Əraf surəsi 172-ci ayəsi ilə atılan şübhəyə necə cavab vermək olar?

Sual: 
Assalamu aleykum va rahmatullah təkfirçilər şübhə olaraq cahilliyin üzr olmamasına Əraf 172 ayəsini gətirirlər. Bunu izah edərdiniz
Cavab: 

Va aleykumus-Sələm va rahmətullahi va bərakətuhu.

“Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış...” (əl-Əraf, 172) ayəsinin təfsiri

Misaq (əhd almaq) məsələsində mənbələrdən nəql edənlərin çoxu və bu mənbələrin sahibləri deyirlər ki, bu əhd öz-özlüyündə kifayət deyildir. İnsanların hesaba çəkiləcəkləri hüccət məhz rəsulların göndərilməsidir.

İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: "...Uca Allah buyurur: “Məgər bizi batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görəmi məhv edəcəksən?” (əl-Əraf, 173), yəni əgər Allah onlara inkar etdiklərinə və şirklərinə görə əzab versəydi, onlar belə deyərdilər.

Uca Allah isə onları yalnız rəsullarına qarşı çıxdıqlarına və onları yalan saydıqlarına görə həlak etmişdir. Əgər O, insanları üzərlərinə göndərilmiş rəsullarla hüccət qaldırmadan, şirk əməllərində atalarını təqlid etdiklərinə görə həlak etsəydi, onda onları batil əhlinin etdiyi əməllərə görə və ya onları üzərində olduqları əməllərinin batilliyini bilmədikləri, ondan qafil olduqları halda həlak etmiş olardı.

Artıq Uca Allah xəbər vermişdir ki, O, məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz! Onları yalnız üzərlərindən üzr qaldırdıqdan və xəbərdar etdikdən sonra həlak edər". (İbn əl-Qeyyim "Kitəbur-Ruh" 18-ci məsələ).

İbn Kəsir (Allah ona rəhm etsin) ayəyə İbn Qeyyimin seçdiyi rəyi tərcih edərək məsələyə belə xitam verir: "Deyirlər: “Bundan (yəni misaqdan, əhddən) murad budur ki, bu əhd bəzilərinin söylədiyi kimi insanların şahid tutulmasını şirk məsələsində onların əleyhinə hüccət etmiş olsaydı, onda bu əhdin insana qarşı hüccət sayılması üçün hər bir kəsin onu xatırlaması lazım olardı (və məlumdur ki, biz elə bir kəs tanımırıq ki, o, yaradılışdan qabaq olan bu şahidliyi xatırlasın. Xəbər səhih olduqda isə biz onu Peyğəmbərin (salləllahu aleyhi və səlləmin) yolu ilə təsdiq edirik və belə olduqda da hüccət ona qayıdır). Əgər deyilsə ki, "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bunu xəbər verməyi öz-özlüyündə hüccətin olması üçün kifayətdir", onda cavab bu olar ki, müşriklərdən yalan sayanlar da rəsulların gətirdiyi bu və digər bütün hər bir şeyi yalanlamışlar. Onların rəsulları yalan saymaları onların üzərinə başqa bir müstəqil hüccət qoyaraq göstərir ki, bu hüccət - tövhidi təsdiq üzrə yaradılmış fitrətdir".

Lakin "Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!" (əl-İsra, 15) ayəsi ilə bu fitrət əzab verməyi, əzabın gəlməsini tələb etmir.

İbn Kəsir (Allah ona rəhm etsin) bu ayənin təfsirində deyir: “Heç bir kəsə ona göndərdiyi rəsulları vasitəsilə hüccət qaldırmamış əzab verməyəcəyini bəyan etməsi, Uca Allahın ədalətindəndir. Hər hansı bir tayfa (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): “Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?”- deyə soruşacaqlar. Onlar deyəcəklər: “Əlbəttə...". Kəlamın sonu.

Bu haqda Uca Allah buyurur: “Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?” Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”- demişdik” (əl-Mülk, 8-9).

َHəmçinin, Hafiz İbn Kəsir (Allah ona rəhm etsin) bu ayə haqqında demişdir: “İnsanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın”, yəni Uca Allah kitablar endirmiş, rəsulları da müjdə verən və qorxudan olaraq göndərmişdir. O, qullarının Özünün sevdiyi və razı qaldığı şeylərlə birlikdə göndərilmiş elçinin Allahın rəsulu olduğunu bildiyi və ona iman gətirdiyi, lakin onun gətirdikləri bir çox şeylərdən də elmsiz qaldıqları halda onları cəzalandırmaz. Əgər Uca Allah imanı tərk etməyə görə yalnız və yalnız hüccət çatdıqdan sonra əzab verirsə, onda imanın bəzi hissəsinə görə hüccətdən sonra əzab verməsi daha layiq, daha münasib və daha məqsədəuyğundur. Bu isə bənzər misallarda Rəsulullahın (salləllahu aleyhi və səlləmin) geniş yayılmış yoludur...”. Kəlamın sonu.

İbn Kəsir (Allah ona rəhm etsin) bununla bərabər bir çox misallar zikr edir.

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) "Məcmu əl-Fətəva"nın 7-ci cildi 237-ci səhifəsində imanın artmasından danışarkən demişdir: "Səkkizincisi: İnsan bəzən bir çox işləri yalan sayır və inkar edir. O bilmir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu xəbər vermiş və ya əmr etmişdir.  Əgər bilsəydi, onda bunu nə yalan sayar, nə də inkar edərdi. Əksinə, onun qəlbi qəti olaraq bilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) yalnız doğru xəbər vermiş və yalnız haqqı əmr etmişdir. Sonra o, ayə və ya hədis eşidir və ya bunu fikirləşərək dərk edir, yaxud mənası ona təfsir olunur, yaxud da hər hansı bir yolla bu məsələ ona bəyan olur və beləliklə də, bu kəs yalan saydığı bu işi təsdiq edir və inkar etdiyi bu işi öyrənir. Bu da yeni bir təsdiq və yeni bir iman olur ki, bununla da onun imanı artır. Bundan qabaq o, kafir yox, əksinə cahil idi". O deyir: "İnsanlardan, hətta elm və ibadət əhlindən bir çoxları özləri də bilmədən qəlbləri ilə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyi əməllərə müxalif olan bir çox işlərdə təfsilata varır və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyi əməli bildikdə ona qayıdırlar. Dində xəta edərək söz və ya əməllə bidət edən, özü də Peyğəmbərə (salləllahu aleyhi və səlləm) iman gətirən, sonra da dediyi sözün bidət olduğunu bildikdə haqqa qayıdan və ondan (yəni haqdan) vaz keçməyən hər bir kəs buna aid edilir. Bunlarla yanaşı, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) tabe olmaq məqsədini güdən hər bir bidətçi də buna aid edilir".

Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Allahdan daha qısqanc olan yoxdur. Buna görə də, O, gizlində və aşkarda olan çirkin əməlləri haram etmişdir. Tərifi Allahdan çox sevən yoxdur. Buna görə də, O, Özünü tərif etmişdir. Üzrü Allahdan daha çox sevən yoxdur. Buna görə də, O, kitablar nazil etmiş və peyğəmbərlər göndərmişdir". (Muslim, 4958).

Həmçinin oxuyun: "Allah Quranda müşrikləri cahil adlandırır, ona görə indiki cahillər də müşrikdir" şübhəsi

Mövzular: