İmam Əhmədin "Axirət diyarında Allahı görməyə iman gətirmək" sözünə Şeyx Rabidən şərh

English

İmam Əhməd (Allah ona rəhm etsin) buyurur: “Kim hədisin şərhini bilməsə, onu anlamasa və bu hökm şəriətdə varid olunsa, bu hədisə iman gətirib təslim olması vacibdir. Misal olaraq “Sadiqul-Məsduq” (doğru olan və doğruluğu təsdiq edilən Peyğəmbər - sallallahu aleyhi və səlləm), qədər haqqında rəvayət olunan və (Qiyamət günü) Allahı görməyə aid olan hədislər kimi. Bu hədisləri eşidənin qulağına bu sözlər təəccüblü gəlsə belə, onun boynuna düşən buna iman gətirmək, bundan bir hərf olsa belə inkar etməmək ona vacibdir”

Şeyx Rabi İbn Hadi əl-Mədxali (Allah onu qorusun) bunu şərh edərək buyurur: “Kim hədisin şərhini bilməsə, onu anlamasa və bu hökm şəriətdə varid olunsa”- yəni, ola bilər ki, Quran və Sünnədən olan bəzi dəlilləri başa düşməyəsən, onun hikmətini və qayəsini bilməyəsən, onun arxasında hansı sirlərini bilməyəsən. Sənə iman gətirib təsdq etmək vacibdir. Sən qeybə, Muhəmmədin - sallallahu aleyhi və səlləm - haqq olduğuna, Quranın haqq olduğuna, Peyğəmbərin - sallallahu aleyhi və səlləm  gətirdiklərinin haqq olduğuna və onun öz istəyi ilə danışmamasına iman gətirmisən. Başa düşdüyün şeylərə görə Allaha həmd et! Bilmədiyin şeyləri də bilənlərə həvalə et! Bu sənə kifayət edər.

Birinci sual: Sələfi olan qardaşlarımızdan bidət əhli ilə oturub-duran qardaşlarımız var. Onlar haqda nə deyə bilərsiniz?

Cavab: Mən sizə İbn Aqil, əl-Beyhəqi, əl-Həravi və İslam tarixində olan bir çox mühüm şəxslər haqda misallar çəkəcəyəm. Bir çox insanlar özlərinə arxalanaraq bidət əhli ilə oturub-durdular və zay oldular. Bu mövzuda çoxlu ibrətlər var. Onlardan elələri var idi ki, sələfi idilər. Bidət əhli ilə oturu-durmaqları, onlara qaynayıb-qarışmaları, onların kitablarını oxumaları səbəbilə azdılar və zay oldular. Mənim nəsihətim odur ki, sələfi qardaşlarından yararlansınlar (elm öyrənsinlər) və bundan da qabaq bu əzəmətli mənhəcdən yararlansınlar (öyrənsinlər). Bu mənhəc salamat olmağa və xilas olmağa təşviq edir. Allaha and olsun ki, salamat olmağı heç bir şey əvəz etməz.

İkinci sual: Məlumdur ki, fiqhi məsələlərdə olan ixtilaf şərtlər daxilində icazəlidir. Əqidə məsələlərində ixtilafın icazəli olmasının qaydası nədir?

Cavab: Allaha and olsun ki, mən əqidə məsələlərində ixtilafın icazəli olduğunu görmürəm. Onların əqidədə səhabələrə nisbət etdikləri ixtilaflı məsələlərlə özlərinə dəlil götürmələrinin heç bir əsası yoxdur. Səhabələr heç bir əqidə məsələsində ixtilaf etməmişlər. Bunu irəlidə gələn mövzularda açıqlayacam.

Üçüncü sual: Səhabələrin icma etdiklər məsələlərdən birində onlardan sonra gələn bir kəsin yeni bir söz çıxarması icazəlidirmi?

