"Hədislər Peyğəmbərin dönəmində deyil, sonradan yazılmışdır" şübhəsi

English

Şübhə olaraq deyirlər ki, "Hədislər Peyğəmbərin ﷺ dönəmində deyil, sonradan yazılmışdır. Ona görə də hədislərə etimad etmək olmaz".

Şübhəyə cavab: 

Bu iddia ilə onlar özlərini ziddiyyətə salırlar. Siz haradan bilirsiz bunu? Bunun isnadı nədir? Siz də bunu hədis kitablarından öyrənmisiz? Əgər sizin dediyiniz doğrudursa, siz hədisləri qəbul etmirsizsə, biz də sizin bu sözünüzü qəbul etmirik.

İkinci tərəfdən, hədislər əl-Buxarinin, Muslimin, ət-Tirmizinin, ən-Nəsəinin, İbn Məcənin, Əbu Davudun, Malikin, əş-Şafinin və digərlərinin böyük hədis kitablarında cəm olunmuşdur. Amma hədislərin əzbərlənməsi, hissə-hissə yığılması Peyğəmbərin ﷺ dövründən başlamışdır. Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərin ﷺ səhabələrindən heç kim mənim qədər hədis əzbərləmirdi. Yalnız Abdullah ibn Amr, çünki o, hədisləri yazırdı, mən isə yazmırdım”. (əl-Buxari, 113).

Hədislərin əzbərlənməsi, bir-birinə və özündən sonrakına ötürülməsi üçün ən gözəl üsul idi. Ona görə səhabələr hədisləri əzbərləyər, bəziləri isə yazardı. Sonra gələnlər həmin əzbərlənərək ötürülən hədisləri öz kitablarına yığaraq böyük hədis kitabları tərtib etmişlər.

Xatib əl-Bağdadi (Allah ona rəhm etsin) demişdir: “Artıq sabit olmuşdur ki, ilk vaxtlarda hədisin yazılmasını istəməyənlər Qurani-Kərimə hər hansısa bir şeyin yazılaraq qarışmasından və ya insanların Qurandan başqa bir yazı ilə məşğul olmaması üçün olmuşdur. Onlar insanlara sünnəni, yəni hədisləri əzbərləməyə yönəldirdilər. O, dövrdə isnad çox yaxın idi. Səhabələrin dönəmində Peyğəmbərdən ﷺ sonra olan vaxt çox uzaqda deyildi və insanları yazıya etimad etməkdən uzaq tutub əzbərlərinin və zehinlərinin daha çox genişlənməsi üçün bunu edərdilər. Çünki insanın yazı olaraq yazıya etimad etməsi əzbərinin aradan qalxması və zəifləməsinə gətirib çıxarardı. Onlar da istəyirdilər ki, insanın elmi, əzbəri onunla bərabər getdiyi bütün yerə getsin”. (Xatib əl-ağdadi “Təqyid əl-İlm” səh. 57-58).

Hədis alimlərinə baxdığımız zaman onlar hədisin əzbərlənməsi və yadda qalınması üçün geniş bir vaxt ayırardılar və məclislər quraraq daim təkrarlayardılar. İndiki dövrdə özlərini “Qurani” adlandıranların həmin rəvayətləri rədd etmələri Qurani-Kərimin hökmünə ziddir. Uca Allah buyrur:  “Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gə­tirsə, onu araş­dırın...”. (əl-Hucurat, 6). Ayənin əks məfhunu təqvalı insanın sözünün qəbul edilməsidi. Bizə təqvası və elmi ilə bilinən bir insan müəyynə bir məlumatı xəbər verirsə, ona necə etimad etmək olmaz? Ona görə də ümmətinin əvvəlindən gələn məlumatları, alimlərin topladıqları səhih hədisləri qəbul etməyənlər cahil insanlardır.

Ümimilkdə isə hədis elmi – Allahın, Quranı qoruması kimi hədisləri də qoruması ilə baş vermişdir. Hədislərin qorunması Allahın hədis alimlərini yetişdirməklə həyata keçmişdir.

Hədislərin yazılması əsas etibarilə səhabələrdən sonrakı dövrdən başlamışdır. Muhəmməd ibn Sirin (Allah ona rəhm etsin) demişdir: “Müsəlmanlar isnad barəsində sual ver­məzdilər. Ara qarışdıqdan, fitnələr düşdükdən sonra isə onlar: “Ravilərinizin adlarını bizə söy­ləyin”– de­məyə başladılar. Beləcə, sünnə əhlinə diqqət yetirilər və onların hə­disləri qəbul edi­lər, habelə bidət əhlinə diqqət yetirilər və onların hədisləri rədd edilərdi”. (Muslim, 15, 27).

Rəvayət edilir ki, İmam əl-Qurtubi (Allah ona rəhm etsin) demişdir: “Muhəmməd ibn Sirinin “Ara qarışdıqdan, fitnələr düşdükdən sonra isə onlar: “Ravilərinizin adlarını bizə söy­ləyin”– de­məyə başladılar”- sözü Osmanın qətlindən və xavariclərin Əli və Müaviyəyə qarşı çıxmalarından başladı. Xavariclər Osman və Əlini qətlə yetirmiş və onların mallarını və qanlarını halal görməyə başlamışdılar”. (əl-Mufim,1/123).

