Sufilərin məşhur şübhələri - 1

English

Sufilərin şübhələrini dəf etməzdən qabaq bilməyimiz lazım olan bir neçə məsələ var. Bu barədə elm olmadan onların şübhələrini dəf etmək olmaz.

1. Nəzir etmək - bu, ibadətlərin növlərindən biridir. İbadət də yalnız Allaha yönəlməlidir. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”– deyənlər kafir oldular. Halbuki Məsih demişdi: “Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer atəşdir. Zalımların heç bir yardımçısı yoxdur” (əl-Maidə, 72); “Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz” (əl-Bəqərə, 270); ”De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”. (əl-Ənam, 162).

Peyğəmbər ﷺ belə buyurmuşdur: “Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin! Yer üzündəki sərhədləri oğurlayana Allah lənət eləsin! Valideynlərinə lənət oxuyana Allah lənət eləsin! Bidətçiyə sığınacaq verənə Allah lənət eləsin!” (Muslim, 5241, 5239).

Uca Allah Allaha qoşulan şəriklər haqda buyurur: “Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!” (əl-Muminun, 117); “O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də, cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz”. (Fatir, 13-14).

Allahdan qeyrisindən istəyən - istər peyğəmbər, mələk və ya digər yaradılan olsun - Allaha şərik qoşmuş olur. Qurban kəsmək də ibadət olduğuna görə yalnız Allaha olmalıdır və bunun əksini edən də yuxarıda sadalanan günahı qazanır.

Burada ikinci bir hal var ki, bu da Allaha olan duasında kimisə vasitəçi tutmaqdır. Əgər kimsə Allaha yalvarıb Ondan istəyərsə, tək Ona yönələrsə, lakin hər hansısa bir peyğəmbəri və ya övliya adlandırdığı bir kəsi özü ilə Allah arasında vasitə tutarsa, duasının qəbul olunmasında onların hər hansı bir təsirinin olduğunu etiqad edərsə və ümid edərsə ki, Uca Allah onların Allah qatında olan məqamı səbəbi ilə dualarını qəbul edəcək, bu şəxs artıq bidət etmiş, böyük günaha girmiş və şirkə aparan vasitələrdən bir vasitəni tutmuşdur.

İnsanlar Allahdan qeyrisinə ibadət etməsinlər, onları Allaha şərik qoşmasınlar, onları öz dualarında vasitəçi etməsinlər deyə Allah Öz Peyğəmbərini ﷺ onların arasına göndərmişdir. Peyğəmbər ﷺ müşriklərin saleh kimi qəbul etdiyi insanların bütlərini sındırırdı. Müşriklər özləri ilə Allah arasında vasitə tuturdular və deyirdilər: "Biz onlardan bizi Allaha yaxınlaşdırmalarını, Allah yanında bizə şəfaətçi olmalarını istəyirik."

Peyğəmbərin ﷺ dövründə olan müşriklər Rububiyyə tövhidinə - Allahın Rəbb, ruzi verən, yaradan olmasına etiqad edirdilər. Uca Allah buyurur: “De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” (Yunus, 31). Bu etiqad onları İslama salmadı və oddan xilas etmədi, çünki Tövhidin ikinci qismi olan Uluhiyyəni – ibadətin tək Allaha aid olmasını qəbul etmirdilər. Uca Allah ibadətin, duanın yalnız Allaha aid olması haqda buyurur: “Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!” (əl-Cinn, 18); “Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyil. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyil”. (ər-Rad, 14). Allahdan qeyri ibadət olunanlar hamısı Allahdan asılıdır, Allaha möhtacdırlar.

Şübhə əhlinin gətirdiyi şübhələrə əhli sünnə iki yol ilə cavab verir.

Birinci, yığcam şəkildə.

İkinci, geniş və izahlı şəkildə.

Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ bu ayəni oxudu: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər”. Aişə demişdir: “Peyğəmbər ﷺ (mənə) dedi: “Əgər mənası aydın olmayan (ayələrin) ardınca düşənləri görsən, (bil ki,) bunlar Allahın (ayədə) adlandırdığı kimsələrdir, onlardan uzaq ol!” (əl-Buxari, 4547).

Uca Allah buyurur: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi muhkəm ayələrdir ki, bunlar da, Kitabın anasıdır. Digərləri isə mutəşabih ayələrdir. Qəlblərində əyrilik olanlar fitnəfəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə, mutəşabih ayələrin ardınca gedərlər. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olanlar isə deyərlər: “Biz ona iman gətirdik, hamısı Rəbbimiz tərəfindəndir. Ağıl sahiblərindən başqa heç kəs bunu dərk edə bilməz” (Ali İmran, 7).