Cavab: Bu şəxsə şiddətli vəd olunur və o, böyük ziyan içərisindədir. “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə - sallallahu aleyhi və səlləm - qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir”. (ən-Nisa, 115). Səhabələrin icma etdiyi məsələlərdə sən başqa bir rəy ilə gəlirsən?! Bu, icmanı dağıtmaq və Kitab və Sünnəyə müxaliflikdir. Allaha, Elçisinə - sallallahu aleyhi və səlləm - və möminlərə qarşı çıxmaq, möminlərdən (müsəlmanlardan) qeyrisinin yoluna tabe olmaqdır. Bu, icazəli deyil.

Dördüncü sual: Mən bir vəzifədə işləyirəm. Mənim bəzi yoldaşlarım azmış mənhəcdədirlər. Mənim onlarla oturub – durmaqdan çəkinməyimə nəsihətiniz nə olardı”

Cavab: Sən özünə başqa bir yer tap. (Yəni, başqa iş yeri axtar). Əgər onların arasından sənin dəvətini qəbul edəcək bir kəs olsa, Allaha həmd et. Əgrə bu olmasa özünə (işləmək üçün) başqa yer axtar.

Beşinci sual: Sizdən İbn Məsudun (Allah ondan razı olsun) bu hədisini açıqlamağınızı rica edirəm: “Sizdən hər birinizin yaradılışı anasının bətnində qırx gün nütfə şəklində olaraq bir yerə toplanılır...” (əl-Buxari, 3208; Muslim, 2643).

Cavab: Kişi zövcəsi ilə yaxınlıq edib mənini bətnə buraxdıqda, qırx gün müddət ərzində nütfə şəklində olur. Sonra Uca Allah başqa mərhələyə keçirir. Bu da aləqadır (laxtalanmış qan). Sonrakı qırx gün onu başqa mərhələyə keçirir. Bu da mudğadır (çeynənilmiş ət parçasına oxşadığı üçün ona bu ad verilmişdir). Mudğa ətdəndir, aləqa isə qandandır. Bunlar bir neçə mərhələdir. Axı O sizi mərhələlərlə yaratdı”. (Nuh, 14). Nütfədən aləqaya, aləqadan mudğaya, mudğadan da rüşeymə keçir. Sonra sümükləri ətlə örtür, sonra Uca Allah onu bir məxluq olaraq yaradır.

Hər bir halda bu, qədərilərdə çətilik törədir. Uca Allahın insanın hələ anasının bətnində ikən xoşbəxt və ya bədbəxt olacağını bildiyi halda onları yaratması qədərilərin düz başa düşmədikləri məsələlərdəndir. Həqiqətən, Uca Allah Öz əzli elmi ilə bunu bilirdi, sonra da bunu “Lövhi-Məhfuzda” yazmışdı. Bu yazı da Allahın əzəli elminə müvafiqdir. Bunlar da hava əhlinin öz ağılları ilə düşdükləri zəlalətdir. Əslində, bu məsələ sələflərda açıq-aydın bilinən haqqdır. Ümid edirik ki, soruşan bunların fikri ilə təsirlənən adam deyil.

Sonra İmam Əhməd (Allah ona rəhm etsin) demişdir: “Allahı görmək hədislərini (təsdiq edib iman gətirmək)

Şeyx Rabi İbn Hadi əl-Mədxali (Allah onu qorusun) bunu şərh edərək buyurur: "Yəni, möminə Allahı Axirətdə görməyə iman gətirmək möminə vacibdir. Mötəzilələr öz batil şübhələrinə dayanaraq Allahı Axirətdə görməyi inkar etdilər. Əhli Sünnə Allahın Kitabından və Allah Elçisnin - sallallahu aleyhi və səlləm - Sünnəsindən sübut və dəlillərlə onlara rədd verdilər. Onlara rədd verənlərdən də biri İmam İbnul-Qeyyim (Allah ona rəhm etsin) olmuşdur. O, Qurandan yeddi ayə ilə onlara rədd vermişdir. İlk baxışdan bu dəlillər insana tutarsız görsənə bilər. Düşündükdən sonra isə onun dəlil olaraq gətirdiklərinin tutarlı olduğunu görər. Bu ayələrdən də biri “...bilin ki, siz Onunla qarşılaşacaqsınız”. (əl-Bəqərə, 223). Qaarşılaşmaq ancaq görmək və müşahidə etməklə olur. Bu da ərəb dilinin tələb etdiyi anlayışdır.

