“.. onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə [...] iman gətirmiş olmazlar" (ən-Nisa, 65) ayəsi ilə gətirilən şübhə

English

Müxaliflər bu ayəni şübhə olaraq gətirirlər: “Xeyr, sənin Rəbbinə and ol­sun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da ver­di­yin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim ol­ma­yınca iman gə­tir­miş olmazlar” (ən-Nisa, 65). Onlar deyirlər ki, “Uca Allah bu ayədə iman vəsfini bütünlüklə Allahın hökmü ilə hökm etməyənlərin üzərindən götürmüşdür. Bu da küfr deməkdir”.

Şübhəyə cavab: 

Bu ayədə əldən gedən imanın əsli deyil, kamilliyidir. Yəni o insanın imanı naqis olar, lakin tam əldən getməz. Bu ayə imanın naqisləşməsinə hökm verir. Buna misal bu hədisi dəlil gətirmək olar:

Peyğəmbər – sallallahu aleyhi və səlləm - belə buyurur: “Biriniz özü üçün istədi­yini (mü­­səl­man) qardaşı üçün istəmədikcə, iman etmiş olmaz”. (əl-Buxari, 13). Başqa bir hədisdə Əbu Şureyh (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Allaha and olsun ki, iman etməz! Allaha and olsun ki, iman etməz! Allaha and olsun ki, iman etməz!” Soruşdular: “Kim, ey Allahın Elçisi!” Dedi: “Qonşusu şərindən əmin olmayan kimsə!” (əl-Buxari, 5557, 6016).

Burda imanın bütünlüklə getməsi və həmin kəsin kafir olması demək deyil. Əgər Kitab və Sünnədən hər hansı bir əməl ilə adamın imanın bütünlüklə getməsinə və kafir olmasına dəlil yoxdursa, o zaman həmin adamın imanının kamilliyinin olmaması nəzərdə tutulur və imanın əsli onda qalır. Amma əzaba layiq olduğu nəzərdə tutulur. Bu da təkfir hökmündə ehtiyatlı olmağı göstərir. Yuxarıdakı ayəni başa salan və imanın kamilliyini izah edən iki yol var.

  1. Bu ayədə imanın getməsi üç kəsin haqqında gəlmişdir.

Birinci, Peyğəmbəri – sallallahu aleyhi və səlləm - hakim təyin etməyən və onu hökm verən olaraq qəbul etməyən;

İkinci, Peyğəmbərin – sallallahu aleyhi və səlləm - hökmündə ona qarşı narazılıq hiss edən;

Üçüncü, Peyğəmbərin – sallallahu aleyhi və səlləm - hökmünə təslim olmayan.

Bu ayəni imanın bütünlüklə getməsinə dəlil gətirən, bu üç sinif insanın üçünü də təkfir etməlidir. Burda ikinci və üçüncü sinif insanların kafir olmamasına dəlil hədislərdir.

