"Kağız və qələm hədisi" ilə şübhə atanlara cavab - 3-cü hissə

English

Bəzən səhabələrin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözlərini dəqiqləşdirmələri, onların Peyğəmbərin əmrini qəbul etməmələri və ya şəriətə tabe olmaq istəməmələri demək sayılmırdı. Çünki onlar bəzi məsələlərdə bir vəhyin qəti bir şəkildə gəlməsinə qədər ondan bəzi məsələləri tam bir şəkildə dəqiqləşdirərdilər. Əgər onlar bu sözün vəhy olduğunu və ya Allah Elçisinin demiş olduğu qəti bir hökm olduğunu bilərdilərsə, həmin sözü dərhal yerinə yetirməyə tələsər və buna hamısı birlikdə can atardılar. Amma bir çox halda qəti bir əmrin olmadığını düşündükləri bəzi məsələləri Allah Elçisindən dəqiqləşdirərdilər. Necə ki, İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) demişdir: "Xattabi belə demişdir: "Peyğəmbərin səhabələri bəzi məsələlərdə ondan qəti əmr gəlmədikdə bunu dəqiqləşdirərdilər. Necə ki, Hudeybiyyə sülhü günü Peyğəmbərin (sallallahu aleyhi və səlləm) müqavilə bağlamaq məsələsini dəqiqləşdirmiş və Qureyşlə onun arasındakı sülh razılaşmasını dəqiqləşdirmişdilər. Amma əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm) hansısa bir məsələdə qəti bir qərar verərdisə, səhabələrdən heç kim bir daha məsələni dəqiqləşdirməzdi. Həmin an onu yerinə yetirmək üçün tələsərdilər". (ən-Nəvəvi "Şərh Muslim11/91). Hafiz ibn Həcər (Allah ona rəhm etsin) belə demişdir: "Səhabələr bəzən qəti bir əmr olduğunu düşünmədikləri bəzi məsələlərdə Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) həmin məsələləri soruşar və tam bir şəkildə dəqiqləşdirərdilər. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həmin məsələni qəti bir şəkildə əzm edərək dediyi zaman isə o an ona tabe olar və dediyini sorğu sualsız yerinə yetirərdilər". (İbn Həcər "Fəthul-Bari" 1/209) Bu kimi hallar çox vaxt baş vermişdir. Necə ki, Hudeybiyyə sülhü günü Peyğəmbər müşriklərlə müqavilə bağladıqda Əliyə belə buyurdu: “Bizim aramızda olan şərtləri yaz! Rəhmli və Mərhəmətli olan Allahın adı ilə! Bu, Allahın Elçisi Muhəmməddən...” Müşriklər belə dedilər: “Biz sənin Peyğəmbər olduğunu bilsəydik, səni qəbul edərdik. Sən “Muhəmməd ibn Abdullah” yaz. Peyğəmbər Əliyə bunu silməsini əmr etdikdə, Əli: “Allaha and olsun ki, onu pozmayacağam!” deyə buyurdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona: “Mənə onun yerini göstər!” deyə buyurdu. Əli ona yazının yerini göstərdi və Peyğəmbər onu pozdu və yerinə “İbn Abdullah” yazdı...” (Muslim, 4731; əl-Buxari, 2501, 2699).

Əlinin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) adını silməkdən imtina etməsi, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu sözünün vacib olan bir əmr olmadığını başa düşməsinə görə idi. Necə ki, Hafiz İbn Həcər (Allah ona rəhm etsin) hədisin şərhində bunu qeyd edərək demişdir: "Əli Allah Elçisinin (sallallahu aleyhi və səlləm) əmr etdiyi bu sözündən bunun qəti bir əmr olmadığını başa düşmüş və onun üçün də onu yerinə yetirməsindən imtina etmişdi. Eləcə də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ölümündən əvvəlki xəstəliyi zamanında səhabələr namaz qılarkən baş verən hadisə də buna dəlildir. Səhl ibn Səd əs-Saidi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Amr ibn Auf oğullarının yanına getmişdi ki, onların arasını düzəltsin. Bu əsnada namaz vaxtı yetişdi və müəzzin Əbu Bəkrin yanına gəlib dedi: “Camaata namaz qıldıracaq­sansa, iqa­mə­ni verim?” Əbu Bəkr: “Bəli!”– deyə cavab verdi. Beləliklə, Əbu Bəkr (ca­ma­a­ta) namaz qıldırdı. Camaat namazda ikən Peyğəmbər (sallallahu aleyhi və səlləm) qayıdıb gəldi və cər­gə­lə­­rin arasından keçib birinci cərgədə durdu. Bu vaxt camaat əl çalmağa başladı, lakin Əbu Bəkr namaz qılarkən başını arxaya çevirməzdi. Camaat bərk­dən əl çalmağa başladıqda o, arxaya çevrildi və Peyğəmbəri (sallallahu aleyhi və səlləm) gördü. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) əli ilə ona işarə etdi ki, yerində qal. Belə olduqda Əbu Bəkr əllərini göyə qal­dı­rıb Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) ona verdiyi əmrə görə Allaha həmd-səna dedi. Sonra da ar­xaya çəkilib (birinci) cərgədə durdu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) isə önə keçib (camaata) na­maz qıldırdı. Namazı bitirdikdən sonra dedi: “Ey Əbu Bəkr, sənə əmr etdiyim halda yerin­də qalmağına mane olan nə idi?” Əbu Bəkr dedi: “Əbu Quhafənin oğluna (Əbu Bəkrin atasının kunyəsi) Pey­ğəmbərin (sallallahu aleyhi və səlləm) qarşısında namaz qılmaq yaraşmazdı.” Sonra Peyğəm­bər (sallallahu aleyhi və səlləm) (camaata) dedi: “Niyə siz bu qədər çox əl çal­dı­nız? Hər kim namaz əsna­sında özündə şübhə doğuran bir şey (görsə), qoy: “Subhən-Allah!”– desin. Əgər: “Subhə­n-Allah!”– desə, ona diqqət yetirilər. Əl çalmaq isə qadınlara aid­dir. (əl-Buxari, 684)

Bu hədislərdən məlum olur ki, bəzi hallarda səhabələr Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmrinin vəhy olmamasını zənn edərək, Əlinin və Əbu Bəkrin etdiyi kimi ədəbsizlik və əmrə tabesizlik sayılmayan bir halda həmin əmrdən imtina etmişlər.

Bəzi rəvayətlərdə gələn Ömərin dediyi “Bizə Allahın Kitabı yetər!” sözü Peyğəmbərə (sallallahu aleyhi və səlləm) yönələn müraciət deyildi. Ömər bu sözü Peyğəmbərə (sallallahu aleyhi və səlləm) yönəltməkdən daha böyükdür. Həmçinin Peyğəmbərin məqamı da öz yetişdirmiş olduğu tələbələri ilə onlarla aralarında olan sözləri və müraciətləri ilə Allah Elçisi də bu cür xitab olunmaqdan daha uca və böyükdür. Ömərin sözü “kağız və qələm” məsələsində onunla ixtilaf edənlərə yönəlmiş olan bir sözdür. Çünki onlar kağız və qələmin gətirilməsini və Peyğəmbərin bunu yazmasını istəyirdilər. Ömər onlarla mübahisəsində və onlara yönəlik olan sözündə “Bizə Allahın Kitabı yetər!” deyə demişdir. Ömər ibn Xəttabın bu sözünü Peyğəmbərə (sallallahu aleyhi və səlləm) deyirmiş kimi ittiham edilməsi bəzi yolunu azmış firqələrin işinə uyğun gəlir. Lakin ağlı başında olan, həmçinin səhabələri və Allah Elçisinin yetişdirmiş olduğu tələbələri tanıyanlar, onların Allah Elçisinə (sallallahu aleyhi və səlləm) belə bir müraciətin olmamasını gözəl bir şəkildə bilirlər. İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) demişdir: “Ömər ibn Xəttabın “kağız və qələm” hadisəsində olan bu sözü “Allahın Kitabı bizə yetər!”, onunla münaqişə edib mübahisə edənlərə yönəlik olan bir söz idi. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmrinə və sözünə yönəlmiş olan bir söz deyildi". (ən-Nəvəvi “Şərh Muslim, 11/93)

Alimlər Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) belə deməsinin bir neçə səbəbini qeyd etmişlər:

Ömər düşünürdü ki, kağızın və qələmin gətirilməsi və Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yazı ilə bu ağır xəstəlik halında məşğul olması ona əziyyət verəcək. Ona görə də bu sözü demişdir, çünki həmin hədislərdən birində Ömər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xəstəliyinin ağırlaşmasını qeyd etmişdi.

