi və hədis əhlinin yolu, Abdullah ibn Məsud və onun yoldaşları, əs-Səuri, İbn Uyeynə, Kufənin əksər alimləri, Əhməd ibn Hənbəl və sünnənin digər alimləri imanda istisna edirdilər. Bu onlardan mütəvatir olaraq gəlmişdir”. (Məcmuul-Fətava, 7/438). Həmçinin demişdir: “İstisnanı haram sayanlar murciələr, cəhmiyyələr və onlara bənzəyənlərdir”. (Məcmuul-Fətava, 7/429).

İmanda istisna “mən möminəm in şəə Allah” deməkdir. Əhli Sünnə bunu iki yerə bölmüşdür. İcazəli olan hissə - bir qulun özünü təmizə çıxartmaması və əməlinin qəbul olunmasını düşünməməsi mənasına gəlir. “Mən möminəm in şəə Allah, lakin əməllərimin qəbul olunmasını deyə bilmərəm”. Murciələr isə istisnanı mütləq şəkildə qadağan edirlər, yəni "mən möminəm" bir-başa deyirlər və istisna etmirlər.

4) “Küfr - həm küfr sözü deməklə, həm də küfr əməli etməklə olur” - kim belə deyərsə, artıq murciəlikdən uzaqdır. Çünki murciələr əməlləri imandan saymırlar. Onların etiqadlarında əməlin imanın güclənməsinə və ya zəifləməsinə heç bir təsiri yoxdur. Bu, istər söz olsun, istərsə də əməl. Küfr yalnız etiqadla olur.

İbn Teymiyyə (Allah ona rəhm etsin) təkfir etməni yalnız etiqad etməyi şərt qoşanlar və Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) söyən birinin halından danışdığı zaman demişdir: “Onlar imanın yalnız Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xəbər verdiyini təsdiq etmək olduğunu düşünmüşlər. Elə bilmişlər ki, onun peyğəmbərliyini təsdiq etmək, onu söymək bu imanı aradan qaldırmaz. Bu da murciə və onlara bənzəyənlərin etiqadında olanların sözləridir. Onlar imanın etiqad və söz olduğunu qeyd etmişlər”. (Sarimul-Məslul, 3/964).

Əsrin üç alimi bir insanın söz və əməl ilə dindən çıxa biləcəyini demişlər: İbn Bəzz “əl-Fətava” 2/83; əl-Albani “Silsilə əs-Səhihə” 7/134, 3054-cü hədisin haşiyəsi; İbn əl-Useymin “Qavaidul-Muslə” səh. 149.

5) Kim əmir zalım olsa belə ona itaətin vacibliyini etiqad edərsə, artıq murciəlikdən xilas olmuşdur. Çünki, murciələr zalım və ədalətsiz rəhbərə qarşı çıxmağın icazəli olduğunu etiqad edirlər.

Sufyən ibn Uyeynə və Əvzai (Allah onlara rəhm etsin) demişlər: “Murciələırin sözləri qılıncla hakimə qarşı çıxmağa aparır”. (əs-Sunnə li Abdullah ibn Əhməd, 1/218/368).

Sufyən əs-Sovri (Allah ona rəhm etsin) murciələr haqda deyir: “Onlar qiblə əhlinə qarşı qılınc çəkir və hakimə qarşı çıxırlar”. (əş-Şəriə lil-Acuri, 2062; Şərh Usulil-İtiqad əl-Lələkai, 1834).

Əsrin üç aliminin murciələr haqda bu sözlərin bənzəri olan fətvaları çoxdur.