"Peyğəmbər ﷺ vəfat edəndən sonra ona itaət edilmir" şübhəsi

English

Şübhə olaraq deyirlər ki, Peyğəmbər ﷺ əmr verdiyi hökmlərdə vəfat edəndən sonra ona itaət edilmir.

Şübhəyə cavab: 

Əgər Peyğəmbərin ﷺ Qurani Kərimdə olmayan məsələlərdə verdiyi hökmlərdə, əmr və qadağalarda itaət olunan deyildisə, o zaman Qurani-Kərimdə Allahın Özü ilə yanaşı Peyğəmbərinə ﷺ də itaət olunmasını əmr etməsinin mənası olmazdı. Sünnəni inkar edənlər, Peyğəmbərə ﷺ itaəti tərk edənlər, Peyğəmbərə ﷺ itaətə aid ayələrin nəsx olunduğunu deməlidilər, bu isə mümkün deyil, çünki bu ayələri nəsx edən başqa ayə yoxdur. Həmçinin Peyğəmbərdən ﷺ və səhabə dönəmindən sonra indiyə kimi heç bir alim belə bir şey deməmişdir.

"Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar" (ən-Nisa, 80).

Bu ayə ona dəlalət edir ki, kim Allahın Rəsuluna ﷺ asi olarsa, onun əmrini yerinə yetirməz, qadağan etdiyindən çəkinməz, xəbər verdiyini təsdiq etməzsə, o, artıq Allaha asi olmuşdur və özünü həlaka sürükləmişdir.

Ağıl sahibi olan bütün insanlara sual olunur; peyğəmbərliyin iyirmi üç ili ərzində Peyğəmbərin ﷺ dediyi sözlər, etdiyi əməllərin hər birinin Quranda dəlili necə ola bilər? Təqribən 600 səhifəlik kitaba bunlar necə sığışa bilər? Məgər Allah bizə dini yalnız Quran şəklində nazil edib? Allah Qurani-Kərimdə qullarına göndərdiyi kitabın oxunmasını, əzbərlənməsini asanlaşdırdığı demişdir: "Biz Quranı yada salmaq üçün asanlaşdırdıq" (əl-Qəmər, 17). Bütün hədislər Quranda olsaydı Quran kitabının cildləri yüzlərlə, bəlkə də minlərlə olar, bu isə insanlara ağır gələrdi.

Həmçinin Uca Allah Quranda "ey möminlər" dedikdə, bu xitabın bütün dövrlərə aid olduğunu göstərir. Bu isə Peyğəmbərə ﷺ itaət ayələrəinin yalnız onun dövründə olan insanlara deyil, bütün dövrlərdə, gələcəkdə bunu oxuyan hər bir müsəlmana aid olduğunu göstərir. Yəni Peyğəmbərə ﷺ itaət ayələri müəyyən bir vaxta, səhabələrin dönəminə bağlanmamış, bütün əsrlərə aid edilmişdir.

Uca Allah Peyğəmbərin ﷺ vəfatından sonra onun sünnəsinə qayıtmağı, onun sünnəsinin şəriətdən olmasını bəyan etmiş, Peyğəmbərə ﷺ itaət ayələrini buna dəlil etmişdir. Əks təqdirdə Allah Öz qullarına gücləri çatmadığı bir şeyi yükləmişdir, çünki Peyğəmbər ﷺ vəfat etmiş, ondan da bir şeyin hökmünü öyrənmək mümkün deyil. "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də, yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yüklə yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə daşıtdırma! Bizi əfv et, bizi bağışla, bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafir qövmə qalib gəlməkdə bizə yardım et!” (əl-Bəqərə, 286). Belə olduqda yeganə yol Peyğəmbərin ﷺ sünnəsinə qayıtmaqdır. Uca Allah buyurur: "Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim olmayınca iman gətirmiş olmaz" (ən-Nisa, 65).

"O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı..." (əl-Həcc, 78);

"Allah sizin üçün çətinlik istəmir, əksinə, asanlıq istəyir" (əl-Bəqərə, 185). Bu ayələrdə Allah insanlara çətinlik istəmədiyini xəbər verir. 

Həmçinin Allahın Öz qullarına Peyğəmbərə ﷺ itaət etmələrini əmr etməsi, seçimə, ixtiyara aid deyil. Əksinə, onlara birbaşa qəti bir əmr edir. Onun üçün Qurani-Kərimdə Peyğəmbərə ﷺ itaət etməyənləri bu əməllərindən çəkindirir və bunu edənlərə şiddətli əzabın baş verəcəyini xəbər verir. Uca Allah buyurur: "Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır" (ən-Nisa, 14); "Allah və Onun Rəsulu bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Rəsuluna asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür" (əl-Əhzab, 36); "Kim Allaha və Onun rəsuluna asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır" (əl-Cinn, 23); "Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar" (ən-Nur, 63).

ən-Nur surəsinin 63-cü ayəsinin təfsirində İbni Kəsir (Allah ona rəhm etsin) buyurur: "Peyğəmbərin ﷺ şəriətinə həm batinən, həm də zahirən müxalif olanlar onlara fitnənin gəlməsindən qorxmalıdırlar. Buradakı "bəla", yəni qəlblərinə küfrün, nifaqın və bidətin daxil olması və yaxud onlara şiddətli əzabın baş verməsidir. Yəni öldürülmək və ya onların həbsə düşmələri və ya buna bənzər bir şeylərin baş verməsindən qorxmalıdırlar". (Təfsiri İbni Kəsir, 6/90).