Ömər ibn Xattab qəlbində xəstəlik olanların o yazı barəsində tənə etmələrindən və o yazını nəql edənlər barəsində şəkk şübhə salmalarından, onlara və ədalətlərinə tənə edəcəklərindən ehtiyat edərək Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yazı yazmasından imtina etmişdir.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yazmaq istədiyi vəsiyyəti tərk etməsi, Ömər ibn Xəttabın imtina etməsinə etiraz etməməsi, onun bu sözünü inkar etməməsi, Ömərin rəyini seçməsini göstərir və onun bu hərəkətinin doğru olmasını təsdiqləyir. Çünki həmin hadisə ilə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatı arasında dörd gün var idi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu dörd gün ərzində bir çox əmrlər vermiş, tövsiyyələr vermişdir. Əgər Peyğəmbər səhabələrin yanlış bir şey etdiyini görsəydi, bunu həmin dörd gün ərzində inkar edər və bunun doğru olmadığını söyləyərdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) həyatının son anına kimi ağlı başında idi. Həmçinin səhih hədislərdən bilirik ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Ömərə qarşı heç bir etirazı olmamışdı. Xəstəliyinin axırında isə özünü yaxşı hiss etmiş və səhabələr onun tam sağaldığını zənn etmişdilər. Hətta Əbu Bəkr Mədinədən 3 kilometr aralı olan evinə getmişdi. Nəticə budur ki, Peyğəmbər həmin kağız və qələm hadisəsinə önəm verməmiş, vacib bir iş olduğunu məsləhət görməmişdir.

Ömər ibn Xəttabın dilə gətirdiyi rəylərlə Uca Allahın ayələri ilə təsdiqlənməsi haqda iyirmiyə yaxın hadisə olmuşdur. Bunlardan;

İbrahim məqamının namazgah edilməsi. hicabın fərz olunması, içkinin haram edilməsi, bəzi əsirlərin barəsində olan hökmün verilməsi və s.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Ömərin rəyini inkar etməməsi və bu hadisədən sonra dörd gün yaşamasına baxmayaraq bu barədə danışmaması Peyğəmbərin (sallallahu aleyhi və səlləm) onunla razılaşmasını göstərir.

Çünki Peyğəmbərin ümmətinə haqqı bəyan etmədən bu dünyadan köçməsi mümkün deyildi və kim bunun əksini iddia edərsə, Allah Rəsulunu dini tam bir şəkildə çatdırmamaqda ittiham etmiş olar. Bu söz Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dini çatdırmaqda xəyanət etməsinə və Allahı yalanlamasına gətirib çıxarır. Belə demək isə küfr sayılır. Uca Allah buyurur: "Bu gün dininizi kamil etdim, sizə olan nemtimi tamamladım və din olaraq sizə İslamı bəyənib seçdim". (əl-Maidə, 3).

Səhabələrin ixtilaf etməsi qəti bir vəhy və hökmün olmadığı bir məsələdə bir-biri ilə mübahisə etməsi, yalnız "kağız və qələm" hadisəsində yaşanmış olan birinci məsələ deyildi. Səhabələr başqa vaxtlarda da vəhy olmayan məsələlərdə bir-birilə müəyyən ixtilaflar etmişlər.

"Kağız və qələm" hadisəsindən sonra heç kim bir-birini ittiham etməmiş, bu məsələni fitnəyə çevirməmiş və ixtilaf etməmişlər. Haqqı tapdalanan olsaydı, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra ortaya çıxıb bu məsələni qaldırar, ədalət tələb edər, haqqını istəyərdi. Müxaliflərin iddiasına görə də Əli ibn Əbu Talib (Allah ondan razı olsun) bu məsələdə öndə olardı. Halbuki, Əli ibn Əbu Talib və İbn Abbas (Allah onlardan razı olsun) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra gələn hər üç xəlifəyə beyət etmiş, düşmənə qarşı onların rəhbərliyi altında mübarizə aparmışdılar. Görsənən odur ki, bu məsələni qabardanlar Ömərə qarşı kinli olanlar, onunla düşmənçilik etmək istəyənlərin oyunlarıdır.