"Hədislər Əməvi və Abbasilərin dövründə dəyişdirilib" şübhəsi

English

Özlərinə "Qurani" deyənlər iddia edirlər ki, hədisləri Əməvi və Abbasi xəlifələri dönəmində xəlifələr həmin hədislərin mətnlərini və isnadlarını dəyişmiş, xilafətlərinin qorunması üçün özlərinə sərf edən hədislər uyduraraq onlara müdaxilə etmişlər.

Şübhəyə cavab: 

Bu şübhə də batil və cılız şübhədir. Bu şübhədə həm ziddiyyət, həm də tarixi bilməkdə cahillik və savadsızlıq var.

Bu iddianın isnadı nədir? Bu məlumat kimdən gəlir? Sizin iddia etdikləriniz hansı kitabda gəlmişdir? Bu iddiaları müasir dövrdə küfrlə, münafiqliklə seçilən və İslamın dağılmasına çalışan insanlar yayır. Bu sözlərin ziddiyyəti ondadır ki, siz səhih isnadla, ədaləti ilə məşhur olan şəxslərin, alimlərdən alimlərə, onlardan da sıravi müsəlmanlara ötürülən hədislərin heç birini qəbul etmirsiz. Amma öz küfrü, nifaqı və günahları ilə tanınan kəslərin heç bir sənədə əsaslanmadan dediyi isnadsız sözlərini qəbul edir və onun üzərində öz əqidənizi qurur, insanları bu cılız şübhə ilə aldatmaq istəyirsiz. Əgər dediyiniz iddialarda doğrusunuzsa, onda dediyinizin dəlilini, isnadını gətirin. Əgər dediyinizin isnadını gətirsəniz, o zaman digər hədislərin də isnadını qəbul etmək məcburiyyətində olmalısınız və beləliklə ziddiyyətə düşmüş olacaqsınız. Əks təqdirdə isə iddialarını sübuta yetirə bilməyən, savadsız və cahil bir toplum olacaqsınız. Bu iddianı irəli sürənlər tarixi hadisələri, hədis elminin hansı bir şəkildə toplanıb cəm edilməsini, hədis alimlərinin kim olmasını, onların tərcümeyi halını bilməməsinə görə ortaya çıxmışdır. Əgər həmin şəxslər tarix və tərcümeyi hal kitablarına baxsaydı, görərdi ki, hədislərin cəm edilib yazılması ümmətin bütün öndərləri tərəfindən ortaya qoyulmuşdur. Bu, bir iki nəfərin topladığı şey deyil ki, kim istəsə dəyişə bilsin. Hədislərin toplanıb yazılması, rəvayət edilməsi, birindən digərinə ötürülməsi ümmətin yaşadığı şərqdən qərbə kimi olan ərazidəki insanların arasından götürülmüşdür. Bu iş saraylardan və hakimlərin əlinin altından uzaq olan yerlərdə, kəndlərdə, qəsəbələrdə, ucqar ərazilərdə baş vermişdir. Əksər alimlərin, hədis rəvayət edənlərin bir çoxu kasıb və saraylardan uzaq olmuşlar. Həmçinin dünyada mövqe tutmağa can atmayan, zahid, vəzifədən uzaq insanlar olmuşlar. Onlar hətta qazı olmaqdan çəkinmiş, Allahdan qorxan, elmləri ilə seçilən, hədis toplamaq üçün müxtəlif məmləkətlərə səfər etmiş şəxlər olmuşlar. Onların məskənləri məscidlər, elm məclisləri, həccdə insanların toplaşdığı yerlər olmuşdur. Onların məskəni saraylar və qəsrlər olmamışdır. Bu, batil şübhəni iddia edənlər tarixə, tərcümeyi hal kitablarına baxmayan, bəlkə də o kigtabların üzünü belə açmayan və bu məsələdə çox cahil olan adamlardır.

Əməvilərin və Abbasilərin hədisləri öz xəlifəliklərinə uyğun dəyişdirdiklərini fərz etsək, bəs fiqh məsələlərinə aid hədislərin dəyişdirilməsinin nə məntiqi var? Yəni əgər onlar özlərinə lazım olan hədisləri dəyişdirirdilərsə, bəs namaz, oruc, ticarət, nikah və s. bir çox əhkamlara aid hədisləri niyə dəyişdirsinlər ki? Bunları dəyişdirməyin onların xəlifəliklərinə nə kimi faydaları dəyə bilər? Bu, məntiqsiz yanaşmadır. Üstəlik, axı siz bütün hədisləri inkar edirsiniz. Bunlar hamısı bu batil iddianı edənlərin Allahın şəriətindən xəbərsiz olmalarının göstəricisidir.

Həmçinin əgər sizin iddianız doğrudursa, deməli siz bütün tarixi inkar etməlisiniz, çünki hər zaman və məkanda öz hakimiyyətinə uyğun şəkildə müəyyən bir xəlifənin, rəhbərin tarixi saxtalaşdırması mümkündür. Əgər sizin dedikləriniz doğrudursa, onda Əməvilərin və Abbasilərin dövrünə qədər olan hədislərin səhih olmasını qəbul etməlisiniz. Halbuki, siz ümmumən hədisləri inkar edir və dəyişdirildiyini iddia edirsiniz.