“...Səmada olanlar da sizə rəhm etsin” hədisi ilə atılan şübhə

English

Bidət əhli bu hədisi dəlil gətirirlər: "Allah mərhəmətli olanlara Öz rəhməti ilə müamilə edər. Elə isə siz də, yer üzərində olanlara qarşı mərhəmətli olun ki, səmada olanlar da sizə rəhm etsinlər". Onların bu hədisi gətirməkdə məqsədləri bu hədisdə nəzərdə tutulan "göy əhli" deyildiyi zaman mələklərin nəzərdə tutulması və mələklərdən kömək istənilməsinin icazəli olmasıdır.

Şübhəyə cavab: 

Bu hədis onların söylədikləri iddiaya dəlil sayıla bilməz. Bu hədisin təqribən on altı rəvayəti var. Onların hamısında "yer üzərində olanlara mərhəmət edin ki, Allah da sizə mərhəmət etsin!" və ya "Göydə olan da sizə mərhəmət etsin!" deyə qeyd olunmuşdur. Lakin onların birində "Göy əhli sizə mərhəmət etsin!" deyə buyurulmuşdur. Hədisdə "Mərhəmətli olanlara, Rahmən mərhəmətli olacaq", yəni yer üzərində olanlara qarşı rəhmli davranana Allah rəhmli olacaq. Bunun Allahdan qeyrisinə yönəldilməsi düzgün deyil. Şübhəsiz ki, Allahın yaratdıqlarından uca olması Quran və Sünnədə sabitdir. Amma bu o demək deyil ki, "göy Allahı əhatə edib" və ya "Allah göyün daxilindədir". Allah bu sifətlərdən uzaqdır. Əksinə, Biz "göydədir" dediyimiz zaman "göyün üzərindədir" deyirik. Ən gözəl təfsir Quran ayəsinin digər ayə ilə, hədisin digər hədis ilə izahıdır. Bu hədisə baxanda da digər hədislər bunu izah edir. Hədisdə "göy əhli sizə mərhəmət etsin" demək isə, mələklərin yer üzərində olanlara mərhəmətli bir şəkildə davranmaları nəzərdə tutulur. Lakin onların rəhm etməsi onların özündən hər hansısa bir şeyi etməsi demək deyildir. Həmçinin bizim onlardan bir şeylər istəməyə dəlil deyil. Necə ki, Allah kafirlərə əzab vermək üçün Cəhənnəmdə əzab mələklərini təhkim etmişdir. Eləcə də rəhm mələklərinin də Allahın əmr ilə yer əhlinə hər hansısa bir şeyi etməsidir. Bu o demək deyil ki, onlar müstəqil olaraq istədikləri vaxt istədiklərinə hər hansısa bir şey verə və ya hər hansısa bir kəsə zərər toxundura bilərlər. Onlar Allahın qullarıdır. Onlar yalnız onlara əmr edilən edər. Bu məsələdə də onlar yalnız Allahın razı qaldığına şəfaət edə bilərlər. Yoxsa onlar başqa bir halda heç bir kəsə nə bir fayda, nə də bir zərər verə bilməzlər. Bu, yalnız Allahın izni ilə baş verir.

Ən üstün olan təfsir və izahlarda da göy əhlinin yerdə olanlara mərhəmət etməsi, Allahın həmin mələklərə möminlər üçün bağışlanma diləmələrini, onlar üçün xeyir dua etmələrini əmr etməsi kimi təfsir edilmişdir. Uca Allah buyurur: "Sanki göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir" (əş-Şura, 5); "Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. Tövbə edib Sənin yolunla gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!" (Ğafir, 7).

