Şeyx Ğuneymanın bəyanatı

English
Video: 

Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Allahın qulu və Elçisi Peyğəmbərimiz Muhəmmədə Allahın salavatı və salamı olsun! Sonra isə:

Hicri tarixlə 1424-cü ildə Küveyt dövlətindən bir neçə gənc yanıma gəlmişdir. Onlar məndən (şəriətdən başqa) qanunlara müraciət etmək, həmçinin, (insanı) əzəmətləndirmək, qarşısında alçalmaq və itaətkarlıq məqsədilə məxluq üçün ayağa qalxmaq, həmçinin şəriətdən başqa qanunlar qoymaq, bu işdə iştirak etmək, bu əməli edənin arxasında namaz qılmaq, qəbri təvaf etmək və s. bu kimi suallar soruşdular. Mən də onların suallarına təfsilata varmadan ümumi cavablar verdim. Onlar da bu sualları cavablarla birlikdə götürüb getdilər və şəxslərə tətbiq etməklə onlara kafir və İslamdan çıxdıqlarına hökm verməyə başlamış və bunu da sualları cavablandırana (şeyxə) nisbət etmişlər. Bu çox ciddi və təhlükəli bir işdir. Böyük günahlar səbəbindən insanları təkfir edən xavariclərin yoludur. Mən isə bundan uzağam və heç kəsə də yuxarıda sözü gedən şəxslərin etdiyi kimi təfsilata varmadan qeyri-şəriət qanunlarına müraciət edənləri və bu qanunvericilikdə iştirak edənləri təkfir etməyi mənə nisbət etməyə halallıq vermirəm! Həqiqətən bunu edənlər elm tələbəsinə yaraşmayan bir iş tutmuşlar. Onlar bunu etməklə səhv etmiş və etdiklərinə görə günahkardırlar, çünki Ümumi Hökmlə Müəyyən Şəxsə Hökm vermək arasında fərq var. Müəyyən şəxsə hökm vermək üçün təfsilata varmaq və bu əməlin edilməsinin səbəbini araşdırmaq lazımdır. Onu bu əməli etməyə nəyin vadar etdiyini bilmək lazımdır. Sonra isə hüccət qaldırıb, onda olan şübhəni aradan qaldırmaq lazımdır. Buna görə də səhabələr və digər sələflər Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” (əl-Maidə, 44) ayəsini təfsilata vararaq təfsir etmiş və demişlər: “İslamdan çıxaran küfrdən aşağı küfrdür”. Başqa biriləri isə demişlər: “Bu Allaha və Axirət gününə küfr etmək deyil”. Hər hansı bir dünya mənafeyinə görə Allahın şəriətindən başqa qanuna müraciət edən şəxs əgər əməlinin günah olduğunu bilib, Allahın şəriəti ilə hökm verməyin vacib olduğunu etiqad edirsə, buna görə İslam dinindən çıxaran küfrlə kafir olmur. Həmçinin, bu qanunvericilikdə iştirak edənin hökmü də eynidir.

İbn Cərir (Allah ona rəhm etsin) İbn Abbasdan (Allah onlardan razı olsun) rəvayət edir ki, o, Uca Allahın “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” (əl-Maidə, 44) ayəsinin təfsirində deyir: “Bu əməl küfrdür, lakin Allaha, Peyğəmbərlərinə və mələklərinə küfr etmək dərəcəsində deyil”

əl-Hakim (Allah ona rəhm etsin) əl-Mustədrək kitabında (2/313) Sufyandan, o da Hişam ibn Huceyrdən, o da Tavusdan, o da İbn Abbasdan (Allah onlardan razı olsun) rəvayət edir ki, o, bu ayə barədə demişdir: “Bu sizin nəzərdə tutduğunuz küfr deyil, həqiqətən bu İslamdan çıxaran küfr deyil. “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” (əl-Maidə, 44) “İslamdan çıxaran küfrdən aşağı küfrdür”. əl-Hakim (Allah ona rəhm etsin) bu rəvayəti nəql etdikdən sonra demişdir: “Bu hədisin isnadı səhihdir, lakin Buxari və Muslim bunu rəvayət etməmişlər”. əz-Zəhəbi (Allah ona rəhm etsin) bu rəvayət barədə “Səhihdir” demişdir. Rəvayəti nəql edən Hişam barədə əl-Hafiz (Allah ona rəhm etsin) demişdir: “Doğru danışan ravidir, bəzi səhvləri var”.

