Təbliğ camaatı haqqında

English

Müasir dövrdə firqələr çoxaldığına görə dəvətçilərin də sayı çoxalmışdır, lakin bu onların hamısının Allaha dəvətə çağırması demək deyil. Bu firqələr əksinə, dəvətdə münaqişələrə, uğursuzluğa, həqiqi dəvətin zəifləməsinə səbəb olurlar. Uca Allah buyurur: Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz” (əl-Ənfal, 46); “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın”. (Ali-İmran, 105). Uca Allah bizə firqələrə, dəstələrə bölünməyi qadağan edərək, Allaha dəvət edən bir camaat olmağı, dinin üsulunda ixtilaf etməməyi, dəlillə qarşılaşdıqda ona tabe olmağı bildirmişdir. Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Ali-İmran, 103). İnsanların bölünməməsi, parçalanmaması üçün bir mənhəc olmalıdır ki, o da Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) üzərində olduğu mənhəcdir. Bu parçalanmaların əsas səbəbi isə ixtilaflardır. İxtilaflara düşmə səbibləri də müxtəlifdir. Batil fikirlərə uymaq, kiməsə yardım etmək, öz şeyxinə təəssübkeşlik, özünün mənsub olduğu dəstəni müdafiə etmək və s. ixtilafa düşmə səbəblərindəndir.

Həmçinin, dəvətçinin ixlaslı olması mühümdür. Əgər  dəvətçi ixlaslı olar və Allaha dəvət edərsə, Allah onun dəvətinə bərəkət verər. Amma hizbiliyə, təəssübkeşliyə, özünün mənhəcinə dəvət edərsə, nə qədər İslam adından çıxış etsə də bu dəvətdə bərəkət olmaz. Bir nəfər İmam Səhnunun (Allah ona rəhm etsin) yanına gələrək deyir: “Bidətlər yayılıb və onun tərəfdarları güc (hörmət) sahibidirlər”. O cavab verərək buyurur: “Sən Allahın bidəti məhv etməmişdən qabaq onu yer üzündə məşhurlaşdırdığını bilmirsənmi?” (Tərtib əl-Mədarik, səh. 72).

Əgər bir insan insanları Allaha dəvət edir, lakin özü dəvət etdiyinə əməl etmirsə, insanlar onun dəvətindən qaçacaqlar. Əgər insan təklikdə qaldıqda, müxalifliklər edirsə, günahlara yol verirsə, insanların arasına çıxdıqda isə əvvəlki halından fərqli olaraq xeyirə dəvət edirsə, onun dəvətində heç bir təsir olmur və onun dəvətini heç kəs qəbul etmir. Çünki, Allah onun dəvətinə bərəkət vermir. Keçmişə baxdıqda sələf alimlərinin hər birinin tək bir insan olmasını görürük, lakin Allah onların dəvətinə bərəkət vermiş, üstündən əsrlər keçsə də onların dəvəti hələ də öz faydasını verir. Halbuki, onlara müxalif olanlar çox idi. Bu gün isə dəvətçilər çoxdur, lakin bərəkət azdır, çünki insan birinci növbədə ixlaslı olmalıdır. Özünə, hansısa şəxsə, hansısa fikirlərə və ya öz şeyxinə deyil, dəvətini Allahın dininə etməlidir. İbrət dəvətçilərin sayında, kəmiyyətində deyil, keyfiyyətindədir. Məsələn, təbliğ camaatı, onlara görə “Lə iləhə illəllah” kəlməsinin mənası – “lə Xaliq illəllah” - Allahdan başqa yaradan yoxdur, “lə Raziq illəllah” - Allahdan başqa ruzi verən yoxdur, “lə Mudəbbir illəllah” - Allahdan başqa işləri idarə edən yoxdur. Bu isə Rububiyyət tövhidindən kənara çıxmır. Halbuki, Məkkə müşrikləri bunu iqrar edirdilər, lakin bu iqrar onları İslama salmamışdır. Məzhəblərinə fiqhi cəhətdən baxdıqda Hənəfi, əqidə cəhətdən baxdıqda Əşari və Maturidi, getdikləri yollara baxdıqda isə sufilərin getdiyi - Nəqşibəndiyyə, Qadiriyyə, Səhrəvardiyyə, Cəşdiyyə - bu yollar üzərindədirlər. Onlar dəvətə tövhiddən başlamırlar. Bu təbliğin Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) mənhəci ilə nə əlaqəsi ola bilər?! Bütün bunlar Təbliğ Camaatının yetmiş iki firqədən olmasını göstərir. Kim Əhli Sünnənin əqidəsinə müxalifdirsə, o, yetmiş iki firqəyə daxildir. Həqiqətdə, onlar camaat deyil, firqələrdir, çünki camaat bir dənədir – o da Əhli Sünnə vəl-Cəməadır. Digərləri isə camaatlar deyil, firqələrdir. Bu yetmiş iki firqəyə müxalifliklərinin qədərinə, ağırlığına görə Allah tərəfindən onlara məzəmmət və cəza vardır.

Əhli Sünnə vəl-Cəməa əqidədə ixtilafdan uzaqdırlar. Özünü Əhli Sünnəyə nisbət edənin Peyğəmbərin (salləllahu aleyhi və səlləm) gətirdiyinə tabe olması vacibdir. Əhli Sünnə müxaliflərlə - xavaric, mötəzilə, hizbi və s. ilə heç vaxt bir araya gələ bilməz. Bu firqələr hər bir şeydə fərqləndiyi kimi dəvətlərində də fərqlənirlər. Dəvət qaydaları isə tovqifidir, yəni dəlilə söykənir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəvət etdiyi mənhəc dəyişiklik və ictihad qəbul etmir. Ona görə də günümüzdə deyilən “etiqad möhkəm olarsa, mənhəcdə olan azğınlıq zərər gətirmir”- bu söz sözsüz ki, batil sözdür.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: “Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə, o, rədd olunandır”. (Muslim, 1718).