Cihad nədir və niyə indiki müharibələr cihad sayılmır?

English
Video: 

Günümüzdəki problemlərdən biri də gənc müsəlmanların cihad etmək adı altında fitnə-fəsad yayan müxtəlif terrorçu qruplara cəlb edilməsidir. Fitnəkar dəvətçilərin aldadıcı xüsusiyyətlərindən biri də özlərini sələfi kimi göstərmələri, tövhiddən danışmaları, çoxlu ibadət etmələri, Quran və sünnədən dəlillər gətirmələridir.

Həqiqi cihadla müasir dövrdə baş verən fitnənin və terrorun arasındakı fərq nədir? Bu suala cavab verməzdən öncə cihadın əmr edilməsinin hikməti, nə üçün əmr edilməsi, hansı hallarda edilməsinin icazəli və ya qadağan olduğunu bilmək lazımdır. 

Uca Allah bilərəkdən şirk və küfr günahlarından tövbə etməyənin əbədi olaraq Cəhənnəm oduna girəcəyi Qurani-Kərimdə və ondan əvvəlki kitablarda dəfələrlə bildirilmişdir. Rəbbimiz Adəmdən (ona Allahın salamı olsun) başlayaraq Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) qədər bütün peyğəmbərlərə əmr etmişdir ki, insanları yalnız Allaha ibadət etməyə və şirkdən uzaq olmağa çağırsınlar, beləliklə Cəhənnəm odundan qurtularaq Cənnətə, əbədi səadətə qovuşsunlar. Bütün peyğəmbərlərin bu mübarək dəvətinə mane olan insanlar olmuşdur. Yanğın zamanı insanların yanan evdən xilas edilməsinə mane olan şəxslərlə mübarizə aparmaq vacib olduğu kimi insanların Cəhənnəm odundan xilas edilməsinə mane olan şəxslərlə də mübarizə aparmaq vacib buyurulmuşdur. Cihad etməyin məqsədi də elə budur. Deməli, cihad insanlara haqq dəvətin çatmasına, onların Cəhənnəmdən xilas olaraq Allahın razılığını və Cənnəti qazanmasına mane olanlarla aparılan mübarizədir.

Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) səhabələrə cihada göndərərkən insanlarla döyüşməzdən əvvəl İslama dəvət etməyi buyurmuşdur. Əgər onlar İslamı qəbul edərdilərsə, o halda onlarla döyüşməzdilər. Əgər onlar həm İslamı qəbul etməkdən, həm də cizyə vergisi verməkdən imtina edərdilərsə, bu halda səhabələr onlarla döyüşərdilər. Döyüş zamanı qadınları, həddi-büluğa çatmamış uşaqları, qocaları, ibadətlə məşğul olan dindarları öldürmək haram edilmişdir. Çünki cihadın məqsədi müəyyən bir yerdə yaşayan insanları öldürmək yox, onları İslama dəvət etməkdir. Həmçinin, İslamı məcburi şəkildə qəbul etdirmək məqsədi də olmamışdır. Əks halda cizyə vergisinin ödənilməsi təklif edilməzdi.

Beləliklə, cihad müsəlmanların güclənməsinə, cahil insanlara İslam dəvətinin çatmasına və Allahın razılığına aparır. Müasir dövrdə baş verən fitnələr və terror hadisələri müsəlmanların zəifləməsinə, kafirlər arasında İslama nifrətin daha da artmasına, fitnə-fəsada və Allahın qəzəbinə aparır.

İslama görə Allah yolunda cihadın düzgün sayılması üçün aşağıdakı bir neçə şərtləri var:

1. Niyyət xalis Allah üçün olmalıdır

Cihad yalnız Allahın rizası üçün edilməlidir. Əbu Musa (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Ey Allahın Elçisi! Allah yolunda vuruşmaq nə deməkdir? Axı bizdən kimisi qə­zə­binə görə, kimisi də namusuna görə vuruşur”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) - buyurdu: “Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə vuruşarsa, Uca Allahın yolunda (vu­­ruşmuş) olar”. (əl-Buxari, 123).

