Sələfilik nədir?

English

Sələf sözünün mənası "əvvəl gələnlər" deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün "sələf" sayılır. Dində "sələfi saleh" (yəni, əməli saleh əcdadlarımız) dedikdə, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) vəsf etdiyi üç ən xeyirli nəsil nəzərdə tutulur: Peyğəmbəri (salləllahu aleyhi və səlləm) görmüş səhabələr (Allah onlardan razı olsun), onlardan sonra gələnlər (tabiinlər) və onlardan (tabiinlərdən) sonra gələnlər. (Bax: İbn Mənzur: "Lisənu-l-Arab", 6/330; İmam əs-Səffari: "Ləvamir əl-Ənvar əl-Bəhiyə", 1/20). 
Özlərini sələfi adlandıranlar, sələfi-salehin yolunu getdiklərini deyirlər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəmdə, biri isə cənnətdədir". Səhabələr: "Onlar kimdir?" deyə soruşduqda, o: "Onlar mənim və mənim sahabilərimin yoluna tabe olanlardır". (Əhməd, 4/102; Əbu Dəvud, 2/503; ət-Tirmizi, 3/367; İbn Məcəh, 2/479).
Uca Allah buyurur: "Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı­dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ­ları hazırlamışdır. Bu, böyük uğurdur". (ət-Tövbə, 100).
Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Ən xeyrli nəsl – mənim nəslimdir. Sonra isə onlardan sonra gələnlər, sonra isə onlardan sonra gələnlər". (əl-Buxari, 3651; Muslim, 2533).
Həmçinin Uca Allah buyurmuşdur: "Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir". (ən-Nisə, 115). Uca Allah bu ayədə tabe olunması vacib olan yoldan söz açaraq, peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu təqib olunması ilə kifayətlənməyərək, buraya səhabələrin (Allah onlardan razı olsun) yolunu da əlavə etmişdir. Uca Allah buyurur: "...Mənə üz tutanların yolu ilə get!.." (Loğman, 15). 
İbn Əbu Cəmra (Allah ona rəhm etsin) belə demişdir: "Alimlər, bu ayələrdə (ən-Nisə, 115; Loğman, 15) söhbətin səhabələrdən və müsəlmanların birinci nəslindən getdiyini bildirmişlər". (Bəhcətun-Nufus", 15).
Həmçinin ibn Məsud (Allah ondan razı olsun) belə demişdir: "Həqiqətən Uca Allah Öz qullarının qəlblərinə baxdı və Muhəmmədin qəlbini ən xeyrli qəlb olaraq seçdi, sonra isə onu Özü üçün seçdi və Öz risaləsi ilə göndərdi! Muhəmmədin qəlbindən sonra isə, qullarının qəlblərinə baxdı və onun səhabələrinin, bəndələrinin arasında ən xeyrli qəlblərin sahib olduqlarını gördü və onları Öz peyğəmbərinin köməkçiləri etdi!" (İmam Əhməd, 1/379; əl-Əcurri, 1204). 
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən sizdən sonra uzun səbr günləri gələcəkdir və bu şəraitdə olaraq, sizin yolunuzu tutan şəxslər, sizlərdən əlli nəfərin mükafatı ilə mükafatlandırılacaqdır". Səhabələr: "Bəlkə onlardan əlli nəfərin (mükafatı ilə)?" – deyə soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Xeyr, məhz sizlərdən!" (İbn Nəsr "əs-Sunnə", 33; ət-Tabərani "əl-Kəbir" 289).