Hədisdə də göy əhlinin yerdə olanlara mərhəmət etməsi, onların, mələklərin, ərşi daşıyanların yerdə olanlar üçün bağışlanma diləyib, onlar üçün istiğfar etmələridir. Həmçinin yağış yağdırılmasına müvəkkil olan mələklərin onlar üçün yağış endirməsi, hər bir mələyin əmr olunduğu bir şəkildə əmrləri yerinə yetirməsi nəzərdə tutulur. Yoxsa ki, bu o demək deyil ki, "Siz onlara yalvarıb dua edin" mənasına heç bir halda gəlməz. Bunu iddia edənlər "Allahdan qeyri mələklərdən də kömək istəmək olar" deyən insanlar bunu açıq-aşkar bir dəlil gətirməlidirlər. Həmçinin İslam ümmətinin ən böyük alimlərinin bu barədə şərhlərini və izahları ortaya qoymalıdılar, yoxsa hər bir kəs öz istək və arzularına uyğun olaraq ayə və hədisləri izah edib şərh edə bilməz. Sindi (Allah ona rəhmət etsin) demişdir: "Bu hədisin şərhində onlar sizə mərhəmət göstərsin. Bu yer üzərində olanlara mərhəmət edin əmrinin qarşılığıdır. Yəni siz mərhəmət edin ki, onlar da sizə mərhəmət etsin. Göy əhli deyildikdə isə səmanın sakinləri olan hörmətli mələklər nəzərdə tutulur. Onların mərhəmət etməsi, möminlər üçün bağışlanma diləyib, dua etməsi ilə olur. Çünki göydə olanlar da, yerdə olanlar da hər biri Allahın quludur: "Göylərdə və yerdə olanların hər biri Rahmənin quludur" (Məryəm, 93). (İmam Əhmədin "Musnəd" əsərinin şərhi, 4/297).

ََََQuran və Sünnəyə baxdıqda mələklərdən kömək istəməyin Allaha şərik qoşmaq olduğunu görə bilərik. Uca Allah buyurur: "Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kimə dua etməyin!" (əl-Cinn, 18). Həmçinin buyurur: "O gün Allah onların ha­mısını toplayacaq, sonra da mə­lək­lə­rə bu­yu­ra­caq: “Bunlar si­zə ibadət edirdilər?” (Səba, 40). Bu ayələrdən görünən budur ki, Allah edilən ibadətləri mələklərin özlərindən soruşacaq. Sonra buyurur: "Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar de­yil, Sən­sən bi­zim Hamimiz! Xeyr, onlar cinlərə iba­dət edir­dilər. Ək­səriyyəti də məhz on­lara iman gətirmişdi”. (Səba, 41). Bu ayədə isə mələklərin bunları inkar etməsi haqda deyilir. "Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bi­lər­si­niz. Biz za­lımlara: “Da­dın yalan saydığınız Cə­hən­nəm əzabını!”– de­yəcəyik" (Səba, 42). Bu ayədə isə onlardan heç birinin bir-birinə nə bir zərər, nə də bir xeyir verə biləməyəcəyi deyilir. Amma mələklərin möminlər tərəfindən bağışlanma diləmələri haqda bir çox ayə və hədislər var. Elə fəzilətli əməllər var ki, bu əməlləri edən üçün mələklər dua edirlər. Onların duaları isə qəbul olunan dualardandır.

Uca Allah mələklər haqda buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər var" (ət-Təhrim, 6)

İbn Battal (Allah ona rəhm etsin) demişdir: "Kimin günahları çox olar və Allahın bu günahları onun əziyyət çəkmədən silib ondan aparmasını istəyərsə, namaz qıldıqdan sonra namaz qıldığı yerdən durmağa tələsməsin. O zaman mələklər onun üçün dua edəcək, onun üçün bağışlanma diləyəcəklər. Onların duası qəbul olunandır. İmam əl-Buxarinin rəvayət etdiyi hədisdə Allah Elçisi ﷺ deyir: "Kimin amin deməsi mələklərin amini ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar". (əl-Buxari, 6402). Mələklərin amin deməsi imamla birlikdə bir dəfə namazda olandır. Amma onların dua etməsi, namaz qıldıqdan sonra oturduğu yerdən durub gedənə qədərdir. Nə qədər ki, o öz yerində oturub, həmin vaxtın nə qədər olmasına baxmayaraq, istər bir saat, istər ondan daha çox olmasına baxmayaraq, onların duasına və onun üçün bağışlanma diləməsinə nail olar". (Səhih əl-Buxarinin şərhi, 2/95). Həmçinin bir çox hədisdə Peyğəmbər ﷺ müəyyən bir əməli edən üçün mələklərin bağışlanma diləmələrini qeyd etmişdir: "Əbu Hureyra rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Biriniz namazgahında namaz qıldığı müddətdə dəstəmazı pozulmayınca (və ya boş söhbətlər etməyincə) və ayağa qalxmayınca mələklər onun üçün dua edərək deyirlər: “Allahım, onu bağışla, Allahım, ona rəhm et! Allahım, onu bağışla! Allahım, ona rəhm et! Allahım onun tövbəsini qəbul et!” (Əhməd, 7424, 7637. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3823, 6727). Alimlər deyirlər ki, hədislərdə və ayələrdə mələklərin duasının olması, onların duasının qeyd edilməsi də boş-boşuna deyil. Xüsusi olaraq onların duası və möminlər üçün bağışlanma diləmələri dualarının qəbul olunan olmasının dəlillərindəndir. Əks təqdirdə onların ayrıca olaraq dualarının qəbul olması haqda hədislərin və ayələrin gəlməsinin qeyd edilməsinin bir mənası olmazdı. Bu səbəblə biz mələklərin duasını cəlb edib gətirən və onların möminlər üçün dua etməsinə səbəb olan bəzi əməlləri qeyd etmək istəyirik ki, insanlar bu yuxarıda bidət əhlinin şübhə olaraq gətirdiyi hədisi doğru başa düşüb doğru bir şəkildə əməl etsinlər. Göy əhlinin duasına və bağışlanma diləmələrinə nail olmaq üçün bu əməlləri etmək lazımdır.