Rəvayət edilir ki, Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) demişdir: “Bədəvi bir kişi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın Elçisi! Kimisi qənimətə görə, kimisi şöhrətə görə, kimisi də özünü göstərmək üçün döyüşür. Bunlardan hansı Allah yolunda döyüşmək sayılır?” Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurdu: “Hər kim Allahın Kəlməsi hər şeydən uca olsun deyə vuruşarsa, Uca Allahın yolunda (vu­­ruşmuş) olar”. (Muslim, 1904, 3524).

2. Peyğəmbərin sünnəsinə müvafiq şəkildə yerinə yetirilməlidir

Cihad sünnəyə müvafiq olmadıqda Allah bu əməli qəbul etmir. Ona görə cihad etmək istəyən insan sünnəni öyrənməlidir. Belə ki, cihad böyük və vacib ibadətlərdən sayılır. Düzgün başa düşülməyən din və elmsiz şəkildə yerinə yetirilən ibadət düzgün hesab olunmur. Ömər ibn Abdul-Aziz (Allah ona rəhm etsin) belə demişdir: “Kim Allaha elmsiz şəkildə ibadət edirsə, xeyirdən çox zərər gətirir”. (Əhməd “əz-Zühd” 365).

Elm əməlin idarəçısidir və əməl edən insan elmlə hərəkət edir. Əgər niyyət və əməl elmə əsaslanmasa, bu, cahillik, nəfsə uymaq və yolu azmaqla nəticələnəcək. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Cihadda cihadın həqiqətini, onun məqsədini, növlərini və cihad edənin halını bilmək vacibdir”. (Məcmuul-Fətava, 28/ 136). 

Şeyx Fovzan (Allah onu qorusun) buyurur: “...Onlar bu fitnələri cihad adlandırırlar, amma bu cihad deyil. Çünki onlar cihadın əsaslarını təmin etməyib və şərtlərini də yerinə yetirməyiblər. Ona görə də bu, cihad deyil. Bu, yalnız Uca Allahın icazə vermədiyi düşmənçilikdir”. (Şeyx Fovzan “əl-Cihad Ənvəuhu vəa Əhkəmuhu” 25).

3. Müsəlman dövlət başçısının əmri və ya icazəsi olmalıdır

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Başçı qalxandır. Onun arxasında durun, onun əmri ilə döyüşün və əmri olmadan da döyüşməyin". (Muslim, 3428, 4878).

Həmçinin demişdir: “...Kim mənə itaət etsə, Allaha itaət etmiş olar, kim mənə asi olsa, Allaha asi ol­muş olar. Eləcə də kim əmirə itaət etsə, mənə itaət etmiş olar, kim əmirə asi olsa, mənə asi olmuş olar. Həqiqətən əmir bir qalxandır. Onun rəh­bər­li­yi altında vuruşulur və onun sayəsində düşməndən qorunmaq olur. Əgər o öz rəiyyətinə Allahdan qorxmağı (yaxşı işlər görməyi) əmr edər, özü də ədalətli olarsa, buna görə savab qazanar. Yox, əgər başqa şeylər (günah işlər) əmr edərsə, günahı onun öz boy­nunda qalar”. (əl-Buxari, 2957).

Dinimizə görə döyüşə başlamaq, onu dayandırmaq və ya sülh bağlamaq məsələlərində yalnız başçıya tabe olmaq vacib buyurulmuşdur. Səhabələr yalnız Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmri ilə döyüşə gedər, Allah yolunda şəhid olmağı arzuladıqları halda Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmri olmadan özbaşına bir addım belə atmazdılar. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ölümündən sonra İslam xəlifələrinin dövründə də eyni ilə belə əməl edirdilər. Terrorçu isə başçının əmrini saymaz, müsəlman başçının bayrağı altında döyüşməkdənsə, ona qarşı vuruşar, onu təkfir edər (kafir sayar) və kimə tabe olduğu da açıq-aydın bilinməz.

