“Etibarlı insanların gətirdikləri xəbərləri qəbul etmək vacibdir” qaydasının bidətçilərin müdafiəsi üçün təhrifi

English

Alimlərin azmış insanlar barədə mülahizələrini inkar etmək üçün Hələbi müxtəlif üsullar tətbiq edir. Bu üsullardan biri, Hələbinin guya alimlərin azmış şəxsiyyətlərdən bütün bu çəkindirmələrinin yalan xəbərlərə və uydurulmuş şaiələrə əsaslandığı və bütün bunların sadəcə dedi-qodu olduğu barədə iddialarıdır. Lakin ona alimlərin dedi-qoduları dinləmədiyi, xəbəri qəbul etməyin vacib olduğu etibarlı insanlardan məlumat aldıqları, bundan əlavə, alimlərin özlərinin etibarlı insanlar olduğu, odur ki, onların mülahizələrini qəbul etməyin vacib olduğu deyildikdə, Hələbi məşhur “Xəbəri etibarlı insandan qəbul etmək vacibdir” şəriət qaydası barədə şübhələr salmağa və o qaydanı bidətçi nöqteyi-nəzərdən şərh etməyə başladı.

Beləliklə, Hələbi aşağıdakıları uydurdu: “Etibarlı insandan adi xəbəri qəbul etməklə, onun şəxsiyyətlərin halı barədə mülahizələrini qəbul etmək arasında fərq mövcuddur. Guya birinci halda sənin ondan xəbəri qəbul etməyin vacibdir, çünki o, yalançı deyil. İkinci halda isə, onun rəyini qəbul etmək sənə vacib deyil, çünki bu, onun ictihadıdır və o, öz ictihadında yanıla bilər. Əksinə, naməlum və etibarsız rəvayətçilərin xəbərini dəqiqləşdirdiyin kimi, bu xəbəri də dəqiqləşdirməyin lazımdır”. (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə, səh. 170).

Əslində isə, Hələbinin bu qaydanı bu cür şərh etməsi təhrif olunmuş məşhur “dəqiqləşdirməyin vacibliyi” (təsəbbut) mumeyyi prinsipinə əməl etməkdən başqa bir şey deyildir. Bu qayda haqqında biz mumeyyilər barədə ikinci məqaləmizdə bəhs etmişdik.

“Sərhədlərin silinməsi” (mumeyyilik) ideologiyasının bir çox tərəfdarları, alimlərin müxtəlif azmış şəxsiyyətlər barədə çəkindirmələrini inkar etmək üçün “dəqiqləşdirməyin vacibliyi” (təsəbbut) prinsipi barədə danışmağı sevirlər. Onlardan hər biri bu prinsipi elə bir bidətçi dona salaraq təqdim edirlər ki, heç kim onları müxtəlif azmış şəxsiyyətləri müdafiə və tövsiyyə etməkdən əl çəkməklə ilzəm edə bilməsin. Şeyx Rabi Məribinin bu prinsipə əməl etməsi barədə deyib: “Əbul-Həsən (Məribi) “dəqiqləşdirməyin vacibliyi” (təsəbbut) bəhanəsi ilə haqqı inkar edərək Arurun və digər azmış şəxsiyyətlərin mənhəcinin ardınca gedir. Odur ki, o deyir: “Çəkindirilən insanın sözlərini öz qulaqlarımla eşitməsəm və ya onun sözlərini öz gözlərimlə oxumasam, heç kimin haqqında çəkindirməni qəbul etmirəm”. (Məcmu’ Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 78-79).

Eynilə Hələbi də müxtəlif azmış şəxsiyyətlərin halı barədə alimlərin fikirlərini rədd etmək üçün bu bidəti uydurub.

Hələbi deyir: “Bunda etibarlı insandan alınan adi xəbərlə, onun şəxsiyyətlərin halı barədə mülahizələri arasında fərq qoymağın mühümlüyünə işarə var. Bu fərqi qoymayan böyük bir xətaya yol verir! Axı məgər etibarlı insanın “filankəs mövcuddur” deməsi ilə onun bu mövcud olanın bidətçi olmasını deməsi eynidirmi?!” (Mənhəc əs-Sələf əs-Salih”, 2-ci nəşr, səh. 230).