Allah Elçisi ﷺ mütəşabih ayələrə tabe olanların ümmətini azdırmasından qorxurdu.

Ola bilsin ki, hansısa şübhə əhli, mütəşabih ayə və hədislərə tabe olanlar övliyalardan kömək diləmək üçün bu ayəni dəlil gətirə bilərlər: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməzlər” (Yunus, 62) .

Yığcam şəkildə olan cavab: Ola bilər ki, bidət əhli Peyğəmbərin ﷺ, onunla yanaşı bütün peyğəmbərlərin Allah yanında böyük hörmətinin olmasına dəlil gətirsinlər və yaxud da Peyğəmbərin ﷺ sözlərində hər hansısa bir hədisi xatırlatsınlar, onu öz batil istəklərinə görə dəlil gətirsinlər. Cavab isə budur ki, Uca Allah Öz Kitabında bizə qəlblərində xəstəlik və azğınlıq olanların möhkəm ayə və hədisləri tərk edib mütəşabihə tabe olduqlarını xəbər vermişdir. Allah bizə müşriklərin də Allahın rububiyyə tövhidini qəbul etmələrini xəbər vermişdir. Onların küfrü və kafir olmalarının səbəbi mələkləri, nəbiləri, övliyaları özlərinə məbud qəbul etmələri oldu. Qurani-Kərimdə onlar haqda deyilir: “Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır". (Yunus, 18). Bu ayə mənası tam aydın olan ayədir və bunu heç kim başqa cür yoza bilməz, amma sizin gətirdiyiniz ayələr mütəşabih ayələrdir, mənası tam aydın deyil.

Bidət əhlinin gətirdiyi şübhələr istər Qurandan olsun, istərsə də Peyğəmbərin ﷺ sözlərindən olsun, fərq eləməz - biz yəqin şəkildə bilirik ki, Allahın sözlərinin biri digərinə zidd olmaz. Sünnədə gələn səhih hədislər də Allahın sözünə zidd olmaz.

İkinci cavab yolu isə ətraflı cavabdır. Bu cavab yolu ilə bidət əhlinin bütün şübhələrinə cavab vermək olur:

1-ci şübhə onların demiş olduğu bu söz. 2. "Biz Allaha şərik qoşmuruq, Biz şəhadət edirik ki, Allahdan başqa yaradan yoxdur, Ondan başqa ruzi verən yoxdur. Allahdan başqa fayda və zərər verən yoxdur, şəhadət veririk ki, Muhəmməd -sallallahu aleyhi və səlləm- nə özünə, nə də başqasına xeyir və ya zərər verə bilməz, lakin biz günahkarlarıq, salehlərin isə Allah yanında hörmətləri var və biz də Allahdan onların vasitəsilə istəyirik".

Bizim bu şübhəyə cavabımız belədir:

Hər kəsin bilməsi lazımdır ki, Peyğəmbərin ﷺ müşriklərlə müharibə etməsinin səbəbi müşriklərin Uluhiyyət tövhidini, yəni ibadətin yalnız Allaha xas olmasını qəbul etməməsi olmuşdur.

Müşriklər ibadət etdiyi bütlərin nəyisə idarə etdiyinə etiqad etmirdilər, həmin bütlərdən yalnız Allah yanında şəfaətçi olmalarını istəyirdilər. Lakin buna baxmayaraq, onların bu Rububiyyə tövhidi üzərində olmaları onlara heç bir fayda vermədi. Peyğəmbər ﷺ tövhidin əsası olan Uluhiyyə - ibadət tövhidini yalnız Allaha aid edənə qədər onlarla vuruşdu. Yalnız Rəbbi (Rububiyyəni) qəbul etmələri onları İslama salmadı. Baxmayaraq ki, onlar da göylərin və yerin yaradıcısının Allah olduğunu bilirdilər. Uca Allah Qurani-Kərimdə yalnız Özünə ibadətə çağırır:

"Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək" (əl-Ənbiya, 25); "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56); "Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa ibadətə layiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahidlik etmişlər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir" (Ali-İmran, 18); "Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir" (əl-Bəqərə, 163); "Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin". (əl-Ənkəbut, 56).

2-ci şübhə: Onlar deyirlər ki, sizin dediyiniz bütlərə ibadət edənlər haqdadır. Bu ayələr övliyalar haqda deyil.