Rəvayət edilir ki, Ənəs (Allah ondan razı olsun) demişdir: “Allah həvazinlilərin mallarını (Huneyn döyüşündə ələ keçirilmiş qənimətlər) qənimət olaraq Öz peyğəmbərinə – sallallahu aleyhi və səlləm - əta etdikdə o, qureyşlilərdən bəzisinə yüz dəvə hə­diyyə etdi və (bunu görəndə) ənsardan bəziləri dedilər: “Allah Rəsulul­lahı – sallallahu aleyhi və səlləm - əfv etsin! Bizi buraxıb qureyşlilərə (bir az əvvəl müsəlmanlarla döyüşmüş müşriklərə hədiyyə) verir. Halbuki qılıncları­mızdan hələ də onların qanı damır”. Ənsarın dediklərini Peyğəmbərə – sallallahu aleyhi və səlləm - xəbər verdilər. Onda Peyğəmbər – sallallahu aleyhi və səlləm - onların dalınca adam göndərib onları də­ri­dən düzəldilmiş bir çadırın içinə topladı və onlardan başqa heç kəsi ora bu­raxmadı. Hamısı (oraya) toplandıqdan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm - onların yanına gə­lib dedi: “Nə söh­bətdir, sizin adınızdan danışırlar?” Onların elm əhli dedi: “Müdrik olanları­mıza gəlincə ya Rəsulullah, onlar heç nə deməyiblər. O ki qal­dı cavanlarımıza, onlar deyiblər ki: “Allah Rəsulullahı əfv etsin! Ənsarı qoyub qureyşlilərə (hədiyyə) verir. Halbuki qılınclarımızdan hələ də onların qanı damır”. Pey­ğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Mən küfrdən təzəcə uzaqlaşmış adam­­lara (hədiyyələr) verirəm. Razı deyilsiniz ki, bu adamlar mal-dövlət aparsın, siz isə Allahın elçisi ilə bir yerdə geri qayıdasınız. Vallahi, sizin apardığınız on­ların apardığından daha xeyirlidir.” Onlar da: “Əlbəttə ki, razıyıq, ya Rəsu­lullah!”- dedilər...” (əl-Buxari, 2914, 3147). Digər rəvayətdə deyilir: “Qureyşlilər İslamı yenicə qəbul et­miş və (çox) müsibətlər görmüşlər. Mən sadəcə onların könlünü almaq və qəlb­­lərini (İslama) isinişdirmək istədim. Əcəba, insanlar dünya malı ilə geri döndüyü halda, siz evinizə Allahın Rəsulu ilə qayıtmağa razı deyilsinizmi? Onlar: “Razıyıq!”- dedilər. Onda Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Əgər insanlar bir va­diyə üz tutsaydı, ənsar isə (başqa bir vadiyə, yaxud) bir dərəyə üz tut­say­dı, mən ənsarın getdiyi vadiyə, yaxud dərəyə üz tutardım!” (əl-Buxari, 3989, 4334).

İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Bu ayə xavariclərin Allahın hökmü ilə hökm verməyən rəhbərləri təkfir etmək üçün əllərində tutduqları hüccət və onların hakimləri təkfir etmək üçün dəlilləridir”. (İbn Teymiyyə “Minhəcus-Sunnə” 5/131).

Bu ayənin imanın kamilliyinin getməsinə dəlili bu məsələdir: Bu ayə Bədrdə iştirak etmiş bir kişi haqqında enmişdir. Abdullah ibn əz-Zubeyr (Allah ondan razı olsun) belə rəvayət edir: “Bir kişi Peyğəmbərə – sallallahu aleyhi və səlləm - çöldə xurmalıqları suladıqları su arxına görə Zubeyrdən şikayət etdi. Ənsardan olan kişi: “Suyu burax axsın!”- dedi. Zubeyr ona etiraz etdikdə, Peyğəmbər – sallallahu aleyhi və səlləm - Zubeyrə: “Ey Zubeyr, sula sonra isə suyu qonşun üçün burax!” Ənsardan olan kişi qəzəbləndi və dedi: “Ey Allahın Elçisi, əmin oğlu olduğu üçün belə deyirsən!” Peyğəmbərin – sallallahu aleyhi və səlləm - üzünün rəngi dəyişdi. Sonra belə buyurdu: “Ey Zubeyr, sonra suyu divara qayıdana kimi bağla”. Zubeyr deyirdi: “Allah and olsun ki, “Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə... iman gətirmiş olmazlar” (ən-Nisa, 65) - ayəsinin bu haqda nazil olduğunu hesab edirəm”. (Əbu Davud, 3637, 3639; əl-Buxari, 2359, 2708, 4565; Muslim, 6065). Həmin Bədrdə iştirak etmiş ənsardan olan kişi Peyğəmbərin – sallallahu aleyhi və səlləm - hökmünə qəzəblənmiş və onun hökmünə təslim olmamışdı. Buna baxmayaraq o, kafir olmadı. Kim bu hədisdə sadalanan ayənin imanın bütöv şəkildə getdiyini deyəsrə, bu hədisin ən-Nisa surəsinin 48 və 116-cı ayəsi ilə ziddiyyət təşkil etdiyini iddia etmiş sayılır. Uca Allah buyurur: “Allah Özü­nə şərik qoşulmasını əsla bağışla­maz, bun­­dan başqa olan günahları isə istə­diyi kimsəyə bağışla­yar” (ən-Nisa, 48, 119).