Həmçinin o, demişdir: “Axirətdə Allahı görməyi inkar edənlər buna oxşar ayələri dəlil gətirirlər. “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır”. (əl-Ənam, 103). Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Yalnız naqislikləri inkar etməklə Allah tərif olunmaz. Həqiqətən O, özündə kamil sifətləri isbat etmək və naqis sifətləri inkar etməklə tərif olunur”. Bunun üçün də çoxlu misallar gətirdi: “Gözlər Onu dərk etmir...” (əl-Ənam, 103). Burda (Qiyamət günü) Allahı görməyin isbatı var, çünki bu ayədə Allahı görməyin inkarı yoxdur. Ayədə inkar olunan Allahı dərk etməkdir. Allahı heç bir şey əhatə (dərk) edə bilməz. Sən günəşi, səmanı və başqa şeyləri görə bilirsən, lakin onları dərk edə bilmirsən (yəni, bu gördüklərinin tam mahiyyətini, necəliyini dərk edə bilmirsən).

Həmçinin, başqa bir ayədə Uca Allah Musaya (ona salam olsun) buyurur: “Sən məni görə bilməzsən”. (əl-Əraf, 143). Yəni, indi Məni görə bilməyəcəksən. “Rəbbi dağa göründükdə onu parça-parça etdi”. (əl-Əraf, 143). Musa bu dünyada Allahı görməyə tab gətirə bilməzdi. Bu dünyada insanın yaradılışı Allahı görməyə dözə bilməz. Səhih hədisdə rəvayət olunur: “Onun hicabı nurdur. Əgər onu açsaydı, Üzünün subuhatı[1] Gözünün əhatə etdiyi bütün məxluqatını yandırıb-yaxardı”. (Muslim, 179, 445). İnsanın yaradılışı buna tab gətirə bilməz. Uca Allah dağa görsəndikdə, dağ param-parça oldu. Bəs insan Allahı görməyə necə tab gətirsin!? Uca Allah bəndələri diriltdikdən və Cənnətə daxil etdikdən sonra onları Uca Allahı görməyə tab gətirəməyə hazır edəcək. Həmçinin, bu mövzuda digər ayədə belə deyilir: “Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır”. (Yunus, 26). Yəni, Allah Elçisi - sallallahu aleyhi və səlləm - “bundan da üstünü”sözünü Allahı görmək kimi izah etmişdir. Suheybin Səhih Muslimdə rəvayət olunn hədisi kimi. Səhabələr də bunu Allahı görmək kimi izah etmişlər. Ayədə olan “ən yaxşısı” Cənnət, ondan üstünü isə - Uca Allahı görməkdir. Bu isə Cənnətdən daha üstündür. UcaAllah (mömin) bəndələrini Cənnətə daxil etdikən sonra deyəcək: “Əlavə bir şey istəyirsinizmi?” Onlar deyəcək: “Nə istəyək ki?! Sən bizim üzümüzü ağ etdin, bizi Cənnətə daxil etdin. Bizə bir çox şeylər bəxş etdin!” Allah Üzünü onlara göstərəcək. Bəndələr Allahı görməkdən daha üstün bir şey görməmişlər və bundan üstün nemət əldə etməmişlər.

Allahı görməyə dəlil olan hədislər otuza yaxındır. Onlardan Cərir və Əbu Hureyranın (Allah onlardan razı olsun) hədisləri əl-Buxaridə olmalıdır. Bu mövzuda hədislər çoxdur və onların bir hissəsi əl-Buxari və Muslimdə keçir. Bunlar Allahı görmək ilə əlaqəli olan dəlillərdir.