Mələklərin saleh əməllər edən adama dua etməsinə aid hədislərdən bəzilərini qeyd edirik:

Sədəqə verənə mələklərin dua etməsi: Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: "Hər səhər açıldığı zaman bir qulun yanına iki mələk enər. Onlardan biri deyər: "Ey Allahım! Malını xərcləyənə əvəzini ver, malını saxlayana tələf ver". (əl-Buxari 1442).

Namazı gözləyənə mələklərin dua etməsi: Peyğəmbər ﷺ belə buyurdu: “Biriniz namazgahında namaz qıldığı müddətdə dəstəmazı pozulmayınca (və ya boş söhbətlər etməyincə) və ayağa qalxmayınca mələklər onun üçün dua edərək deyirlər: “Allahım, onu bağışla, Allahım, ona rəhm et! Allahım, onu bağışla! Allahım, ona rəhm et! Allahım onun tövbəsini qəbul et!” (Əhməd, 7424, 7637. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3823, 6727).

İnsanlara xeyri öyrədən üçün mələklərin dua etməsi: Peyğəmbər ﷺ belə buyurdu: "Şübhəsiz ki, Allah, mələklər, göy və yer əhli, hətta öz yuvasında olan qarışqa, hətta dənizin dəryasında olan balıqlar belə insanlara xeyir öyrədən üçün dualar edər". (ət-Tirmizi, 2685, 2901. Hədis həsəndir. Bax: Mişkətul-Məsabih, 213). Bu hədisi baxdığımız zaman göy əhlinin dua etməsini açıq şəkildə görmək olar. Bidət əhlinin dəlil olaraq gətirdikləri hədisin izahı bu hədisdə gözəl şəkildə verilmişdir. Allah və mələkləri, göy əhli və yer əhli, hətta qarışqa və balıq belə insanlara xeyrə də öyrədən üçün dua edər. Bu hədisdə "insanları xeyrə öyrədənlər mələklərə dua edər və onlardan kömək istəyər" gəlmədi. Əksinə, Allah mələklərə mömin qulları üçün dua etmələrini və bağışlanma diləmələrini əmr etdiyinə görə mələklər elmi öyrədənlər üçün dua etmələri qeyd olundu.

Xəstəyə ziyarət edənə mələklərin dua etməsi: Rəvayət edilir ki, Əli (Allah ondan razı olsun) demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyur­duğunu eşitmişəm: ”Kim xəstə müsəlman qardaşını ziyarət etməyə gələr­sə, (onun yanına gəlib) oturanadək Cənnət bağlarında yeriyər. Oturduqda isə onu rəhmət bürüyər. Bunu səhər edərsə, axşamadək yetmiş min mələk onun üçün bağışlanma diləyər. Axşam edərsə, səhərədək yetmiş min mələk onun üçün bağışlanma diləyər”. (İbn Məcə, 1442, 1509; ət-Tirmizi, 965, 985. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1367).

