1278 oxunma
English
İmam Əhməd (Allah ona rəhm etsin) "Usulus-Sunnə" kitbında buyurur: Quran Allahın Kəlamıdır və məxluq deyil
“Quran Allahın Kəlamıdır və məxluq deyil. Quranın məxluq olmamasını deməkdə zəif olma! O dedi: “Həqqətən, Allahın Kəlamı Ona aiddir (Allahın Zatına, yəni Özünə bağlı sifətdir). Allahın sifətlərinin heç biri məxluq deyil. Səni bu işdə yeni bir şey gətirənlə, Allahın Kəlamını ləfzlə ifadə edənlə, bu məsələdə dayanıb “Mən bilmirəm, (Quran) məxluqdur və ya məxluq deyil”- deyənlə mübahisə etməkdən çəkindirirəm. Həqiqətən, O, Allahın Kəlamıdır. Bu sözü (yəni, yuxarıda keçən "Mən bilmirəm..." kəlməsi) deyən Qurana məxluq deyən şəxs kimi bidət əhlidir. Həqiqətən, O, Allahın Kəlamıdır, məxluq deyil”.
Şeyx Rabii ibn Hadi əl-Mədxali (Allah ona rəhm etsin) bunu şərh edərək demişdir: "Bildiyimiz kimi bu - Quranın məxluq olması kəlamı - çox ciddi məsələdir. Əhli Sünnə val - Cəməa üçün böyük və əzəmətli bir imtahan baş vermiş və onların başında da İmama Əhməd ibn Hənbəl (Allah ona rəhm etsin) olmuşdur. Bu məsələdə çoxlu həbslər, içkəncələr və ölümlər olmuşdur. Bu işi Məmunun, Mötəsimin və Vasiqin dövründə cəhmiyyələr və mötəzilələr qaldırmışlar. Abbasilərdən olan üç xəlifə dövründə ümmət cəhmiyyə, mötəzilə və digər zəlalət əhli tərəfindən böyük imtahana məruz qalmışdır. Onlar bu məsələdə Əhli Sünnə üzərində hökm etmiş, lakin Allah gözəl sonluğu müttəqilər üçün yazmışdır. İmam Əhməd (Allah ona rəhm etsin) səbir etmiş, dağların dözə bilmədiyi təqiblərə, içkəncələrə, şiddətli çətinliklərə dözmüşdür. Allah onun məqamını ucaltmış, həqiqi olaraq Əhli Sünnə imamına çevirmişdir. Əhli Sünnə bayrağı ilə qalxan elə bir kəs yoxdur ki, İmam Əhmədə nisbət olunmaqla özünü şərəfli saymasın. Sələflər demişlər: “Allah Əbu Bəkrlə riddə günü[1] və İmam Əhməd ilə imtahan günü[2] İslamı izzətləndirmişdir. Allah ona rəhm etsin və ən gözəl şəkildə mükafatlandırsın".
Quranın Allahın Kəlamı olmasına Quran və Sünnə dəlalət edir. Allahın danışması Quranla olmuşdur, Onu Cəbrailə vəhy etmiş, Cəbrail də Onu Muhəmməd (salləllahu aleyhi və səlləm) çatdırmışdır. Allah istədiyi vaxt danışır. Onun Kəlamları dənizlərdən çoxdur. Uca Allah Buyurur: “De: "Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin suyu qurtarardı”. (əl-Kəhf, 109). Həmçinin, bəşəriyyətin islahı, hidayəti, onların zəlalətdən çıxarılması, hikmətini Allahdan başqa heç kimin bilmədiyi məqsədlər üçün nazil etdiyi Kitablar da Allahın Kəlamlarındandır. Bu, Allahın rəhmətindən, hikmətindən və Rəbbliyinin mahiyyətindəndir ki, Öz rəsullarına onların həyatlarını islah etmək, həyatlarını onun əsasında qurmaq, onunla əməl etmək üçün Kitablar nazil etmişdir. Bunun nəticəsi olaraq Allah onların Cənnətə daxil olmalarını və aləmlərin Rəbbinin razılığını qazanmalarını istəmişdir. Allahın xəbər verdiyi kimi, kim nazil olan Kitablara müxalif olarsa və bu Kitablara qarşı çıxarsa, onun üçün hüccət qalxar, kafirlərin və təkəbbürlülərin layiq olduğu cəzanı, yəni Cəhənnəmdə əbədi qalmağı haqq edər.
