"Peyğəmbər ﷺ vəfat etdikdə Aişə üzünə vururdu" şübhəsi

English

Bidət əhli möminlərin anası olan Aişə haqda şübhə gətirib deyirlər ki, müsibət baş verdiyi zaman Aişə üzünə vurur və ağlayırdı, deməli Aişə bunu edibsə, bizim etməyimizdə bir günah yoxdur.

Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi ﷺ mənim otağımda, başı mənim dizimin üstündə olan zaman vəfat etdi. Mən də bilmədiyimə və yaşımın az olmasına görə Allah Elçisi ﷺ vəfat edən kimi onun başını dizimin üstündə çəkib döşəyə qoydum, sonra durub qadınların yanına gedərək üzümə vurub ağlamağa başladım".

Şübhəyə cavab: 

Aişə (Allah ondan razı olsun) bu hədisdə etdiyi hərəkəti inkar etmək üçün bunun bilməməzlikdən və yaşının az olmasına görə belə hallarda nə edilməsinin gərəkli olduğunu bilmədiyini qeyd etmişdir. Əslində, hədisin bu hissəsində etiraf var. Aişənin bunun səhv olduğunu etiraf etməsi isə bu əməlin icazəli olmadığını göstərir.

Aişənin bu əməli edib, sonra bir daha belə etməyərək səhvini etiraf etməsi o əməldən tövbə etməsinə və bu əməlin düzgün olmamasına dəlildir.

Bu məqamda səhabələrini fəzilətini, xüsusilə də Aişənin və Peyğəmbərin ﷺ digər zövcələrinin Peyğəmbərin ﷺ namusu olmasını yada salmaq lazımdır.

Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Səhabələrimi söyməyin! Canım Əlində Olana and olsun ki, biriniz Uhud dağı boyda qızıl sədəqə versə, onlardan birinin bir ovuc və ya yarım ovuc sədəqəsinin yarısına çata bilməz”. (İbn Məcə, 161).

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi ﷺ Fatimə haqda danışdıqda Aişə dedi: “Bəs mənim haqqımda nə deyirsən?” Allah Elçisi ﷺ dedi: “Səni bu dünyada və Axirətdə mənim zövcəm olmağın məmnun edərmi?” Mən dedim: “Bəli, Vallahi!” O dedi: “Sən mənim həm bu dünyada, həm də Axirətdə zövcəmsən”. (əl-Hakim, 6729. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1142).

İmam Malik (Allah ona rəhm etsin) demişdir: “Onlar elə bir qövmdür ki, onlar Allah Rəsuluna tənə etmək istədilər, lakin bunun birbaşa edilməsinin mümkün olmadığını gördülər. Sonra keçib onun səhabələrinə tənə etdilər ki, bunu eşidən belə desin: “Necə pis bir kişidir. Dostları pis olanın özü də pis olar. Dostları yaxşı olanın özü də yaxşı olar. Onların Allahın Elçisinin ﷺ səhabələrini alçaltması, namusuna dil uzatması, birbaşa Allah Rəsulunun ﷺ şəninin aşağı salınması, din in vurulması və Islamın aradan qaldırılması üçündür“.

Sual olunur: Aişə (Allah ondan razı olsun) bundan sonra ömrününü sonuna qədər belə şey edibmi? Əlbəttə ki, yox. Dəlil də onun bu əməldən sonra atasının və yaxınlarının vəfat etməsinə görə belə etməməsidir.