Əbu Dərdənin kürəkəni Səfvan ibn Abdullah ibn Səf­­van demişdir: “Mən Şama yoldaşımın ailəsinə baş çəkməyə gəldikdə Ummu Dərdənin evdə olduğunu gördüm. Əbu Dərdə isə evdə yox idi. Ummu Dərdə məndən: “Bu il həcc ziyarətinə getmək fikrin varmı?”– deyə soruşdu. Mən: “Bəli!”– deyə cavab verdim. O buyurdu: “Elə isə, bizim üçün Allaha xeyirli dualar et!” Çünki Pey­ğəmbər ﷺ deyərdi: “Mü­səl­man bəndənin yanında olmayan qar­daşı üçün etdiyi dua qəbul­dur. Belə ki, dua edən adamın başı üzərində tə­yin olunmuş bir mələk var. Adam hər dəfə qar­daşı üçün dua edib xeyir dilədikdə mələk: “Amin, sənə də onun mis­li qədər yetişsin!”- deyər”. Sonra mən bazarda Əbu Dərdə ilə rastlaşdım. O da bunu mənə Pey­ğəmbərdən ﷺ eynilə rəvayət etdi”. (əl-Buxari “Ədəbul-Mufrad” 625. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3380). Digər rəvayətdə deyilir: “Müsəlman qardaşın yanında olmayan qardaşı üçün etdiyi dua rədd edilməz”. (əl-Bəzzər, 3577. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 3379).

Rəvayət edilir ki, Əbu Səid (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səhur yeməyində bərəkət var. Biriniz bir qurtum su ilə olsa belə onu tərk etməsin! Çünki Uca Allah və Onun mələkləri səhur yeməyi yeyənlərə xeyir-dua edirlər”. (İbn Hibban, 3467. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 1844, 3683).

İbn Battal (Allah ona rəhm etsin) demişdir: “Mələklərin duası qəbul edilir”. (Səhih əl-Buxarinin şərhi, 3/439). Sindi demişdir: “Mələklərin duası qəbul edilir”. (Haşiyətu Sindi alə Sünən İbn Məcə, 2/224). Əbul-Həsən əl-Mubarakfuri demişdir: “Mələklərin duası qəbul edilir”. (Umdətul-Qari, 8/307).

Peyğəmbər ﷺ buyurmuşdur: “Bir kişi öz zövcəsinin yatağa dəvət etdikdə qadın (üzrsüz səbəbə görə) imtina edər və kişi ona qəzəbli halda yatarsa, mələklər səhərə qədər o qadına lənət oxuyarlar”. (əl-Buxari, 3237; Muslim, 1436). İbn Həcər (Allah ona rəhm etsin) deyir: “Bu hədisdə mələklərin xeyr və ya şər olaraq dua etdiyi duaların qəbul olmasına dəlil var, çünki Peyğəmbər onların dua etməsi ilə insanları qorxutmuşdur”. (İbn Həcər “Fəthul-Bari” 9/295). Bütün dəlillər mələklərin Allahın razı olduğu əməli edənə xeyir dua etməsinə və onların dualarının nə qədər fəzilətli olmasını göstərir.

Biz Allahın və Allah Elçisinin ﷺ bizə əmr etmiş olduğu saleh əməlləri edər və beləliklə də mələklərin qəbul olunun dualarına nail ola bilərik. Yoxsa biz birbaşa onlardan istəmərik, çünki onlar da Allaha itaət edən, Allahın rəhminə və mərhəmətinə möhtac olan qullardır. Bundan başqa bir şey deyillər. Allahdan qeyrisindən istər bu mələk, peyğəmbər, cin,  övliya və s. olsun nə isə istəmək həlak edən ən böyük günah olan Allaha şərik qoşmaqdır. Allah Qurani-Kərimdə Ona şərik qoşmağın nə qədər böyük günah olduğu haqda bir çox ayələrdə buyurmuşdur:

“Allah Özü­nə şərik qoşulmasını əsla bağışla­maz, bun­­dan başqa olan günahları isə istə­diyi kimsəyə bağışla­yar. Alla­ha şərik qoşan kəs böyük bir günah etməklə if­tira at­mış olur” (ən-Nisa, 48); “Əgər Allaha şə­rik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğra­yan­lardan ola­caq­san” (əz-Zumər, 65).

Uca Allah buyurur: "De: Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyillər" (əl-İsra, 56). Bu ayədə mələkləri çağırıb dua etmənin qadağan olması var. Mələklər, peyğəmbərlər və bütün əməlisalehlər yalnız Allahın əmr etdiklərini edərlər. Uca Allah buyurur: "Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir" (əl-İsra, 57). İnsanların yalvardıqları Allahdan qeyri bütün məbudların özləri Allaha yaxınlaşma yolunu axtarır, Allahın əzabından qorxur və Onun mərhəmətinə ümid bəsləyirlər. Belə olduqda mələklərdən necə nə isə istəmək olar? İbn əl-Qeyyim (Allah ona rəhm etsin) əl-İsra surəsinin 57-ci ayəsini şərh edərək belə buyurmuşdur: "Uca Allah bu ayədə məhəbbət, ümid və qorxunu cəm etmişdir. Bu, Allaha qul olan övliya qullarının yoludur. Onlar Allahdan qorxar, Ona ümid bəsləyər və Onu sevərək ibadət edərlər" "Bədəul-Fəvaid, 3/522).