Cavab: Bilmək lazımdır ki, kim Allahdan qeyrisinə ibadət edərsə, öz ibadət etdiyini ibadət olunan bütə çevirmiş, məbud etmiş sayılır. Bir bəndənin istər bütə, istər Peyğəmbərə, istərsə də övliyaya ibadət etməsi arasındakı fərq nədir? Peyğəmbərin ﷺ dövründə bəziləri bütlərə, bəziləri peyğəmbərlərə, bəziləri mələklərə, bəziləri cinlərə, bəziləri də o dövrdə olan övliyalara ibadət edərdilər. Bu ibadət olunanların övliyalardan olmasına dəlil aşağıdakı ayədir: "Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir". (əl-İsra, 57). Onlar Allah ilə onlar arasında bütlərin vasitəçi olmalarını istəyirdilər. Bu ayə onların ibadət edib yalvardıqları, Allah ilə öz aralarında vasitə tutduqları insanların ölü olmasına birbaşa dəlildir, çünki ayədə gələn budur ki, onların yalvardıqları məbudların özləri rəblərinə hansı daha yaxın olacaq deyə vasitə axtarırlar, Allahın rəhmətini umurlar. Bu ayəyə diqqət etdikdə görürük ki, onlar övliyalarını Allaha yaxınlaşmaq üçün vasitə tuturlar. Allah bu cür ibadəti qadağan etmişdir. Onların bu ibadətlərdən çəkinmələri və ibadəti bütünlüklə Allaha aid etmələri üçün onlara peyğəmbər göndərilmiş, peyğəmbər də onlarla vuruşmuşdur. Bəzi müşriklərin peyğəmbərlərə ibadət etməsinə dəlil: "Allah deyəcək: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!”– demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!" (əl-Maidə, 116).

Bəziləri mələklərə və cinlərə ibadət edirdilər. Buna dəlil: "O gün Allah onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: “Bunlar sizə ibadət edirdilər?” Mələklər deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”. (Səba, 40-41).

Bu ayələrdən bəlli olur ki, heç də onların hamısı daşa, bütə ibadət etmirdi. Onlardan bəziləri peyğəmbərlərə, bəziləri övliyalara, bəziləri mələklərə və cinlərə ibadət edirdi, Allah Elçisi ﷺ isə onlar arasında fərq qoymur və onları ibadətin yalnız Allaha yönəldilməsinə dəvət edirdi. Dəvəti qəbul etməyib qarşı çıxanlarla döyüşür, əsir belə götürürdü.

3-cü şübhə: Bidət əhli deyir: “Kafirlər bütlərdən onlara fayda verib, zərəri uzaqlaşdırmalarını istəyirlər. Biz isə bunu yalnız Allahdan istəyirik və etiqad edirik ki, ölmüş övliyalar bizə nə fayda verə, nə də zərər toxundura bilərlər, lakin biz onların Allah yanında bizə şəfaətçi olmaları üçün onların vasitəsilə Allaha yaxınlaşırıq”.

Bizim onlara verəcəyimiz cavabımız belədir: Bilin ki, bu fikri kafirlər də eynən bu formada - hərfbəhərf, sözbəsöz söyləmişlər.

“Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyi mi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır” (Yunus, 18); “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında Öz hökmünü verəcək. Şübhəsiz ki, Allah yalançı və kafir olan kimsəni doğru yola yönəltməz” (əz-Zumər, 3).

Bidət əhlinin bu şübhələri Peyğəmbərin ﷺ dövründə olan müşriklərin şübhələrinə bənzəyir. Bu gətirilmiş şübhələr müşriklərin gətirdiyi şübhələrdən fərqli deyil.

4-cü şübhə: Bidət əhli deyir: "Biz yalnız Allaha ibadət edirik, salehlərə yönəlmək və onları çağırıb dua etmək ibadət sayılmır".