Rəvayət edilir ki, Huzeyfə ibn Yəmən (Allah ondan razı olsun) demişdir: “İnsanlar Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) xeyirxah işlər barədə soruşardılar, mən isə ondan şər əməllər barəsində so­ru­şardım ki, xətəri mənə dəyməsin. Mən dedim: “Ey Allahın Elçisi, biz, hə­qi­qə­tən də, cahil­lik və şər içində yaşayırdıq. Allah bizə belə bir xeyir nəsib etdi. Bu xeyirdən sonra şər gələ bilərmi?” O: “Bəli!”- dedi. Mən so­ruş­dum: “Bəs bu şərdən sonra yenə xeyir gələ bilərmi?” O dedi: “Bəli, lakin bu xeyirə şər ləkəsi bulaşacaqdır”. Mən soruşdum: “O nə lə­kədir?” Dedi: “Mənim yolumu tutub getməyən adamlar olacaq. Onlar yax­şı işlər gör­dük­ləri kimi pis əməllər də edəcəklər”. Mən soruşdum: “Bəs bu xe­yirdən sonra şər gələcəkmi?” Dedi: “Bəli, həmin vaxt Cəhənnəmə çağıran az­ğın adamlar olacaq. Kim onların çağırışını qəbul etsə, Cəhənnəmə atıla­caq­dır”. Mən dedim: “Ey Allahın Elçisi, onları bizə vəsf et!” O buyurdu: “Onlar biz­lərdən olacaq və bizim kimi danışacaqlar”. Soruşdum: “O vaxta qədər ya­şa­sam, mən nə edim?” O buyurdu: “Müsəlman camaatına qoşul və onların ima­mına tabe ol!” Dedim: “Bəs onların nə bir camaatı, nə də bir imamı ol­ma­sa necə?” Dedi: “Arxa dişlərinlə ağacın kökündən yapışmış olsan belə, o fir­qə­lə­rin hamısından uzaq dur və ölüm səni haqlayanadək bu vəziyyətdə qal!” (əl-Buxari, 3606).

İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) buyurmuşdur: “Kim ədalətli və ya zalım rəhbərin arxasında namaz qılmağı, hər bir rəhbərlə birlikdə cihad etməyi doğru sayır, rəhbərə silahla qarşı çıxmağı isə doğru saymır və rəhbərlərin islahı üçün dua edirsə, o, xəvaric əqidəsindən tamamilə xilas olmuşdur”. (Şərh əs-Sünnə, 57).

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) rəhbərin fəzilətləri və ona itaətin vacibliyi haqqında buyurduqdan sonra buyurur: “...Bütün bunlar yalnız güc və rəhbərliyin olması zamanı mümkündür. Bu səbəbdən də deyilir: “Altmış il zalım rəhbərlə yaşamaq, bir gecə rəhbərsiz yaşamaqdan daha xeyirlidir!” (Məcmuul-Fətava, 28/ 390-391).

Müsəlmanlar vahid rəhbərlik altında birləşib düşmənlə özbaşına vuruşmurlar. Bu rəhbərin tələbi ilə baş verir və bu cihad tələb cihadı (cihədut-taləb) adlanır. O ki, qaldı müdafiə cihadına, burda vəziyyət başqa cür olur. İmam Əhmədin oğlu Abdullah (Allah ona rəhm etsin) demişdir: “Atamın belə dediyini eşitmişəm: “Əgər rəhbər insanlara icazə verər və onlara kömək gələrsə, onların düşmənlə döyüşə çıxmasında heç bir qəbahət yoxdur”. Mən dedim: “Bəs, onlar rəhbərin icazəsi olmadan döyüşə başlasalar?” O cavab verdi: “Xeyr, bu yalnız rəhbərin icazəsi ilə olmalıdır. Yalnız düşmənin qəfildən onlara hücum etməsi və rəhbərdən icazə almağa vaxtın olmaması istisna edilir. Mən ümid edirəm ki, bu, müsəlmanlar tərəfindən müdafiə sayılacaq”. Mən atamdan düşmənlə onlar arasında divar olan Xorasan əhli haqda soruşdum: “Onların döyüşmək haqları olduğunu sanırsanmı?” İmam Əhməd (Allah ona rəhm etsin) dedi: “Əgər onlar özlərinə və övladlarına görə qorxurlarsa, rəhbərdən icazə alana qədər onların döyüşməsində qorxulu bir şey yoxdur. Amma onlar özlərinə və övladlarına görə narahat olmadıqda, yəni onlara təhlükə yoxdursa, onlar rəhbərin icazəsi olmadan döyüşə bilməzlər”. (Abdullah ibn Əhməd “əl-Məsəil” 258).

