"Onların səndən sonra nə etdiklərini bilmirsən" hədisi ilə atılan şübhə

English

Bidət əhli Peyğəmbərin ﷺ hovuzu haqda hədisi dəlil gətirib səhabələrin Peyğəmbərdən ﷺ sonra dönük olduğunu deyirlər. Hədis belədir: “Mən Qiyamət günü hovuzun başında olarkən məni tanıyan və mənim tanıdığım bir qrup insan mənim yanıma gələcəklər. Lakin (mələklər) onları hovuzdan uzaqlaşdıracaqlar. Mən deyəcəyəm: "Ey Rəbbim, onlar mənim səhabələrimdir". Mənə deyiləcək: "Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən”. (əl-Buxari, 4371, 4740), digər hədisdə deyilir: "(Həmin vaxt) əshabələrimdən bəzilərini sol tərəfə aparacaqlar. Mən (onların atəşə doğ­ru aparıldığını görüb): “Səhabələrim, səha­bələrim!”– deyəcəyəm. (Mənə): “Sən onları qoyub getdiyin gündən sonra onlar mürtəd oldular”– deyiləcək.  (əl-Buxari, 3100, 3349).

Bu hədisin bir çox ləfzi var. Bəzi rəvayətlərdə deyilir: Mən hovuzun başında dayanıb yanıma gələnlərə baxdığım halda, bəzi insanların mənə yaxınlaşmasının qarşısı alınacaqdır. Mən deyəcəyəm: "Ey Rəbbim, onlar məndən, mənim ümmətimdəndirlər". Mənə deyiləcək: "Məgər sən onların səndən sonra nə etdiklərini bilmirsənmi! Allaha and olsun, səndən sonra az keçmədən dinlərindən üz çevirdilər". Ravi İbn Əbu Məuleykə deyir: "Allahım, dinimizdən üz çevirməkdən sənə sığınırıq". Bu hədisi də Muslim "Səhih" əsərində rəvayət etmişdir.

Onlar bu hədisləri qeyd etməklə səhabələrin dönük çıxdığına işarə edirlər.

Şübhəyə cavab: 

Birinci cavab: Hədisdə deyilən səhabə sözü ilə Peyğəmbərin ﷺ vaxtında İslamı təzahür edən münafiqlər nəzərdə tutulur. Bu haqda Uca Allah buyurur: "Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət ve­ri­rik ki, sən Allahın Rəsulusan!”– deyirlər. Allah da bilir ki, sən Onun Rəsulusan. Allah şa­hid­dir ki, münafiqlər əsl ya­lançıdırlar" (əl-Munəfiqun, 1).
Həmin o insanlar da, Peyğəmbərin ﷺ tanımadığı münafiqlərdir. Bunun təsdiqi olaraq Uca Allah buyurur: “Çevrənizdəki bədəvi­lər­dən və Mə­dinə əhalisi ara­sın­da mü­nafiqlər var. Onlar münafiqlikdə inadkarlıq edir, sən isə on­la­rı tanımırsan. Biz ki on­ları tanı­yırıq. Biz on­lara iki dəfə əzab ve­rəcəyik. Sonra isə böyük bir əzaba qay­tarı­la­caqlar" (ət-Tövbə, 101).
Həmin insanlar münafiqlər idilər. Amma Peyğəmbər ﷺ onların səhabələrdən olduqlarını zənn edirdi. Amma əslində belə deyildi.

İkinci cavab: Hədisdə qeyd olunan insanlar, Peyğəmbərin ﷺ vəfatından sonra mürtəd (İslamdan imtina edib kafir) olanlardır. Onun vəfatından sonra bəzi ərəblər mürtəd oldular. Peyğəmbər ﷺ “onlar mənim səhabələrimdir” – dediyi zaman, ona belə cavab veriləcək: "Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən. Sən onlardan ayrılandan sonra onlar mürtəd oldular."