Həmçinin o deyir: “Sünnə sahibini bidətdə ittiham etmək və ya bidətçini sələfi elan etmək üçün “Etibarlı insandan xəbəri qəbul etmək vacibdir” qaydasını tətbiq etməyə gəldikdə isə, İslam tarixində belə hal məlum deyil! Bu məsələdə bu gün çox-çox böyük qarışıqlıq mövcuddur və çox təəssüflər olsun ki, mən kiminsə buna diqqət yetirdiyini görməmişəm!” (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə”, səh. 171).

Hələbinin yuxarıda qeyd olunan şübhələrinə və iddialarına alimlər bir neçə cavab veriblər: “Birincisi, Hələbinin sünnünü bidətdə ittiham etmək və ya bidətçini sələfi elan etmək üçün “Etibarlı insandan xəbəri qəbul etmək vacibdir” qaydasının tətbiq olunmasının  İslam tarixinə məlum olmaması barədə iddiaları əsassızdır. Axı tarix, tərcümeyi-hal və “cərh və tədil” elminə dair kitablar, etibarlı şəxslərin “cərh və tədil” elminin alimlərinə “filankəs filan şeyi dedi” və ya “filankəs bəhmənkəslə oturub-durur” və ya “filankəs bəhmənkəslə razılaşdı” kimi məlumatlar verdiyi ilə bağlı faktlarla doludur. Daha sonra, alimlər bu rəvayətçilərdən alınmış xəbərlər əsasında bu şəxsiyyətlər haqqında hökm verir və deyirdilər: “O, cəhmidir, qədəridir və ya bidətçidir”. Bundan əlavə, hədis elminə dair yazılmış kitablar alimlərin müxtəlif şəxsiyyətlər barədə mülahizələri və onları bidətdə ittiham etmələri ilə bağlı faktlarla doludur. Məgər bu bizim etibarlı insandan xəbər qəbul edəcəyimiz anlamına gəlmir?!” (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə, səh. 171-172).

“İkincisi, əgər biz Hələbinin bu qaydaya təfsiri ilə razılaşsaq da, yenə də bu qayda onun alimlərin müxtəlif azmış şəxsiyyətlərdən bir çox çəkindirmələrindən imtina etməsi üçün dəlil deyil. Axı alimlərin bugünkü çəkindirmələrinin əksəriyyəti sadəcə etibarlı insandan alınan xəbər deyil. Bu çəkindirmələr çox elmi rəddiyyələrdir. Bu rəddiyyələrdə müxtəlif azmış şəxsiyyətlərin kitablarından və audiodərslərindən onların sitatları və mülahizələri gətirilir. Bu sitat və mülahizələrdə onların zəlalətləri və sələf mənhəcinə müxalifliyi açıq-aydın göstərilib. Bütün bunlara baxmayaraq, bu zəlalətləri görən və bilən Hələbi şeyx Rabinin və digər sələfi alimlərin çəkindirmələri ilə razılaşmır və əsassız olaraq iddia edir ki, bu çəkindirmələr dedi-qoduya əsaslanır”. (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə, səh. 173).