4. Valideynlərin icazəsi olmalıdır

Fərdul-ayn döyüşlərdən başqa bütün döyüşlərdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhabələri valideynlərindən icazə almaq üçün geri göndərərdi. (əl-Buxari "Ədəbul-Mufrad" 13).

Terrorçu sağlam düşüncəyə sahib olan valideynlərinin onun etdiyi əmələ icazə verməyəcəyini bildiyi üçün bu əməli gizli edər və onunla eyni fikirdə olmadıqları üçün onları kafir görər.

5. Vacib olub-olmaması haqda fətvanı böyük alimlər tərəfindən verilməlidir

Günümüzdəki böyük alimlərin hamısı müasir dövrdə cihadın olmadığını demişlər. Alimlər fətvanın verilməsi üçün şəriətin tələb etdiyi bütün məsələləri araşdırar, müsəlmanların kifayət qədər güclü olmaması, bu işin ziyanının xeyrindən daha çox olacağı və s. məsələləri götür-qoy edərlər. Avam isə şəriətə, halal-harama fikir verməz, öz nəfsinə uyar, özü fitnəyə düşər və başqalarını da fitnəyə salar. Çox qəribədir, onlardan birinin dişi ağrıdığı zaman diş həkiminə gedər, öz-özünü müalicə etməz, amma Cəhənnəm əzabına səbəb olacaq böyük məsələlərdə bunu yaxşı bilən alimlərə tabe olmaq əvəzinə şəxsi istəyinə uyar.

6. Müsəlmanların gücləri nəzərə alınmalıdır

Həqiqətən, ümmətin vəziyyəti zamana və məkana görə dəyişir. Cihad etmək üçün müsəlmanlar kifayət qədər güclü olmalıdır. Güclü olub-olmamağı isə bunun əhli olan rəhbərlər və alimlər bilirlər. Peyğəmbərin Məkkədə olduğu dövrdə cihad icazəli deyildi, çünki müsəlmanlar az və zəif idilər. Ona görə də, cihad qəlb və dil ilə (İslama dəvət yolu ilə) edilirdi. Uca Allah buyurur: “Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!” (Furqan, 52). Bu ayə Məkkə dövründə nazil olmuşdur. Bu səbəbdən cihad qəlb və dil ilə edilirdi.

İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın ”Onlara qarşı bununla” sözü haqda demişdir: “Quran vasitəsilə”. Bunu ət-Təbəri Quranın təfsirində (26628) nəql etmişdir.

Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra isə onlara döyüşmək hüququ verilmişdir. Uca Allah buyurur: “Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir”. (əl-Həcc, 39).

7. Cihad müsəlmanlara qarşı yox, kafirlərə qarşı aparılmalıdır

Səhabələr və onlardan sonra gələn əməlisaleh sələflər Allahın dininin yayılması üçün bir çox kafir dövlətlərlə müharibə etmişlər. İslamın xain düşmənləri olan xəvariclər isə müsəlmanlarla döyüşmüş, haqsız yerə Allahın haram etdiyi canlara qəsd etmişlər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onları Cəhənnəmin köpəkləri adlandırmış (İbn Məcə, 176) və onlar haqqında demişdir: “Onlar kafirləri tərk edərək müsəlmanları öldürəcəklər". (əl-Buxari, 3344).

Günümüzdəki xəvariclər də müsəlman ölkələrindəki dinc əhalini, xidmət aparan polisləri, hərbçiləri və digər müsəlmanları öldürürlər. Cihad müsəlman dövlətlərinin əmin-amanlığının qorunmasına xidmət etdiyi halda terrorçu bunun əksinə olaraq öz ölkəsində əmin-amanlığın itməsinə, fitnə-fəsadın və insanlar arasında çaşqınlığın yayılmasına çalışır. 

