Sələflər etiqadda ixtilaf etməmişlər

English

Əgər bir kəs əqidədə müxalif olub, kobud bidətlərə düşübsə, Əhli Sünnənin mənhəcinə müxalif olubsa və buna bidətçi demək olmazsa, onda bidətçi kimə deyilir!? Biri Şeyx Useyminin, İbn Bəzzin və əl-Albaninin  (Allah onlara rəhm etsin) yanında olub və onların təriflərini qazanıbsa, lakin onlar vəfat edəndən sonra kitablarında bir çox zəlalətlərə yol veribsə, əqidədə bir çox batil fikirlər söyləyibsə və belə adam dəfələrlə nəsihətdən sonra öz bidətlərindən dönməyibsə, bidətçi deyil, bəs kimdir!? Onun şeyxlərdən aldığı təriflər qüvvədən düşmürmü? İndi etdiyi bidətləri həmin şeyxlərə ərz olunsaydı, onlar həmin şəxsi sələfimi adlandıracaqdılar!? Əlbəttə ki, yox! Şeyx Fovzana (Allah onu qorusun) sual verirlər ki, sələflər əqidədə ixtilaf ediblərmi? O deyr: "Bundan Allaha sığınırıq! Bunu deyən yalançıdır!" Şeyx Rabi deyir: "Sələflər etiqadda ixtilaf etməmişlər". ("əz-Zəriətu Məqasid əş-Şəriə" Birinci cildin əvvəli). Əhli Sünnənin zəlalət əhli ilə olan ixtilafı dinin əslində, üsulunda - əqidə və mənhəscdə olan ixtilafdır. Əgər biz bu qapını açsaq, Peyğəmbərin - sallallahu aleyhi və səlləm - yolu bidətlərlə dolacaq. 

Sələfi olmaq üçün sələfdən yalnız rəvayətlər, hədislər gətirmək kifayət etmir. Həmin rəvayətləri doğru-düzgün yerində gətirmək lazımdır. Necə ola bilər ki, ayaqyoluna girməyin, su içməyin, namaz qılmağın, hər bir ibadətin qaydası var, amma belə böyük əqidə məsələlərinin, mənhəcin qaydası yoxdur!? Məgər əqidə barəsində kim nə istəsə danışa bilərmi, istədiyi ayəni və hədisi öz ağlı ilə yoza bilərmi? Öz batil fikirlərini avam camaata sırımaq üçün ayələri, hədisləri və rəvayətləri müəyyən məqsədə nail olmaq üçün gətirə bilərmi? Bidət, zəlalət, hava əhli olmaq elə budur! Bu gün bir çoxları özünü sələfiliyə isnad edir, sələfilik pərdəsi arxasında gizlənir, lakin əməllərini insanlardan gizlədə bilmir. Nəticədə, bir çoxları kimi Uca Allah tərəfindən ifşa olunur.