“Üçüncüsü, etibarlı alimdən xəbəri qəbul etməklə onun müxtəlif şəxsiyyətlərin, hədis rəvayətçilərinin və bidətçilərin halı ilə bağlı mülahizələrini qəbul etmək arasında fərq qoymaq dəlilsiz yenilikdir. Axı tarix, tərcümeyi-hal və hədis elminə dair kitablar alimlərin müxtəlif şəxsiyyətlər haqqında mülahizələri ilə doludur. Beləcə, onlar zəif və etibarsız rəvayətçilər haqqında deyirlər: hafizəsi zəifdir, yalançıdır, bidətçidir, xəvaricdir, mötəzilidir, qədəridir, cəhmidir, azmış şeyxdir və sairə. Buna baxmayaraq, Hələbiyə qədər alimlərdən heç biri bu hökmlər haqqında bildirməyib ki, etibarlı alimdən adi xəbəri qəbul etməyin vacibliyi ilə, onun şəxsiyyətlərin halı barədə mülahizələrini qəbul etmək arasında fərq mövcuddur və bu mülahizələri qəbul da, rədd də etmək olar. Bu səbəbdən, əsil odur ki, etibarlı alimlərin ötürdükləri məlumatlarla müxtəlif şəxsiyyətlərin halı barədə mülahizələri arasında fərq qoymadan onların bütün dedikləri qəbul edilməlidir”. (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə, səh. 173-174).

Alləmə Sənani (Allah ona rəhm etsin) deyib: “Əgər etibarlı bir insan digər bir nəfərdən xəbər nəql edərsə, bu cür xəbəri də qəbul etmək lazım olduğu kimi, digər insanın səciyyəvi xüsusiyyətləri barədə xəbər nəql edərsə – məsələn onun adil və ya fasiq olduğunu xəbər verərsə, bu хəbəri də qəbul etmək lazımdır. Axı bütün bu hallar ədalətli insandan xəbəri qəbul etməkdir və bu, təqlid sayılmır. Əksinə, onun nəql etdiyi xəbər qəbul olunur, çünki buna (Quran və Sünnədən) dəlillər işarə edir”. (Təudıx əl-Əfkar, 2/ 118-119).

Sənaninin bu sözləri açıq-aydın göstərir ki, Hələbinin iddia etdiyi kimi, etibarlı insandan xəbər qəbul etməklə onun şəxsiyyətlərin halı barədə mülahizələrini qəbul etmək arasında fərq yoxdur. (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə, səh. 175).

Həmçinin Sənaninin bu sözlərinə diqqət yetirin: “Axı bütün bu hallar ədalətli insanın xəbərinin qəbul edilməsidir ki, bu da təqlid sayılmır”. Bu sözlərdə sələfilər mötəbər alimlərin müxtəlif azmış şəxsiyyətlər barədə sözlərini qəbul etdikdə onları təqliddə ittiham edən Hələbi və onun tərəfdarlarına açıq-aydın təkzib var. Sənaninin yuxarıda qeyd olunmuş sözlərini Hələbinin bu sözləri ilə müqayisə edin: “Bu gün “etibarlı insandan xəbəri (qəbul etmək lazımdır)” termini, əvvəllər mövcud olan “etibarlı insandan xəbəri (qəbul etmək lazımdır)” termininin eynisi deyil. Bu gün, təəssüflər olsun ki, “etibarlı insandan xəbəri (qəbul etmək lazımdır)” termini elə həmin təqlidin başqa bir təzahürüdür”. (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə, səh. 171).

Şeyx Rabidən (Allah onu qorusun) soruşublar:

“Sual verən: “Etibarlı insandan xəbəri qəbul etmək barədə sələflərin mənhəci nədir?”

Şeyx Rabi: “Sələflərin, Quran və Sünnənin mənhəci etibarlı insanın xəbərinin qəbul edilməsinin vacibliyini və şəri hökmlərin o xəbər üzərində qurulmasını göstərir.Əgər iki insan hər hansı şəxsin qətl törətdiyinə dair şahidlik gətirsə, şəri hakim şəri qanuna müvafiq olaraq hökm verməlidir – yəni, qatillə bağlı qisas hüququ verməlidir. Həmçinin, nikah da iki etibarlı şəxsin şahidliyi ilə qanuni olur. Ticari sövdələşmələr, borclar və digər əməliyyatlar iki etibarlı kişinin və ya bir kişinin və iki qadının şahidliyi ilə qüvvəyə minir. Odur ki, onlar (mumeyyilər) yalnız şəri əsasları dağıdır və öz azmış fikirlərini Quran və Sünnədən dəlillərə qarşı qoyurlar. Rəvayətçilərin çoxsaylı olması şərtini qoyanlar mötəzililər idi. Əhli-Sünnəyə gəldikdə isə, bu, onların rəyi deyil”. (Rəddu Şubuhat əl-Məi’iin Və əz-Zəbbu ‘Ən əs-Sələfiyin, 2-ci sual).

