Hansı məzhəb doğrudur?

English

Uca Allah firqələrə bölünməyi qadağan edərək buyurur: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!" (Ali İmran, 103)"(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar". (Ali İmran, 105)Günümüzdə çoxlu məzhəblərin meydana gəlməsinin səbəbləri insanların Allahın və Onun göndərdiyi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yolundan uzaqlaşması, dini əhkamları öz nəfslərinə uyğun dəyişməyə çalışması, cahillik, dini öyrənməyib ona laqeyd yanaşmaq və s. amillərdir. Doğru yolda olmaq üçün şərtlərdən bəziləri bunlardır:

Şirkdən və küfrdən çəkinmək

Uca Allahın dərgahında ən böyük günah Allaha şərik qoşmaq (şirk) və ya onu inkar etməkdir (küfr). Uca Allahdan başqasına (ölüyə, qəbirə, pirə, bütə, daşa və s.) dua etmək, onun üçün qurban kəsmək, ruzi, övlad, sıxıntıdan çıxış yolu istəmək və s. bura aiddir. Bu günahı edib tövbə etməmək əbədi Cəhənnəm əzabına səbəbdir. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisə, 48). 
Təəssüf ki, günümüzdə şirk etmək özünü müsəlman adlandıranların arasında ən geniş yayılmış günaha çevrilmişdir. Uca Allahın insanları birbaşa eşitmədiyinə inanmaq və Uca Allahla öz arasında vasitəçi axtarmaq da şirk sayılır. Uca Allah buyurur: "Biz ona şah damarından da yaxınıq". (Qaf, 16); "Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (Ğafir, 60); "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz". (əz-Zumər, 3). 

Dində yenilik etməkdən (bidətdən) çəkinmək və peyğəmbərin yolu ilə getmək

Bundan sonra isə, dində yenilik etməkdən çəkinmək və dini Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurduğu kimi yaşamağa çalışmaq lazımdır. Uca Allah Qurani-Kərimdə bir çox ayələrdə dini yalnız Peyğəmbər (salləllahu aleyhi və səlləm) kimi yaşamağın vacib olduğunu buyurmuş və onun yolundan kənara çıxmağın böyük günah olduğunu bildirmişdir. Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim (peyğəmbərin) ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31); "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!" (əl-Əhzəb, 36); "Qoy onun (peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar".(ən-Nur, 63). 
Uca Allah dini bütün dövrlər üçün göndərmiş, onun kamil, bütöv, çatışmamazlıqlardan uzaq olduğunu və dinə yeniliklər etməyin qadağan olduğunu qeyd edərək buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim". (əl-Məidə, 3). 
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dinə salınan hər hansı bir yeniliyi rədd edərək buyurmuşdur: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (əl-Buxari, 2697). Başqa hədisdə buyurur: "Həqiqətən ən doğru kəlam Allahın Kitabıdır, ən doğru yol Muhəmməd Peyğəmbər (salləllahu aleyhi və səlləm) yoludur. Ən pis əməllər dinə edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir, hər bir zəlalət isə Cəhənnəm odundadır". (Muslim, 1435). 
Dini peyğəmbərin (salləllahu aleyhi və səlləm) öyrətdiyi kimi yaşamaq üçün Qurana və peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhih hədislinə tabe olmaq, Qurana və dini əhkamlara öz başa düşdüyün tərzdə yox, Allah Rəsulunun və onun yolunu gedən səhabələrin izah etdiyi tərzdə əməl etmək vacibdir. Allah Rəsulunun əmrləri isə səhih hədislərdə öz əksini tapmışdır. 

Allah vacib buyurduğu ibadətləri yerinə yetirmək

Bəzi insanlar güman edirlər ki, Allaha şərik qoşmayıb, xeyirli əməllər etmək, qəlbin təmiz olması Cənnəti qazanmaq üçün kifayətdir. Halbuki Uca Allah namaz, oruc, zəkat və həcc kimi ibadətləri vacib buyurmuşdur, onları tərk etmək içki içmək, zina etmək və digər pis əməllərdən daha böyük günahdır və xeyirli əməllər onları əvəz etmir. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (əz-Zəriyət, 56); "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).

Nəticə

Bəs hansı firqə doğru yoldadır? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Ümmətim yetmiş üç fırqəyə ayrılacaqdır. Biri xaric olmaqla qalanları cəhnnəmdədir". Səhabələr (Allah onlardan razı olsun): "Ey Allahın Rəsulu! Cənnətə düşən firqə hansıdır" - deyə soruşdular. Pevğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurdu: "Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir". (ət-Tirmizi, 2641). 
Ona görə də, doğru yolda olmaq istəyən hər bir müsəlman dini Quran və səhih hədislərdən öyrənərək Uca Allaha iman gətirməli, Uca Allaha şərik qoşmaqdan, Uca Allahla özü arasında vasitəçi axtarmaqdan çəkinməlidir. Dini peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi yaşamalı, sonradan uydurulmuş yeniliklərdən çəkinməli, Uca Allahın vacib buyurduğu ibadətləri yerinə yetirməli və böyük günahlardan çəkinməlidir.