Mənhəcin düzgün olmaması bidətlə nəticələnir

English

Şeyx Fovzana (Allah onu qorusun) sual verilir: "İstər dostluq və düşmənçilik məsələsində olsun, istərsə də əmr sahiblərinə - əməlisaleh və ya günahkar - qulaq asıb itaət etmək məsələsində olsun, digər məsələlərdə müvafiq olsa da, bu məslələrdə "Nicat Tapmış Firqə" (Firqatun-Nəciyə), "Kömək Olunmuş Tayfaya" (Taifətul-Mənsura) müxalif olan sələf mənhəcindən çıxırmı?​"

Şeyx Fovzan (Allah onu qorusun) cavab verərək buyurur: “Bəli! Kimsə bir şeydə onlara müxalif olub, digər şeylərdə onlara müvafiq olarsa, müxalif olduğu şeydə onlardan sayılmasa da, müvafiq olan şeylərdə onlardan sayılır. O, böyük bir təhlükə uzərindədir. O: “Hamısı Cəhənnəmdə olacaq”- hədəsinə daxil olur. (“...Bunların birindən başqa ha­mı­sı Cə­hən­nəmdə olacaq” ət-Tirmizi, 2641, 2853). Bu müxalifliyi səbəbi ilə - əqidə məsələlərinin birində olsa belə - insan oda daxil ola bilər, çünki Allah Elçisi demişdir: “Hamısı Cəhənnəmdə olacaq” sözü o demək deyil ki, "onlar kafirdirlər və orada əbədi qalacaqlar". Onlar orada müxalifliklərinin miqdarına görə Cəhənnəmdə qalacaqlar. Çünki, müxaliflik bəzən dindən çıxaran olur, bəzən də dindən çıxarmayan olur". (Yeni Mənhəclər Barədə Suallara Faydalı Cavablar, 42-ci sual. səh.128).

Ona görə də kimdə bir bidət olsa belə ondan ehtiyat etmək lazımdır. Bidətçilərə qulaq asmaq, onların kitablarını oxumaq yalnız onlara rəddiyyə verib zəlalətlərini bəyan etmək istəyən elm əhlindən olan mütəxəssislərdən başqa heç kəsə icazəli deyil. Əks halda qəlb təsirlənər, şübhəyə düşər və onların şərinə düşər.

Onlarla oturub-durmamaq salamat mənhəcdə olanların öz mənhəclərini qorumaq xətrinədir. Bu daha şiddətli olmalıdır. Onlarla oturub-durmağa icazə verilsə, sufi, xavaric, rafizi və digər bidətlərə düşən insanların sayı çoxalacaq. Bidət əhli ilə oturub-durmamaq Əhli Sünnənin üsul qaydalarındandır. İnsan öz övladını pis uşaqlarla oturub-durmağa qymur, onun is vərdişlər etməməsinə, başqa insanların təsiri altına düşməməsi üçün nəzarət edirsə, necə ola bilər ki, əqidəsi xarab olan insanlarla oturub-durmağa icazə verilsin?! Düzgün əqidəni qorumaq üçün belə insanlarla oturub-durmaqdan necə çəkindirilə bilməz?! Sələflər deyərdilər: “Mən razıyam ki, övladım zinaya düşsün və ya şərab məclisinə düşsün, amma razı deyiləm ki, övladım bidət məclisində olsun”.

Bidət əhli ilə oturub-durmaq haqda sələflərdən bir çox dəlillər var.

Əbu Qilabə (Allah ona rəhm etsin) demişdir: “Bidət əhli ilə oturub-durmayın, onlarla qaynayıb-qarışmayın! Onların sizi öz zəlalətlərina salamayaqcaqlarına və ya sizin elmlə bilib tanıdığınız məsələlərdə sizi şübhəyə salmayacaqlarına əmin deyiləm”. (əl-Lələkai, 1/ 134; əl-İtisam, 1/ 172). Yəni, ya öz zəlalətlərinə salacaqlar, bu alınmasa, sizin yəqin olaraq bildiyiniz elmi məslələrdə şübhəyə salacaqlar. Ya öz şübhələrinə salır, müqavimət gördükdə, laxladıb buraxır. Bidət əhli bu daima bu iki yolun üzərindədirlər.