“Bu hədisləri eşidənin qulağına bu sözlər təəccüblü gəlsə belə”- yəni, zəlalət əhli bunu eşitdikdə onlara təəccüblü gəlsə belə. Haqq əhli isə rahat qəlblə bunu qəbul etmişdir.

“Onun boynuna düşən buna iman gətirməkdir”- fitnələr baş verdikdə, Allahı görmək inkar edildikdə, insanların bəziləri şübhələrə düşərək belə fikirlərin ardı ilə getdilər.

Sizdən heç biriniz Əbu Hureyranın hədisndən və ya Allahı görmək ayəsindən şühəyə düşmədi, lakin zəlalət əhli isə bu dəlilləri eşitdikdə, onlara təəccüblü gəldi.

“Bundan bir hərf olsa belə inkar etməmək ona vacibdir”- çünki Allah Elçisi - sallallahu aleyhi və səlləm - öz istəyi ilə danışmır, ancaq haqqı deyirdi. Abdullah ibn Amr ona dedikdə ki, “Onlar deyirlər: “Muhəmməd dediyi hər bir sözü yazma, çünki o, insandır – qəzəbli və razılıq halında da danışır”. Allah Elçisi - sallallahu aleyhi və səlləm - buyurdu: “Canım Əlində Olana and olsun ki, məndən yalnız haqq kəlmə çıxır”. “O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir”. (ən-Nəcm, 3-4).

Daha sonra İmam Əhməd (Allah ona rəhm etsin) "Usulus-Sunnə" kitabının digər yerində demişdir: "Axirət diyarında Allahı görməyə iman gətirmək"

“Qiyamət günü Allahı görməyə iman - bu Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - səhih hədislərlə rəvayət olunmuşdur. Həqiqətən, Peyğəmbər - sallallahu aleyhi və səlləm - öz Rəbbini görmüşdür. Bu da səhih hədislə rəvayət olunmuşdur. Bu hədisi Qatədə İkrimədən, o da İbn Abbasdan rəvayət etmişdir. Həmçinin, bunu Əli İbn Zeyd Yusuf ibn Mihrandan, o da İbn Abbasdan rəvayət etmişdir. Bizdə bu hədis Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - varid olunduğu kimi zahiri ilə qəbul edirik. Bu haqda (inkar edərək) danışmaq bidətdir. Biz ona varid olunduğu şəkildə zahirinə iman gətiririk və bu məsələdə heç kimlə münaqişə etmirik”.

Şeyx Rabi İbn Hadi əl-Mədxali (Allah onu qorusun) bunu şərh edərək buyurur: "Bu məsələdə ixtilaf baş vermişdir – Peyğəmbər - sallallahu aleyhi və səlləm - Rəbbini İsra gecəsi görmüşdür, yoxsa yox. Bəzi insanlar İbn Abbasın (Allah ondan razı olsun) və İmam Əhmədin (Allah ona rəhm etsin) yuxarıda keçən sözlərinə isnad etmiş və onların sözündən Muhəmmədin – salləllahu aleyhi və səlləm - Rəbbini gözü ilə gördüyünü başa düşmüşlər.

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “İmam Əhmədin və İbn Abbasın (Allah ondan razı olsun) bu mövzuya aid sözləri ümumi və təfsilatlı şəkildə varid olmuşdur. Yəni, İbn Abbas Muhəmmədin - sallallahu aleyhi və səlləm - Rəbbini görməsini ümumi şəkildə bildirmişdir. Həmçinin, ondan təfsilatlı şəkildə rəvayət edilmişdir ki, o, öz Rəbbini qəlbi ilə görmüşdür. İmam Əhmədin (Allah ona rəhm etsin) sözü ümumi şəkildə varid olunur: “O (Peyğəmbər - sallallahu aleyhi və səlləm), Rəbbini görmüşdür”. Həmçinin, İmam Əhməddən (Allah ona rəhm etsin) rəvayət olunur ki, “o (Peyğəmbər), öz Rəbbini qəlbi ilə görmüşdür”.

