Mənhəc nədir?

English

Mənhəc nədir?

Mənhəc - ərəb dilində nəhəcə, yənhəcu, minhəcən sözündən götürülüb, insanın getdiyi aydın yol deməkdir. Uca Allah buyurur: “Sizdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik”. (əl-Maidə, 48).Abdullah ibn Abbas (Allah ondan razı olsun) bu ayədəki “minhəcə“ sözünün “sünnə” və “yol” mənasını verdiyini demişdir. (Cəmiul-Bəyan, 10/ 387).
 
Şəriətdə mənhəc - ibadətdə, elmdə, əməldə və insanlarla davranışda Allahın hökmlərini bəyan edən yoldur. Günümüzdə bir çox bidətçi firqələr öz zəlalətlərinə Quran və Sünnədən dəlillər gətirirlər. Səhih mənhəc isə bu dəlilləri öz havasına uyğun şəkildə yox, Peyğəmbərin (sallallahu aleyhi və səlləm), səhabələrin və onlardan sonra gələnlərin başa düşdüyü kimi başa düşüb həyatda tətbiq etməkdir.
Şeyx Ubeyd əl-Cəbiri (Allah onu qorusun) buyurur: “Sələfi mənhəci Allah Elçisindən (salləllahu aleyhi və səlləm) gələn hər bir şeyə tabe olmaq, söz və əməllə ondan möhkəm yapışmaqdır”.
 

Əqidə ilə Mənhəc arasında fərq varmı?

Əqidə - Rəbbin, Dinin və Peyğəmbər (salləllahu aleyhi və səlləm) barədə qəlbdəki etiqaddır. Mənhəc isə bu etiqadla bərabər düzgün başa düşmə tərzi, düzgün tətbiqdir. Əqidə və mənhəc bir-birindən ayrılmazdır, lakin mənhəc əqidədən daha geniş mənaya malikdir. Mənhəc müsəlmanın - əqidəsində, ibadətində, əxlaqında, başqaları ilə davranışında və s. bütün həyatını əhatə edir
Ona görə də müsəlman salamat əqidə və mənhəc üzərində olmalıdır.
Mənhəc haqqında Qurani Kərimdə dəlillər çoxdur. Onlardan bəzilərini qeyd edək:
Uca Allah buyurur :
“Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan (qorunmaq üçün) Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir!” (əl-Bəqərə, 137).
Bu ayədə Allah iman etməyi səhabələrin iman etdiyi kimi etməyi, bundan üz döndərənin isə azğınlığa, zəlalətə düşəcəyini demişdir.
Həmçinin, Uca Allah buyurur:
“Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir”. (ən-Nisa, 115).
Burada “möminlərin yolundan” - Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və onun səhabələrin söz, əməl və etiqad olaraq üzərində olduqlarıdır.
Başqa bir ayədə isə Uca Allah buyurur:
“Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı¬dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur”. (ət-Tövbə, 100).
Allah bu ayədə “yaxşı işlər görməkdə onların ardınca gedənlər” sözü ilə səhabələrin yoluna tabe olanları tərifləmişdir. Çünki, səhabələr dini bir-başa Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) götürmüş, onun sözlərini eşitmiş və nələri qəsd etdiyini bizdən daha gözəl başa düşmüşlər.
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Ən xeyirli insanlar mənim dövrümdə yaşayan insanlardır; sonra onların ardınca gə­lən­lər, sonra da on­ların ardınca gələnlərdir...” (əl-Buxari, 2652).