Birdən kimsə deyər ki: “Belə bir ehtimal yoxdurmu ki, Bədr əhlindən olan insan dindən çıxaran küfrə düşsün, lakin sonra tövbə etməyə müvəffəq olsun və tövbə üzərində də ölsün”.

Bu iddiaya iki cür cavab vermək olar.

Birinci cavab: Uca Allah Bədr əhlini bağışlamış və bu bağışlamanı da hər hansı bir işə - tövbəyə bağlamamışdır. Bu, mütləq bir fəzilət sayılır.

İkinci cavab: Əgər biz desək ki, “onların küfrə düşmələri mümkündür”- artıq biz onlara verilmiş bu fəzilətin sayılmamasını demiş sayılırıq, onların Bədrdə iştirak etmələrinin heç bir önəmi qalmır. Alimlər hər bir günahın – şirk və küfr olsa belə tövbə ilə bağışlanmasında icma etmişlər. Əgər biz Bədrdə iştirak edənlərin günahlarının tövbə ilə bağışlanmasını desək, onda Bədrdə iştirak edənlərlə digərləri arasında bir fərq qalmaz və onların fəzilətinin anlamı olmaz. Ümmətinin digər nümayəndələrinin böyük şirk və böyük küfr etdikləri, sonra isə tövbə etdikləri təqdirdə bağışlanacaqlarına İslam alimləri icma etmişlər. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Qüdsi hədisdə gələn Uca Allahın Bədr əhlinə və onlar kimi olanlara “Nə istəyirsinizsə, edin. Artıq mən sizi bağışlamışam”- əgər bu hədisdə gələn bağışlanma kiçik günahlara aid edilərsə və ya onlardan böyük günah edənlərin bağışlanması tövbə ilə mümkün olarsa, onda Bədr əhli ilə digərləri arasında heç bir fərq qalmaz”. (İbn Teymiyyə “Məcmuul-Fətava” 7/490).

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Bu ayənin müəyyən səbəbi var. İstər hər hansı bir əmrin verilməsi barəsində enmiş olsun, istərsə də hər hansı qadağan olunmuş bir şey haqda enmiş olsun. Həmin şəxs və onun kimi olanların hər biri də bu ayənin içinə daxildir. Əgər həmin ayədə bir kəsin və ya bir şeyin mədh edilməsi, məzəmmət edilməsi xəbəri varsa, həmin ayə enmə səbəbi olan şəxsi və onun halında olanları da özündə cəm edir və onlara şamil edilir”. (İbn Teymiyə “Məcmuul-Fətava, 13/339).

Əgər deyilsə ki, “küfr deyildikdə, başa düşülən böyük küfrdür”, əslən buna dəlil yoxdur. Əksinə təfsir alimləri səhabə olan İbn Abbasa (Allah ondan razı olsun) istinad edərək bu ayəni izah etmişlər.

