"Kafirə kafir deməyənin özü kafirdir" şübhəsi

English

Şirk və ya küfr etmiş müsəlmanları qəsd edərək şübhə atırlar ki, "Kafirə kafir deməyənin özü kafirdir". 

Şübhəyə cavab: 

Bidət əhli olan xavariclər insanlara “Kafirə kafir deməyənin özü kafirdir” şübhəsini ataraq, elmsiz müsəlmanları qorxuzur və beləliklə onların savadsızlığından istifadə edərək təkfirə salmış olurlar. Onların məqsədi bu kəlimələri insanlara məcburən dedizdirməkdir. Yəni, “əgər sən kafirə kafir deməsən özün də kafir olacaqsan”. Elmdə zəif olan, ibadətə yeni qədəm qoyan insanlar isə dini savadsızlıqlarından onların sözlərini təkrarlayırlar. Burada sual olunur: “Hansı kafirə kafir deməyənin özü kafirdir?” Cavab da odur ki, Allah və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) dediyi kafirə kafir deməyənin özü kafirdir. Buna görə də kim Firona mömin deyərsə, o, kafirdir. Çünki, o Allah və Rəsulunun (ona Allahın salavatı və salamı olsun) dediyini inkar etmişdir. Həmçinin, bu hökm günümüzdə özünü müsəlman saymayan, özünü başqa dinlərə nisbət edən hər bir şəxsə aiddir.

Muhamməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) bu şərti qeyd etdikə yəhudi və nəsraniləri nəzərdə tutur. Bu günlərdə heç bir yəhudiyə, heç bir nəsraniyə şəkk edilməməlidir ki, onlar kafirdirlər.

Qadı İyad (Allah ona rəhm etsin) deyir: “Xristiyanları, yəhudiləri və müsəlmanların dinindən olmayan hər kəsi təkfir etməyən və ya təkfirdə tərəddüd və şübhə edən kəsləri təkfir etməyənlərin kafir olduğu icma ilə sabit olub...”. Qadı Əbu Bəkr (Allah ona rəhm etsin) deyir: “Çünki, Nasslar (Quran və Sünnə) və icma bunların kafir olduğunu bildirir. Bu məsələdə kim tərəddüd edərsə, nassi və təklifi doğru saymamış və ondan şübhələnmişdir. Onları yalanlamaq və onlardan şübhə etmək isə ancaq kafirin edəcəyi bir işdir”. (əş-Şifa 2/ 280-281).

Xavariclər isə kafir və müşriklərə tətbiq edilən qaydanı, cahilliyinə görə üzrlü olan müsəlmanlara tətbiq edirlər. Təkfir çox təhlükəli məsələ olduğuna görə müsəlmanlardan kiminsə kafir olması, bağışlanmayacağını deməyin qadağan olması haqda çoxlu hədislər vardır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir:

"Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar" (əl-Buxari 6045; Muslim 61).

"Hər hansı kişi öz qardaşına: "Ey kafir!" - deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (əl-Buxari, 6104; Muslim, 60)

Bir adam dedi: “Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq!” Uca Allah belə buyurdu: “Mənim filankəsi bağışlamayacağıma and içən kimdir? Həqiqətən, Mən onu bağışladım və sənin əməlini də boşa çıxartdım!” (Muslim, 2621, 4753, 6847).

Bu mənalı hədislər olduqca çoxdur.

Bidət əhlinin bu qaydanı səhv başa düşməsi

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Bir çox bidət və zəlalət əhli - Xəvariclər, Rafizilər, Qədərilər və Cəhmiyyələr zəlalət fikirlərini haqq saydıqdan sonra azdılar. Onlar bu etiqadlarına müxalif olan hər bir kəsi də kafir saymağa başladırlar”. (“Məcmuul-Fətava” 12/ 466)

İmam Şəukani (Allah ona rəhm etsin) deyir: “Xəvariclər ittifaq etmişlər ki, kim onların dedikləri kimi demirsə, küfrə düşmüş və onun malı, qanı və namusu halaldır”. (“Neylul-Əvtar” 7/ 304).

Nəticə olaraq deyilir ki, müsəlman olan müəyyən bir şəxsi təkfir etmək çox təhlükəli məslədir və onun kafir olması haqda hökmü hər adam verə bilməz. Həmçinin, oxuyun:

Namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşməliyik?

Ümumi təkfirlə müəyyən təkfirin fərqi

Ümumi fətvalar necə başa düşülməlidir?

Mövzular: