Özlərinə sələfi deyən elm tələbələri...

English

Bütün müsəlman ölkələrində özünə sələfi deyən elm tələbələri arasında əvvəllər sələfi olan, lakin sonradan müəyyən etiqadi xətalara düşən və bu xətalardan dönməyən adamları sələfi dairəsində saxlamaq problemi geniş vüsət almışdır. Həmin elm tələbələri etiqadi xətası olan şəxsdən sıravi müsəlmanları çəkindirmir, onların bu səhv addımına görə isə minlərlə sıravi müsəlman da həmin xətaları mənimsəyərək bidətə düşmüş olurlar. Amma həmin elm tələbələri unudurlar ki, əgər Allah onları elm yoluna yönəldibsə, onlara müxtəlif ölkələrə gedərək orada elm almağı nəsib edibsə, bunun məsuliyyəti də böyük olmalıdır. Onlar sıravi müsəlmanlara bilmədiklərini öyrətməli, bidət əməllərdən çəkindirməli, həmin bidət əməlləri yayan insanlardan çəkindirməlidirlər. Onlar sıravi müsəlmanlara müxtəlif mövzuda dərslər keçərək onlara elmi öyrədirlər, lakin günümüzdə yayılan və Peyğəmbərin ﷺ ən əsas çəkindirdiyi şeylərdən olan bidət və bidətçilərdən çəkindirməkdə səhlənkar davranırlar. Beləliklə də həm özlərini, həm də ətrafdakılarının azmalarına səbəb olurlar. Peyğəmbər ﷺ belə buyurur: "Bir elm haqda verilən sualı bilib gizlədənin Qiyamət günü (ağzını aça bilməmək üçün) oddan bir damğa vurular”. (İbn Macə, 266).

Elm tələbəsi səmimi və şəffaf olmalıdır. Sual nə olursa olsun, bilirsə cavab verməli, bilmirsə "bilmirəm" deməlidir. Suallar arasında senzura tətbiq edərək "mənə mənhəc haqda sual verməyin" və ya "biz şəxslər haqda danışmırıq" kimi sözlərlə sıravi müsəlmanların suallarından qaçmamalıdır. Həmçinin oz yanında kimisə saxlayıb öz əvəzinə o danışmamalıdır. Halbuki, Allah onları nəyəsə cavab verib, nəyisə gizlətməyə görə oxutdurmamışdır. Elmin zəkatı onu insanlar arasında yayaraq müsəlmanları faydalandırmaqdır. Amma bəzi özünə sələfi elm tələbəsi deyənlər sanki həmin zəkatı yarımçıq verirlər. Məgər onlar elə düşünürlər ki, Allah bunu görmür? 

Şeyx Fovzan (Allah onu qorusun) deyir ki, “Cənnət və Cəhənnəm mənhəcin sağlam olub-olmamasının üzərində dayanmaqdadır”. ("Yeni Mənhəclər Barədə Suallara Faydalı Cavablar” 47-ci suala cavabın axırı, səh. 125). Amma həmin elm tələbələri mənhəclə əlaqəli suallardan qaçırlar. O, necə elm tələbəsidir?

Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) demişdir: “Əgər Əhli-Sünnədən olan Quran və Sünnəyə müxalif olanların xətalarına susarsa, Əhli-Kitaba – Allahın qəzəbləndiyi kəslərə və yolunu azanlara oxşayacaq”. (İbn Bəzz “Məcmuul-Fətava” 3/73).

Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) demişdir: “Əgər haqq əhli susarsa, onda xəta edənlər öz xətalarını davam edəcək və bilməyənlər bidətçilərin ardınca gedəcək”. (İbn Bəzz “Məcmuul-Fətava” 3/72).

Özlərini sələfə nisbət edən elm tələbələrinə sıravi müsəlmanlar hər hansısa əvvəli sələfi olmuş, lakin sonradan bəzi məsələlərdə yolunu azmış insan haqda sual verdikdə, "qəbirdə səndən bu haqda soruşulmayacaq", "qeybət etməyək" və s. günahların pis aqibətinin zərəri haqda danışaraq həmin suallardan çəkinir, onları da bu sualları verməkdən çəkindirirlər. Onların sözündən belə çıxır ki, bidəti və bidətçini bəyan edən sünnə imamları səhv edərək, kiminsə haqqına girərək qeybət etmişlər? İmam Əhmədin "Quran məxluqdur" fitnəsi zamanı bir batil fikirdən dönməyənə qarşı necə davranması çoxuna məlumdur. Bunu bir daha qeyd edək:

Hafiz ibn Abdul-Bərr (Allah ona rəhm etsin) deyib: “Əbu Əli Hüseyn ibn Əli Kərabisi bir çox əsərlər qələmə almış mötəbər bir alim idi. Rəhbərin dini məsələlərdə qərarları yalnız onun fətvalarına əsaslanırdı. Həmçinin o, məharətli mübahisəçi və çox təkəbbürlü idi. O, ilk əvvəl İraq sakinlərinin məzhəbində idi (yəni, Əbu Hənifənin məzhəbində – tərc. qeyd). İmam Şafii gəldikdən və o, onunla görüşdükdən və onun əsərləri ilə tanış olduqdan sonra, o, (Kərabisi) Şafiinin məzhəbinə keçdi və ona böyük ehtiram bəsləməyə başladı. O, sayı 200 cildə çatan çoxsaylı əsərlərin müəllifidir. Kərabisi Əhmədlə də dostyana və yaxşı münasibətlərdə idi. Lakin Kərabisi Quran məsələsində digər rəyi seçdikdə dost münasibətləri düşmən münasibətlərinə çevrildi və onlardan hər biri digərini cərh etməyə və bir-birindən çəkindirməyə başladılar”. (əl-İntiqa Fi Fədail əs-Sələsə əl-Əimmə əl-Fuqahə; Malik Vəş-Şafi Və Əbi Hənifə, səh. 106).

İbn Abdul-Hadi (Allah ona rəhm etsin) nəql edirdi: “İmam Əhməddən Kərabisinin “Mən Quran oxuyanda, mənim ləfzim məxluqdur” sözləri haqqında soruşdular. Buna İmam Əhməd (Allah ona rəhm etsin) cavab verdi: “Bu Cəhmin sözləridir (yəni, cəhmilərin – qeyd. tərc)”.

İshaq ibn İbrahim (Allah ona rəhm etsin) nəql edir ki: “Mən İmam Əhmədin “Allah Kərabisini alçaltsın! Onunla danışmaq, əlaqə saxlamaq və onun kitablarının üzünü köçürmək icazəli deyil. Həmçinin, onunla əlaqə saxlayanlarla da əlaqə saxlamaq olmaz” dediyini eşitmişəm”. (Bəhr əd-Dəm Fimən Təkəlləmə Fihi əl-İməm Əhməd Bi Mədhin Və Zəm, səh. 192).

Alləmə əş-Şovkani (Allah ona rəhm etsin) demişdir: "Əgər cərh və tədil olmasaydı, yalançılar Sünnə ilə oynayar, dində yaxşı bilinən əməllər münkər əməllərə qarışar, nəyin düzgün nəyin isə batil olduğu bilinməzdi". (Dəfur-Raybə, səh. 53).

Özlərini sələfə nisbət edən elm tələbələrinin daha bir zərəri də təkfirçi, xavaric, rəhbəri təkfir edən, ölkəmizi küfr diyarı hesab edənləri yaxına buraxıb onlarla mülayim olaraq ətrafında olan sıravi müsəlmanları belə batil əqidəli insanlarla isti münasibətdə olmağa səbəb olmalarıdır. Nəticədə həmin təkfirçilər elmsiz sıravi müsəlmanlara şübhə salırlar. Beləliklə, sıravi müsəlmanlar da yavaş-yavaş azır. Bu da əsl mumeyyilikdir, yəni bidət əhli ilə qaynayıb-qarışmaqdır.

Peyğəmbər ﷺ demişdir: "Kişi dostunun dinindədir, sizdən hər biri kiminlə dostluq etdiyinə baxsın". (Əhməd, 8015, 8417​).

Qədim alimlər də bidət əhli ilə, əqidəsində zərrə qədər xarablıq olan insanlarla oturub-durmanı qəti qadağan etmişlər.

İbn Abbas (Allah ondan razı olsun) deyir: “Nəfsinə uyanlarla (bidət əhli ilə) oturub durma! Həqiqətən bidət əhli ilə oturub-durmaq insanın qəlbini xəstə edir”. (əl-Laləkayi “Şərh Usul İtiqad Əhlus-Sunnə).

Həsənul-Bəsri (Allah ona rəhm etsin) deyərdi: “Bidət əhli ilə oturub-durma, çünki o, sənin qəlbini öldürəcək!” (əl-Mərvəzi “əl-Bidə” 113).

İsmayıl ibn Ubeydullah (Allah ona rəhm etsin) buyurur: "Bidəti olan kəslə oturma, çünki sənin qəlbini xəstələndirəcək. Fitnəyə düşmüş (məftunla) oturma, çünki öz hüccətlərini sənə təlqin edəcəkdir". (İbənə, 2/443).

İbrahim ən-Nəxəi (Allah ona rəhm etsin) demişdir: “Bidət sahibi ilə oturub-durmayın və onları danışdırmayın! Qorxuram ki, qəlbiniz çevrilsin”. (əl-Bidə vən-Nəhyi Anhə, 56; əl-İtisam, 1/172).

Fudeyl ibn İyadın (Allah ona rəhm etsin) demişdir: “Bidət sahibi ilə oturub qalxan kimsədən çəkinin. Bidət sahibi ilə oturub qalxanlara hikmət verilməmişdir. Bidət sahibi olanla aramda dəmirdən bir qala olmasi mənə sevimlidir”. Həmçinin demişdir: “Kim bidət sahibi ilə oturub-durarsa, ona hikmət verilməz”. İbn Batta “İbənə” 2/460; əl-Hilyə, 8/103).

Bu barədə alim sözləri çoxdur.

Həmçinin müəyyən şeyxə hörmət bəsləyib o hala gələnlər var ki, həmin şeyx xətalı sözlər, etiqada zidd olan fikirlər desə və bu sözlərindən dönməsə də, həmin şeyxə bağlı qalır. Nəticə isə özünün bu məsələlərdə azmasına gətirib çıxarır.

Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Kim şəriətə müxalif olan şeyxi sevərsə, onunla olar. Əgər o şeyx Cəhənnəmə girərsə, o da onunla bərabər girər”. (Məcmuul-Fətəva, 18/315).

Bu azmalarda inadkarlıq da öz işini görmüşdür.

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Bəzən insan haqqın onda deyil, başqasında olduğunu bilir, lakin bununla yanaşı ona qarşı həsəd apardığı üçün, ondan üstün olmaq üçün, nəfsinə tabe olduğu üçün haqqı inkar edir. Bu havası onu həmin şəxsə qarşı həddi aşmağa, hər bir vəchlə onun dediklərini rədd etməyə sürükləyir. Lakin öz qəlbində bilir ki, haqq o birisi ilədir”. (Məcmuul-Fətava, 7/191).

Bunu oxuyan hər bir müsəlman ətrafında olduğu elm tələbəsindən şəffaf olmağı, mənhəc suallarından qaçmamağı, bidət gətirən şəxslərdən çəkindirməyi, təkfirçilərə nəyə görə qaynayıb-qarışmağın qarşısını almamağı soruşmalıdır.