Üçüncü cavab: Burada deyilən "səhabə" sözü, ümumi məna daşıyan bir ifadə kimi işlədilmişdir. Yəni, Peyğəmbərə ﷺ itaət etmədən onunla yoldaşlıq edən hər kəsə aiddir. Belə olan təqdirdə həmin insanlar "səhabə" sözünü şəriət baxımından mənasına daxil deyillər. Buna dəlalət edən məqam budur.: Mədinə şəhərində münafiqlərin başçısı sayılan Abdullah ibn Ubeyy ibn Səlul bu sözləri: “Əgər biz (Bəni Müstəliq vuruşundan) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – dediyi zaman bu sözlər Ömərə (Allah ondan razı olsun) çatır və o deyir: "Ey Allahın elçisi, qoy bu münafiqin başını bədənindən ayırım!" Peyğəmbər ﷺ dedi: “Onunla işin yoxdur. Sonra deməsinlər ki, Məhəmməd öz səhabələrini öldürür”. (əl-Buxari, 3257, 3518; Muslim, 4682, 6748). Bu məqamda Peyğəmbər ﷺ onu öz səhabəsi olaraq qeyd edir. Lakin burada "səhabə" sözü, şərii mənaya görə deyil, lüğəti mənaya görədir. Çünki Abdullah ibn Ubeyy ibn Səlul münafiqlərin başçısı sayılırdı. Uca Allah tərəfindən ifşa edilən bu insan, öz münafiqliyini açıq-aşkar bildirirdi.

Dördüncü cabab: Ola bilər burada səhabə sözü, Peyğəmbərin ﷺ yoluna riayət etməklə ona yoldaşlıq edən, onu görənlərin və görməyənlərin hamısına aiddir. Bu mənaya hədisin digər rəvayətində deyilən, “onlar mənim ümmətimdəndir, onlar mənim ümmətimdəndir” sözləri dəlalət edir. O ki, qaldı Peyğəmbərin ﷺ onları tanımasına, artıq özü bu haqda xəbər verərək demişdir: “(Qiyamət günü) Mən bu ümməti tanıyacağam”. Odan soruşdular: "Ey Allahın Elçisin, axı sən onları görməmisən, necə tanıyacaqsan?" Peyğəmbər ﷺ buyurdu: “Mən onları dəstəmaz izlərindən tanıyacağam” (Muslim, 367, 607). Bu mənanı təkid edən məqam, İbn Əbu Muleykə adlı bir nəfər tabiinin bu sözləridir: "Allahım, dinimizdən üz çevirməkdən (qorxub) sənə sığınırıq".

Bütün bu deyilənlərdən sonra onu demək olar ki, nə xəvariclər, nə nasibilər, nə də mötəzililər bu hədisi dəlil gətirmirlər. Bunu yalnız rafizilər Peyğəmbərin ﷺ səhabələrinin mürtəd olmaları haqda dəlil olaraq önə çəkirlər. Onlara belə bir müraciət olunur: Hansı əsasla Əlini, Həsəni, Hüseyni və Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əhli-beytindən olan digərlərini istisna edirsiniz? Onların, mürtədlərdən olmalarına nə maneə olur?
Təbii ki, biz onların mürtəd olduqlarını demirik, onlar bundan uzaqdırlar. Əslində biz onların imamlığını qəbul edir, onların Cənnət əhlindən olduqlarını təsdiqləyirik. Belə ki, Peyğəmbər ﷺ Hira dağının üzərində olarkən Əli haqqında demişdir: "Ey Hira, sakit ol. Həqiqətən, sənin üzərində bir Peyğəmbər, siddiq və şəhid var". (Əbu Davud, 4648; ət-Tirmizi, 2699. Hədis səhihdir. Bax: Səhih İbn Məcə, 134). Əli də Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) birgə idi. O, Cənnət əhlindəndir. Səhih hədislərin birində Peyğəmbərin ﷺ Həsən və Hüseyn haqqında belə dediyi qeyd olunur: ““Həsən və Hüseyn Cənnət­dəki cavanlar arasında ən hörmətli olacaqlar. Ataları isə on­lardan da xeyirlidir”. (əl-Hakim, 4779, 4780. Hədis səhihdir. ax: Silsilə əs-Sahiha, 796) və “Sahih əl-Cami, 47).

Əgər kimsə Əbu Bəkrin, Ömərin, Əbu Ubeydənin və Peyğəmbərin ﷺ başqa səhabələrinin hovuzun ətrafından qovulacaqlarını deyirsə, o zaman Əlinin də hovuz başından qovulmasını deyən nasibilərə bunu deməyə nə mane olmalıdır? Əgər Əlinin fəziləti haqqında deyilənləri dəlil gətirsələr, o zaman cavab belə olacaqdır: Əbu Bəkr və Ömər haqqında deyilən fəzilətlər, Əli haqqında deyilən fəzilətlərdən qat-qat çoxdur.