Sələf mənhəcinə müxalif olan mənhəclərdən çəkindirmək vacibdirmi?

Sual: 
Salam aleykum. Sələf mənhəcinə müxalif olan mənhəclərdən çəkindirmək vacibdirmi?
Cavab: 

Əhli-Sünnənin mənhəcinə müxalif olan hər bir mənhəcdən çəkindirmək vacibdir.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Din nəsihətdir". Soruşduq: "Kimə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəlmanlara". (Muslim, 55).

Batil mənhəclərə olan rəddlər hamısı nəsihətlərdən sayılır, lakin bu rəddiyyələr elm əhlinin işidir. Mənhəc əqidədən daha geniş məfhumdur. Müxalif mənhəclər müxtəlif məsələlərdə ola bilər, bəziləri ad və sifətlər mövzusunda, bəziləri hakimiyyət məsələlərində, bəziləri iman mövzusunda, bəziləri sufi bidətlərində və s.

Ona görə rəddiyyələri də müxtəlif mövzulardadır; Əhli-Sünnənin dəlil gətirməkdəki mənhəci, Əhli-Sünnənin ad və sifətlər mövzusunda mənhəci, bidət və hava əhli ilə müamilədə Əhli-Sünnənin mənhəci və s. Ümumən isə bunlar hamısı Əhli-Sünnənin mənhəci adı altında qeyd olunur. 

Amma elə məsələlər var ki, məsələn, böyük günah sahibi olmaq, əxlaq naqislikləri olmaq, hətta yalan danışmaq - halal saymayana qədər - Əhli Sünnənin mənhəcindən çıxarmır. Bütün müxalif mənhəclərdən və o mənhəclərin əhlindən çəkindirmək vacibdir. Şəxslərdən çəkindirməmək isə əsrimizdə ortaya çıxmış, Əhli-Sünnənin üsullarına müxalif olan bidət şübhələrindən biridir. Bu bidəti çıxaran Adnan Arur olmuş, onun davamçısı əl-Məribi, sonra daha da dərinləşdirən Əli Həsən əl-Hələbi olmuşdur. İbn Həzm (Allah ona rəhm etsin) deyirdi: “Elmə və elm əhlinə üz verən ən böyük bəla, elm əhlindən olmayan insanların elmə girişməsidir”. (İbn Həzm “ər-Rasail” 42).

Bidətlərdən çəkindirməkdə bəzi elm əhli digərindən daha üstün ola bilər. Uca Allah ayələrindən daha üstünü "Ayətul-Kursini" qeyd etdiyi kimi, hədis kitablarından "Səhih əl-Buxarini" daha üstün etməsi kimi. Uca Allahın bir şeyi digərindən üstün etməsinə bir çox misallar çəkmək olar. Ona görə fikir verəndə bəzi alimlərin sözləri bidətə qarşı mübarizədə bəzi alimlərin sözlərindən çoxdur, lakin bu həmin alimlərin hörmətini aşağı salmır.

Sələflər Əhli-Sünnənin mənhəcinə müxalif olanlardan çəkindirmək cəhətdən şiddətli idilər. İndi isə əksi görsənir və şəxslərə bağlılıq önə durur. Bu isə haqqı qəbul etməkdə tərəddüd yaradır, qəlbin korluğuna gətirir. Şəxslərə bağlılıq uçuruma aparır, belə ki, həmin şəxsi sevmək, ona bağlanmaq, sonra həmin insanın xətasını qəbul etməməyə gətirir.

Sələflər nəinki bidət mənhəclərdən, hətta onları tərifləyənlərdən və onların kitablarını uca tutanlardan da çəkindirərdilər. Ona görə də bütün müxalif mənhəclər bir məsələdə - Əhli Sünnəyə müxalif olma məsələsində - ittifaq etmiş, öz aralarında isə bir-birinə müxalif olmuşlar. Ona görə deyilir - onlar Kitaba da, Kitabda olana da müxalifdirlər. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Kim bidət əhlinə nisbət edilərsə, və ya onları müdafiə edərsə, və ya onları tərifləyərsə, və ya onların kitablarını uca tutarsa, onlar barəsndə danışılan sözlərdən xoşu gəlməzsə, və ya onların dedikləri sözlərdə onlara üzr axtarar və deyərsə ki, “mən bilmirəm bunu deyib və ya deməyib”, “o bu kitabı yazıb ki!?” və yaxud bu kimi üzrlər gətirərsə, bu üzrləri ya cahil, ya da münafiq gətirər. Kim bu şeylərdə bu üzrləri gətirərsə, onu (hakim tərəfindən) cəzalandırmaq vacib olur. Həmçinin, kim onların halını bilib onlara qarşı kömək etməzsə, onu da cəzalandırmaq vacibdir, çünki bu fikirlərə son qoymaq ən əzəmətli olan vaciblərdəndir”. (Şeyxul-İslam İbn Teymiyyə “Məcmuul-Fətafa” 2/ 132).