Rəhbərlərə nəsihət necə olmalıdır?

English

İmam ət-Tahavi (Allah ona rəhm etsin) demişdir: “Biz - zülm etsələr belə - imamalarımıza və əmr sahiblərimizə qarşı xurucu icazəli görmürük. Biz onlara qarşı bəd dua etmirik, onlara olan itaətdən əl çəkmirik (imtina etmirik), nə qədər ki, asiliyi əmr etmirlər - onlara olan itaəti fərz olaraq Allaha olan itaətdən sayırıq. Onların islahı və salamat olmaları üçün Allaha dua edirik”. (əl-Aqidətut-Tahaviyyə, səh. 47-48, 379). Yəni, asilik olan şeydə onlara itaət olunmur, digər şeylərdə itaət olunur. Yoxsa, müəyyən asiliyi əmr etdiyinə görə ona itaətdən tamamilə əl çəkilmir.

Rəhbərlərə qarşı çıxmaq, onlara itaətdən əl çəkmək və onlardan ayrı düşmək böyük fəsadlar, onların münkərlərindən daha böyük münkərdir.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim öz rəhbərinin xo­şagəlməz bir hərəkətini görsə, qoy buna səbir etsin. Çünki kim (mü­səl­man) camaatından bircə qarış kənara çıxıb ölərsə, cahilliyət dövründə ol­du­ğu kimi ölmüş olar”. (əl-Buxari, 7054). Bu məqamda – rəhbəri asiliyi baş verdikdə - rəhbərə qarşı çıxmağı Peyğəmbər (salləllahu aleyhi və səlləm) camaatdan ayrılmaq adlandırdı. Çünki camaat hakim və alimlərin ətrafında birləşən deməkdir. Kim ayrıldısa, camaatdan ayrılmış sayılır.

Hakimlərə itaət mövzusunda yüzə yaxın hədis var. Hakimlərə itaət edərək onlara olan itaətdən əl çəkməmək Əhli Sünnənin üsul qaydasıdır və buna müxalif olmaq Əhli Sünnənin mənhəcindən çıxmaq deməkdir. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Əmr sahiblərinin zülmünə səbr etmək Əhli Sünnə vəl-Cəməanın üsullarından bir üsuldur”. (Məcmuul-Fətava, 28/ 179). Dəvətçilər bu məsələdə xətaya düşərsə, onlara nəsihət olunur və alimlərin sözü ona göstərilir. İsrar edərsə, sələf mənhəcindən çıxır.

Minbərlərdən hakimlərin pis əməllərinin ifşası, onların münkər əməllərinin bəyanı sələf mənhəcinə uyğun deyil.

Mitinqlər də itaətdən çıxmağa aiddir. İstər bu sülh mitinqi olsun, istər etiraz mitinqi. Bunlar hamısı Əhli Sünnə əqidəsinə ziddir və rəhbərlərə itaətsizlikdən sayılır.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah sizin üç əməlinizdən razı qalır, üç əməlinizə isə qəzəbi tu­tur: sizin yalnız Ona ibadət edib, heç nəyi Ona şərik qoşma­ma­ğı­nız­dan, hamılıq­la Allahın ipindən möhkəm yapışmağınızdan və Allahın si­zə nəsib etdiyi ix­tiyar sahiblərinə nəsihət verməyinizdən razı qalır. Dedi-qodu yaymağını­za, çox sual verməyinizə və malı israf etməyi­nizə isə qəzəbi tutur”. (əl-Buxari “Ədəbul-Mufrad” 442. əl-Albani səhih olduğunu bildirmişdir).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Din nəsihətdir!”– deyə buyurdu. Səhabələr: “Kimin üçün?”– deyə soruşdular. O buyurdu: “Allah üçün, Onun Kitabı üçün, Onun Rəsulu üçün, habelə, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün” (Muslim, 82, 205).

İbn Həcər (Allah ona rəhm etsin) bu hədisi izah edərkən demişdir: “Burada “müsəl­manların rəhbərləri üçün nəsihət” deyildikdə, idarəçilikdə onlara dəstək vermək, bixəbər olduqları məsələlərdən onları agah etmək, səhvlərini gördükdə onlara yaltaqlanma­maq, əksinə, bu səhvi hikmətlə onlara başa salmaq, onların şəriətə müvafiq olan bir sözünü iki eləməmək, onları camaata sevdirmək və gözəl tərzdə onları zülm etməkdən çəkindirmək qəsd edi­lir. Qeyd etmək lazımdır ki, rəhbərlər deyildikdə bura alimlər də aid edilir və on­lara nəsi­hət et­mək deyildikdə elmlərinə ehtiram göstərmək, onların yaxşı əməlləri barə­də da­nışmaq və barə­lərində yaxşı zənn etmək nəzərdə tutulur”. (Fəthul əl-Bari, 1/ 89).