əl-Aləi (Allah ona rəhm etsin) demişdir: “Muhəmməd ibn Sirinin “Ara qarışdıqdan, fitnələr düşdükdən sonra isə onlar: “Ravilərinizin adlarını bizə söy­ləyin”– de­məyə başladılar”- sözü, bidət əhlinin çoxlu hədislər uydurub bidətlərini yaymağa başlamışdılar. İmam əş-Şafii (Allah ona rəhm etsin) demişdir: “İbn Sirin, Urva ibn Zubeyr, Tavus, İbrahim ən-Nəxai və digər böyük alimlər və tabiinlər özləri üçün hədisin yalnız etibarlı olan, əzbərləməsi və doğru rəvayəti ilə tanınan şəxslərdən götürərdilər. Mən hədis əhlindən heç vaxt bu qaydanı pozduğunu görmədim”. (Cəmi ət-Təhsil, səh. 69-70).

Alimlər hədis səhih və doğru olub-olmamasını dəqiqləşdirmək üçün şərtlər qoymuşlar. Onlar hədisləri öz kitablarına yazdığı zaman hədisi bir neçə süzgəcdən keçirərdilər.

İmam əş-Şafiinin (Bax:  İmam əş-Şafii “ər-Risalə” 370-372) alimlər tərəfindən hədisin səhihliyi üçün tələb etdikləri şərtləri qısa olaraq belə qeyd etmişdir: Hədisi rəvayət edən şəxs dinində ədalətli olmalı, sözündə sadiqliyi ilə bilinməli, nə danışdığını bilməli, ağıllı olmalı, dediyi sözlərin nə məna kəsb etdiyini bilməli, danışdığı hədislərdə hərflərin belə yerini bilməli və rəvayətlərin son nöqtəsinə qədər dəqiq bilməli və əgər hədisdə olan bir sözün mənasını bilmirsə, həmin hədisi məna ilə rəvayət etməməlidir. Çünki onun qəsd etdiyi məna həqqiqətə uyğun olmaya və halalı haram, haramı isə halal şəklində dəyişə bilər. İşlətdiyi səhv məna hədisin mənasını dəyişə bilər. Həmçinin rəvayət etdiyi hədisi əzbər bilməli, digər rəvayətlərə müxalif olmamalı, hər hansısa bir ravi ilə görüşüb, lakin onda eşitmədiyini rəvayət etməməlidir. Alimlər bu və digər ağır şərtlərə uyğun olan hədisləri öz kitablarına yazmış və həmin hədislər bizim dövrə qədər gəlib çatmışdır. Hədis kitablarının müqəddimələrinə baxdığımız zaman bu haqda geniş məlumat əldə etmək olur.

Hədisləri əzbərdən bizim dövrümüzə çatdıranlar, Quranı da həmin hifzlərindən, əzbərlərindən yığmış və Quran halına salmışlar.

İmam əş-Şafii (Allah ona rəhm etsin) demişdir: “İnsanlar içərisindən özünü elmə nisbət edən elə bir şəxs yoxdur ki, Allahın Peyğəmbərinə ﷺ itaət edilməsi əmrinə qarşı çıxsın və onun hökmünü rədd etsin. Belə bir insan yoxdur”. (əş-Şafii “əl-Umm” 9/5).

İbn Həzm (Allah ona rəhm etsin) demişdir: “Əgər Peyğəmbərdən ﷺ səhih olaraq dediyi isbat olunan bir xəbər gəlmişdirsə, iki müsəlmandan biri də olsa belə ona tabe olunmasının fərz olmasında ixtilaf etməmişdir. Həmçinin sünnə, Uca Allahın istəyinin təfsiridir. Quranın geniş izahıdır. Sonralar isə müsəlmanlar həmin xəbərin necə qəbul edilməsində ixtilaf etmişlər. Bu, Allahın ən-Nisa surəsi 59-cu ayəsində qeyd edilir: “Ey iman gətirənlər! Alla­ha itaət edin, Peyğəmbərə və özü­nüzdən olan rəh­bərlərə də itaət edin. Əgər bir şey haq­qında mü­ba­hisə et­sə­niz, Allaha və Axirət gününə iman gətirmisinizsə, Allaha və Peyğəmbərə mü­raciət edin. Bu, sizin üçün daha xe­yirli və nəticə etibarilə daha yaxşıdır”. (ən-Nisa, 59). Lakin həmin xəbərlərin hansı şəkildə qəbul ediləcəyi, hədisin səhih və  ya zəif olmasının şərtlərində ixtilaf etmişlər”. (İbn Həzm “əl-İhkəm fi Usul əl-Əhkəm” 1/104). Bu ayədən də göründüyü kimi, Peyğəmbərin ﷺ qoyduğu yola tabe olub, onun sünnəsi ilə getmək möminlərin yoludur. Bunun inkarı isə İslam düşmənlərinin yoludur. Peyğəmbərin ﷺ yolundan qeyri yol isə zəlalətdən başqa bir şey deyil. Uca Allah buyurur: Hər kəs özünə doğru yol bəlli ol­duqdan sonra Peyğəm­bə­rə qarşı çıx­ıb möminlərin yo­lun­dan başqa bir yol­la gedər­sə, onu üz tutduğu yola yönəl­dər və Cə­hən­nəmə giriftar edərik. Ora nə pis dö­nüş yeridir”. (ən-Nisa, 115).