İbrahim ən-Nəxəi (Allah ona rəhm etsin) demişdir: “Bidət sahibi ilə oturub-durmayın və onları danışdırmayın! Qorxuram ki, qəlbiniz çevrilsin”. (əl-Bidə vən-Nəhyi Anhə, 56; əl-İtisam, 1/ 172).

Əbu Qilabə (Allah ona rəhm etsin) demişdir: “Ey Əyyub (əs-Sixtiyani), bidət əhlinə imkan vermə ki, sənin qulağına nə isə ötürsün!” (əl-Lələkai, 1/ 134). Yəni, insanın qəlbi bircə sözlə çevrilə bilər, insan bircə sözlə aza bilər.

Fudeyl ibn İyad (Allah ona rəhm etsin) demişdir: “Əgər hər hansı bir bidətçini yolun bir tərəfində görsən, sən yolun o biri tərəfinə keç!” (əl-İbənə, 2/ 475).

Haris ibn Əsəd əl-Muhasibi və onun kitabları haqda Əbu Zuraya (Allah ona rəhm etsin) sual verirlər, o deyir: “Nəbadə bu kitablara yaxın durasan! Bu kitablarda bidət və zəlalət var. Sən əsərlərə bağlan”. Ona dedilər: “Axı bu kitablarda ibrətlər var!?” O dedi: “Əgər bir insan üçün Allahın Kitabında ibrət yoxdursa, bunda da ibrət yoxdur”. Sonra dedi: “İnsanlar bidətə doğru necə də sürətlə qaçırlar!” (ət-Təhzib, 2/ 117; Tərixu Bağdad, 8/ 215).

İmam Əhməd (Allah ona rəhm etsin) əl-Muhasibi haqda soruşulanda demişdir: “Sən ona fikir vermə! O, pis adamdır. Onu danışdırma! Onun heç bir hörməti yoxdur”. (Raci, 49).

İmam əl-Bərbəhəri (Allah ona rəhm etsin) demişdir: “Hər hansı bir kəsi Allah Elçisinin (salləllahu aleyhi və səlləm) səhabələrindən hər hansı bir kəsə tənə edən görsən, bil ki, o pis söz sahibi nəfsinə uymuş kimsədir”. (Şərhus-Sunnə, səh. 115).

İmam əl-Bərbəhəri (Allah ona rəhm etsin) demişdir: “Görsən ki, bir nəfər sələflərdən gələn əsərlərə tənə edir, əsərləri rədd edir və ya əsərlərdən başqa bir şey istəyir, onu tərk et! Heç bir şəkk etmə ki, o nəfsinə tabe olmuş bidətçidir”. (Şərhus-Sunnə, səh. 115-116).

Quteybə ibn Səid (Allah ona rəhm etsin) demişdir: “Əgər görsən ki, bir kəs hədis əhlini sevir, bil ki, o sünnə üzərindədir. Kim buna müxalif olarsa, bil ki, o bidətçidir”. (Muqaddimətu Şiaru Əshəbil-Hədis, səh. 5).

Əbu Hatim ər-Razi (Allah ona rəhm etsin) demişdir: “Əsər əhli barəsində pis danışmaq, bidət əhlinin əlamətidir”. (əl-Lələkai, 1/ 179).

Hər bir bidət əhlinin mənhəcində problem var. Həqiqətən, Cənnətə girmək üçün mənhəc düz olmalıdır. Mənhəcdə problemin olması Cəhənnəm düşməyə səbəbdir. Şeyx Fovzan (Allah onu qorusun) buyurur: “Cənnət və Cəhənnəm mənhəcin sağlam olub-olmamasının üzərində dayanmaqdadır”. (“Yeni Mənhəclərə dair faydalı Cavablar, 47-ci sual, səh. 125).