Səhih olanı da İbn Teymiyyənin (Allah ona rəhm etsin) dediyi kimidir: “Peyğəmbərin - sallallahu aleyhi və səlləm - Rəbbini görməsi Quran və Sünnədə sabit olmamışdır. İbn Abbasın (Allah ondan razı olsun) sözü özünə nisbət olunan sözdür və müəyyən bir vaxtla izah edilmişdır. Quran və Sünnədə təfsilatlı şəkildə varid olunan sözlər daha səhihdir (yəni, ümumi deyilən sözləri təfsilatlı şəkildə izah edilən rəvayətlər açıqlayır). Səhih Muslimdə rəvayət olunub ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - Rəbbini qəlbi ilə iki dəfə görmüşdür. (İsra haqda176). Allah dediyi kimi: “Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı”. (ən-Nəcm, 11) “Onu bir daha öz sürətində enərkən gördü”. (ən-Nəcm, 13). Yəni, iki dəfə görmüşdür.

Aişə souşulduqda,  dedi: “Üç şey var ki, onları sənə danışan artıq Allaha qarşı böyük bir iftira atmış olar. Onlardan da biri – “kim desə ki, “Muhəmməd öz Rəbbini görmüşdür”- artıq Allaha qarşı böyük bir iftira atmış olar”. Hədisi rəvayət edən Məsruq deyir ki, “Ey Aişə, izn ver deyim. Məgər Alla demirmi ki: “Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı”. (ən-Nəcm, 11), “Onu bir daha öz sürətində enərkən gördü”. (ən-Nəcm, 13)...?” Aişə ona dedi: “Mən bu ümmətin bu sualı Peyğəmbərdən - sallallahu aleyhi və səlləm - ilk soruşanıyam. Bu (ayədə nəzərdə tutulan) Peyğəmbərin - sallallahu aleyhi və səlləm - Cəbraili görməsi idi. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdi: “Allahın onu (Cəbraili) yaratdığı şəkildə iki dəfə görmüşdü. Bir dəfə onu üfüqü tutmuş şəkildə görmüşdü. Bu ayədə nəzərdə tutulan Muhəmmədin Cəbraili görməsidir”. (Muslim, İman Kitabı, 177). Allah Elçisi - sallallahu aleyhi və səlləm - Əbu Zərin hədisində (Allahı görməsi haqqında) soruşulduqda, belə dedi: “Həqiqətən, mən Onu nur gördüm”. (Muslim, İman kitabı, 178). Yəni, görmənin uzaqlığını bildirir.

İbn Abbasa (Allah ondan razı olsun) nisbət olunan iki rəvayətin ikisinin də isnadı zəifdir; Qatədə İkrimədən, o da İbn Abbasdan rəvayət etmişdir.

Bunu Həkəm ibn Əbən İkrimədən, o da İbn Abbasdan rəvayət etmişdir. Həkəm ibn Əbən saduq (etibarlı) rəvayətçidir. Onun birinci isnadda səhvləri var.

İkinci isnadda olan Əli ibn Zeyd ibn Cudan zəifdir. Orada olan Yusuf ibn Mihran məchuldur (halı bilinmir). Ondan ancaq Əli ibn Zeyd ibn Cudan rəvayət etmişdir. Bu iki rəvayətlərin ikisi də İbn Abbasın (Allah ondan razı olsun) özünə nisbət edilir (Peyğəmbərə - sallallahu aleyhi və səlləm - nisbət olunmur).

İbn Abbasın (Allah ondan razı olsun) özünə nisbət olunan (məvquf) sözü Peyğəmbərə - sallallahu aleyhi və səlləm - nisbət olunan (mərfu) sözə zidd gəlir. Sizcə biz hansını götürməliyik!?