Həmçinin belə iddia olunur: “İbn Teymiyyə araşdırması sayəsində küfr sözünün “əl-kufr” “əl” artikli ilə gəldikdə, böyük küfr olduğunu demişdir. Ona görə bu küfr böyük küfr sayılır”. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Əl artikli ilə təyin olunmuş küfr İslam millətindən çıxaran küfrdür”. (Şərh əl-Umdə, səh. 82). İbn Teymiyyə (Allah ona rəhm etsin) məsdər olan “əl-Kufr” sözünü qeyd etmişdir. Ayədə isə fail olan “əl-kəəfir” sözü gəlmişdir. Bunların arasında fərq odur ki, məsdər yalnız tək olaraq feilə dəlalət edir. Amma onu edən həm feilə, həm də onu edənə dəlalət edir. Buna görə də İbn Teymiyyə (Allah ona rəhm etsin) özü bu ayədə keçən küfrün kiçik küfr olduğunu demişdir. İbn Teymiyyə (Allah ona rəhm etsin) sələflərdən olan bəzi alimlərin bu sözlərini “insanda həm iman, həm də nifaq bir yerdə ola bilər”, “insanda iman və küfr bir yerdə ola bilər”- izah edərək buyurur: “İnsanda imanla yanaşı ola bilən bu küfr və nifaq İslam millətindən çıxarmayan küfrdür, böyük küfr deyil. Necə ki İbn Abbas və onun tələbələri əl-Maidə surəsinin 44-cü ayəsi haqda danışarkən demişlər: “Bu millətdən çıxarmayan küfrdür”. İbn Abbas və onun tələbələrinin bu sözünə təfsir alimləri, İmam Əhməd və Əhli Sünnədən olan böyük alimlər tabe olmuş, eyni sözləri demişlər”. (əl-Fətava, 7/312).

İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Bu üç ayədən yalnız birincisini, “...məhz onlar kafirlərdir” ləfzi ilə gələnini dəlil kimi götürənlərin ən azından “Küfr” ləfzi ilə gələn istər Qurandan, istər də Sünnədən olan bəzi şəri dəlilləri başa düşməmələri onların tam avamlıqlarındandır. Beləliklə də onlar heç nəyə baxmadan ayənin dindən çıxma mənasını verdiyini və küfrə düşən şəxslə (müsəlmanla) İslam ümmətindən xaric olan yəhudilərdən, nəsranilərdən və digər ümmətlərdən olan müşriklər arasında heç bir fərqin olmadığını qəbul etmişlər. Əslində isə “küfr” ləfzi Kitab və Sünnədə daima onların ətrafında danışdıqları və bu təhlükəli və səhv fəhmə təhrik etdikləri mənanı vermir. Yalnız bir mənaya dəlalət etmədiyinə görə “kafirlərdir” ləfzi digər iki, “zalımlardır”“fasiqlərdir ləfzləri ilə eynidir. Əgər kimsə zalım və ya fasiq sifəti ilə vəsf olunmuşsa, bu onun hökmən öz dinindən dönməsinin gərəkli olduğunu göstərmir. Eləcə də kim kafir sifəti ilə vəsf olunsa, bu da (əvvəlki iki sifətlə) tamamilə eynidir. Bu bir ləfzin müxtəlif mənalarda gəlməsinə öncə ərəb dili, sonra isə ərəblərin (Qurani-Kərimin) dilində gələn şəriət dəlalət edir. Elə bu səbəbdən də – istər hakimlər, istər də onların tabeçiliyində olanlar (adi insanlar) olsun – müsəlmanlar barəsində hökm çıxartmağa çalışan hər bir şəxsə, Kitab və Sünnə sahəsində geniş elmə məxsus olması və sələfi salehin mənhəci üzərində olması vacibdir. Kitab və Sünnəni isə ərəb dilini və onun ədəbiyyatını doğru dürüst şəkildə dərk etmədən başa düşmək mümkün deyil. Odur ki, əgər elm tələbəsində ərəb dilini dərk etməkdə naqislik olarsa, bu naqisliyi doldurmaqda ona kömək edəcək şey onun özündən öncə yaşamış imamların, alimlərin, xüsusən də xeyirli olmaları barəsində şəhadət verilən o üç nəslin (səhabələrin, tabiinlərin və ətbau-tabiinlərin) fəhminə qayıtmasıdır”. (Təkfir fitnəsi, səh. 27).

 

[1] Söhbət Huneyn döyüşündə ələ keçirilmiş qənimətlərdən gedir.

Mövzular: