Biz demirik ki, rəhbərlər məsumdur... - Şeyx Fovzan

English

Şeyx Saleh əl-Fövzən (Allah onu qorusun) belə buyurur: "Biz demirik ki, rəhbərlər məsumdur! Onlarda xətanın olmadığını, zülm baş vermədiyini demirik. Biz demirik ki, xalqın haqqı yoxdur. Əksinə deyirik ki, xalqın haqqı var, rəhbərlər də məsum deyillər, onlarda baş verən baş verir. Lakin bunun dərmanı mitinqlərdə, hərc-mərclikdə, xaraba qoymaqda, ictimai yerləri yandırmaqda deyil. Problemin həlli bunda deyil. Problem Uca Allahın zikr etdiyi ilə həll olunur: "Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan əmr sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, hamınız şeytana uyardınız". (ən-Nisa, 83). 

"Onlara qorxu... xəbəri gəldiyi zaman..." necə ki, indi baş verir və ya "əmin amanlıq...". Avamlar, cahillər, səfillər və məhdud fikir sahibləri onu araşdırmağa, yozmağa və yaymağa tələsməməlidirlər. Bu onların işi deyil. Bu, sağlığında Peyğəmbərin (salləllahu aleyhi və səlləm) özünə, vəfatından sonra isə Sünnəsinə qaytarılmalıdır. 

"...özlərindən olan əmr sahiblərinə..." onlar isə elm əhli, siyasətçilər, rəhbərlər, ağıllı insanlardır ki, Uca Allahın izni ilə bu problemləri həll edib düzgün çıxış yolları ortaya qoyarlar. Bu məsələdə həll yolu da məhz budur. Bunu elm əhli və rəiyyətdən olan bəsirət, ağıl, söz sahibləri öz üzərinə götürür, yoxsa ki, özbaşınalıqla, mitinqlərlə deyil. Bu ancaq, Allah qorusun, işi çətinləşdirir. Bundan sonra isə nəticə ancaq cızıqdan çıxmaq olur. İşlərin öz cızığından çıxması baş verir. Əgər işlər öz cızığından çıxarsa, haqqlar tapdalanar. Onların tələb etdikləri haqqlar ola bilsin sadə bir şeylər idi, dözmək olardı, haqqların tapdalanması isə ümumidir və heç bir haqq qoymur. Allahdan salamatlıq istəyirik. 

Bizə vacib olan odur ki, bu işlərdə uzaqgörən olaq. Onu həll etməsi və ondan xilas yollarını bildirməsi üçün bu işin əhlinə qaytarmağımız lazımdır. Bu işdə tələsməməliyik; hər kəs öz rəyini deyir, məclislərin mövzusu olur və s... Xeyr, bu olmaz! Bu özbaşınalıqdır! Fikri özbaşınalıqdır kı, bədəni özbaşınalığa çevrilir, Allahdan salamatlıq istəyirik. 

Özümüzə, ölkələrimizə və qardaşlarımıza görə gərək Allahdan qorxaq, bu işlərə aldanmış olanlara nəsihət edək, onlara doğru yolu göstərək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: " Allah sizin üçün üç şeyə razıdır; Ona ibadət edib heç bir şeyi şərik qoşmamağınıza, Allahın ipinə hamılıqla tutunub parçalanmamağınıza və Allahın sizin işlərinizdə başcı təyin etdikləri ilə nəsihətləşməyinizə". Heç də ona qarşı çıxmaq, üsyan elan etmək ona nəsihətdən deyil. Bu, nəsihətdən deyil. Nəsihət "Əhlul-Həll vəl-Aqd"-ın və elm əhlinin onun yanına gedib bu işlər haqqında onunla danışması və ona izah etməsidir. Bax budur doğru həll yolu!

Allahdan istəyirəm ki, hamını sevib razı qaldığına müvəffəq etsin. Ey Allahın qulları, Ondan qorxun! Bilin ki, ən xeyirli yol Allahın Kitabındadır, ən xeyirli yol Muhammədin (salləllahu aleyhi və səlləm) yoludur, ən şər işlər isə sonradan çıxarılanlardır, hər bir yenilik də zəlalətdir. Camaatdan yapışın! Peyğəmbər (salləllahu aleyhi və səlləm) bax belə demişdir. (Həmçinin) Allahın Əli camaatın üzərindədir. Kim (camaatdan) ayrılarsa, oda girər".

Şeyx Fovzanın (Allah onu qorusun) səsli yazısından.

Həmçinin, başqa bir yerdə Şeyx Fovzan (Allah onu qorusun) belə buyurur: "Əhli Sünnənin imamı, İmam Əhmədə Qurana məxluq desin deyə nələr edildi? Döyüldü, həbs olundu, əziyyət verildi, hətta iş onun ölümlə təhdid olunmasına belə gedib çıxdı və onu öldürmək üçün xəlifə Məmunun yanına apardılar. Lakin o (İmam Əhməd), səbr etdi və əmr sahibinə qarşı çıxmadı.

Bax! İmam Əhməd əziyyətə və fitnəyə səbr edib əmr sahibinə (rəhbərə) qarşı çıxmadı. Onunla bərabər olanlar onun rəhbərə qarşı çıxmağı üçün təşəbbüs göstərdilər, amma o, bundan üz döndərdi və dedi: "Qan töküləcək, qan töküləcək!" Onları rəhbərə qarşı çıxmaqdan çəkindirdi, bu da onun fəqihliyindən və  ümmətə olan şəfqətindən idi. Şeyxul-İslam ibn Teymiyyənin zamanının əmirləri (rəhbərləri) və alimləri tərəfindən başına nələr gəldi? Alimlər və əmirlər onun əleyhinə oldular. Həbs olundu və həbsdə öldü. Bununla yanaşı səbir etdi. Əgər o, istəsəydi, ona tabe olanlar əmr sahibinə qarşı çıxacaqdılar, lakin bu İslamın yolundan deyil. İslamın yolu müsəlman əmr sahibi zalım və fasiq olsa belə ona səbir etməkdir. Çünki, bu camaatı parçalamaqdan, insanların rəhbərə qarşı faydasız çoxlu danışmağından və ona qarşı təşviq etməkdən daha yüngüldür".

Şeyx Fovzan "Şərh Kitəb Həvədis vəl Fitən" 87-88.