İbn Cərir ət-Tabəri əl-Həsən ibn Yəhyadan, o da Abdur-Razzaqdan, o da Məmərdən, o da İbn Tavusdan, o da atası Tavusdan rəvayət edir ki, bir dəfə İbn Abbas “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” (əl-Maidə, 44) ayəsi barədə soruşuldu. O dedi: “Bu əməl küfrdür”. İbn Tavus dedi: “Allaha, mələklərinə, Kitablarına və Peyğəmbərlərinə küfr etmək kimi deyil”.

Həmçinin, İbn Cərir ət-Tabəri Atadan rəvayət edir ki, o, Uca Allahın: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”, “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır”, “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir” (əl-Maidə, 44-45, 47) ayələri barədə demişdir: “İslamdan çıxaran küfrdən aşağı küfrdür, böyük fasiqlikdən aşağı fasiqlikdir, böyük zülmdən aşağı zülmdür”.

Həmçinin Tavusdan “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” ayəsi barədə: “İslamdan çıxaran küfr deyil”– dediyini rəvayət etmişdir.

əl-Bəğavi (Allah ona rəhm etsin) bu ayənin təfsirində demişdir: “İbn Abbas və Tavus demişlər: “İslamdan çıxaran küfr deyil. Bəli bunu etsə küfr etmiş olar, lakin Allaha və Axirət gününü inkar edən kimi deyil”. Ata demişdir: “İslamdan çıxaran küfrdən aşağı küfrdür, böyük fasiqlikdən aşağı fasiqlikdir, böyük zülmdən aşağı zülmdür”.

Abdul-Aziz ibn Yəhyə əl-Kinəni (Allah ona rəhm etsin) bu ayələr (əl-Maidə, 44-45, 47) barədə soruşulduqda demişdir: “Bu ayələr Allahın nazil etdiklərinin bəzilərinə deyil, bütün nazil etdiklərinə aiddir. Allahın nazil etdiklərinin hamısı ilə hökm etməyən kəs kafir, zalım və fasiqdir. Lakin kimsə Allahın nazil etdiyi tövhidi əməl edib, sonra tərk etsə və sonra da Allahın nazil etdiyi bütün şəriətlə hökm etməsə bu ayələrdə qeyd olunan hökmə aid deyil”.

İkrimə (Allah ona rəhm etsin) demişdir: “Bu ayələrin mənası budur ki, kim (şəriətlə hökm etməyin vacibliyini) inkar edərək Allahın hökmü ilə hökm etməzsə, kafir olar. Kim (şəriətlə hökm etməyin vacibliyini) etiraf edərək hökm etməzsə, zalım və fasiq olar. Alimlər demişlər: “Bu (kafir hökmü) Allahın hökmü barədə dəlilləri açıq-aşkar, bilərəkdən rədd edənə aiddir. Amma əgər kiməsə gizli qalarsa və ya yozumunda səhv edərsə, bu zaman kafir olmur.”. s. s. (3/61)