Əbu Mu­həmməd əl-Bərbəhari (Allah ona rəhm etsin) demişdir: “Bir adamın rəhbərlərə qarşı bəd dua etdiyini gör­sən, bil ki, o, bidət əhlindəndir. Habelə, bir kimsənin Allahdan rəhbərlərin islah olunmasını dilədiyini görsən, bil ki, o, Allahın izni ilə Sünnə əhlindəndir”. Həmçinin, rəvayət edilir ki, Fudeyl ibn İyad (Allah ona rəhm etsin) demişdir: “Bilsəydim ki, mənim bir duam qəbul olacaq, onu ixtiyar sahibinin islah olunmasına yönəldərdim” (Şərhus-Sünnə, 116).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Üç xislət vardır ki, bunları özündə cəm edən möminin qəl­bi əsla dönük çıxmaz: əməli səmimi-qəlbdən Allah üçün etmək, müsəlmanların rəhbər­lə­ri­nə nə­sihət etmək və müsəlman camaatdan ayrılmamaq”. (Əhməd, 5/ 183; Silsilə­tul-Əhadisis-Sahiha, 404); digər hədisdə o, demişdir: “Allahdan qorxun, beş vaxt na­maz­larınızı qılın, ra­mazan ayının orucunu tutun, malınızın zəkatını verin və (müsəlman) rəhbə­rinizə itaət edin, beləliklə də, Rəbbinizin Cənnətinə daxil olarsınız”. (ət-Tir­mizi, 2/ 516; Silsilətul-Əhadisis-Sahiha, 867).

Günümüzdə bütün yollar özlərinin haqlı olmasına Quran, Sünnə və sələflərin sözlərindən dəlillər gətirirlər, lakin doğru yerində gətirmədilər. Necə ki, xavariclər çıxıb ayə ilə dəlil gətirdilər “Allahın hökmü il hökm verməyən kafirdir” (əl-Maidə 44). Əli ibn Əbu Talib (Allah ondan razı olsun) onlar üçün dedi: “Haqq sözdür, amma o haqla batil qəsd olunur”. Yəni, lazım olan yerdə gətirmədilər.

Əmr sahiblərinə ən layiqli nəsihət edənlər alimlərdir. Uca Allah buyurur: “Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər o xəbəri bilərdilər”. (ən-Nisa, 83). Yəni, hakimlərə olan nəsihət böyüklərin işidir. İnsanlardan olan hər bir kəs hakimlərə qarşı nəsihət etmək üçün yararlı deyil. Bu kimi şeylər, hakimlərin eyiblərini insanlara yaymaq, yaxşı niyyətlə edilsə belə hamısı münkəri yaymaq qismindəndir.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Sizdən biriniz günah edildiyini görsə, bunu əli ilə dü­zəlt­­sin, bacarmasa, dili ilə (düzəltsin), bunu da bacarmasa, qəlbi ilə (bu­na nifrət etsin), bu da imanın ən zəifidir”. (Muslim, 70, 186).

Burda Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları üç qismə bölür;

Birincisi, münkəri əli ilə dəyişmək əmr sahiblərinə aiddir. Məsələn, rəhbər idarə etdiyi məmləkətdə müəyyən bir iş kimə həvalə edilibsə, həmin şəxs, ailədə - ailənin başçısı və s. Ailə başçısı ailə üzvlərindən bir münkər gördükdə bunu əli ilə düzəldir. Qonşuda bunu edə bilməz, çünki qonşunun ailəsində əmr sahibi deyil. Əgər başa sala bilərsə, gözəl şəkildə izah edib, qonşunun etdiyi günahdan çəkindirə bilər. Bu da mümkün olmasa, üçüncü qismə daxil olur ki, bu da münkəri qəlblə inkar etməkdir.

İkincisi qism alimlər münkəri gördükdə bəyan, nəsihət, hikmətli yollarla - dilləri ilə münkəri inkar edirlər.

Üçüncü qism isə nə hakimiyyəti var, nə də elmi var – bu insan qəlbi ilə münkəri inkar edir, bu münkərə qəlb ilə nifrət edir.