8. Müsəlmanlarla kafirlər arasında sərhədlər bilinməlidir

Yuxarıda qeyd edildiyi kimi cihad müsəlman dövləti ilə kafir dövləti arasında aparılır. Bu zaman sərhədlər açıq-aydın bilinir. Müasir dövrdə baş verən fitnələrdə isə bir müsəlman dövləti daxilində müsəlmanlardan ibarət olan müxtəlif dəstələr bir-biri ilə vuruşur və bu zaman ölənlər də yalnız müsəlmanlar olur. Səhabələrin dövründə, məsələn, Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) xəlifəliyi dövründə baş vermiş bu cür fitnələrin heç biri cihad adlandırılmamışdı.

9. Cihad öz-özlüyündə məqsəd yox, məqsədə çatmaq üçün bir vasitə olmalıdır

Belə ki, cihad insanları qorxutmaq və ya incitmək üçün əmr olunmamışdır. Bunu cihad kimi başa düşmək düzgün deyil.     

Hafiz əd-Dumyəti (Allah ona rəhm etsin) demişdir: “Cihad məqsəd deyil, məqsədə çatmaq üçün vasitədir. Vuruşmaqda məqsəd isə doğru yola yönəltmək və şəhidlik dərəcəsinə nail olmaqdır. Kafirlərin öldürülməsi isə cihadın məqsədi deyil. Ona görə də əgər cihad etmədən doğru yola dəlillərlə dəvət etməyə imkan varsa, bu cihaddan daha düzgün və daha üstün hesab olunur”. (“İanətut-Talibin” 4/ 181).

Uca Allah buyurur: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz”. (Ali-İmran, 110).

10. Cihad düşmənçilik və zülm etməklə yox, ədalətlə aparılmalıdır 

Bu qayda çox vacib qaydadır. Bunun haqqında Uca Allah buyurur: “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir”. (əl-Bəqərə, 190). 

Həmçinin buyurur: “Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”. (əl-Maidə, 8).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) döyüşə ordu göndərəndə ölənlərin cəsədlərini korlamamağı, müqavilələri pozmamağı, uşaqları, qadınları öldürməməyi əmr edərdi. (Muslim, 1731). Cihadda döyüşdə iştirak etməyənlərə toxunulmur. Bunlar qadınlar, uşaqlar, əldən düşmüş qocalar, ağır xəstələr, dəlilər və abidlərdir. Döyüş yalnız müsəlmanlara qarşı döyüşənlərlə olur.

İmam İbn əs-Saleh (Allah ona rəhm etsin) buyurmuşdur: “Məqsəd odur ki, yer üzərində kafirlərin olması icazəlidir. Belə ki, Uca Allah məxluqlarının məhv edilməsini istəmir və onları öldürülmələri üçün yaratmamışdır. Həqiqətən, Allah onlardan gələ bilən zərərə görə onların öldürülməsinə icazə vermişdir. Bu onların küfrünə görə olan cəza deyil. Bu dünya cəza yeri deyil, çünki əməllərə görə cəza Qiyamət günü olacaq. Əgər kafirlər müsəlmanların hakimiyyəti altına girir və bizim qanunlara riayət edirlərsə, onda biz onlardan öz yaşayışımız üçün fayda əldə edirik. Bizdə də onları qətl etmək üçün heç bir səbəb qalmır. Onların küfrlərinin cəzası Allah yanındadır. Kafirlər müsəlman ölkələrində olduqda, ola bilər ki, onlar Allahın yaratmasını daxilən fitrətlə görə bilərlər. Belə olan təqdirdə “əsas təməl kafirləri öldürməkdir” demək olmaz”. (“Fətava ibn əs-Saləh” 22).

Məqalədə Abdur-Razzəq əl-Bədrin (Allah onu qorusun) cihad haqda olan kitabından istifadə olunmuşdur.