Dövlət başçısı üçün dua etmək haqqında

English

Böyük alim İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) belə demişdir: "Əgər bir kimsəni rəhbərə (dövlət başçısına) bəd-dua edərkən görsən, bil ki o, hava (bidət) əhlidir və bir kimsəni da rəhbərin (dövlət başçısının) islahı üçün dua etdiyin görsən, bil ki o, Allahın izni ilə sünnə əhlidir. 

Fudeyl ibn İyad (Allah ona rəhm etsin) belə demişdir: "Əgər mənim qəbul olunan bir duam olsa, onu yalnız rəhbər (dövlət başçısı) üçün edərdim". Ona deyildi: "Ey Əbu Əli, bunu bizə izah et". O dedi: "Əgər o duanı özüm üçün etsəm, məndən o tərəfə keçməyəcək, əgər rəhbər üçün etsəm, o, islah olar (düzələr) və onun islah olması ilə Allahın qulları və ölkələr islah olarlar. Onların islah olunması üçün dua etməyə əmr olunmuşuq. Hətta zülm və haqsızlıq etsələr belə onlara bəd-dua etməklə əmr olunmamışıq. Çünki, onların zülm və haqsızlıqları özlərinə qarşı, islah olunmaqları isə həm özlərinə, həm də müsəlmanlara xeyirdir".

Şeyx Saleh Fovzan (Allah onu qorusun) belə deyir: "Əgər bir kimsəni rəhbərə (dövlət başçısına) bəd-dua edərkən görsən bil ki, o, hava (bidət) əhlidir"- bu ifadə sələflərdən rəvayət olunmuşdur. Bu, xavaric və mötəzilənin yolundandır. Çünki, xavariclər və mötəzilələr rəhbərə bəd-dua edənlərdir. Vacib olan isə onun əksi - rəhbərin islah olunması və işlərinə müvəffəq olması üçün dua etməkdir. Çünki, onların islahı İslam və müsəlmanların islahı deməkdir. Sən rəhbərə dua etdiyin zaman bütün müsəlmanlar üçün dua etmiş olursan, çünki rəhbərin islahı, tabeçilikdə olanların islahıdır. Əmr sahiblərinin islahı üçün dua etmək sələfin mənhəcindəndir. Müəllifin "Bir kimsəni də rəhbərin islahı üçün dua etdiyin görsən, bil ki o, Allahın izni ilə sünnə əhlidir"- sözünə gəldikdə isə bir insanı rəhbərin islahı üçün dua etdiyini görsən, bil ki o, sünnə sahibidir. Çünki bu sələflərin əmr sahibləri ilə olan davranışıdır. Fudeyl İbn İyad (Allah ona rəhm etsin) ən böyük alimlərdən, abidlərdən və zahidlərdəndir. Onun "Əgər mənim qəbul olunan bir duam olsa, onu yalnız rəhbər üçün edərdim"- sözü isə rəhbərə olan nəsihətdəndir. O, bu sözü ilə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - hədisinə qəsd etmişdir. Belə ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurmuşdur: "Din nəsihətdir". Soruşduq: "Kimə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara". (Muslim, 55).

Müsəlmanların rəhbərlərinin islahı üçün dua etmək onlara olan nəsihətdəndir. Onlara bəd-dua etmək isə xəyanətdəndir.

Müəllifin "Onların islah olmaları üçün dua etməyə əmr olunmuşuq. Hətta zülm və haqsızlıq etsələr belə onlara bəd-dua etməklə əmr olunmamışıq"- sözünə gəldikdə isə rəhbərlərə bəd-dua etmək müsəlmanlara bəd-dua etməkdir. Çünki, problemlər böyüsə və rəhbər yıxılsa, bununla qan tökülər, əmin əmanlıq aradan qalxar, fəsad yayılar, hüdudlar ortadan qalxar. Rəhbərin yıxılmasında böyük fəsadlar var. İndiki vaxtımızda hava əhli, hizbilər və xavariclər rəhbər üçün dua edəni yaltaqlıqda ittiham edirlər. Müəllifin bu sözü onlara da tətbiq olunur, çünki onlar Sünnəyə müxalif olanlar və hava sahibləridir. Buna diqqət olunmalıdır".

Şeyx Salih əl-Fovzan "İthəful Qari" səh. 367-368.