İbn əl-Arabi (Allah ona rəhm etsin) demişdir: “On birinci məsələ: “Uca Allahın: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” (əl-Maidə, 44) ayəsi. Təfsir alimləri bu ayənin təfsirində ixtilaf etmişlər. Bəziləri demişlər: (ayədə nəzərdə tutulan) “kafirlərdir”, “fasiqlərdir” və “zalımlardır” sözlərinin hamısında yəhudilər nəzərdə tutulur. Bəziləri isə demişlər: (Ayələrdəki) “kafirlərdir” sözü müşriklərə, “zalımlardır” sözü yəhudilərə, “fasiqlərdir” sözü isə nəsranilərə (xristiyanlara) aiddir. Mən də sonuncu rəydəyəm, çünki bu ayənin zahirinə uyğundur.  Bu rəy həmçinin, İbn Abbas, Cabir ibn Zeyd, İbn Əbi Zəidə və İbn Şubrumənin rəyidir. Tavus və başqaları demişlər: “Bu İslamdan çıxaran küfr deyil. İslamdan çıxaran küfrdən aşağı küfrdür”.

Əgər Allahın nazil etmədiyi ilə hökm edən bunun Allahdan olduğunu iddia edərsə, bu zaman o, Allahın hökmünü dəyişmiş olur və bu əməl də böyük küfrdür. Lakin əgər havasına (istəyinə) uyub, asilikdən Allahın nazil etmədiyi ilə hökm edərsə, bu əməl günahdır və Əhli Sünnə vəl-Cəməanın böyük günah sahiblərinin bağışlanması əsasına görə bağışlana bilər”. (Əhkəmul-Quran, 2/624-625).

əl-Qurtubi (Allah ona rəhm etsin) demişdir: “Uca Allahın: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” “..... zalımlardır” və “fasiqlərdir” (əl-Maidə, 44-45, 47) ayələri kafirlərə nazil olub. Bu Səhih Muslimdə gələn əl-Bəranın hədisində sabit olub (Muslim, 1700). Əksər təfsirçilər də bu rəydədirlər. Müsəlmana gəlincə isə o, böyük günah edərkən kafir olmur. Bəzi alimlər ayədə nəzərdə tutlan ifadənin olduğunu demişlər. Yəni, “kim Quranı rədd edərək və Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sözünü inkar edərək Allahın nazil etdiyi ilə hökm etməzsə kafir olar”. Bunu İbn Abbas və Mucahid demişlər. Ayənin mənası isə daha genişdir.

İbn Məsud (Allah ondan razı olsun) və əl-Həsən əl-Bəsri (Allah ona rəhm etsin) demişlər: “Bu ayələr müsəlmanlar, yəhudilər və kafirlərdən Allahın nazil etdiyi ilə hökm etməyən hər kəsə aiddir, yəni, bunun doğruluğunu etiqad edib, halal görərsə. Amma əgər haram iş tutduğunu etiqad edərək bu işi edərsə (hökm edən), fasiq (günahkar) müsəlmanlardandır və işi Allaha qalıb. Allah istəsə ona əzab verər, istəsə də onu bağışlayar”. (Təfsir Qurtubi, 6/19).

Şeyx Muhəmməd ibn İbrahim (Allah ona rəhm etsin) Allahın hökmü ilə hökm etməməyi iki qismə bölmüşdür:

Birinci qisim: İslam dinindən çıxaran hökm. Bu da özlüyündə altı qisimdir:

  1. Allahın hökmünü inkar edərək inadkarlıq edən;
  2. Allahın hökmünü inkar etməyən, lakin Allahdan qeyrisinin hökmünün daha yaxşı olduğunu etiqad edən;
  3. Allahdan qeyrisinin hökmünün Allahın hökmünə bərabər olduğunu etiqad edən;
  4. Allahın hökmündən qeyrisi ilə hökm verməyin icazəli olduğunu etiqad edən;
  5. Bütün insanlar üçün məhkəmələr qurub insanların təsis edilən qanunlarla hökm verməyi məcbur edən;
  6. Bir çox qəbilə və tayfa başçılarının (babalarından miras qalan) “səlumuhum” adlanan qanunlarala etdikləri hökm;

Bütün bu hökm növləri İslam dinindən çıxaran əməldir.

