Ay müxtəlif ölkələrdə müxtəlif vaxtlarda başlaya bilər - Şeyx İbn əl-Useymin

English

Şeyx Muhəmməd ibn Salih əl-Useyminə (Allah ona rəhm etsin) belə bir sual verilir: "Ramazan və ya şəvval aylarının daxil olmasını bildirən yeni ayın doğuşu İslam ölkələrində fərqlidir. Həmin dövlətlərdən hansısa ayı gördükdə bütün dünya müsəlmanları oruc tutmalıdırlar?"

Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) belə cavab verir: "Yeni ayın görsənməsi haqda alimlər ixtilaf ediblər. Bəziləri deyirlər ki, əgər hansısa ölkədə şəriət qanunlarına uyğun olaraq Ramazanın yeni doğmuş ayı görsənibsə, bütün müsəlmanlar oruc tutmalı, Şəvval ayının yeni doğmuş ayı görsənibsə, onda bütün müsəlmanlar oruclarını açmalıdırlar (iftar etməlidirlər). Bu fikir İmam Əhmədin (Allah ona rəhmət etsin) məşhur rəyidir. Bu rəyə görə, əgər Ramazan ayının daxil olmasını və ya bitməsini bildirən yeni ay doğuşunu Səudiyyə Ərəbistanında görsələr, onda bütün dünya müsəlmanlarına oruc tutmaq və ya iftar etmək vacib olmalıdır. Bu məsələdə onların əsas dəlilləri Uca Allahın ayəsidir: "Sizdən bu aya (Ramazan ayına) çatan şəxslər həmin ayı oruc tutmalıdırlar...". (əl-Bəqərə, 185). Hədislərdən olan dəlilləri isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözünün ümumi mənasıdır: "Yeni doğulmuş ayı gördükdə oruc tutun və onu gördükdə də iftar edin". (Muslim, 1081).

Digər alimlər isə deyirlər ki, bir ölkədə Ramazan və ya Şəvval aylarının daxil olmasını bildirən ayın doğuşunu gördükdə, digər ölkələrə oruc tutmaq və ya iftar etmək vacib deyil. Bu yalnız ayı görənlərə və ayın çıxış nöqtələrində bir-birləri ilə eyni olanlara vacibdir, çünki mütəxəssislərin yekdil rəylərinə görə ayın çıxış nöqtələri dəyişikdir. Əgər ayın görsənməsi ixtilaflı olarsa, onda hər ölkənin öz görməsi ilə hökm verilməlidir. Həmin hökmlər ayın çıxışlarında müttəfiq olan ölkələrə də şamil edilir. Bu rəy İbn Teymiyyənin (Allah ona rəhmət etsin) seçdiyi rəydir. O bu məsələyə dəlil olaraq Uca Allahın bu ayəsini: "Sizdən bu aya (Ramazan ayına) çatan şəxslər həmin ayı oruc tutmalıdırlar...". (əl-Bəqərə, 185) və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bu hədisini: Yeni doğulmuş ayı gördükdə oruc tutun və onu gördükdə də iftar edin". (Muslim, 1081) buyurmuşdur. İbn Teymiyyənin (Allah ona rəhm etsin) gətirdiyi dəlil birinci rəyin dəlili ilə eynidir. Fərq sadəcə olaraq dəlillərin başa düşülməsindədir. İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: "Ramazan ayının daxil olmasını bildirən ayın görünməsi onu görən və şahidlik edənlə bağlıdır. Dəlilə əsasən məsələnin hökmü ayı görməyən və şahidlik etməyənlərə aid deyildir. Ona görə də hansısa ölkədə (Ramazan ayının daxil olmasını bildirən və s.) ayın görsənməsi bütün ölkələrə aid edilə bilməz". Bu, dəlildən çıxarılmış çox güclü mənadır. Bu mənanı nəzəriyyə və müqayisə də təsdiq edir".

(Şeyx Muhəmməd ibn Salih əl-Useyminə verilən sualdan, Orucluq fətvaları, 11-ci sual).