Yuxarıda keçən rəvayətlərin hər ikisi zəifdir. Fərz edək ki, İbn Abbasın - Peyğəmbər - sallallahu aleyhi və səlləm - Allahı gözü ilə görmüşdür – sözü səhihdir. Ümumi gələn xəbəri - əgər xəbər səhihdirsə - təfsilatlı şəkildə gələn xəbərlə açıqlamaq bizim üzərimizə düşür; yəni, “o, Rəbbini qəlbi ilə görmüşdür”- (bu təfsilatlı şəkildə gələn xəbərdir). İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin - sallallahu aleyhi və səlləm - Allahı görməsini – ümumi gələn xəbər - qəlbi ilə görməsi rəvayəti ilə izah edilmişdir. Düzgün olan da, təfsilatlı xəbəri qəbul etməyimizdir.

Yuxarıda qeyd edilənlərdən belə nəticə çıxır ki, bu məsələdə səhabələr arasında ixtilaf olmamışdır. Hava əhli də üsulda və əqidədə ixtilaf olduğunu yayıb deyirlər: “Səhabələr əqidədə ixtilaf ediblər”. Bu, yalandır! Onlar əqidə məsələlərində ixtilaf etməmişlər. Aişə Peyğəmbərin - sallallahu aleyhi və səlləm - Allahı görməyi inkar edəndə, gözü ilə görməyi nəzərdə tutur. İbn Abbas (Allah ondan razı olsun) isə görməyi isbat edəndə, qəlbi ilə görməyi nəzərdə tuturdu.

Bu sözlərlə məsələyə xitam vurulmuş olur və deyilir: “Biz də bu hədis Peyğəmbərdən - sallallahu aleyhi və səlləm -​ varid olunduğu kimi zahiri ilə qəbul edirik”. Bu sözdən - İbn Abbasın (Allah ondan razı olsun) rəvayətinə istinad edərək - elə başa düşülə bilər ki, Allah Elçisi - sallallahu aleyhi və səlləm - Rəbbini gözü ilə görmüşdür. Yuxarıda, İbn Abbasın (Allah ondan razı olsun) rəvayətində olan zəifliklər qeyd olundu. Bu rəvayət nə səhih, nə də həsən dərəcəsinə çatmır. Həmçinin, İbn Abbasın (Allah ondan razı olsun) rəvayəti səhih hədislə açıqlanır. Onun ümumi şəkildə olan rəvayəti izah olunan rəvayəti ilə açıqlanır. (“O (Peyğəmbər - sallallahu aleyhi və səlləm), öz Rəbbini görmüşdür” və “o (Peyğəmbər), Rəbbini qəlbi ilə görmüşdür”).

Nəticə olaraq, səhabələr arasında bu məsələdə heç bir ixtilafın olmaması bizə aydın oldu. O ki, qaldı sonra gələn alimlərə İmam Əhmədin (Allah ona rəhm etsin) sözü ilə təsirlənərək İmam Əhmədin (Allah ona rəhm etsin) belə dediyini zənn etmişlər: “Muhəmməd - sallallahu aleyhi və səlləm - Rəbbini gözü ilə görmüşdür”. İmam Əhmədin (Allah ona rəhm etsin) sözünü bu cür başa düşmək xəyadır, çanki İmam Əhməd ümumi sözünü (Peyğəmbərin - sallallahu aleyhi və səlləm - Allahı görməsini) başqa bir yerdə təfsilatlı şəkildə izah etmişdir. (Peyğəmbər - sallallahu aleyhi və səlləm - Rəbbini qəlbi ilə görmüşdür)".

[1] Lüğəti mənada subuhat – nur, əzəmət, gözəllik mənalarını ifadə edir. (“Lisan əl-Arab”, 2/470; “ən-Niha­yə”, 2/833; “əs-Sihah”, 2/395). Subuhat sözünün mənası bəlli olsa da, Allahın Üzünün subuhatının necəliyi Onun Özündən başqa, heç kəsə məlum deyildir. Uca Allah bu­yurur: “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir” (“əş-Şura” surəsi, 11).

Şeyx Rabinin İmam Əhmədin (Allah ona rəhm etsin) "Usulus-Sunnə" kitabında "Axirət diyarında Allahı görməyə iman gətirmək" hissəsinə etdiyi şərh