İkinci qisim: İslam dinindən çıxarmayan hökmdür. Əgər insan böyük günah etdiyini etiqad edərək Allahın nazil etmədiyi qanunlarla hökm etməsinə səbəb dünya məhəbbəti olarsa, bu əməl böyük küfrdən aşağı olub, İslamdan çıxarmayan küfrdür.

“Lecnənin” 5741 saylı fətvasında “Allahın nazil etdiyi ilə hökm verməyən müsəlmandırmı, yoxsa böyük küfr etmiş kafirdir?” sualına cavab olaraq demişdir:

“Həmd olsun Allaha!  Uca Allah buyurur: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”, başqa ayədə: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır”, başqa ayədə: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqlərdir” (əl-Maidə, 44-45, 47). Əgər bu əməli halal görərsə və icazəli olduğunu etiqad edərsə, bu zaman bu əməl İslamdan çıxaran böyük küfr, böyük zülm və böyük fasiqlik olur. Amma əgər bunu rüşvət və ya hər hansı başqa bir məqsədlə edib bu əməlin haram olduğunu etiqad edərsə, bu insan günahkardır və İslamdan çıxarmayan kiçik küfr edən kafir, kiçik zülm edən zalım və kiçik fasiqlik edən fasiq sayılır. Necə ki, təfsir alimləri bu ayələrin təfsirində qeyd etmişlər”.

Şeyx Abdul-Aziz ibn Bəz (Allah ona rəhm etsin) deyir: “Heç kəsə Allahın nazil etmədiyi ilə hökm verməsi icazəli deyil. Əksinə, bu əməl böyük günah və pis bir qəbahətdir. Amma bu əməlin İslamdan çıxaran böyük küfr olmasına gəlincə isə, bu alimlər arasında təfsilata ehtiyacı olan məsələdir. Kim Allahın nazil etmədiyi ilə hökm verib bu əməlin günah olmadığını düşünərsə və ya bu hökmün Allahın hökmü ilə eyni olduğunu düşünərsə və ya bundan daha pis düşünərək Şəriət qanunlarının bu gün üçün münasib olmadığını və insanlar tərəfindən qoyulan qanunların daha münasib və (insanlar arasında) daha çox  islahedici olduğunu düşünərsə, bu üç halın hamısı böyük küfrdür. Kim hansı zamanda olursa-olsun Allahdan qeyrisinin hökmünün Allahın hökmündən daha yaxşı və ya ona bərabər olduğunu iddia edərsə və ya Şəriətin üstün və daha yaxşı olduğunu etiraf etsə belə Allahın nazil etmədiyi qanunlarla hökm verməyi icazəli görərsə, bu üç halın hər birini deyən kafir olar, həmçinin bunu etiqad edənin də hökmü belədir. Kim Allahdan qeyrisinin hökmünün icazəli olduğunu və ya Allahın hökmünə bərabər olduğunu və ya Allahın hökmündən daha yaxşı olduğunu etiqad edərsə, bu insan bütün elm əhlinə görə İslamdan çıxmış mürtəddir. Amma kimsə səhv etdiyini və günahkar olduğunu bilərək bu əməli rüşvət məqsədilə və ya hər hansı toplumu razı salmaq kimi müəyyən məqsədlər üçün edərsə və Allah bilir qəlbində bu əməli inkar edirsə və bunun batil və günah olduğunu bilirsə, bu insan kafir olmur və etdiyi bu əməlinə görə günahkar olur. Böyük küfrdən aşağı olan kafir, böyük zülmdən aşağı olan zalım və böyük fasiqlikdən aşağı olan fasiq olar. Necə ki, bunu İbn Abbas (Allah onlardan razı olsun), Mucahid ibn Cəbr (Allah ona rəhm etsin) və başqa alimlər demişlər. Bu məsələ elm əhli arasında da məlumdur ki, kim bu əməli küfr adlandırırsa, İslamdan çıxarmayan küfrü qəsd edir”. (Nurun aləd-Dərb fətvaları, 4/127).