Həmçinin şeyx Rabidən (Allah onu qorusun) soruşublar:

“Etibarlı birindən həm ümumi, həm də onun şəxsiyyətlərin halı barədə mülahizələrini qəbul etmək vacibdirmi, yoxsa yalnız ümumi xəbərin qəbul edilməsi vacibdir?”

Şeyx Rabi: “Əsl odur ki, etibarlı insanın gətirdiyi xəbəri qəbul etmək vacibdir. İstisna hal, şəzz hədislərin halında olduğu kimi, bu xəbərin digər adil rəvayətçlərin xəbərinə zidd olduğu haldır. Əsl isə odur ki (etibarlı insandan) bütün xəbərlər qəbul olunmalıdır. Müsəlmanı yalanda ittiham etmək və ondan haqqı qəbul etməmək icazəli deyil. Əgər biz bu mənhəci tərk etsək, o zaman İslamın bir çox ibadət ayinlərini ləğv etməyə məcbur qalarıq. Əgər mənim müəllimim olan və mənə Quranı və Sünnəni öyrədən insan mənə desə ki: “Allahın Elçisi Səhih Buxaridə filan şeyi deyib”, məgər mən bunu yalan sayacam?! Əlbəttə ki, yox. O mənə “filan insan bidətçidir” dedikdə isə, o zaman (onların mənhəcinə müvafiq olaraq) mən ona deyəcəm: “Yox, elə deyil?!” Onların “təsəbbut” adlandırdığı bu qayda uydurma qaydadır. “Dəqiqləşdirməyin vacibliyi” prinsipi altında onlar həqiqəti öyrənmək və onun həqiqliyinə əmin olmaq istəmir, əksinə bu qayda ilə həqiqəti inkar etmək istəyirlər. Odur ki, biz onların dəqiqləşdirməyin vacibliyi bəhanəsi ilə möhtərəm alimlərin (müxtəlif şəxsiyyətlərin) halları barədə çoxsaylı ifadələrini rədd etdiklərini görürük. Beləliklə, bu bəhanə zahirən İslami görünsə də, əslində dağıdıcı və şeytanidir”. (Raddu Şubuhat əl-Məi’iin və əz-Zəbbbu ‘Ən əs-Sələfiyin, 6-cı sual).

Bəzi istisna hallara gəldikdə isə, xəbəri gətirən öz unutqanlığı, həddi aşmağı və ya digər səbəblərdən dolayı xətaya yol verdikdə, bu nadir hallar onların gətirdiyi xəbərlər ilə, onların şəxslərin halı barədə dedikləri mülahizələri arasında fərq qoymaq üçün dəlil ola bilməz. Axı məlumdur ki, bir çox qaydaların öz istisnaları mövcuddur. Bundan əlavə, bu istisna hallar həmçinin insanın halı haqqında xəbərin yox, adi xəbərlərin ötürülməsi zamanı da baş verə bilər. Məgər bu o deməkdirmi ki, bu səbəbdən biz “etibarlı insandan xəbəri qəbul etmək vacibdir” qaydasının özünü ləğv etməli və şübhə altına salmalıyıq?!