Cavab olaraq deyirik: Allah bütün ibadətləri yalnız Allaha aid edərək yerinə yetirməyimizi istəmiş və bunu bizim üzərimizə fərz etmişdir. Çünki bu, Allahın qulları üzərində olan haqqıdır. Necə ki, Allah buyurur: "Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir". (əl-Əraf, 55). Dua da ibadətdir. Dua ibadət olduğu üçün də, Allahdan qeyrisinə dua edilməsi də şirkdir. Dua edilib çağırılmağa haqqı olan yalnız və yalnız Allahdır. Allaha qorxu və ümidlə dua etməli, ehtiyaclarımızı Ondan istəməliyik. Hər hansı ehtiyacımızda duamızı peyğəmbərlərə, övliyalara, imamlara yönəltdiyimiz zaman artıq ibadətimizdə Allaha şərik qoşmuş oluruq. Uca Allah buyurur: "Rəbbin üçün namaz qıl və qurban kəs!" (əl-Kövsər, 2). Biz bu ayəyə itaət edib Allah üçün qurban kəsdikdə Allaha ibadət etmiş sayılırıq. Əgər biz Allahdan qeyrisi üçün qurban kəssək, artıq ibadətimizdə Allaha şərik qoşmuş olarıq. Peyğəmbərin ﷺ dövründə olan müşriklər Allahdan qeyrilərinə qurban kəsər, dua edər, onlara sığınardılar. Bu əməli müasir dövrümüzdə bəzi müsəlmanlar da edirlər. Bununla belə, onlar həmin ibadət olunanların Allahın qulları olduğunu qəbul edirlər. Müşriklər də həmin bütlərin Allahın qulları olduğunu qəbul edirdilər. Onların Allah yanında hörmətli olduqlarını etiraf edərək onlardan istəyirdilər. Müasir dövrdə olan müsəlmanların belə etməsi, əsasən cahillikdən, elmsizlikdən irəli gəlir. Həmin insan müsəlman ümmətindən sayıldığına görə birbaşa kafir olmur. Onun kafir olması üçün maneələr qaldırılmalı və şərtlər öz yerini tutmalıdır. Daha təraflı: 

Təkfirdə birinci və ikinci şərtlər

Təkfirdə üçüncü şərt: Hüccətin çatması

Təkfirdə dördüncü şərt: Təvil etmək

5-ci şübhə: Bidət əhli iddia edir ki, biz Muhəmməd peyğəmbərin ﷺ şəfaətini inkar edirik.

Cavab: Belə iddia edənlər Əhli Sünnəni tanımayıb, çünki Allah Elçisinin ﷺ şəfaətini inkar etmək mümkün deyil. O, şəfaət edən və şəfaətinə icazə veriləndir. Biz də onun bizə şəfaətçi olmasını arzu edirik. Lakin şəfaət bütünlüklə Allahındır. Necə ki, Uca Allah buyurur: "De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxusdur. Sonra siz Ona qaytarılacaqsınız”. (əz-Zumər, 44). Necə ki, şəfaət bütünlüklə Allahındır və bu şəfaət də yalnız Allahın izn verməsindən sonra baş verəcək. Necə ki, Uca Allah buyurur: "Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər?" (əl-Bəqərə, 255).

Şəfaət verilməsinə icazə verilən şəxslər yalnız Allahın onlara izn verməsindən sonra şəfaətçi olacaqlar. Necə ki, Uca Allah buyurur: "Yoxsa müşriklər özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər? Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır! Allah gördüyü işlər barədə soruşulmaz, onlar isə soruşulacaqlar. Məgər müşriklər Ondan başqa məbudlaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirirlər. Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək. Kafirlər: “Mərhəmətli Allah Özünə övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, o mələklər möhtərəm qullardır. Mələklər Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər. Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər". (əl-Ənbiya, 21-28).

1. Allah kimə şəfaət etməsi üçün izn verəcəksə, o, şəfaət edə biləcək. 2. Yalnız Allahın razı qaldığı kəslərə şəfaət ediləcəkdir. Yəni şəfaət etməsi üçün icazə verilənlər kimə şəfaət edəcəklərini özləri seçməyəcəklər. Burda "şəfaət bütünlüklə Allahındır" dediyimiz zaman bu məna ortaya çıxır. Şəfaət edənə də icazə veriləcəkdir. Yəni son qərarı, kimin kimə şəfaət etməsi qərarını Allah verəcək. Allah tövhid əhlindən başqasından razı olmaz. Necə ki, Uca Allah buyurur: "Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar" (Ali İmran, 85). Əgər şəfaət bütünlüklə Allaha aiddirsə, əgər şəfaət etməsinə icazə verilənlər Allahın izn verdiyi şəxslər olacaqsa, əgər Muhəmməd yalnız Allahın sevib razı qaldığı və Allahın izn verdiyi kəslərə şəfaət edəcəksə, Allah yalnız tövhid əhlinin şəfaət edilməsini istəyəcək və icazə verəcəksə, o zaman şəfaəti Allahdan istəyin və deyin: "Allahım! Muhəmmədin şəfaətindən məni məhrum etmə! Allahım, onu mənə şəfaətçi et!"

Birbaşa şəfaəti Muhamməddən istəmək heç kimə icazəli deyil, çünki Peyğəmbərin ﷺ özünün istədiyinə şəfaət etməsinə icazə verilməmiş, yalnız Allahın istədiyinin şəfaət edilməsinə icazə verilmişdir.

 

Ardı var...