Ölkədə Ramazan ayının başlaması astronomik hesablamalar ilə müəyyən edildiyi halda nə etmək lazımdır?

English

Məlum olduğu kimi, Ramazan ayının nə vaxt başlamasını müəyyən edərkən ərazi və region fərqlərinin nəzərə alınması məsələsində fikir ayrılıqlarının olmasına baxmayaraq, demək olar ki, bütün alimlər yekdilliklə bildirmişlər ki, hər bir müsəlman öz ölkəsinin əhalisi ilə oruc tutmalıdır. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: “Oruc, insanların oruc tutmağa başladığı zaman başlayır və onların oruc tutmağı dayandırdıqları zaman başa çatır” (Tirmizi. Şeyx Albani hədisi “səhih” adlandırmışdır).

Müsəlman ölkəsi Ramazan ayının başlamasını vizual müşahidə yolu ilə deyil, təqvimlə və ya elmi dillə desək, astronomik hesablamaların köməyi ilə hesablayırsa, nə etməli? Məlum olduğu kimi, əvvəlki alimlər yekdilliklə bildirmişlər ki, astronomik hesablamalar təzə ayın başlanğıcının müəyyən edilməsi üçün münasib şəri üsul deyil.

Eyni məzmunlu sual şeyx Albaniyə (Allah ona rəhmət etsin) verilmiş və o, da suala cavab vermişdir. Şeyxin bu məsələ ilə bağlı verdiyi fətvanın bir hissəsini sizə təqdim edirik:

Şeyx Albani: “Müsəlmanlar hər bir halda oruc tutmağa öz ölkələrinin əhalisi ilə birlikdə başlamalı, onlarla birlikdə orucu bitirməli və bu məsələ ilə bağlı fikirayrılıqlarına yol verməməlidirlər”

Sual verən: “Əgər bu məsələdə dövlət astronomik hesablamalara əsaslanırsa nə etməli?”

Şeyx Albani: “Bu məsələdə astronomik hesablamaların tətbiqi şərii cəhətdən münasib görülmür. Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) demişdir: “Təzə ayı gördükdə oruc tutmağa başlayın”.

Ölkə şəriətə zidd olan metodlardan istifadə edərək orucun vaxtını elan etsə belə, ölkə əhalisi ilə birlikdə oruc tutmaq lazımdır. Xalq dövlətə qarşı çıxmamalıdır, çünki bu, daha böyük bir zərər ilə nəticələnər. Bu o demək deyil ki, astronomik hesablamalara istinad etmək olar. Məqsədimiz odur ki, daha az zərərlə kifayətlənməliyik. Biz sizi buna səsləyirik, baxmayaraq ki, ayın təsbit edilməsi üçün astronomik hesablamaların tətbiqi yolverilməzdir” (Sislsilət əl-Huda və ən-Nur, 403-cü kaset).

Oxşar fətva Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) tərəfindən də verilmişdir. “Əl-Fətava əl-Kubra” kitabında qeyd olunan fətvanın bir hissəsini sizə təqdim edirik:

Şeyxülislam İbn Teymiyyəyə (Allah ona rəhmət etsin) bir şəhər ilə bağlı sual verilir. Belə ki, bu şəhərin sakinlərinin bir hissəsi öz gözləri ilə zülhiccə ayının hilalını görür, lakin şəhər rəhbərliyi elan edir ki, təzə ay hələ görülməmişdir. Həmin şəhərin əhalisi bu günün zülhiccə ayının 10-u olmasına baxmayaraq rəhbərliyin tərtib etdiyi təqvimə əsasən zülhiccə ayının 9-cu günü oruc tutmalıdırmı? [Söhbət Ərəfa günündə tutulan müstəhəb orucdan gedir) Zülhiccənin 10-u isə Qurban bayramına təsadüf edir və məlum olduğu kimi, Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) bayram günü oruc tutmağı qadağan etmişdir. – (SunnaPortal.com qeydi)].

Şeyxin cavabı: “Bəli, onlar çoxluğun rəyinə uyğun olaraq, zülhiccə ayının 9-u oruc tutmalıdırlar. Həqiqətdə həmin günün zülhiccənin 10-na təsadüf etməsini və təzə ayın daha əvvəl görüldüyünü nəzərə almadan. Səhih hədislərin birində Əbu Hureyrədən rəvayət olunur ki, Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) belə demişdir: “İnsanlar oruc tutmağa başladığı zaman siz də oruc tutun, onlar orucu bitirdikləri zaman isə orucunuzu bitirin. İnsanlar qurban kəsdiyi zaman qurban kəsin”

İbn Teymiyyə sözünə belə davam edir:

“Əgər desələr ki, ola bilsin, təzə ayı gördüklərini bildirmiş dindar müsəlmanların şahidliyini qəbul etmədən ayın başlamasını yanlış elan etmiş rəhbərin özü günahkardır. Bəlkə, onların şahidliyinin rəhbərlik tərəfindən qəbul edilməməsinin səbəbi onların bu məsələdə məlumatsız olmaları ilə əlaqədar olmuşdur. Lakin buna baxmayaraq o, həmin şəxslər barəsində, onların dindar müsəlman olmaları haqda məlumat toplamayıb. Habelə ola bilər ki, rəhbərliyin sözügedən şahidlərlə düşmənçiliyi var və buna görə də o, onların şahidliyini qəbul etməmişdir. Beləliklə məlum olur ki, rəhbərlik şahidləri qeyri-qanuni olaraq qəbul etmir. Bəlkə də, rəhbərlik astronomun təzə ayın həmin gün görünməyəcəyini bildirdiyinə görə onların şahidliyini rədd edib?

Bu halda cavab belə olacaq: “Müsəlmanların rəhbərlərə tabe olması əmr edilən məsələlərdə rəhbərin haqlı olması, səhv etməsi və ya səhlənkarlıq etməsi hökmü dəyişmir. Bütün hallarda itaət etmək-tabe olmaq vacibdir. Şübhə yoxdur ki, insanlar hamıya məlum və (rəhbər tərəfindən) elan edilmiş təqvimi əsas götürməlidir. Bu mövzuya dair “Səhih əl-Buxari” toplusunda hədis vardır. Həmin hədisdə Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) imamlar və rəhbərlər haqqında belə buyurmuşdur: “Onlar imam olaraq sizinlə namaz qılır. Onlar namazı düzgün qıldıqları təqdirdə savab həm sizə, həm də onlara yazılır. Onlar namazı yanlış qıldıqları təqdirdə isə sizə savab yazılır, onlar isə savab qazanmırlar”. Buna görə də, əgər rəhbər səhv edirsə və ya səhlənkarlıq nümayiş etdirirsə, bu məsələdə məsuliyyət həmin səhvi etməyən və laqeyd olmayan müsəlmanların deyil, bilavasitə rəhbərin öz öhdəsinə düşür. Şübhəsiz ki, səhih sünnə və səhabələrin yekdilliklə qəbul etdikləri qərarlar göstərir ki, astronomik hesablamalara əsaslanmaq olmaz!” Səhih Buxari və Muslimin hədis toplularında rəvayət olunan hədislərin birində Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) belə demişdir: “Biz yazmağı və hesablamağı bacarmayan savadsız bir ümmətik. Buna görə də, onu (təzə ayı) gördükdə oruc tutmağa başlayın eləcə də, onu (təzə ayı) gördüyünüz zaman orucunuzu bitirin”. Ayın başlamasını müəyyən etmək üçün astronomik hesablamalara etimad edən şəxs dində yolunu azmış, bidət tərəfdarı və öz hesablamalarında səhvə yol vermiş hesab edilir”.

İbn Teymiyyənin son sözləri onu göstərir ki, o da bütün Əhli-Sünnə imamları kimi ramazan ayının başlanmasını və sona çatmasını müəyyən etmək üçün astronomik hesablamalar aparmağı münasib görməmişdir. Buna baxmayaraq İbn Teymiyyənin və digər İslam üləmasının gəldiyi qənaətlər belə hallarda müsəlmanların birlik və yekdilliyinin nəzərə alınmasının və hətta hər şeydən üstün tutulmasının vacibliyini vurğulayır.

Ramazan ayında tutulan orucun, daha sonra isə qeyd edilən Ramazan bayramının bütün müsəlmanlar tərəfindən kollektiv şəkildə, birlikdə əda edilən böyük ibadətlər, ayinlər olduğunu əsla unutmamalıyıq!

Peyğəmbərin (Ona Allahın salavat və salamı olsun) hədislərin birində buyurduğu kimi: “Oruc, insanlar oruc tutmağa başladığı zaman başlayır və onlar orucu bitirdikləri zaman isə başa çatır” (Tirmizi. Şeyx Albani bu hədisi “səhih” adlandırmışdır).

Bununla əlaqədar olaraq, əgər biz: “Dövlətin ramazan ayının başlaması ilə bağlı çıxardığı qərara məhəl qoyulmamalıdır” ˗ desək, eyni cəmiyyətdə müsəlmanların bölünməsinə səbəb olar, bu böyük ibadət və ayinlərin kollektiv şəkildə yerinə yetirilməməsinə şərait yaratmış olarıq.

Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini və onları ixtilaf və fitnələrdən qorumasını diləyirik.

 
Yoxladı: Şeyx Qamət Süleymanov
 
Hazırladı: Ramin Mütəllim

“SunnaPortal.com” saytından tərcümə olunub.

Əbu Bəkr məscidi © 2020