Uca Allah buyurur: "Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər" (ən-Nəhl, 50). Ayədə onların "Allahdan qorxmaları" deyilir. Eləcə də mələklərin mükəlləf olduqları qeyd edilir. Allahdan qorxmaq ən böyük ibadətlərin növündəndir. Bu haqda Uca Allah buyurur: "Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər" (əl-Ənbiya, 28). Sonra isə əl-Ənbiya surəsinin 26-cı ayəsində buyurur: "Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır" (əl-Ənbiya, 26). Allah mələklərin qul olduğunu qeyd edir. Quldan isə istənilərək dua edilməz. Daha sonra buyurur: "Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər" (əl-Ənbiya, 27). Bu ayə də yuxarıda bidət əhlinin gətirdiyi hədisi tam bir şəkildə izahdır. Onlar Allahdan qabaq danışmaz. Onlar yalnız Allahın əmrlərini yerinə yetirərlər. Kimsə onlara dua etsə, onlara cavab verməzlər. Allahdan qeyrisinə dua etmək şirk olur. Mələklər müstəqil bir şəkildə onlara əmr olunmadan nə kimin üçünsə dua edər, nə də kimin üçünsə bağışlanma diləyərlər. əl-Ənbiya surəsinin 28-ci ayəsində Uca Allah buyurur: "Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər" (əl-Ənbiya, 28). Mələklər yalnız Allahın razı qaldığı - ibadət etməklə, itaət etməklə, Allaha yönəlməklə Allahın razı qaldığı şəxslər üçün şəfaətçi olarlar. Ondan başqaları isə hər kim ki onlardan istəyər, əksinə Allah onlardan razı olmaz. Çünki həmin şəxslər Allaha ortaq tutmaları ilə Allahı qəzəbləndirər və beləliklə onlar üçün heç bir mələk nə dua edər və nə də bağışlanma diləyər.

İstər mələklər olsun, istər peyğəmbərlər, istərsə Cənnətlə müjdələnmiş şəxslər, onların heç biri öz əməlləri ilə buna nail olmamışlar. Bu şəxslər yalnız Allahın mərhəmət etməsi ilə baş vermişdir, çünki yaradılmış öz əməli ilə Cənnətə girməsi və o yüksək dərəcəni əldə etməsi mümkün deyildir. Bu, yalnız Allahın mərhəməti ilə həmin şəxslərə rəhm etməsi, onları əməllərə müvəffəq etməsi və Qiyamət günü Cənnətə girmələrini izin verməsi ilə olacaqdır. Onun üçün bütün yaradılmışlar Allahın mərhəmətinin ona olması duasına möhtacdır. O səbəblədir ki, biz namazda Peyğəmbər ﷺ üçün də dua edirik. "Əttəhiyyat" dediyimiz zaman "əs-Sələmu aleykə əyyuhən-Nəbiyyu və rahmətullahi və bərakətuhu" - "Sənə salam olsun, ey Peyğəmbər Allahın rəhməti və bərəkəti sənin üzərinə olsun!" deyərək dua edirik. Belə ki, Allahın Rəsulu Muhəmməd belə, Allahın rəhmət və mərhəmətinə, bizim də onun üçün dua etməmizə əmr olunduğumuz bir peyğəmbər və quldur. Peyğəmbər ﷺ buyurmuşdur: "Sizdən heç bir kəs Cənnətə öz əməli ilə girməyəcək". Səhabələr soruşdu: "Sən də, ey Allahın Elçisi?" Peyğəmbər ﷺ dedi: "Mən də. Əgər Allah məni Öz fəziləti və rəhmətinə bürüməsə". (əl-Buxari, 5349; Muslim, 2816).

Bu gətirdiyimiz şərhlər və izahlar hər biri ona dəlalət edir ki, bidət əhlinin gətirdiyi bu hədisdə onlar üçün heç bir dəlil yoxdur. Əksinə, bu həmin mələklərin hər hansısa bir saleh əməlin müqabilində möminlər üçün dua etməsinə dəlildir. Biz dedik ki, göy əhlinin səma əhlinin rəhm etməsi onların müxtəlif sinifdən olan möminlər üçün dua edib onlar üçün bağışlanma diləməsidir.