“Quran Allahın Kəlamıdır”- Allah Quranla danışmış və Onun bəndələrinə vəhy etdiyi Kitablardır. Allah Musa (əleyhissəlam) ilə kəlamla danışmış, İsra gecəsində Muhəmməd (salləllahu aleyhi və səlləm) ilə də kəlamla danışmış və Qiyamət günü də belə nida edəcək: “Hanı Mənim şəriklərim?!” Uca Allah buyurur: “Bir zaman Rəbbin Musaya demişdi...”. (əş-Şuəra, 10). Nida yalnız hərf və səslə – Allaha yaraşan şəkildə olur. Bu da məxluqların kəlamına, hərflərinə və səslərinə bənzəmir. Allah Kəlamla danışır və danışmaq da kamillik sifətidir. Canlı olmayanlar və heyvanlar danışmır. Onlar insanlardan daha aşağı mərtəbədədirlər. Allah insanı şərəfləndirmiş və kamil yaratmışdır. Bu kamilliklərdən də ən üstünü insanı digər məxluqlardan fərqləndirən danışmaqdır. Allah danışmaq qüdrətini insanlara, mələklərə və cinlərə vermişdir. Danışmaq kamillik sifətindəndir. Allah Özü kamildir, məxluqlarından da istədiyinə kamillik sifəti vermişdir. Elm və qüdrət kamillik sifətləridir. Allahın Kəlam, Elm və Qüdrət sifətini inkar edən, artıq Allahı böyük naqisliklərlə vəsf etmişdir. Qureyşdən olan bir kəs dedikdə: “Bu, adi insan kəlamıdır!” (əl-Muddəssir, 25) cavab olaraq Allah dedi: “Mən onu Səqərə salacağam”. (əl-Muddəssir, 26). “Çünki o, fikirləşərək qərara gəldi Ona ölüm olsun! Necə qərara gəldi? Sonra yenə ona ölüm olsun! Gör necə qərara gəldi? Sonra o nəzər saldı. Üz-gözünü turşudub qaşqabağını tökdü. Sonra da arxasını çevirib təkəbbür göstərdi və dedi: "Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir! Bu, adi insan kəlamıdır! Mən onu Səqərə salacağam”. (əl-Muddəssir, 18-26). İnsanın sözü məxluqdur. Allah bu şiddətli əzabı vəd etmiş, Qurana insan kəlamı və sehr demək də Quran haqda tən sayılır. Bu da Allahın bəşəriyyətin hidayəti üçün nazil etdiyi Kitab – Onun Kəlamı haqqında naqislikdir. Quran məxluq deyil, çünki mötəzilələr, cəhmiyyələr, batinilər, rafizilər, xavariclər və bütün zəlalət firqələrinin sözlərinin mahiyyəti Allahın danışmamasıdır. Hətta Əşarilər də mötəzilələrdən təsirlənmişlər. İlk dönəm Əşariləri deyirdilər: “Kəlam – Allahın zatına (Özünə) aid olan sifətdir, lakin bu Quran Onun Kəlamı deyil. Onun Kəlamının məğzidir (məzmunudur). Onun Kəlamı Onun zatına aid sifətdir, hərf və səs deyil, lakin onun danışdığıdır. Bu Quran Allahın Kəlamı deyil”. Allahdan salamatlıq istəyirik. Çox təəssüflər olsun ki, indiki Əşarilərdən bəziləri açıq – aşkar deyirlər: ”Quran Allahın Kəlamı deyil”.
Quran Allahın Kəlamıdır və məxluq deyil. Allahın Kəlamının heç biri məxluq deyil. Zəlalət firqələri bu fitnəni (Quran məxluqdur fitnəsi) başlayanda deyirdilər: “Allahın Kəlamı Onun yaratdığıdır”. Onlar “Allahın Kəlamı” dedikdə, məxluqun Xaliqə məxsusluğunu (izafə olunmasını) nəzərdə tuturlar. Bu deyimlər kimi; “Allahın evi” (Beytullah), “Allahın qılıncı” (Seyfullah), “Allahın dəvəsi” (Nəqatullah). Bu da onların yalanlarından və batilə haqq donu geyindirməklərindəndir.
“Quran məxluq deyil”- Quran Allahın Kəlamıdır “deyil”– sözü kifayət etmir, çünki Quranın Allahın Kəlamı olduğunu inkar edən cəhmiyyələr və mötəzilələr deyirlər: “Quran Allahın Kəlamıdır”, lakin qəsdləri Quranın məxluq olduğunu (dolayısı yolla) bildirməkdir. Quran Allahın Kəlamıdır” dedikdə bu misallara məxsusuluğu nəzərdə tuturlar: “Beytullah”, “Seyfullah”. Onlar deyirlər: “Quran Allahın Kəlamıdır, lakin məxluqdur”. Sən deyirsən ki, “Quran Allahın Kəlamıdır və məxluq deyil”. Çünki, sən “Quran Allahın Kəlamıdır” desən, susaraq Quranın məxluq olmadığını deməsən, bu sözünlə cəhmiyyələrin və mötəzilələrin sözünə müvafiq olmuş olarsan. Cəhmiyyə sənə desə: “Quran Allahın Kəlamıdır”- və bununla kifayətlənsə, o, öz nəzərində Quranın məxluq olduğunu deyir. Sən isə sözünü tamamlayaraq deməlisən: “Quran Allahın Kəlamıdır və məxluq deyil”.
“Quranın məxluq olmamasını deməkdə zəif olma! O dedi: “Həqqətən, Allahın Kəlamı Ona aiddir (Allahın zatına bağlı sifətdir). Allahın sifətlərinin heç biri məxluq deyil”- yəni, Kəlam sifəti Allahın zatına (Özünə) aid sifətdir, istədiyi vaxt danışır. “Həqqətən, Allahın Kəlamı Ona aiddir (Allahın Zatına (Özünə) bağlı sifətdir)”. Belə deyən mötəzilələrə rəddir:
Allahın Kəlam sifəti Qüdrət və ya İradə kimi Uca Allahın Zatına (Özünə) aid olan əzəli sifətdir. Bu da Allahın kamillik sifətidir. Necə ki, O, istədiyi vaxt yaradır, eləcə də istədiyi vaxt danışır. “Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar”. (Yasin, 82). Kəlam sifəti Zatı (Özünə aid olan) sifətdir, lakin O, Öz Kəlamı ilə danışır, vəhy edir, yaradır, ruziləndirir. “Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar”. (Yasin, 82). “Həqqətən, Allahın Kəlamı Ona aiddir (Allahın Zatına, yəni Özünə bağlı sifətdir)”– yəni, Allahın Kəlamı Onun Zatına aiddir. O ki, qaldı Qurana – o, eşidilir və Allahın Kəlamı da eşidilir. “Həqqətən, Allahın Kəlamı Ona aiddir (Allahın Zatına, yəni Özünə bağlı sifətdir)”- bu sözdən məqsəd, bu sifət (Kəlam sifəti) Allahın Zatına aiddir.
“Allahın sifətlərinin heç biri məxluq deyil. Səni bu işdə yeni bir şey gətirənlə - ... - deyənlə mübahisə etməkdən çəkindirirəm”- İmam Əhmədin bu fikiri təkid etməsinə diqqət yetir! Əbu Duad və başqaları İmam Əhmədin (Allah ona rəhm etsin) yanına gəldikdə, onlarla ehtiyac duyduğuna görə, haqqı və dəvəti istəyən adamla müzakirə etmişdir.
“Allahın Kəlamını ləfzlə ifadə edənlə, bu məsələdə dayanıb “Mən bilmirəm, (Quran) məxluqdur və ya məxluq deyil”...”. “Quran məxluqdur” fitnəsi gəldikdə, Əhli Sünnə ilə cəhmiyyə, mötəzilə və digərləri arasında ayrılıq baş verdikdə, özlərini Əhli Sünnəyə nisbət edənlər arasında bu kəlməni deyənlər ortaya çıxdı: “Quran Allahın Kəlamıdır, mənim Quranı tələffüz etməyim isə məxluqdur”. İmam Əhməd onların bu sözünü inkar etdi, çünki sən “mənim Quranı tələffüz etməyim məxluqdur”- dedikdə, sənin “tələffüz” sözündən Quranın özünü nəzərdə tutmağın ehtimal oluna bilər.
Əgər söz batil mənanı ehtimal edərsə, cəhmiyyə, mötəzilə və onlara oxşayanlardan bu sözdən öz batilləri və insanları azdırmaq üçün istifadə edə bilərlər. İmam Əhməd (Allah ona rəhm etsin) dedi: “Kim desə ki, “mənim Quranı tələffüz etməyim məxluqdur”- o, bidətçidir”.
“Bu məsələdə dayanıb “Mən bilmirəm, (Quran) məxluqdur və ya məxluq deyil” ... Həqiqətən, O, Allahın Kəlamıdır. Bu sözü deyən Qurana məxluq deyən kimi bidət əhlidir”. Sən deyirsən: “Allahın Kəlamı məxluq deyil” və demə ki, “mənim Quranı tələffüz etməyim məxluqdur”- çünki, bu söz ilə bidət əhli “Quranın məxluq olması” kimi batil fikrə insanları sürükləyə bilərlər. Həmçinin, bu məsələdə qətiyyətli ol! Quranın Allahın Kəlamı olması və məxluq olmaması fikrində qətiyyətli ol! Necə ki, bu, Quran və Sünnənin, səhabə və saleh sələflərin olduğu əqidənin tələb etdiyidir: “Həqiqətən, O, Allahın Kəlamıdır, məxluq deyil”.
Bu fitnələr baş verdikdə və yayıldıqda, belə sözlər (“Allahın Kəlamı məxluq deyil. Mənim Quranı tələffüz etməyim məxluqdur”) və bidətlər meydana gəldi. Onlardan bəziləri bu məslədə dayandı. Əksinə, onun boynunda açıq – aydın deməsi mütləq idi. Biz (Əhli Sünnə val – Cəməa) deyirik: “Quran Allahın Kəlamıdır və məxluq deyil”. Bununla kifayətlən! Biz demirik ki, “mənim Quranı tələffüz etməyim məxluqdur”. Bu məsələdə də dayanmırıq. Bizim belə deməyim: “Mənim Quranı tələffüz etməyim məxluqdur”- Quran və Sünnəyə müvafiq olmaz.
“Bu məsələdə dayanıb “Mən bilmirəm, (Quran) məxluqdur və ya məxluq deyil”- Bu sözü bir çox insanlar demiş, İmam Əhməd və digər Əhli Sünnə alimləri (Allah onlara rəhm etsin) bunu rədd etmiş və bidət adlandırmışlar. Onlardan olan və hədis imamlarından sayılan Yaqub ibn Şeybə bu məsələdə dayandı və dedi: “Mən bilmirəm, Quran məxluqdur və ya məxluq deyil”. İmam Əhməd (Allah ona rəhm etsin) isə onu bidətçi və azmış adlandırdı. Xəlifə Yaqubu qazi təyin etmək üçün İmam Əhməddən məsləhət istədidkdə, İmam Əhməd (Allah ona rəhm etsin) dedi: “Xeyr, təyin etmə! Çünki o, azmışın birisidir. İnsanlar da ona baxıb azarlar”.
İmam Əhməd (Allah ona rəhm etsin) bidət əhlini hansısa işə təyin etməkdənsə, yəhudini və ya xristianı təyin etməyi daha üstün görürdü. Çünki, onlar qurd ağacı içindən yediyi kimi, bidət əhli də camaatı içindən dağıdır (azdrır). Müsəlmanlar üçün ən zərərli olanlar bidət əhlidir. Müsəlmanları yəhudi və xristianların ayaqları altına atanlar da məhz bidət əhlidir. Ümmətdə baş verən bütün müsibətlərin səbəbkarları bidət əhlidir. İbn Teymiyyə demişdir: “Əməvi dövlətinin süqutunun səbəbi – onun başçısı Mərvanın Cədin (bidətçinin) fikrinə düşməsi və bunun səbəbi ilə də bütün dövlətdə bu bidətin yayılması olmuşdur. O vaxt baş verən bidət indiki bidətlərlə müqayisə olunmayacaq dərəcədə azdır. (İndiki zamanda ümməti bidət bürüyüb).
“Bu sözü deyən Qurana məxluq deyən kimi bidət əhlidir. Həqiqətən, O, Allahın Kəlamıdır, məxluq deyil”. Kim desə ki, “mənim Quranı tələffüz etməyim məxluqdur”- həmin bu bidət əhlindən sayılar və onların daşıdığı günahı qazanar.
[1] Riddə günü – Peyğəmbər vəfat etdikdən sonra Əbu Bəkrin dövründə İslamı bəzi ərkanlarını inkar etdikdən sonra, Əbu Bəkrin onlarla döyüşməsidir.
[2] İmtahan günü – Əhməd ibn Hənbəlin dövründə Quranın məxluq olması məsələsidir.
Şeyx Rabinin İmam Əhmədin "Usulus-Sunnə" kitabında "Quran Allahın Kəlamıdır və məxluq deyil" hissəsinə etdiyi şərh