Nəticə olaraq, “etibarlı insandan xəbəri qəbul etmək vacibdir” məsələsində sələfi mənhəcini bəyan etmək üçün İmam Əhməd və Davud əz-Zahiri ilə bağlı bir əhvalatı təqdim edirik. Bu rəvayəti şeyx Rabi Məribiyə rədd etmək üçün nəql edib: “Davud ibn Əli əz-Zahiri məşhur, mömin, təvazökar bir alim və çox ibadət edən bir zahid idi. Həmçinin, fiqhdə məşhur zahiri məzhəbinin banisi hesab olunan əz-Zahiri bidət əhlinə öz güclü rəddiyyələri ilə məşhur idi. Lakin, Davud Quranı məxluq hesab edərək bu məsələdə özü bidətə düşmüşdür. Bu səbəbdən bir çox alimlər onu bidətdə ittiham edib və ondan çəkindirməyə başladılar”. İmam əz-Zəhəbi (Allah ona rəhm etsin) deyib: “O, (Davud) deyib: “Lövhi-məhfuzdakı Quran məxluq deyil. Bu gün insanlar arasında olan Quran isə, məxluqdur”. Mən (əz-Zəhəbi) deyirəm – mənə məlum olduğu qədərilə, bu cür bölünməni ona qədər heç kim etməyib”. Həmçinin o, deyib: “Davuda gəldikdə isə, o, deyirdi ki, Quran yenidir (məxluqdur). Bu səbəbdən bir çox imamlar ona rəddiyyə vermiş və onu bidətdə ittiham etmişlər” (Siyər Ə’ləm ən-Nübələ, 10/ 272).

İmam əz-Zəhəbi (Allah ona rəhm etsin) nəql edib: “İsfahanlı Davud Bağdada gəlib çatdıqda, yaxşı münasibətlərdə olduğu Saleh ibn Əhməddən (İmam Əhmədin oğlu – tərc.) atası ilə görüş təşkil etməsini xahiş edir. Saleh öz atasının yanına gələrək deyir: “Səninlə görüşmək istəyən bir nəfər var”.

Əhməd cavab verir: “Onun adı nədir?”

Saleh: “Davud”.

Əhməd: “Haralıdır?”

Saleh: “İsfahanlı”.

Əhməd: “Nə işlə məşğuldur?”

Saleh suallara elə cavab verir ki, atası kimdən söhət getdiyini anlamasın. Lakin Əhməd onun kim olduğunu anlayana qədər suallar verməyə davam edir. Daha sonra o deyir: “Mənə onun barəsində Nisəburlu Muhamməd ibn Yəhya yazmışdı ki, o, (Davud) Quranı məxluq hesab edir. Odur ki, qoy mənə yaxın belə gəlməsin”.

Saleh deyir: “Ay ata, o bunu inkar edir və deyir ki, belə şey deməyib”.

Bunun cavabında Əhməd deyir: “Mənim üçün Muhamməd ibn Yəhya ondan daha doğru danışandır. Ona mənimlə görüşməyə izn vermə!” (Siyər Ə’ləm ən-Nübələ, 13/ 99). 

Yuxarıda qeyd olunan əhvalatda baş verənlər barəsində düşündükdə, Hələbiyə və onun tərəfdarlarına aşağıdakı suallar meydana çıxır:

Davuda onun elmi və natiqliyi kömək oldumu?!

O, bidətçilərə güclü rəddiyyə verdiyi, mömin, təvazökar alim və çox ibadət edən zahid olduğu üçün İmam Əhməd onun barəsində susdumu?!

İmam Əhməd Davudun onun ünvanına deyilənləri inkar etməsini qəbul etdimi və İmam Əhməd bu səbəbdən etibarlı insanın xəbərini rədd etdimi?!

İmam Əhməd Salehin Davudun kimliyini gizlətmək cəhdinə uydumu, yoxsa gözüaçıqlıq və ayıq-sayıqlıq göstərdi?!

İmam Əhməd Muhamməd ibn Yəhya Nisəburidən aldığı xəbərlə və onun şəxsiyyətin halı ilə bağlı mülahizəsi ilə kifayətləndi, yoxsa onu yoxladı və dəqiqləşdirdi!?

Hələbi, Məribi və onların tərəfdarları Əhli Sünnə vəl-Cəməa imamının bu qızıl qaydasından necə də uzaqdırlar”. (əl-Bərahin əl-‘Ətidə Fi Kəşfi Əhvəl və Təsılət Əli əl-Hələbi əl-Cədidə, səh. 181).