Bununla da aydın olur ki, (mənim dediyim) ümumi cavabı yazıb və onu insanlar arasında yayanlar və bu ümimi, təfsilatı bəyan edilməyən səhv cavab əsasında da insanlara hökm verənlər səhv və böyük günah etmişlər. Belə ki, müəyyən insanlara (şəxsən) kafir hökmü vermişlər və bununla da xəvariclərin yolunu getmişlər və bu təkfiri sualı ümumi cavablandırana (şeyxə) nisbət etmişlər. Bu fitnə əhlinin işidir.

Buna görə də elan edirəm ki, həqiqətən, mən verdiym bu ümumi cavbdan dönürəm və heç kəsə də halallıq vermirəm ki, bu fətvanı (əvvəlki) mənə nisbət etsin. Necə ki, Əhli Sünnə vəl-Cəməanın “ümumi hökm şəxsi insanlara birbaşa tətbiq olunmur” qaydasına müxalif olan bu kəslərin etdiyi kimi. Məsələn, Əhli-Sünnə deyir: “Allaha şərik qoşmaq küfrdür, İslam dinindən çıxarır”. Lakin əgər bu əməli müəyyən bir şəxs edərsə, bu şəxsə etdiyi əməlin şirk olub, insanı müsəlmanlıqdan çıxardığını bəyan etməyincə, habelə bu əməl ilə əlaqəli şübhələr ondan qaldırılmayınca, onun İslamdan çıxmağına hökm vermək olmaz. Əgər bunları bilib öz əməlində israr etsə, bundan sonra ona hökm verilir.

Şeyxul İslam Muhəmməd ibn Abdul-Vahhab (Allah ona rəhm etsin) deyir: “Təkfirə gəlincə, mən yalnız Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dinini (İslamı) bilib, bildikdən sonra onu söyəni, insanları ondan (dindən) yayındıranı və bu dinə əməl edənlərlə düşmənçilik edənləri kafir sayıram. Təkfir etdiklərim bunlardır”. (Durar əs-Səniyyə, 1/102).

Həmçinin, demişdir: “Əgər biz Abdul-Qadirin, Əhməd əl-Bədəvinin (hər ikisi Misirdə ibadət olunan pir adıdır) və buna bənzər qəbirlərinin üzərində ucaldılan bütlərə ibadət edənləri cahilliyinə və heç kəs tərəfindən xəbərdar edilmədiklərinə görə təkfir etmiriksə, necə ola bilər ki, Allaha şərik qoşmayan insanlara kafir deyək?!”

Şeyx Muhəmməd ibn İbrahim (Allah ona rəhm etsin) deyir: “Üçuncu qism: Aydın olmayan şeylərə görə dəlillər ona göstərilsə belə müəyyən şəxs təkfir olunmur. Fərq etməz istər bu üsul (əqidə) məsələrində olsun, istər furu (qeyri-əqidə) məsələlərində olsun. Buna misal olaraq ailəsinə öldükdən sonra yandırılmasını vəsiyyət edən kişini gətirmək olar. (əl-Buxari, 3452)” (Fətvalar, 1/74).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Əsl budur ki, bir söz Quran, Sünnə və Alimlərin icması ilə küfr ola bilər, bu zaman Şəriət dəlillərinin bildirdiyi kimi ümumi olaraq deyilir ki, “bu küfrdür”. Çünki İman məsələləri Allah və Peyğəmbərinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dediklərindən götürülür, lakin insanların öz zənnlərinə və istəklərinə uyğun bununla hökm verməkləri anlamına gəlmir və bunu deyən hər hansı şəxsdə təkfirin şərtləri cəm olub, maneləri aradan qalxmayınca ona “kafirdir” hökmü vermək vacib deyil”. (Məcmuul-Fətəva, 35/165).